Daşkənddə
Heydər Əliyevin anadan olmasının
90 illiyinə həsr edilmiş mərasim keçirilmişdir
Azərbaycanın Özbəkistandakı səfirliyi
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti
ilə birgə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzində (AMM) ulu öndərin
anadan olmasının 90 illiyi
münasibətilə mərasim keçirmişdir.
Tədbirdə
Azərbaycan Milli Məclisinin deputatları, Özbəkistanın
elm, mədəniyyət və incəsənət xadimləri,
diasporumuzun nümayəndələri iştirak etmişlər.
Əvvəlcə
qonaqlar adından ulu öndərin AMM-in qarşısındakı
abidəsi önünə əklil və təzə-tər
çiçəklər qoyulmuşdur. Mərasim
iştirakçıları foyedə ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyəti ilə bağlı
müxtəlif dillərdə çap olunmuş kitablardan ibarət
sərgi ilə tanış olmuşlar.
Tədbiri
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn
Quliyev açmış, ulu öndərin həyatı və
fəaliyyəti haqqında məlumat vermişdir. Səfir
demişdir ki, Heydər Əliyev həm keçmiş SSRİ
dövründə, həm də müstəqil Azərbaycanın
rəhbəri olarkən Özbəkistan ilə əlaqələrin
inkişafına xüsusi diqqət yetirmişdir. Özbəkistanla
əlaqələrimizin bu səviyyəyə qalxmasında ulu
öndər Heydər Əliyev və Özbəkistan Prezidenti
İslam Kərimovun müstəsna xidmətləri
olmuşdur.
H.Quliyev
demişdir ki, ulu öndər 1996-cı ilin sonunda Özbəkistanda
rəsmi səfərdə olarkən Daşkənddə yeni
açılmış Teymurilər Tarixi Dövlət Muzeyinə
də getmiş və xatirə kitabına ürək sözlərini
yazmışdır. Muzeyin direktoru Nazim Xabibullayev ulu öndər
Heydər Əliyevin xatirə kitabına yazdığı mətnin
çərçivəyə salınmış fotosurətini
səfirə təqdim etmişdir.
Milli
Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət
Aslanova “Heydər Əliyev və insan hüquqları”
mövzusunda məruzə etmişdir. Bu mövzuda geniş
söhbət açan deputat demişdir ki, insanlar arasında
dostluq liderlər arasında dostluqdan başlanır. O, qeyd etmişdir
ki, dövlətlərimizin liderlərinin
başladığı bu dostluq əlaqələri bu gün
Azərbaycan və Özbəkistanın dövlət
başçıları İlham Əliyev və İslam Kərimov
tərəfindən uğurla davam etdirilir. R.Aslanova demişdir
ki, Azərbaycan bu gün nə əldə etmişdirsə,
bu, Heydər Əliyev siyasətinin nəticəsidir.
Milli
Məclisin deputatı Qənirə Paşayeva “Heydər Əliyev,
Azərbaycanın xarici siyasəti və diaspor” mövzusunda məruzə
etmişdir. Q.Paşayeva demişdir ki, ulu öndərin
düşüncə və fikirləri təkcə Azərbaycanla
məhdudlaşmırdı. Xarici ölkələrdə
yaşayan soydaşlarımız və türkdilli dövlətlər
daim onun diqqət mərkəzində idi. Heydər Əliyev
Özbəkistanda özünü Vətənindəki kimi
hiss edirdi və bunu dilə gətirirdi. Ulu öndər
hansı ölkəyə gedirdisə, orada yaşayan
diasporumuzun üzvləri ilə görüşür,
qayğı və problemləri ilə maraqlanırdı. Mən
jurnalist kimi Heydər Əliyevi xarici səfərlərdə
müşayiət edənlər arasında olmuşam və
bütün bunları öz gözlərimlə
görmüşəm. Ulu öndər
soydaşlarımızla görüşlərində həmişə
deyərdi ki, yaşadığınız ölkənin dilini
yaxşı bilməlisiniz, bununla bərabər Azərbaycan
dilini də unutmamalısınız, bu sizin ana dilinizdir.
Ümummilli lider belə görüşlərdə azərbaycanlıları
birliyə çağırırdı.
Milli
Məclisin deputatı Aydın Abbasov Azərbaycan ilə
Özbəkistan arasında əlaqələrin tarixindən
danışmış, ölkələrimiz arasında əməkdaşlığın
yüksək səviyyədə olduğunu qeyd etmişdir.
Azərbaycan
Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə
“Heydər Əliyev, elm və dövlətçilik”, həmin
institutun şöbə müdiri, fəlsəfə elmləri
doktoru Rəna Mirzəzadə “Heydər Əliyev, vətəndaş
cəmiyyəti və gender siyasəti”, professor Habil Qurbanov
“Heydər Əliyev və qanunvericilik”, Özbəkistan-Azərbaycan
Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin
Nuriddinov “Özbəkistan və
Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın
möhkəmlənməsində ölkə rəhbərlərinin
rolu”, səfirliyin hərbi attaşesi Elbrus Orucov “Heydər Əliyev
və Azərbaycan Ordusu” mövzularında məruzələr
etmişlər.
Daşkənddə
yaşayan tanınmış soydaşımız, Azərbaycanın
və Özbəkistanın xalq artisti Firudin Səfərov
demişdir ki, Heydər Əliyev bütün digər sahələr
kimi ədəbiyyat və mədəniyyəti də
yaxşı bilirdi, mədəniyyət xadimləri ilə
dostluq edirdi. Xalqımızın tanınmış şəxsiyyətləri
- SSRİ xalq artistləri Niyazi, Fikrət Əmirov, Qara Qarayev,
Arif Məlikov və başqaları ilə dostluq edir, daim
onların konsertlərinə gedirdi.
Mərasim
böyük konsert proqramı ilə başa
çatmışdır.
Qulu KƏNGƏRLİ
Xalq qəzeti.- 2013.- 4 aprel.- S. 2.