Badamdarda anım mərasimi

 

Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə şəhid Tofiq Məmmədovun xatirəsinə həsr olunmuş anım mərasimi olmuşdur.

Məktəblilər, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları Səbail Rayon İcra Hakimiyyətinin Tofiq Məmmədovun adını daşıyan küçədə, vaxtilə onun yaşadığı binanın fasadına vurulmuş və ətrafı abadlaşdırılmış yeni barelyefin önünə tər çiçəklər düzmüş, xatirəsini yad etmişlər.

Tofiq Məmmədovun xatirəsinə həsr olunan ədəbi-bədii tədbirdə 239 saylı orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova şəhidin təhsil illərindən danışmışdır.

Şagirdəlrin ifasında Azərbaycana, şəhidlərimizə həsr olunmuş şeirlər səslənmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Şəhidin döyüş dostları, yaxınları çıxış edərək Tofiq Məmmədov haqqında öz xatirələrini danışmışlar. Qeyd olunmuşdur ki, Tofiq  1991-ci ilin dekabr ayında bir qrup vətənpərvər gənclə Şəhidlər Xiyabanında and içərək Şuşa bölgəsinə göndərilmişdir. Ətraf qəsəbə və kəndlərinin müdafiəsində Tofiq Məmmədov yaxından iştirak etmiş, özünü qorxmaz və bacarıqlı əsgər kimi göstərmişdir. Kərkicahan uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Tofiq Məmmədov Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Oxuduğu məktəb və yaşadığı küçə onun adını daşıyır. Qəsəbədə inşa olunmuş “Badamdar şəhidləri” Xatirə Komplesində onun şəkili vardır. Şəhidin doğum  günü təntənəli şəkildə qeyd olunur.

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Şəhidin anası və ailə üzvləri, döyüş dostları Tofiq Məmmədovun xatirəsinin yad olunmasına görə öz minnətdarlıqlarını bildirmişlər.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2013.- 4 aprel.- S. 4.