“DEMOKRATİYA -
dünyanın getdiyi yol”
İqtisadiyyat üzrə fəlsəfə doktoru
Arzuman Muradlının bu
başlıq altında nəşr edilmiş
kitabında (“Elm və təhsil” nəşriyyatı,
2012) “insanları demokratiyaya cəlb edən
nədir, o, hansı dəyərlərə
malikdir?” sualı ətrafında düşüncələrə
əsas yer verilmişdir.
Bununla
yanaşı, kitabda dünyanın tarixi şəxsiyyətləri
ilə bir sırada dayanan ulu öndərimiz Heydər Əliyevin
dövlətçilik fəlsəfəsi
və xilaskarlıq missiyasından müəyyən məqamlar
yer almışdır. Müəllif, eyni zamanda, Azərbaycanda
demokratiyanın təşəkkülündə,
formalaşmasında, inkişafında, ölkəmizdə
sosial-iqtisadi tərəqqiyə nail olunmasında ümummilli liderimizin fədakar xidmətlərini qələmə
almışdır.
A.Muradlı
kitabda Heydər Əliyevin dövlətçilik, vətənpərvərlik
fəlsəfəsinin təməl prinsiplərindən söhbət
açır və qeyd edir ki, imperiya rejiminin qadağaları
dahi rəhbərin Vətən
sevgisinin önündə nə qədər sədlər
çəksə də, bu, onun gördüyü əzəmətli
işlərdə özünü qabarıq büruzə
verirdi.
Məşhur
yazıçı-filosof Viktor Hüqo yazırdı ki, həqiqi
dövlət xadimlərinin üstün keyfiyyəti ondadır
ki, hər bir zərurətdən fayda götürməyi
bacarsın, hətta şəraitin ən qorxunc axarını
belə dövlətin xeyrinə dəyişə bilsin. Heydər
Əliyev rəhbərlik etdiyi bütün işlərdə
bunu ən doğru şəkildə bacarmış və həyata
keçirmişdir.
Müəllifin
qənaətincə, ulu öndərimizin
avtobioqrafiyasının elə bir səhifəsi yoxdur ki, orada
gördüyü işlərin sadəcə vəzifə
borcu deyil, daha böyük amallar naminə atılan addımlar
olduğunu dərk etməyəsən. Dahi şəxsiyyət
Heydər Əliyev harada olur-olsun əzmkarlığı,
rasional düşüncəsi, soyuq məntiqi və polad iradəsi
sayəsində illər uzunu gizli saxladığı
arzularına doğru yol açırdı. “Bəli, mən
istəyirdim ki, Azərbaycan müstəqil olsun, hər
şeydən əvvəl iqtisadi cəhətdən.
Çünki istənilən müstəqilliyin əsasında
- iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu
elektrik stansiyaları tikirdim. Moskvada məndən soruşdular
ki, bunlar sənin nəyinə lazımdır. Mən onlara
demirdim nə üçün bu lazımdır... Mən istəyirdim
mənim ölkəm, mənim xalqım istənilən şəraitdə
müstəqil yaşaya bilsin”. Ulu öndərin artıq
müstəqillik dönəmində dilə gətirdiyi bu
etiraflar heç də bütün sovet rəhbərləri
üçün anlaşılmayan sirr deyildi. Sadəcə
onun, artıq bir ölkəyə sığmayan nüfuzu
qarşısında çoxları susmağı üstün
tuturdular. Haqlı olaraq filosoflar belə şəxsiyyətlər
haqqında danışarkən deyirlər ki, “böyük
xarakterə malik belə insanlar öz əməlləri, fəaliyyətlərilə
böyük məqsədlərə çatır, obyektiv tələblərə
uyğun, ağıllı şəkildə əsaslandırılmış
və sosial əhəmiyyətli idealları əldə edir və
başqaları üçün mayaka çevrilirlər”.
Bu
siyasət nəhənginin ən ali məqsədi,
böyük amalı, heç şübhəsiz müstəqil,
azad və demokratik Azərbaycan qurmaq olmuşdur. Məhz bu məqsəd
bütün həyatı boyu onu mübarizəyə,
çevik siyasi gedişlər etməyə və son nəticədə
qalib gəlməyə məcbur etmişdir.
A.Muradlı
yazır ki, Heydər Əliyev şəxsiyyətini və
siyasi fəaliyyətini, xarakterini bu gün dövlət
atributu, simvol səviyyəsinə qaldıran, onu əbədi
xalq sevgisinə çatdıran ulu öndərin vətənçilik
təlimidir. Bu, onun mənalı həyat və fəaliyyətinin
bütün mərhələlərində çox parlaq
şəkildə nümayiş olunur. Onun siyasətçi
kimi nüfuz dairəsi nə qədər artıbsa, Azərbaycan
əmin-amanlıq və rifah içində yaşayıb. Bunu
məkrli erməni ideoloqları da çox dürüst
bilirdilər ki, yalnız bu böyük azərbaycanlını
şərəfləndirdiyi vəzifədən salıb, sonra
onun xalqına və Vətəninə faciə donu biçə
bilərdilər.
“Demokratiya-dünyanın
getdiyi yol” kitabında yuxarıda qeyd edilənlərlə
yanaşı, dünya demokratiya
təcrübəsi, respublikamızda demokratik cəmiyyət
quruculuğu prosesinin uğurları, ölkəmizdə
iqtisadi inkişaf strategiyasının formalaşması və
s. məsələlər iqtisadi təhlillərin əsas
mövzusu olmuşdur.
A.Muradlının
adı çəkilən kitabında verilmiş
“Uğurların davamlı olması üçün
bütün imkanlar, ən əsası möhkəm siyasi iradə
var” məqaləsində “İnkişafın Azərbaycan
modeli nədir?” sualına cavabı da diqqət çəkir.
Müəllif yazır ki, inkişafın Azərbaycan modeli
ölkənin kompleks və hərtərəfli inkişafı
deməkdir. Yəni, biz, sadəcə, iqtisadiyyatı
inkişaf etdirmirik, yaxud neft gəlirləri
qarşısında özümüzü itirmirik. Azərbaycan
neft gəlirlərinin verdiyi imkanlardan yararlanaraq
iqtisadiyyatını inkişaf etdirir. İqtisadi inkişafa
paralel olaraq insanların sosial rifahı
yaxşılaşdırılır, təhsili inkişaf etdirməklə
neft kapitalını “insan kapitalı”na çevirir, beləliklə,
bu model insan inkişafına xidmət edir. Həmçinin
iqtisadiyyatı inkişaf etdirməklə infrastruktur müasirləşdirilir,
səhiyyəni inkişaf etdirməklə tibbi xidmətlərin
səviyyəsi yüksəldilir, yeni idman qurğuları
inşa etməklə insanların sağlam həyat tərzi təmin
edilir...
“Demokratiya-dünyanın
getdiyi yol” kitabında müəllif
regionların sosial-iqtisadi inkişafı ilə
bağlı aparılan siyasətin
uğurlu nəticələrindən də söhbət
açmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyev
məşğulluq strategiyası ilə əlaqədar
davamlı tədbirlərin müəllifi kimi çevik və
operativ addımlar atmaqla insanların məşğulluğunun
təmin edilməsi sahəsində mühüm irəliləyişlərə
nail olmuşdur. Hazırda Azərbaycanda ümumi makroiqtisadi
artım templəri əyani şəkildə istehsal müəssisələrinin
rentabelli fəaliyyətini göstərir, eyni zamanda,
insanların məşğulluğunun təmin olunduğunu
şərtləndirir. Bu amillər isə son nəticədə
işsizliyin səviyyəsinin aşağı
düşdüyünü ifadə etmiş olur. Ümumiyyətlə,
regionların sosial-iqtisadi inkişafi Dövlət
Proqramının məzmunu birbaşa sosial xarakter
daşıyır və sənədin məntiqi nəticəsi
insan amilinə söykənir. Yəni, dövlətin
inkişafı və zənginləşməsi son nəticədə
vətəndaşların yaxşı yaşamasına,
onların sosial tərəqqisinə səbəb olur.
Kitabda
A.Muradlının toxunduğu məsələlərdən
biri də xalqımızın başına gətirilən bəlalarla
bağlıdır. Müəllif erməni vəhşiliyini,
ermənilər tərəfindən törədilən
soyqırımı dünyaya çatdırmağı vətəndaşlıq
və insanlıq borcumuz sayır.
A.Muradlı
Xocalı faciəsindən danışarkən vurğulayır
ki, AXC-Müsavat iqtidarı dövründə dinc azərbaycanlıların
Xocalı soyqırımına məruz qalması barədə
çox danışılsa da, son nəticədə hər
şeyin üstü örtüldü, faciənin
günahkarlarının adlarının çəkilməsindən
sükutla keçdilər. Soyqırımına dövlət
səviyyəsində hüquqi-siyasi qiymət verilmədi.
Çünki hakimiyyətdə olan “bəylərin” də azərbaycanlıların
soyqırımında rolu ermənilərin, 366-cı
motoatıcı alayın və ya A.Mütəllibovun rolundan
heç də az deyildi. 2002-ci ildə faciənin onuncu
ildönümü ilə əlaqədar ulu öndər Heydər
Əliyev xalqa müraciətində deyirdi: “Bütün bu
qanlı hadisələrin qarşısının
alınmamasında, o cümlədən Xocalı faciəsinin
baş verməsində, şəhərin təpədən-dırnağa
qədər silahlanmış amansız düşmənlə
üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları
ilə bərabər, Azərbaycanın o zamankı rəhbərliyi,
habelə hakimiyyət uğrunda hər cür yolverilməz
vasitələrlə mübarizə aparan müxalif qüvvələri
də məsuliyyət daşıyırlar”.
A.Muradlı
yazır ki, erməni separatçılarının Azərbaycan
xalqının məhv edilməsinə yönəldilmiş
soyqırımı və işğalçılıq siyasətinin
davamı olan Xocalı faciəsinə
qiymət vermək yalnız ümummilli lider Heydər Əliyevin
1993-cü ildə xalqın tələbi ilə yenidən
hakimiyyətə qayıdışından sonra mümkün
oldu. İlk növbədə Xocalı faciəsi ermənilərin
Azərbaycan xalqına qarşı həyata keçirdiyi
soyqırımı aktı kimi təsbit olundu, bu faciənin
dünyaya tanıdılması istiqamətində xeyli iş
görüldü. Ulu öndərin təşəbbüsü
ilə Milli Məclis 1994-cü il fevralın 24-də
“Xocalı soyqırımı (genosidi) günü haqqında”
xüsusi qərar qəbul etdi. Bu sənəddə hadisənin
baş vermə səbəbləri, günahkarlar təfsilatı
ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə
bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, erməni qəsbkarlarının
beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr
kimi önə çəkildi.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2013.- 3 aprel.- S. 5.