Bu il Azərbaycanda
reklam işinin
inkişafında yeni dövr
olacaq
Son illər ölkəmizdə gedən davamlı quruculuq işləri, Azərbaycanın artan iqtisadi qüdrəti, beynəlxalq miqyasda nüfuzunun artması ölkəmizdə reklam işinin də inkişafına öz təsirini göstərmişdir. Dünya reklam bazarının gücləndiyi bir dövrdə Azərbaycanda da bu sahəyə diqqət yetirilməsi təsadüfi deyil. Bu, əslində dövrün tələbidir. Ölkədə reklam işinin inkişafı ilə bağlı sullarımızı Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Akademiyasının, Almaniya Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru Cahid Həsənov cavablandırır.
–
Cahid müəllim, Azərbaycanda reklam işi bu gün
hansı səviyyədədir?
–
2012-ci ildə Azərbaycanın reklam bazarında inkişaf
tendensiyası davam etmiş, ölkədə gedən iqtisadi
inkişaf buna güclü stimul vermişdir. Nəqliyyat,
bank, turizm, kosmetika, mobil və ərzaq
sektorunda reklam öz adəti üzrə hərəkətdə
olmuşdur. Ötən il
Azərbaycanda keçirilən beynəlxalq tədbirlər də
bu inkişafa rəvac
vermişdir. “Eurovision-2012”, Mədəniyyətlərarası
Dialoq Forumu, Beynəlxalq
Humanitar Forum Azərbaycanın
dünyada təbliğində əhəmiyyətli
rol oynamışdır. Bununla
yanaşı, yeni müəssisələrin
açılması, sənayenin bir çox sahələrinin inkişafı kommersiya reklamının dinamik
inkişafını təmin etmişdir. Bundan başqa, Azərbaycanda
son vaxtlar sosial xarakterli
reklamların inkişafına da diqqət
artmışdır. Azərbaycanda açıq hava reklamlarında, daha doğrusu, reklam
texnologiyasında son illər bir sıra yeniliklər olmuşdur.
Beynəlxalq standartlar səviyyəsində
yeni reklam
konstruksiyalarının Bakı şəhərinin müxtəlif
ərazilərində yerləşdirilməsi, telekanallarda
da reklamların artması tədqirəlayiqdir.
– Bu
il reklam işində hansı yeniliklər gözlənilir?
– Azərbaycan daim
inkişafdadır. Cənab Prezident
İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin
yekunları və və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir daha bildirmişdir ki, Azərbaycanın bundan
sonra sürətli inkişafı davam etdiriləcək. Şəhər və qəsəbələrimiz
öz simasını dəyişəcək,
regionlarımızda quruculuq işləri
davam etdiriləcək. Yeni
müəssisələr işə salınacaq, müasir səhərsalmanın nailiyyətlərindən
istifadə olunacaq. Bütün
bunlar reklam işinin də inkişafına əsaslı təsir
göstərəcək.
Güman
edirəm ki, bu il televiziya kanallarında verilən reklamlar da
xeyli təkmilləşdiriləcək. Mədəniyyət
və Turizm Nazirliyi xarici ölkələrdə keçirilən
beynəlxalq turizm sərgiləri üçün reklam
çarxlarının hazılanmasında daha
peşəkar formalardan istifadə edəcək.
Məlumdur
ki, bu il Azərbaycanda bir neçə beynəlxalq səviyyəli
tədbirin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər də reklam
vasitəsilə Azərbaycanın təbliğində əhəmiyyətli
rol oynayacaq.
–
Amma reklamla bağlı problemlər hələ də
qalmaqdadır. Sizcə, hansı problemin həlli daha vacibdir?
– Bizdə reklamla bağlı ən əsas problem, bu mühüm işdə peşəkarlığın olmamasıdır.
Təsəvvür edin ki, xaricdə 15-30 saniyəlik
reklam çarxının
istehsalında böyük
bir işçi qrupu çalışır.
Orada modelyerlərdən tutmuş,
dilçi alimlər bu işə cəlb olunurlar. Bizdə isə reklam çəkən şəxs
reklamın həm rejissorudur, həm modelyeridir, həm də dilçisidir.
Məhz bunun nəticəsində də reklam öz tamaşaçısını
bu günədək
tam şəkildə toplaya
bilməyib. Televiziyalarda gedən verilişlərin
reklam fasiləsinə
keçidi zamanı hər bir Azərbaycan
ailəsində bu sözlərin deyilməsi
mütləqdir: reklam
başlayır, kanalı
dəyiş. Bu da çox acınacaqlıdır.
Reklam beynəlmiləl bir sahə olduğundan, hər hansı ölkədə istehsal olunan reklamda gərək millilik hiss olunsun. Reklam obrazlı formada
tamaşaçıya çatdırılmalıdır.
Reklamı baxımsız edən digər bir amil də Azərbaycan
dilinin zənginliyindən
layiqincə istifadə
olunmamasıdır. Reklamlarda söz
seçimi çox vaxt düzgün olmur. Adi cümlə quruluşunda
da səhvlər olur. Ən acınacaqlısı isə xaricdə istehsal olunmuş reklam çarxlaının
dublyajıdır. Hərfi tərcümə
ilə tam başqa formada səsləndirildiyindən
bu reklamlar bəzən gülünc vəziyyətdə tamşaçılara
çatdırılır. Çox vaxt səsləndirmədə azərbaycanlı
ləhcəsi belə
hiss olunmur.
Digər bir amil də
tanınmış bir
aktyorun bir il ərzində
bir neçə reklama çəkilməsidir.
Tamaşaçı bir aktyoru bir neçə reklamda gördüyündən,
həmin aktyorun ifasında müxtəlif malları, hətta bir-birinə qarışdırır.
Xaricdə bir aktyoru reklama çəkərkən onunla,
heç olmasa, bir il müddətinə digər
firmanın reklamına
çəkilməməsi üçün
müqavilə bağlanır.
Bununla da həmin aktyor
reklam çəkdirən
firmanın reklam simasına çevrilir.
Beləliklə, tamaşaçı küçədə belə
həmin aktyoru gördükdə onun reklam etdiyi firma gözləri önündə
canlanır. Reklamın da
ən əsas uğuru bax, bundadır. Azərbaycan mentalitetinə yad
olan, xaricdə ishehsal olunan reklamlar da telekanallarda
yayımlanmaqdadır. Uşaqlarin tərbiyəsinə mənfi
təsir göstərən
reklamlar telekanallarda yer almamalıdır.
Bu işə
ilk növbədə peşəkar
modelyerlər, dilçi
alimlər, istedadlı
aktyorlar cəlb olunmalıdır. Qoy reklam
çarxının istehsalının
xərci xeyli artsın. Bu vəsaitin çox olması hər hansı bir formada reklamverici şirkətə gəlir
gətirir.
Azərbaycanın reklam istehsalında ölkəmizin görməli
yerlərindən, memarlıq
abidələrindən, Azərbaycan
xalq mahnılarından
mütləq istifadə
etmək lazımdır. Bu gün bir çox
abidələrimiz, xalq
musiqilərimiz düşmənlərimiz
tərəfindən oğurlanaraq
mənimsənilir. Buna
görə də reklam istehsalında bu, bizim strategiyamız
olmalıdır.
Reklam haqqında
Qanuna da dəyişiklik edilməsi
vacibdir. Artıq bu dəyişikliklərin
edilməsi ilə bağlı təkliflər
hazırlanmış, yaxın
vaxtlarda Milli Məclisə göndəriləcək.
Dünya reklamının təcrübəsindən
bəhrələnmək lazımdır. Bunun üçün
beynəlxalq reklam festivallarına inteqrasiya vacibdir. Azərbaycanda beynəlxalq miqyaslı
reklam festivalları keçirilməlidir. Reklamla bağlı
dünyada çıxan
kitabların tərcüməsinə
diqqət yetirilməlidir.
Və bu fonda
da Azərbaycanın özünəməxsus reklam
məktəbi yaranmalıdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 2 aprel.- S. 6.