Prezident İlham ƏLİYEV:
Heç vaxt Azərbaycan
öz torpaqlarında ikinci
qondarma erməni dövlətinin
yaradılmasına imkan verməyəcəkdir
Aparılan uğurlu xarici siyasət nəticəsində
təcavüzkar Ermənistan bölgədə həyata
keçirilən qlobal əhəmiyyətli
bütün layihələrdən kənarda
saxlanılır
Müstəqil xarici siyasət
həyata keçirən Azərbaycan Respublikası dünyada
etibarlı tərəfdaş kimi
tanınır, Cənubi Qafqaz regionunun lider dövləti
kimi qəbul edilir. Həqiqətən
də ölkəmiz bir çox
sahələrdə olduğu kimi iqtisadi-siyasi cəhətdən
də regionun ən güclü
ölkəsidir.
Təkcə
onu demək kifayətdir ki, Azərbaycanın dövlət
büdcəsi Cənubi Qafqaz dövlətlərinin ümumi
büdcəsinin 76 faizini, respublikamızın iqtisadiyyatı
bölgə iqtisadiyyatının 80 faizini təşkil edir.
Ölkəmizin bütün dövlətlərlə
iqtisadi-siyasi münasibətlərini bərabərhüquqlu,
qarşılıqlı əməkdaşlıq çərçivəsində
qurması və daxildə lazımi islahatları vaxtında
aparması, sürətli iqtisadi inkişafa indekslənmiş
mühüm əhəmiyyətə malik inkişaf
proqramları həyata keçirməsi daha böyük nailiyyətlər
qazanacağımıza zəmanət verir. Artıq heç kəs
şübhə etmir ki, bu sürətlə inkişaf edən
Azərbaycan yaxın illərdə daha da güclü dövlətə
çevriləcək, onun səsi beynəlxalq arenada daha da gur
eşidiləcək.
Azərbaycan
Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı
kimi, son 21 ildə ölkəmizin
qazandığı böyük nailiyyətlərin təməlində
iqtisadi müstəqillik dayanır. Əgər iqtisadi müstəqilliyimizi
qoruyub saxlaya bilməsəydik, istər-istəməz, siyasi
arenada imkanlarımız daha da məhdud
ola bilərdi. Bu gün Azərbaycan yalnız öz
imkanları ilə inkişaf edir. Daxili və xarici siyasətini
ancaq özünün müəyyənləşdirdiyi meyarlar
çərçivəsində qurur. Dünyanın
aparıcı beynəlxalq maliyyə və iqtisadi qurumları
da ölkəmizin iqtisadi yüksəlişini yüksək qiymətləndirir.
Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos
Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə
Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə
görə MDB məkanında birinci, dünya miqyasında isə
46-cı yerdədir. Günümüzün reallığı
budur ki, Avropanın aparıcı dövlətlərinin bir
neçəsi böhranla üzləşdiyinə görə
onların kredit reytinqləri beynəlxalq reytinq agentlikləri
tərəfindən aşağı salınır, Azərbaycanın
kredit reytinqləri isə artırılır. Nüfuzlu
“Standard & Poor’s”, “Fitch” və “Moody’s” beynəlxalq agentliklərinin
Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən
ilk ölkə də məhz Azərbaycandır. Bütün
bunlar bir daha onu deməyə əsas verir ki, ölkəmizdə
aparılan düşünülmüş siyasi və iqtisadi
islahatlar öz bəhrəsini verməkdədir.
Beynəlxalq
maliyyəyə qurumlarının, reytinq agentliklərinin Azərbaycanı
ön plana çıxarmalarının əsaslı səbəbləri
vardır. Belə ki, 2003-cü ildən bəri ölkəmizdə
ümumi daxili məhsul üç dəfə
artmışdır. Son 9 ildə Azərbaycanın strateji
valyuta ehtiyatları 28,8 dəfə artaraq 50 milyard dollara
çatmaqdadır. Yoxsulluğun səviyyəsi 49 faizdən 6
faizə, işsizlik isə 5,2 faizə qədər
azalmışdır. 2003-2012-ci illərdə Azərbaycan
iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar
investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil
etmiş və xarici ticarət dövriyyəsi 6,4 dəfə
artmışdır. Sənayeləşmə siyasəti
başlıca prioritetlərdən olan ölkəmizdə
2003-cü ildən bəri sənaye istehsalı 2,6 dəfə
artmış və kompleks tədbirlər hesabına yaxın
illərdə bu artımın daha da yüksələcəyi
gözlənilir. Ölkədə həyata keçirilən
infrastruktur layihələri də kifayət qədər
çoxdur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinə
və bu sahənin inkişafına görə artıq ölkəmiz
öncül yerlərdədir. Bu ilin fevral ayında Azərbaycanın
ilk telekommunikasiya peyki orbitə
çıxarılmışdır və beləliklə,
növbəti dəfə Cənubi Qafqazda bir ilkə imza
atmış və dünyada öz peyki olan sayılı
ölkələr sırasına yüksəlmişdir. Bu,
tarixi hadisədir və Azərbaycanın ümumi
inkişafını mühüm
göstəricilərindən biridir.
“Odlar
yurdu” Azərbaycan necə deyərlər, enerji ölkəsidir.
Yəni, bizim dost və tərəfdaş
ölkələrlə ikitərəfli əsasda əlaqələrimizin
inkişafında həm də neft-qaz amili mühüm rol
oynayır. Sevindirici haldır
ki, bu gün respublikamız
dünya miqyasında qlobal enerji bazarında ciddi rola malik olan
bir ölkə kimi artıq özünü təsdiqləyib.
Bəzi Avropa ölkələrinin enerji balanslarında Azərbaycanın
enerji daşıyıcıları 30-35 faiz təşkil edir.
Bu o deməkdir ki, biz bu
baxımdan bir neçə Avropa ölkəsinin enerji təhlükəsizliyində
bilavasitə iştirak edirik. Əgər bizim zəngin qaz
resurslarımızı da buna əlavə etsək, deməli,
irəli sürülmüş layihələri uğurla,
vaxtında icra etsək, Azərbaycan onilliklər bundan sonra
Avropanın, bölgənin, dünyanın enerji təhlükəsizliyi
məsələlərinin həllində əvəzolunmaz rol
oynayacaqdır. Əlbəttə bu, bizim həm iqtisadi, həm
siyasi çəkimizi artıracaqdır.
Onu
da deyək ki, Cənubi Qafqaz regionunda həyata keçirilən
qlobal əhəmiyyətli enerji-nəqliyyat layihlərinin təşəbbüskarı
da Azərbaycandır. Ölkəmiz əfsanə hesab olunan
Bakı — Tbilisi — Ceyhan neft boru kəməri, Bakı — Supsa,
ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi və
bərpası layihələrinin təşəbbüskarı
olmuşdur, Bakı — Tbilisi — Ərzurum qaz boru kəmərini
reallaşdırmışdır.
Rəsmi Bakı London ilə Şanxayı birləşdirəcək
Bakı — Tbilisi — Qars dəmiryol xətti layihəsinin həyata
keçirilməsi üçün səylərini əsirgəmir.
Ölkəmizin artan maliyyə imkanları ona bu layihənin
reallaşması üçün əlavə vəsaitin
ayrılmasını və bu məqsədlə qonşu
Gürcüstana lazımi miqdarda kredit verilməsini təmin
etdi. Azərbaycan bununla Cənubi Qafqaz regionunu Avropa və
Asiyanın həm nəqliyyat, həm də enerj dəhlizinə
çevirir, bölgənin iqtisadi yüksəlişi, regional əməkdaşlıqların
dərinləşməsi işinə misilsiz töhfələr
verir. Ölkəmizin
apardığı uğurlu xarici siyasət nəticəsində
Ermənistan kimi təcavüzkar bir dövlət qlobal əhəmiyyətə malik
bütün layihələrdən təcrid edilib. Azərbaycan
Prezidenti İlham Əliyev torpaqlarımızı işğal
edən bir dövlətin bundan belə də təcrid vəziyyətində
qalacağını vurğulayıb: “Biz bölgədə
söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm
olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan
hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə
qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik.
Gələcəkdə təcridetmə siyasətimiz davam
etdirilməlidir. Bu, öz bəhrəsini verir. Əgər məsələni
sülh yolu ilə həll etmək üçün bizə
daim mesajlar göndərən tərəfdaşlar doğrudan
da istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan
işğal edilmiş torpaqlardan çıxmalıdır.
Çünki əks təqdirdə məsələnin
başqa yolla həll edilməsi istisna deyildir. Biz bunu heç
vaxt istisna etməmişik. Beynəlxalq hüquq bu haqqı bizə
verir. Sadəcə olaraq, Azərbaycanın sülhsevər
siyasəti, bölgədə gedən proseslərə artan məsuliyyəti
və Azərbaycanın bölgədə artıq sabitləşdirici
amil kimi çıxış etməsi bizi bu radikal
addımlardan hələ ki, çəkindirir. Ona görə
məsələnin tezliklə həlli hər tərəfin
marağında olmalıdır”.
Azərbaycanın
dövlət başçısının qeyd etdiyi kimi,
regionda baş verən bəzi son hadisələr onu göstərir
ki, bizim maraqlarımızı nəzərə almadan bölgədə
siyasi-iqtisadi təşəbbüslər icra edilə bilməz.
Biz ən böyük sınaqlardan üzüağ
çıxmışıq. Hətta bizim mövqeyimizi, necə
deyərlər, bölüşməyən və əks
mövqedə olan böyük qüvvələr vahid bir
mövqe nümayiş etdirərkən, Azərbaycanın mövqeyi
imkan vermədi ki, bölgədə bizim maraqlarımıza
zidd olan hər hansı bir hadisə baş versin. Yəni, biz təkbaşına
mübarizəyə nəinki hazırıq, bu mübarizəni
aparırıq, özümüzü dünyada təsdiq
edirik, gələcəyimizi özümüz müəyyən
edirik. Ermənistan isə aydın məsələdir ki, xarici
yardım olmadan ümumiyyətlə, heç bir gələcəyi
olmayan ölkədir. Hər il Ermənistanı ən azı 100 min adam tərk edir.
Onlar ölkədə yaranmış gərgin sosial-iqtisadi
çətinliklərdən təngə gələrək
oradan qaçmaq məcburiyyətində qalırlar. Gələcəkdə regionda gedən
proseslər o vəziyyətə gətirib çıxara bilər
ki, Ermənistan seçim qarşısında qalar. O da ola bilər ki, gələcəkdə
rəsmi İrəvanın heç seçim imkanı da
qalmaz. Ona görə də ermənilərin
və onların havadarlarının xeyrinədir ki, əsassız
iddialardan əl çəksinlər, özlərinə məxsus
olmayan torpaqları işğaldan azad edərək rədd olub
getsinlər.
Məhz
o zaman bölgədə sülh, əməkdaşlıq
mühiti tam formalaşa bilər. Məhz o zaman Ermənistan da
regional layihələrə və
digər məsələlərə qoşula bilər.
Rəsmi
İrəvan bu gün də Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
qeyri-konstruktiv mövqe nümayiş etdirir. Əgər biz bu məsələyə
tarixi cəhətdən yanaşsaq, heç kimdə
şübhə olmaz ki, bu məsələ ədalətli həllini
tapacaqdır və Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcəkdir.
Çünki beynəlxalq hüquq da daxil edilməklə
bütün faktlar, meyarlar belə
deməyə əsas verir ki, bu məsələnin başqa həlli
yolu ola bilməz. Prezident İlham Əliyevin
vurğuladığı kimi, heç vaxt Azərbaycan bu vəziyyətlə
barışmayacaqdır. Heç vaxt Azərbaycan öz
torpaqlarında ikinci qondarma erməni dövlətinin
yaradılmasına imkan verməyəcəkdir. Erməni
dövləti tarixi Azərbaycan torpaqlarında
yaradılmışdır. İrəvan xanlığı, Zəngəzur,
Göyçə - bütün bunlar bizim tarixi
torpaqlarımızdır. 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyəti tərəfindən İrəvanı Ermənistana
bağışlamaq da heç kimin yadından
çıxmayıbdır. Yəni, bu tarixi həqiqətdir.
İkinci dəfə Azərbaycan torpağında qondarma erməni
dövləti yaradıla bilməz. Bu, heç vaxt
olmayacaqdır. Ancaq Azərbaycan çalışır ki, məsələ
tezliklə öz həllini tapsın. Problemin bizim xeyrimizə
həll ediləcəyinə xalqımızın heç bir
şübhəsi yoxdur. Dövlət başçımız
qətiyyətlə bəyan etmişdir: “Hələ ki, biz
diplomatik yollara üstünlük veririk. Bununla bərabər,
öz gücümüzü artırırıq... Bu siyasət
bundan sonra da davam etdiriləcəkdir. Azərbaycanla rəqabət
aparmaq üçün onların nə imkanı, nə insan
resursları, nə iradəsi, nə də gücü
vardır. Azərbaycan bu gün güclü dövlətdir. Həm
siyasi cəhətdən, həm iqtisadi cəhətdən,
bütün cəhətlərdən. Azərbaycan öz
gücünü göstərir və göstərəcəkdir”.
Keçən il Azərbaycanın regionda və
dünyada aparıcı dövlətlər sırasına
yüksəldiyini sübut edən dörd mühüm hadisə
baş verdi: Azərbaycan keçən ilin fevral ayında
dünyanın qabaqcıl ölkələrinin iştirak etdiyi
Böyük İyirmilik Ölkələrinin Meksikada
keçirilən tədbirində,
mart ayında isə Koreya Respublikasının paytaxtı
Seul şəhərində təşkil olunan Nüvə Təhlükəsizliyi
üzrə Zirvə Toplantısında təmsil olundu,
respublikamız dünyanın 155 dövlətinin dəstəyi
ilə seçildiyi BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə
başladı və may ayında mötəbər quruma sədrlik
etdi, Avropanın enerji təminatında mühüm rol oynayacaq
TANAP layihəsinin həyata keçirilməsinə dair
müqavilə imzalandı. Söhbət regional və qlobal
layihələrdən düşmüşkən qeyd etmək
yerinə düşər ki, TANAP
layihəsinin təşəbbüskarı da Azərbaycandır. Ən böyük maliyyə
yükünü, bütün texniki riskləri Azərbaycan
öz üzərinə götürmüşdür. Bu, bir
daha onu göstərir ki, biz
bölgədə icra edilən bütün mühüm
layihələrin təşəbbüskarı kimi
çıxış edirik. Bizim bu sahədəki liderliyimiz
gözəl nəticələrə gətirib
çıxarıb. Təsadüfi deyildir ki, Avropa
İttifaqı ilə Azərbaycan arasında imzalanmış
sənədlərdə Azərbaycan enerji təhlükəsizliyi
sahəsində çox önəmli və həlledici tərəfdaş
kimi göstərilir.
TANAP layihəsi
regional çərçivədə artıq qəbul edilir. Bu gün Azərbaycan tərəfdaş ölkələrlə
bu layihənin icra edilməsi üçün konkret tədbirlər görür
və 2013-cü ildə
əlavə tədbirlər
görüləcəkdir. Bu layihənin icrası
bizim uzunmüddətli
inkişafımızı təmin
edəcəkdir. Yuxarıda
qeyd etdiyimiz Bakı - Tbilisi
— Ceyhan neft kəmərinin layihəsinin
reallaşması Azərbaycanın
inkişafına, regional inteqrasiyaya,
inkişafa, etimad və tərəfdaşlığa
hansı səviyyədə
müsbət töhfələr
vermişdisə,
TANAP layihəsi də
bundan sonra onilliklər ərzində
Azərbaycanın iqtisadi
və digər maraqlarını eyni dərəcədə təmin
etmək, regionda əməkdaşlığı dərinləşdirmək üçün
çox ciddi bir vasitə olacaqdır.
Ümumilikdə qeyd edə bilərik
ki, mühüm geostrateji məkanda yerləşən ölkəmizin
həyata keçirdiyi
uğurlu xarici siyasət dünya düzümünün müsbət
meyarlar fonunda formalaşmasına özünün
müsbət təsirini
göstərməkdədir.
Azərbaycanın yürütdüyü
siyasət region dövlətlərinin
üst-üstə düşən
və hər kəsin maraqlarının
uzlaşdırılmasını, uğurlu
qarşılıqlı əməkdaşlığın
qurulmasını, bununla
da sülhün, sabitliyin, təhlükəsizliyin
möhkəmlənməsini və regional inkişafın
sürətlənməsini təmin etmişdir. Bu gün beynəlxalq aləmdə nüfuzu durmadan artan Azərbaycan Respublikası
strateji müttəfiqləri
ilə əlaqələrini
genişləndirir, özünün
milli maraqlarını
ön planda tutaraq bölgə dövlətləri ilə
qarşılıqlı əməkdaşlığı
müasir dövrün
tələbləri çərçivəsində
daim inkişaf etdirir, bu zaman
elmi əsaslara söykənən tarazlı
xarici siyasətin həyata keçirilməsinə,
mehriban qonşuluq münasibətlərinin qurulmasına
xüsusi önəm verir. Təcavüzkar Ermənistan isə
Azərbaycan kimi qüdrətli və eyni zamanda etibarlı
bir tərəfdaşdan
və bir çox digər mənfəətlərdən məhrum
qalıb. Və torpaqlarımızı
işğaldan azad etməyənədək bu
vəziyyətdə yaşamağa
məhkum ediləcək.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2013.- 4 aprel.- S. 1; 2.