Bakıda keçirilən turizm sərgisinə Türkiyədə çox ciddi maraq var

 

XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinə Türkiyədə çox ciddi maraq var. Təxminən ölkənin 30-a yaxın şirkətini təmsil edən 80 nəfərlik nümayəndə heyəti bu sərgiyə qatılacaq. Həmçinin mədəniyyət nümunələri və teatr oyunları da sərgidə nümayiş olunacaq.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Seyid Əhməd Arslan XII AİTF Beynəlxalq Turizm və Səyahətlər sərgisi, müşavirliyin veb saytının (“www.turkiye.az”) təqdimatı və 2013-cü ilin reklam kampaniyaları ilə bağlı mətbuat konfransında  söylədi. Daha sonra o bildirdi ki, 4-6 aprel tarixində keçiriləcək sərgidə 30-a yaxın türk şirkəti iştirak edəcək. Bu dəfə Türkiyənin stendi ötənilkindən iki dəfə böyük olacaq.

Müşavir əlavə edib ki, 15 mart tarixindən etibarən Bakının mərkəzi küçələrində, avtobusların, taksilərin üstündə, xəbər agentliklərində Türkiyə ilə bağlı reklam kampaniyası başlayıb, xüsusi videoçarx hazırlanıb və bu görüntülərdə də Türkiyənin ayrı-ayrı regionlarının turizm potensialı nümayiş olunub. Bu kampaniya 3 ay davam edəcək.

S.Ə.Arslan Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında artım müşahidə olunduğunu bildirdi. Onun sözlərinə görə, 2011-ci ildə Türkiyəyə 578 min azərbaycanlı turist gəlmişdisə, keçən il turistlərin sayı 591 min nəfəri keçib: “Azərbaycanlı turistlər əsasən Antaliyanı, İstanbulu, İzmir və Ankaranı ziyarət edirlər”.

 

 

Xalq qəzeti.- 2013.- 3 aprel.- S. 5.