AZƏRBAYCAN dünya parlamentində
Parlamentlərarası İttifaqın 128-ci
Assambleyası 21-27 mart 2013-cü il tarixlərində Ekvadorun
paytaxtı Kito şəhərində keçirildi. Azərbaycan
Respublikası Milli Məclisinin vitse-spikeri Valeh Ələsgərovun
rəhbərliyi ilə Milli Məclis
üzvlərindən ibarət nümayəndə heyəti
Parlamentlərarası İttifaqın Assambleyasında ölkəmizi
uğurla təmsil etdilər.
1889-cu
ildən mövcud olan Parlamentlərarası
İttifaq dünya ölkələri parlamentlərinin beynəlxalq
təşkilatı olub, dünya miqyasında təmsilçilik
demokratiyasının inkişafına və xalqlar arasında
sülhün və əməkdaşlığın əldə
olunması məqsədi ilə ümumdünya parlament
dialoqunun həyata keçirilməsinə xidmət edən bir
qurumdur.
1889-cu
ildə Böyük Britaniya
parlamentinin üzvü Uilyam Randal Krimer və Fransa
parlamentinin üzvü Frederik Passinin təşəbbüsü
ilə yaranmış bu qurum sonralar dah çox ölkələrin
parlament üzvlərinin maraq göstərdiyi və həvəslə
qoşulduğu çoxtərəfli ciddi bir siyasi dialoq forumuna çevrildi. Sonrakı
onilliklərdə məhz bu qurumun təşəbbüsü əsasında
hökümətlərarası səviyyədə müvafiq
qurumun yaranması ideyası ortaya çıxdı ki, bu da 24
oktyabr 1945-ci ildə BMT-nin təsis olunmasına gətirib
çıxardı. İttifaqın fəaliyyəti əsasən
üzv dövlətlərin hesabına maliyyələşdirilir
və mənzil-qərargahı İsveçrənin Cenevrə
şəhərində yerləşir.
Qurum
öz fəaliyyəti ilə bütün ölkələrin
parlamentləri və parlament üzvləri arasında əlaqələrin
möhkəmləndirilməsinə, onlar arasında təcrübə
mübadiləsinin və koordinasiya işlərinin həyata
keçirilməsinə şərait yaradan demokratik bir dialoq
meydanıdır. 162 ölkənin parlamentləri və 10 beynəlxalq
təşkilat bu qurumun üzvüdür və hər bir
üzv Parlamentlərarası
İttifaqın Assambleyalarında 6-10 nəfərlik nümayəndə
heyəti ilə təmsil olunmaq imkanına malikdir. Parlamentlərarası İttifaq beynəlxalq
ictimaiyyətdə maraq doğuran və ya onu narahat edən məsələləri
müzakirə edir, müzakirə olunan məsələlər
üzrə üzv ölkələrin ümumi rəyini ortaya
çıxarır və qəbul olunmuş qərarlara
uyğun olaraq bütün
ölkələrin parlamentlərinə müvafiq tədbirlərin
görülməsini tövsiyə edir. Bu beynəlxalq təşkilat
həmçinin ümumdünya inkişafının və
parlament demokratiyasının əsas amili kimi insan
haqlarının qorunmasını özünün əsas qayəsi
hesab edir, bütün ölkələrdə təmsilçilik
institutlarının fəaliyyəti haqqında məlumatları
toplayaraq ümumiləşdirir və onların fəaliyyətinin
daha da inkişaf etdirilməsi
üçün müvafiq strategiyalar hazırlayır.
Parlamentlərarası İttifaq
öz fəaliyyətini BMT ilə sıx əməkdaşlıq
şəklində qurmaqla faktiki olaraq dünya ölkələrinin
dövlətlər səviyyəsində təmsil olunduğu
Birləşmiş Millətlər Təşkilatına paralel
olaraq həmin ölkələri milli parlamentlər səviyyəsində
təmsil edən qlobal bir təşkilatdır. Bu baxımdan
onu Dünya Parlamenti də adlandırmaq olar. Öz struktur
quruluşu və fəaliyyət miqyasına görə
ümumdünya birliyini təmsil edən Parlamentlərarası
İttifaq eyni zamanda dünyanın müxtəlif
regionlarını əhatə edən regional parlamentlərarası təşkilatlarla,
beynəlxalq hökümətlərarası təşkilatlarla
və məqsəd və məramları bu təşkilatın fəaliyyətinə
uyğun olan beynəlxalq qeyri-hökümət təşkilatları
ilə yaxından əməkdaşlıq edir.
Dünyanın
bütün siyasi sistemlərini
və aparıcı siyasi cərəyanlarını təmsil edən Parlamentlərarası İttifaq bütün ölkələrin
qanunverici orqanlarının təmsilçiləri arasında
dialoqun və diplomatik parlament fəaliyyətinin
gerçəkləşdirilməsi, dünyada mövcud olan
bütün siyasi tendensiyaların müşahidə və
analiz edilməsi üçün unikal bir platformadır. Azərbaycan
da öz müstəqil siyasətini bəyan və şərh
etmək üçün, ümumdünya inkişafına
öz baxışlarını və dünyada baş verən
hadisələrə öz müstəqil münasibətini
bildirmək üçün digər beynəlxalq forumlarda
olduğu kimi bu platformadan da məharətlə istifadə
edir. İttifaqa üzv olduğu son bir neçə il ərzində
ölkəmiz qurumun fəal və proqressiv baxışlı
üzvü kimi nüfuz qazanmış və Azərbaycan həqiqətlərini
bu yüksək tribunadan dünya birliyinə çatdıra
bilmişdir. 128-ci Assambleyanın gedişində də
nümayəndə heyətimiz kifayət qədər əzmkarlıq
nümayiş etdirdi. Nümayəndə heyətinin rəhbəri,
Milli Məclisin sədr müavini Valeh Ələsgərov
Assambleyanın Plenar İclasında çıxış edərək
ölkəmizdə baş verən yüksək iqtisadi
inkişaf haqqında, dövlətimizin regionda və
dünyada sülh yaradılması istiqamətində
apardığı fəaliyyət barəsində ətraflı
məlumat verdi. Nümayəndə
heyətinin üzvləri Səməd Seyidov, Fuad Muradov, Sahibə
Qafarova müxtəlif komitələrin iclaslarında
cıxış edərək regionda və dünyada baş
verən hadisələrə Azərbaycan dövlətinin və
parlamentinin münasibətini bildirdilər. Nümayəndə
heyətimiz Parlamentlərarası İttifaqı prezidenti və
baş katibi ilə, eləcə də bir sıra ölkələr
nümayəndə heyətləri ilə ikitərəfli
görüşlər keçirərək səmərəli
müzakirələr apardılar.Nümayəndə heyətinin
fəaliyyəti Azərbaycanın bir daha dünyada sülhə,
davamlı inkişafa və insan haqlarının müdafiəsinə
sadiq bir ölkə kimi tanıdılmasında növbəti
uğurlu addım oldu. Məhz bunun nəticəsidir ki, Kito
şəhərində keçirilən 128-ci Assambleyada
nümayəndə heyətimizin təklifi əsasında belə bir mötəbər qurumun
130-cu Assambleyasının 2014-cü ilin aprel ayında Azərbaycanda
keçirilməsi haqqında qərar qəbul olundu. Bu qərarın
qəbul olunması müstəqillik dövründə
dövlətimiz tərəfindən aparılan daxili və
xarici siyasətin beynəlxalq siyasi arenada müsbət
qarşılandığını və yüksək dəyərləndirildiyini
təsdiq edən bir göstəricidir. Eyni zamanda bu qərarın
dünya ölkələrinin parlamentlərini və onların
iradəsini təmsil edən Assambleya tərəfindən
yekdilliklə qəbul edilməsini Azərbaycan dövlətinin
artan nüfuzunun beynəlxalq
miqyasda təsdiqi kimi dəyərləndirmək olar. Növbəti
dəfə dünya ölkələri Azərbaycana etimad
göstərərək 162 ölkənin parlament üzvlərini
bir araya gətirəcək möhtəşəm bir beynəlxalq
siyasi tədbirin Bakıda keçirilməsinə səs verdilər.
Bu Azərbaycanın Dünya Parlamentindəki uğuru oldu.
2014-cü il isə Dünya Parlamentinin Azərbaycanda əldə edəcəyi
uğurlarla dünyanın tarixinə yazılacaq.
Dünyanın bütün
parlamentarilərinə və bütün sülhpərvər
qurumlarına uğurlar arzusu ilə,
Cavanşir FEYZİYEV,
Milli Məclisin üzvü,
fəlsəfə doktoru
Xalq qəzeti.- 2013.- 4 aprel.- S. 3.