Modernləşdirmənin
əsas elementi
Əli ABBASOV: “On ildən sonra İKT sektorunun gəlirləri Azərbaycanın ümumi daxili məhsulunun
təxminən 10 faizini təşkil edəcək”
Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Rusiyanın “Rossiyskaya qazeta” nəşrinin 29 mart 2013-cü il tarixli nömrəsində müsahibəsi dərc olunmuşdur. Həmin müsahibəni təqdim edirik.
Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda dinamik inkişaf müşahidə edilir. Son on il ərzində özünü açıq şəkildə büruzə verən tendensiya güman etməyə əsas verir ki, yaxın gələcəkdə bu sahə energetika ilə yanaşı, ölkə iqtisadiyyatının əsas istiqamətlərindən biri ola bilər. İKT sahəsində nailiyyətlər və sahənin inkişaf perspektivləri barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov söz açır.
– Azərbaycanda İKT sektorunun hazırkı səviyyəsini və inkişaf tempini necə qiymətləndirirsiniz?
– Güman edirəm,
yüksək texnologiyalar əsri
adlandırılan XXI əsrdə postsənaye ölkələrinin
iqtisadiyyat və infrastrukturunun
səviyyəsinin universal ölçüsünün
informasiya-kommunikasiya texnologiyaları
(İKT) olmasını xatırlatmağa ehtiyac
yoxdur. Bu amil hökumətin ardıcıl siyasəti nəticəsində
telekommunikasiya, teleradio
yayımı, internet-infrastruktur və
ümumilikdə İKT sektorunda böyük uğurların əldə edildiyi Azərbaycan üçün
də artıq uzun illərdir əhəmiyyət
kəsb edir. Hələ
1990-cı illərdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə ölkədə İKT sektorunu tənzimləyən ilk
qanunlar qəbul edilib,
mobil rabitənin təşəkkülü
üçün əlverişli şərait
yaradılıb, ilkin internet-infrastruktur
və s. formalaşdılırıb.
2003-cü ildə qəbul edilən “Azərbaycan
Respublikasının inkişafı naminə
informasiya və kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya” yaxın illər üçün
fəaliyyətin başlıca məqsədi olan
informasiya cəmiyyətinə keçidi müəyyən etdi.
Ötən onillik ərzində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev İKT sektorunun
inkişafına müqayisəedilməz əhəmiyyət
verib və dinamik
inkişafına zəmin yaradıb. Çoxlu
sayda dövlət proqramları və qanunlar qəbul edilib. Mərhələli şəkildə həyata
keçirilən “Elektron Azərbaycan”
Dövlət Proqramı Milli
Strategiyanın istiqamət və vəzifələrinə uyğun olan çoxlu tədbirlərin görülməsinə
imkan verib. Əlamətdar
haldır ki, bəzi istiqamətlər
üzrə ölkəmiz artıq çoxdandır postsovet məkanında lider
mövqelər tutur. Məsələn,
hələ 2008-ci ildə biz MDB-də ilk olaraq ölkənin bütün yaşayış məntəqələrinin
telefonlaşdırılmasına nail ola bilmişik, üç il sonra isə ölkədəki bütün
mövcud ATS-lərin rəqəmli texnologiyaya keçidi başa çatıb, eləcə də vahid yeddirəqəmli nömrələmə
sistemi tətbiq edilib.
Azərbaycan 4G mobil rabitə
texnologiyasını tətbiq edən dövlətlər
arasında Avropada doqquzuncu,
dünyada isə 37-ci yeri
tutur. Beynəlxalq Telekommunikasiya
İttifaqının (BTİ) “İnformasiya
cəmiyyətinin ölçülməsi-2012” adlı
hesabatına əsasən, ölkəmiz İKT-nin
inkişaf indeksi (IDI)
üzrə beş pillə irəliləyərək
155 dünya dövləti arasında 68-ci yeri tutub. BTİ-nin
hesabatında Azərbaycan həmçinin son
5-7 il ərzində sahədə daha çox uğurlar qazanan on dünya dövləti qrupuna daxil edilib.
Yuxarıda qeyd olunan uğurlara əsaslanaraq və ölkədə
İT iqtisadiyyatının inkişaf
imkanlarının genişləndirilməsi məqsədilə
Azərbaycan Prezidenti İlham
Əliyev 2013-cü ili ”İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan
edib.
- Cari ilin fevralında Azərbaycan
uğurla ilk telekommunikasiya peykini buraxıb: ölkədə
kosmik sahənin gələcək inkişaf perspektivləri
hansılardır?
- Məlum olduğu kimi, 2013-cü ilin “İKT ili” elan edilməsinin ilk mühüm tarixi hadisəsi ölkəmizin kosmik eraya daxil olması olub: fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki Azerspace-1 orbitə çıxarılıb. Şərqi Avropa, MDB, Şimali Afrika, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini əhatə edən peyk müxtəlif rabitə və teleradio yayım xidmətləri göstərəcək. Bu istiqamətdə növbəti addımlar 2015-ci ildə aşağıorbitli peykin, 2016-cı ildə ikinci telekommunikasiya peykinin buraxılması olacaq.
Milli peyk layihəsi ölkəni daha
etibarlı və ucuz peyk rabitəsi ilə təmin edərək
öz növbəsində respublikanın informasiya təhlükəsizliyinin
möhkəmləndirilməsinə xidmət edəcək.
Aşağıorbitli peyklərin buraxılması ətraf
mühitin qorunması, kənd təsərrüfatı,
topoqrafiya və kartoqrafiya, eləcə də dövlət təhlükəsizliyi
sahəsində fəaliyyətin səmərəliliyini
artıracaq.
2012-ci ildə
İKT sektorunun gəliri
1,915 milyard dollar təşkil
edib.
- Hazırda “İKT ili” çərçivəsində yeni layihələr haqqında çox danışılır. Yaxın vaxtlarda
nələrin həyata
keçirilməsi nəzərdə
tutulur?
- Tədbirlər Planı, əlbəttə ki, tərtib olunub, onun işlənib hazırlanması üzərində
həm bizim nazirliyin mütəxəssisləri,
həm də Milli Elmlər Akademiyasının alimləri
çalışıblar. Artıq həyata
keçirilməsi bu ilə planlaşdırlan vacib işlər sırasında ölkədə
FTTH modeli üzrə optik infrastrukturun genişləndirilməsini nəzərdə
tutan Fiber to Home (“evə
optika”) layihəsi yer alıb. Dövlət
Neft Fondunun (ARDNF) maliyyə dəstəyi ilə həyata keçirilən layihə
təxminən 500 milyon
dollar məbləğində qiymətləndirilir və
cari ildə ARDNF artıq 132 milyon dollar verib. Bu üçillik
layihə yüksək
gəlirli hesab edilir: ikinci ildən etibarən ümumi dəyərin
30-35 faizi yenidən sərmayələrin qoyulması
hesabına maliyyələşdiriləcək.
Layihənin əsas məqsədi ucqar kənd yaşayış məntəqələri daxil
olmaqla bütün ölkə ərazisinin 10-100
Mbit/saniyə sürətində yüksəksürətli
internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin
sayını 85 faizə
çatdırmaqdır ki,
bu da Azərbaycanın
2017-ci ilədək dünyanın
inkişaf etmiş ölkələri sırasına
daxil olmasına imkan verəcək. Yaxın perspektivdə Azərbaycanın
təşəbbüskarı olduğu daha bir beynəlxalq layihənin inkişafı
gözlənilir. Söhbət
Trans-Avrasiya Super İnformasiya
Magistralının (TASİM) çəkilməsindən gedir.
BMT Baş Asambleyasının
iki xüsusi qətnaməsi ilə dəstəklənən TASİM layihəsi Honkonqu Frankfurtla birləşdirərək
geniş Avrasiya məkanını yüksəksürətli
internetlə təmin edəcək optik lif magistralının çəkilməsini nəzərdə
tutur. Azərbaycan
belə beynəlxalq təşəbbüslərdə, məsələn, Rusiya, İran və Omanla tərəfdaşlıqda
ötən ilin sonunda başa çatan Europe-Persia Express Gateway (EPEG) informasiya magistralının
çəkilməsində təcrübəyə malikdir.
Artıq
bir neçə ildir gələcək konsorsiumun tərəfdaşları
– Azərbaycan, Qazaxıstan,
Çin, Rusiya və Türkiyənin nəhəng telekommunikasiya
şirkətləri bu
layihənin həyata keçirilməsinə hazırlıq
görürlər. Və əlbəttə
ki, layihənin yerinə yetirilməsi Azərbaycana Xəzəryanı
regionun əsas informasiya mərkəzi olmağa imkan verəcək.
- Çərçivəsində
vahid elektron portalın formalaşdırıldığı,
ASAN mərkəzlərinin yaradıldığı
“Elektron hökumət”
layihəsinin həyata
keçirilməsində hansı
uğurlar əldə
olunub?
- Vahid “Elektron hökumət” portalı “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərir:
əhaliyə orta hesabla 40 dövlət müəssisəsinin 200-dən çox elektron xidmətinin göstərilməsini
təmin edir. Bu ilin əvvəlində
isə Bakıda ASAN şəbəkəsinin (Azerbaican
Service and Assessment Network) ilk terminalı işə salınıb.
Burada əhaliyə mərkəzləşdirilmiş qaydada vətəndaşlıq
vəziyyəti aktlarının
qeydiyyatı, sahibkarlıq
fəaliyyətinin qeydiyyatı,
elektron vergi və gömrük bəyannamələrinin verilməsi,
eləcə də dövlət qulluğu və ali
məktəblərə qəbul
üçün ərizələrin
təqdim edilməsi, mülkiyyət hüququnun
rəsmiləşdirilməsi, pensiyaların təyin olunması və ünvanlı sosial yardımın alınması
və s. kimi xidmətlər göstərilir.
2020-ci ilə dövlət orqanlarının
bütünlüklə elektron
xidmətlərlə əhatə
olunması nəzərdə
tutulur, bu, hökumətin fəaliyyətində
şəffaflığın tam təmin edilməsində mühüm alət olacaq və sahibkarlara və vətəndaşlara qarşı
mənfi halların və bürokratik maneələrin aradan qaldırılmasına xidmət
edəcək.
-Yaxın gələcəkdə Azərbaycanın
İKT sektorunun konturları
haqqında nə deyə bilərsiniz?
-Bu yaxınlarda təsdiq olunan “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının əsas
məqsədi yaxın
8-10 ildə ölkənin
ümumi daxili məhsul həcminin ikiqat artırılmasıdır.
Buna qeyri-neft sektorunun,
o cümlədən İKT sahəsinin inkişaf etdirilməsi sayəsində
nail olmaq nəzərdə
tutulur. Lakin bu məqsədə çatmaq tələb olunan müddətdə
İKT bazarının həcminin
4-4,5 dəfə artırılmasını nəzərdə
tutur. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə İKT sektorunda gəlir 1,7 milyard
dollar təşkil edirdisə,
2020-ci ilədək bu
göstərici 8 milyard
dollara çatmalıdır.
Bu məqsədlər üçün
təkcə dövlət
xətti ilə 3,6 milyard dollar məbləğində investisiyaların
yatırılması planlaşdırılır,
eyni həcmli qoyuluşları beynəlxalq
investorlar daxil olmaqla özəl sektor təmin etməlidir. Beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin
inkişaf perspektivlərinə
çox nikbin yanaşırlar. Onların proqnozlarına
əsasən, sahə
islahatlarının davam
etdirilməsi və xüsusilə potensial investorlar üçün
imtiyazlı şəraitin
yaradılması 2025-ci ilədək
İKT sahəsinin gəlirlər
səviyyəsini ölkə
ÜDM-nin 10 faizinədək
çatdırmağa imkan
verəcək. Bu isə dünyanın inkişaf etmiş ölkələrində sahə
üzrə nəzərdə
tutulan gəlir səviyyəsi ilə uyğun gəlir.
Xalq qəzeti.- 2013.- 3 aprel.- S. 5.