İsmayıllı:
Cavanşir yurdunun
növrağı...
Bu sətirləri qələmə almağa başlayanda təkcə təbiət təsvirlərini qeyd eləmək ehtiyacını duymadım, həm də İsmayıllı baharının təmtərağını olduğu kimi təsvir edə bilməyəcəyimi etiraf etmək məcburiyyətində qaldım. Etiraf çox böyük insani dəyərdir. Bir də ki, az qala hər gün gördüyümüz bu dağa, dərəyə, çölə, meşəyə təbiət elə bir sığal çəkir ki, onu olduğu kimi təsvir etməyə təkcə mənim yox, bəlkə də, bütün həmkarlarımın qələmi aciz görünər. Üstəlik bu gün İsmayıllıda başqa bir gözəllik, cah-cəlal, təmtəraq da yaradılır.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun sakinlərlə növbəti görüşü Quşencə kəndində keçirilirdi. Görüşə təxminən 500 nəfər kənd sakini toplaşmışdı. Yeni rəhbər sakinlərin hamısının ürək sözlərini deyə bilməsi üçün onlara tam sərbəstlik vermişdi. Çox adam söz dedi, problemlərdən danışdı. Sonda çıxış edən icra başçısının dilə gətirdiyi fikirlər isə sübut etdi ki, Mirdaməd müəllim İsmayıllıda yerli sakinlərin istədiyindən də qat-qat artıq müsbət dəyişikliklərə imza atmaq fikrindədir :
- Qardaşım, deyirsən ki, yolumuz bərbad haldadır. Mən indi həmin yolla gəldim və bunun şahidi oldum. Deyirsiniz ki, elektrik dirəkləri on illərdən bəri dəyişdirilmir. Bu dirəklərin vəziyyətini biz də görürük və bura yığışanların hamısı yaxşı bilir. Ona görə də siz burada köklü problemlərdən söz açın. İnsanların dolanışığı necədir, əmək haqqınız nə qədərdir, yeni iş yerləri yaratmaq üçün hansı addımlar atılmalıdır, millətin sabahı olan təhsil müəssisələrinin maddi-texniki bazası hansı səviyyədədir, insanların sağlamlığının daha yaxşı qorunması üçün nələri etməliyik? Bu kimi məsələlərdən danışın və çəkinmədən öz təkliflərinizi verin. Mənə deyin görüm neçə nəfər quşencəli ali məktəbi bitirib və bu gün iş tapa bilmir. Bu il ölkədə informasiya- kommunikasiya texnologiyaları ili elan olunub. Gündən- günə inkişaf edən respublikamızın ümumi tərəqqisinə töhfə vermək üçün biz nələri etməliyiksə ondan danışın. Rayon rəhbərliyi bütün təklifləri dəstəkləyəcək, sizin qaldırdığınız istənilən problem bilavasitə öz iştirakınızla həll olunacaq. Biz İsmayıllını indikindən qat-qat artıq səviyyədə inkişaf etdirəcəyik. Təbii ki, sizin köməyiniz və dəstəyinizlə.
Görüşdən sonra söhbət etdiyimiz kənd sakinlərindən biri xüsusi vurğuladı ki, yaxşı ki, bu gün rayona İsmayıllının problemlərini bizdən də yaxşı bilən belə bir rəhbər gəlib. Haqlı sözdür. Əslən İsmayıllıdan olan Mirdaməd müəllim təkcə təcrübəli rəhbər işçi deyil, həm də öz doğma yurd-yuvası ilə fəxr etməyi bacaran, doğulub boya-başa çatdığı torpağı həqiqətən sidq-ürəklə sevən bir insandır. Bu gün Azərbaycanda Mirdaməd müəllimi tanımayan bir ziyalı tapmaq, demək olar ki, mümkün deyil. Bilənlər, tanıyanlar təsdiq edərlər ki, o, həqiqətən, bacarıqlı təşkilatçı, savadlı iqtisadçı olması ilə yanaşı, həm də gözəl natiqdir. İstənilən mövzuda danışsın, saatlarla qulaq assan, yorulmazsan. Bu keyfiyyətləri onun soy-kökü ilə də bağlıdır. Atası Mirsadıq kişinin halal süfrəsinin qonağı olanlar bunu yaxşı bilirlər.
Mən dəfələrlə bu evin – Mirsadıq kişinin qonağı olmuşam, çayını içmişəm, çörəyini yemişəm, bu diyarın ən nurani ağsaqqallarına xas olan söhbətlərinə qulaq asmışam. “Öz kəndini sevməyən insanın İsmayıllını sevməsi, İsmayıllıya bağlı olmayan sakinimizin Azərbaycan üçün özünü fəda etməsi heç zaman inandırıcı görünə bilməz” ifadəsini də birinci dəfə məhz ondan eşitmişəm. Mirsadıq dayıdan eşitdiyim “Adamın bütün səhvlərini bağışlamaq olar. Çörəyə haram qatılması, çörəyin itirilməsi isə heç zaman bağışlanılmayacaq bir qəbahətdir, oğul” — sözlərini uzun illərdir ki, yaddan çıxara bilmirəm ki, bilmirəm.
Sual olunur, icra hakimiyyətinin başçısı təyin olunandan sonra rayonda nə iş görülüb? Onunla görüşüb bax bu müddətin təəssüratlarını eşitmək istəyirdim. Məlum oldu ki, Mirdaməd Sadıqov İsmayıllıya gəldiyi ilk gün rayon ziyalıları ilə görüşüb. Sonra isə rayonun müvafiq sahə mütəxəssisləri ilə birgə İsmayıllının sosial-iqtisadi durumunu öyrənib, təhlil edib və inkişaf proqramı hazırlayıb. Artıq bir neçə gün əvvəl həmin proqram əsasında hazırlanmış layihələrin əsas hissəsinin təqdimatı keçirilib. Təqdimatda ağsaqqallar, gənclər, ziyalılar, iqtisadiyyat və tikinti, kənd təsərrüfatı mütəxəssisləri iştirak ediblər. Rayon rəhbəri daha sonra sahibkarlarla görüşüb, onları dinləyib, problemləri ilə maraqlanıb. Nəticədə sahibkarlıq assosiasiyası yaradılması qərara alınıb.
Ulu öndər Heydər Əliyevin çox böyük əhəmiyyət verdiyi bir məsələ - gənclərlə iş tendensiyasını əsas götürən yeni başçı rayon gəncləri ilə görüş keçirib. Həmin görüşdə mən də iştirak etmişəm. Kaş görəydiniz. Gənclər öz dərdlərini sanki ən əziz adamlarına açırdılar. Zala bir neçə yerdə mikrofon qoyulmuşdu. Burada İsmayıllının idman şərəfini ləyaqətlə qoruyanlar da vardı, ali təhsilini başa vurub, müxtəlif sahələrdə işləyənlər də. Kimi İsmayıllı futbolunun inkişaf etdirilməsi üçün stadionun təmir olunması təklifini irəli sürürdü, başqa birisi xarici dillərin öyrənilməsi üçün kursların açılmasını təklif edirdi. Başqa birisi isə işlə təmin olunmaq üçün başçıdan kömək gözləyirdi.
Bir sözlə, canlı
ünsiyyət yaradılmışdı. Heç kəs sıxılmırdı, problemini
rahat deyə bilirdi. Bilirdi ki, ona bu imkanı verən şəxs onun dərdini özünün dərdi,
onun problemini özünün problemi bilən bir ziyalıdır, rəhbərdir.
Bu hələ harasıdır. İcra
hakimiyyətinin başçısı
respublikanın müxtəlif
yerlərində yaşayan
və fəaliyyət
göstərən İsmayıllı
ziyalıları və
iş adamları ilə görüşməyi
də yaddan çıxarmayıb. Onlarla görüş
zamanı əvvəlcə
rayonun səhiyyə, təhsil, mədəniyyət,
tikinti-abadlıq sahəsindəki
mövcud vəziyyəti
barədə məlumat
verilib. Rayon ictimai ağsaqqallar birliyinin sədri Fərman Bəşirov toplantı iştirakçılarına
müraciət edib, müxtəlif çıxışlar
dinlənilib. “Siz öz rayonumuz
üçün nə
edə bilərsiniz?”
Hamının qarşısında bax belə bir
sual qoyulub. Onlara anket paylanılıb.
Artıq
maraqlı təkliflər
ortaya qoyulub. Mirdaməd müəllim sevinə-sevinə
bildirdi ki, həmin cavabların ümumi işimizə hansı köməkliklər
etdiklərinin yaxın
günlərdə şahidi
olacaqsınız. Təki belə
olsun.
Təbii ki, rayonun bütün
göstəricilərinin önündə
gedən məsələ
insanların rifah halının yaxşılaşdırılması,
xüsusən məşğulluğun
təmin edilməsidir. Bu günlərdə rayon mədəniyyət
mərkəzində əmək
yarmarkası keçirilib.
Yarmarkaya 400 iş yeri çıxarılıb.
Nəticədə 178 nəfər işlə
təmin olunub.
Rayonun abadlaşdırılması
və daha da yaşıllaşdırılması
istiqamətində konkret
addımlar atılır. Peşə tədris
mərkəzinin həyətyanı
sahəsində 90 ədəd
şam və cökə ağacı əkilib. Ulu öndər Heydər
Əliyevin 90 illik yubileyi münasibətiylə
irəli sürülən
təklif əsasında
90 ağac əkini aksiyası bütün inzibati ərazi dairələrində davam
etdirilir. Rayon ərazisində daha çox qırıntı
olan yerlərdə yeni meşələr salınır. Su-kanalizasiya şəbəkəsinin
yaxşılaşdırılması layihəsinin icrasında qayda yaradılıb.
Rayon icra hakimiyyətindən
öyrəndik ki, yeni icra başçısı
geridə qalan ayyarımlıq müddətdə
21 dəfə yerlərdə
vətəndaşları qəbul
edib. Basqal və Lahıc qəsəbələri,
İvanovka, Tircan, Quşencə, Xanagah, Qalınçaq, Diyallı,
Təzəkənd, Aşıqbayram,
Kürdmaşı və
Topçu kəndlərinin
sakinləri artıq
rayon icra hakimiyyəti
başçısı ilə
görüşüb, təklif,
arzu və problemlərini bildiriblər.
Qəbullarda ilk növbədə Qarabağ müharibəsi
əlillərinə, şəhid
ailələrinə, digər
imtiyazlı əhali qruplarına diqqət yetirilir. Əslində, heç kəs
diqqətdən kənarda
qalmır. Qəbula gələnlərə
bir məsləhət
də görülür,
xalq sənətkarlığı
sahələri və xalçaçılıq da
daxil olmaqla bütün sahələr
üzrə biznes-planlar
işlənməli, təqdim
olunmalı və kredit alınmalıdır.
Ələbaxımlıq psixologiyasından əl çəkilməlidir.
Hər kəsin fiziki imkanlarına uyğun iş yeri açılacaq. Qadınlar üçün
ev, ailə
təsərrüfatı təşkilinə
imkan yaradılacaqdır.
Bu sözlər təkcə
qəbullarda və görüşlərdə deyil,
ümumiyyətlə, bütün
ictimai-siyasi fəaliyyət
prosesində hamıya
dönə-dönə xatırladılır
ki, yaşamaq yolu ancaq işləməkdən
keçir. Bu fikirlər
şəhər ərazisində
- müxtəlif yerlərdə
keçirilən 9 qəbulda
da səsləndirilib.
Ümumilikdə isə qəbullarda
4614 nəfər iştirak
edib. Heç bir problem sabaha
qoyulmayıb. Dərhal çözülüb,
münasibət bildirilib.
Bu da səbəbsiz
deyil. Çünki müvafiq idarə,
müəssisə və
xidmət təşkilatlarının
rəhbərləri qəbullarda
iştirak ediblər.
Sakinlərin rayon rəhbərliyi ilə əlaqələrinin yaxşılaşdırılması
məqsədiylə rayon icra
hakimiyyətində 164 nömrəli
qaynar xətt yaradılıb. Gözəl təşəbbüsdür.
Daha vətəndaşın evdən
çıxıb qəbula
gəlməsi heç
vacib də deyil. Nömrə var, zəng
vur, dərdini söylə. Dərhal reaksiya
veriləcək. Bir məsələdən
də danışım.
Rayon icra hakimiyyətinin
başçısı qısa
müddət ərzində
İsmayıllıya 5 ədəd
20 yerlik “İsuzu” markalı avtobus gətirilməsinə nail olub.
Həmin
avtobuslar artıq şəhərdaxili və
kənd marşrutlarında
sakinlərə xidmət
edir. Rahat avtobusa əyləş, mənzil başına
get...
Əhaliyə sosial xidmətin digər növlərindən
biri kimi Heydər Əliyev prospekti və Zərdabi küçələrində
150 nəfərlik yüngül
konstruksiyalı xeyir-şər
evləri tikilir.
1975-ci ildə tikilən
rayon mədəniyyət mərkəzinin
əsaslı təmir
olunması hamının
ürəyincədir. İşlər müasir üslubda görülür. Şəhərin Şamaxı istiqamətindən
girəcəyində isə
yollar genişləndirilərək
iki zolaqlı edilir, səkilər dəyişdirilir. Bura güllər,
kollar və çəmənliklərlə bəzədiləcək. Hamı
əmindir ki, İsmayıllıya gələnlər
az vaxtdan
sonra burada yüksək zövqün
nəticəsi olan gözəlliklə rastlaşacaqlar.
Körpələrin problemləri də diqqət mərkəzindədir. Belə ki,
Qəşəm Aslanov
küçəsində 140, şəhərin Mican məhəlləsində isə
90 yerlik uşaq bağçalarının tikintisi
aparılır.
Təmir-bərpa işləri ilə yanaşı, yeni tikinti-quruculuq işləri
də nəzərdə
tutulur. Belə ki, Ərəstun
Mahmudov küçəsi
ilə Nizami küçəsinin arasındakı
ikimərtəbəli evlər
istismar müddətini
başa vurub. Təbii ki, əvvəlcə beşmərtəbəli yaşayış
binaları tikilərək
sakinlər oraya köçürüləcək, sonra isə köhnələr söküləcəkdir.
Artıq
beşmərtəbəli binaların
birinin inşasına başlanılıb.
Heydər Əliyev prospekti, görkəmli jurnalist Rəşid Mahmudovun adını daşıyan
küçə abadlaşdırılır,
səkilər düzəldilir,
işıqlandırma sistemi
qurulur.
Bax belə. İsmayıllıda reallaşdırılması nəzərdə
tutulan layihələr
çox və bu diyarın təbiəti kimi rəngarəngdir. Onların
həyata keçirilməsi
üçün genişmiqyaslı
iş aparılır.
Bu layihələr həyata
keçdikcə isə
iş yerləri artacaq. Tamam yadımdan çıxmışdı.
Bir faktı xüsusi qeyd edim. Ay yarım ərzində İsmayıllıda 800-dən çox
yeni iş yeri açılıb.
Hüsnü gündən-günə gözəlləşən
İsmayıllının bugünkü
təmtərağı barədə
qələmə aldığımız
sətirləri yurd sevgisi ilə başlamışdıq, işıqla
başa çatdırmaq
istəyirik. Çünki İsmayıllı sözün həqiqi mənasında möhtəşəm
bir işığa doğru gedir. Təəccüblənməyin. İndi artıq
Mübariz Orucov küçəsindən başlayaraq
İsmayıllının bütün
prospekt və küçələrinin italyan
üslubunda işıqlandırılmasına
start verilib. Elə ona görə
də biz də bu yerdə şərhsiz,
filansız “Həmişə
işığa doğru,
İsmayıllı!” - deməklə yazımıza nöqtə
qoyuruq...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 2 aprel.- S. 5.