Alim-rəssamın yaradıcılıq hesabatı

 

Bu günlərdə Naxçıvan Dövlət Universitetində bu ali təhsil ocağının və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, tanınmış karikaturaçı rəssam Kərim Kərimovun “Azərbaycanın neft-qaz potensialı” monoqrafiyasının və “Haqq və ədalət uğrundasatirik əsərlər toplusunun təqdimat mərasimi keçirilmişdir.

Məclis iştirakçıları əvvəlcə rəssam-alimin son illər yaradıcılığının məhsulu olan və satirik topluda yer almış karikaturalardan ibarət sərgi ilə tanış olmuşlar. Erməni separatçılığını, terrorizmini və vandalizmini rəngarəng mövzularda, ifadəli təsvirlərdə, sərrast ittihamlarda təqdim edən bu əsərlər böyük maraq doğurmuş, iştirakçılara zəngin estetik təəssürat gətirmişdir.

Təqdimat mərasimini giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev görkəmli geofizik alim, “Şöhrət” ordenli Kərim Kərimovun Azərbaycan neft-qaz ehtiyatlarının aşkar edilib qiymətləndirilməsi sahəsində 55 ildən artıq müddətdə apardığı məhsuldar, faydalı fəaliyyətdən söhbət açmış, dövlət müstəqilliyi illərində bu tədqiqatların ölkənin neft sənayesinin sürətli inkişafına elmi təminat yaratdığını vurğulamışdır. 600-ə yaxın elmi əsərin müəllifi Kərim Kərimovun son monoqrafiyası əvvəlki axtarışlarının əhatəli davamı olub, respublikamızın neft-qaz ehtiyatları barədə mötəbər bilgilər toplusudur.

Akademik daha sonra bildirmişdir ki, dünya miqyasında tanınan geofizik inandırıcı dəlil-sübutlarla Azərbaycanın neft ehtiyatlarının 7-8 milyard ton, qaz potensialının isə 10 trilyon kubmetr həcmində olduğunu əsaslandırır. Bu hesablamalar ölkənin mövcud neft strategiyasını bundan sonra da düzgün, xalqımızın maraqlarına uyğun reallaşdırmağa xidmət edir.

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli isə alim-rəssamın son bədii yaradıcılıq hesabatını mövzu və ideya-sənətkarlıq baxımından səciyyələndirmişdir. Natiq bildirmişdir ki, gənclik illərindən fasiləsiz olaraq siyasi mövzulu plakatlarda beynəlxalq aləmin neqativ hadisə və meyillərini görüntüləşdirən Kərim Kərimov “Molla Nəsrəddin” karikatura məktəbinin istedadlı davamçısı kimi tanınmışdır. Bu vaxtadək 6 mindən artıq satirik karikatura yaratmış sənətkarın 19 sərgisi keçirilmişdir. Dağlıq Qarabağ münaqişəsi başlayandan ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri dünya ictimaiyyətinə çatdırmaq, soydaşlarımızda vətənpərvərlik və düşmənə nifrət hissini artırmaq üçün o, yüzlərlə karikatura yaratmışdır. Sənətkar bu əsərləri ölkəmizdə və xaricdə keçirilən bir sıra sərgilərdə və bir neçə albomda tamaşaçılara təqdim etmişdir. Bu gün Naxçıvan auditoriyasına çıxarılan sərgi və kitabda yenə xalqımızın haqq və ədalət savaşının bədii xronikası üstünlük təşkil edir.

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev “Kərim Kərimovun tədqiqatlarında Azərbaycanın neft-qaz potensialı problemləri” mövzusunu şərh etmiş, bu axtarışların ölkə geofizika elminə ciddi töhfələrindən danışmışdır. Qafqaz və Xəzər zonası karbohidrogen ehtiyatlarına aydınlıq gətirən bu əsərləri xarici alimlər də yüksək qiymətləndirmişlər. Bu axtarışlar zamanı azərbaycanlı alimin zəlzələlərin qabaqcadan müəyyənləşdirilməsi barədə kəşf etdiyi metodika da beynəlxalq elmi dairələrdə qəbul olunmuşdur.

Akademik Kərim Kərimov Naxçıvanın yüksək tribunasından elmi- bədii yaradıcılığı barədə hesabat vermək üçün yaradılan şəraitə, təqdim olunan 2 yeni kitab və sərgi barədə deyilən xoş sözlərə görə təşəkkürünü bildirmiş, naxçıvanlılarla dostluq əlaqələrinin onun elmi-bədii yaradıcılığına əlavə həvəs və güc verdiyini söyləmişdir.

Muxtar respublikadan zəngin təəssürat və böyük razılıqla qayıtmış akademik Kərim Kərimovla Bakıda görüşüb ürək sözlərini dinlədik:

– Əvvəla, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova Naxçıvandakı hesabatımın və görüşlərimin yüksək səviyyədə keçirilməsini himayə etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Bundan əlavə, 25 il müddətində blokada şəraitində yaşayan muxtar respublikanın ən yüksək inkişaf tempi ilə başdan-başa yeniləşdiyini, tərəqqi etdiyini bir daha görüb ürəyim dağa döndü. Doğrudan da, Naxçıvan ümummilli lider Heydər Əliyevin arzu və istəklərinə uyğun olaraq inkişaf etdirilərək blokada mərhumiyyətlərini heçə endirmiş bir diyara çevrilmişdir. Naxçıvan ulu öndər Heydər Əliyev məktəbinin istedadlı yetirməsi olan Vasif Talıbovun yaratdığı intizam, təşəbbüskarlıq, sürətli yüksəliş mexanizmi hesabına həyatın bütün sahələrində insanı heyran qoyan, bizim hər birimizi sevindirən və düşmənin gözünə ox olan möcüzələr məkanıdır. Bu barədə muxtar respublika rəhbərinin aydın, dəqiq açıqlaması belədir: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları nəzərə alınanda istənilən möcüzəni yaratmaq olar”.

Naxçıvandakı yenilikləri və yüksəlişi əks etdirən fakt və rəqəmləri oxucuların nəzərinə çatdırmaq istəyirəm. Son 17 ildə muxtar respublikada ümumi daxili məhsul 43 dəfə artmışdır. Bu dövrdə 379 yeni sənaye müəssisəsi işə salınmışdır. Bu, 8 dəfə artım deməkdir. Naxçıvan bu gün özünü elektrik enerjisi ilə tam təmin edir, xaricə də satır. Bütün yaşayış məntəqələrində və obyektlərdə qaz yanır. Keçən il muxtar respublikada reallaşdırılan 897 milyon manatlıq investisiya 1995-ci ildəkindən 294 dəfə çox olmuşdur. Bax, möcüzə buna deyərlər.

Naxçıvan şəhəri tanınmaz dərəcədə abadlaşmış, gözəlləşmişdir. Burada yaradılan nadir memarlıq nümunələri bərpa edilib, ümumi ansamblı tamamlayan tarixi abidələr tükənməz enerji, zərgər dəqiqliyi və yurd sevgisi ilə həyata keçirilən əzəmətli quruculuğu əks etdirir. Rayon mərkəzləri, yaşayış məntəqələri, yeni yolları, təzələnən kommunikasiyaları, bir-birindən baxımlı sosial obyektləri ilə başdan-başa dəyişmə bu diyarda yeniləşmənin miqyasını göstərir. Muxtar respublika özünü əsas ərzaq məhsulları ilə təmin edir. Əhaliyə ən yüksək səviyyəli xidmətlər göstərilir. Diyarın iqtisadi potensialı maksimum hərəkətə gətirilmiş, məhsuldar məşğulluq təmin edilmiş, yüksək rifah və xoş güzəran yaradılmışdır.

Məni bir alim və sənətkar kimi muxtar respublikada elm və təhsil, mədəniyyət və yaradıcılıq sahəsində əldə edilmiş uğurlar daha çox sevindirdi. Böyük bir ali təhsil mərkəzinə çevrilmiş Naxçıvan Dövlət Universiteti kadr hazırlığının səviyyəsi, yüksək elmi-pedaqoji uğurları ilə respublikada önə çıxmışdır. AMEA-nın Naxçıvan Bölməsində yerli ehtiyatların, tarixi-mədəni dəyərlərin tədqiqi ilə bağlı misilsiz tədqiqatlar aparılır. İncəsənətin bir çox sahələrində istedadlı adamlar yetişmişdir. Mənim sərgimin təşkilində böyük zəhməti olmuş istedadlı rəssam həmkarım, muxtar respublikada rəssamlar birliyinin rəhbəri Ülviyyə Həmzəyeva ilə tanışlığım da mənim üçün ciddi bir yenilik oldu. Orijinal yaradıcılıq üslubu, məftunluq doğuran əsərləri, bənzərsiz tərtibatları onu böyük sənət yoluna çıxarıb. Naxçıvanın və respublikanın əməkdar rəssamıdır. Əsərləri Naxçıvanda, Bakıda, Türkiyədə, ABŞ-da neçə-neçə fərdi və qrup sərgilərdə nümayiş etdirilib.

Naxçıvanın Əshabi-Kəhf, Nuh peyğəmbər məqbərəsi, Əcəmi Seyrangahı kimi müqəddəs və tarixi ünvanlarında bu qədim türk yurdunun ülviyyətini, ululuğunu bir daha duydum, paklandım, qürurlandım. Bir daha Naxçıvan hesabatımın və bu sevimli yurdu ziyarətimin təşkilatçılarına təşəkkür edir, naxçıvanlı bacı-qardaşlarımıza bundan da artıq yüksəliş və rifah arzulayıram. Belə bir diyarda, belə qadir insanlar qarşısında 2 yeni kitabımın təqdimatının keçirilməsini ömrümün 80-ci baharının layiqli mükafatı sayıram.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2013.- 3 aprel.- S. 6.