Ermənilərin 1905-1906-cı illərdə
Zəngəzur qəzasında törətdikləri
qırğınlar
(əvvəli qəzetin
31 mart 2013-cü il tarixli
sayında)
XX əsrdə ermənilər tərəfindən
azərbaycanlılara qarşı
dəfələrlə kütləvi
qırğınlar, soyqırımlar
və deportasiyalar həyata keçirilmişdir. Erməni silahlı dəstələri ilk dəfə
ötən əsrin əvvəllərində silah
gücünə müəyyən
ərazilərdən azərbaycanlıların
etnik təmizlənməsinə
nail olmuşlar. Xalqımızın başına gətirilən
bütün soyqırımı
faciələrinə 1998-ci ildə hüquqi-siyasi qiymət verilmişdir.
Prezident Kitabxanasının
şöbə müdiri,
AMEA Tarix İnstitutunun
əməkdaşı, Dövlət
Mükafatı laureatı
Nazim Mustafanın xalqımızın başına
gətirilən faciələr
silsiləsinin bir mərhələsi olan
1905-1906-cı illərdə Zəngəzur qəzasında
törədilən qırğınlar
haqqında məqaləsini
oxuculara təqdim edirik.
1906-cı il fevralın 20-də Tiflisdə
Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü
ilə erməni-müsəlman sülh məclisi (qurultayı)
öz işinə başlayır. Həmin məclisdə Zəngəzur
qəzasını aqronom Cəlil bəy Sultanov təmsil
edirdi. Ermənilər milli münaqişənin böyük
miqyas almasının səbəbini
türklərin savadsızlığı və elmsizliyi
ilə izah etməyə çalışsalar da, azərbaycanlı
nümayəndələr iğtişaşların
baiskarlarının erməni siyasi təşkilatları və
onların terrorçu dəstələri olduqlarını faktlarla
sübut edirlər. Erməni nümayəndələri təklif
edirlər ki, elatların köçü qadağan edilsin.
Bununla da ermənilər azərbaycanlıları ərzaq məhsullarından
məhrum etmək istəyirdilər. Ermənilərin bu niyyəti
də baş tutmur. Qafqaz Canişinliyinin ciddi tədbirlərə
əl atmaq niyyətində olmadığını yəqin edən
ermənilər sülh məclisi başa çatdıqdan az
bir müddət sonra yenidən qətl və qarətlərini
davam etdirmişdilər.
6 mart 1906-cı ildə
“Daşnaksütyun” partiyasının Qafan komitəsi Oxçu
dərəsinin nüfuzlu ağsaqqalları, erməni
silahlı dəstələrinin hücumlarına qarşı əhalinin
səfərbər edilməsində mühüm rol oynayan
Hacı bəy və Molla Hacıya qarşı terror
aksiyası keçirmək haqqında qərar qəbul
etmişdi. (ARTA, f.62, siy.1, iş.41, v.69). Həmin qərar bir
müddət sonra icra edilərək onların hər ikisi qətlə
yetirilmişdi.
Zəngəzur qəzasının
4-cü sahəsinin pristav əvəzi Məlik Abbasovun qəza
rəisinə 1906-cı il martın sonlarında göndərdiyi
məxfi raportunda qeyd edilirdi ki, Zəngilan rayonundan Qatar
zavodlarına, Şıxavuzdan həmin zavodlaradək yollar
tamamilə bağlanmışdır. Ermənilərin məskun
olduqları ərazilərin yolları üzərində
qanunsuz erməni silahlı dəstələrinin, azərbaycanlı
icmalarının məskun olduqları rayonların yolları
üzərində isə İrandan qaçaq yolla gələn
quldurların dərəbəylik etdikləri raportda öz əksini
tapmışdı. Məlik Abbasov qəza rəisindən erməni
quldurlarının cəmləşdiyi Şıxavuz və
Qaragöl kəndlərindən hər hansı birinə 100
kazak əsgərinin göndərilməsinin bölgədə
quldurluğun qarşısının alınmasına
yardımçı olacağını vurğulayır. Məlik
Abbasov 4-cü sahədə sülh və sakitliyin bərqərar
olmasında meğrili keşiş Ter-Vahanın, lehvazlı Kərbəlayi
Mehdi Hacı Allahverdi oğlunun, oğlanları ilə birgə
vağrivarlı David Axpercanovun, əldərəli Həsənqulu
bəy Sərməstbəyovun xidmətlərinin olduğunu
yazırdı. (ARTA, f.62, siy.1, iş.41, v.62)
Zəngəzur qəza rəisinin
tapşırığı ilə yerlərdə
barışıq komissiyaları yaradılmışdı.
Lakin həmin komissiyaların fəaliyyəti
“Daşnaksütyun” partiyasının məramına zidd idi.
Ona görə də komissiya üzvlərinə qarşı
terror aksiyaları həyata keçirirdilər. Yelizavetpol
qubernatoru A.Kalaçovun 24 aprel 1906-cı ildə Qafqazın
canişininə göndərdiyi raportda “Daşnaksütyun”
partiyasının Bığ kəndindəki muzdlu qatili Peto
adlı erməninin üç naməlum ermənilərlə
birlikdə barışıq komissiyasının üzvləri
Hacı bəy Məlik Şəfiyevin və Molla Hacı Mir Əbdüləzim
oğlunu qətlə yetirdikdən sonra həmin kənddə
gizləndikləri qeyd edilmişdi. (ARTA, f.62, siy1, iş.41,
v.70).
1906-cı il iyulun 5-də köç
yolunun üstündə yerləşən Qalaçıq erməni
kəndinin silahlı dəstəsi ilə Şahsevən və
Qarafındıqlı elatları arasında toqquşma baş
verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər
itki verir. Bundan sonra erməni silahlı dəstələri
türklər yaşayan Pul, Ərikli, Şükar və Məliklər
kəndlərinə hücum edərək onları viran
qoymuş, əhalisini qaçqın düşməyə məcbur
etmişdilər. 150 türk ailəsi didərgin vəziyyətdə,
açıq səma altında yaşamağa məcbur
qalmışdı. (A-do, s. 288).
Rəsmi hakimiyyət təmsilçiləri
erməni-müsəlman davasında ya ermənilərin tərəfini
saxlayır, ya da bütün qanunsuzluqlara göz yumurdular. Gorus
sahəsinin müsəlmanları 25 iyul 1906-cı ildə
Qafqaz canişininə teleqram göndərərək Zəngəzur
qəzasının rəisi Mitkeviçin öz vəzifəsinin
öhdəsindən gəlməməsindən şikayətlənirdilər.
Teleqramda bildirilirdi ki, iyulun 9-da Gorusun müasir silahlarla
silahlanmış komitəçiləri (erməni
terrorçu partiyaları nəzərdə tutulurdu) Eyvazlar və
Davutlu kəndlərinin köçərilərinə qəfildən
hücum etmiş, çobanı yaralamışlar. Müsəlmanlar
qorxu içərisində qaçaraq Ağudi və Vağudi
kəndlərinə sığınmışlar. Ermənilər
eyvazlıların 900, davutluların isə 600 qoyununu və 300
iribaşlı heyvanını aparmışlar. Köçərilər
arana təhlükəsiz enmək üçün qəza rəisi
Mitkeviçə müraciət etmişlər. Mitkeviç
onları əmin etmişdir ki, yolların təhlükəsizliyi
təmin ediləcək və təqsirkarlar cəzalandırılacaq.
Qəza rəisinə inanan köçərilər yola
çıxmış, lakin yenidən ermənilərin
hücumuna məruz qalmışlar. Pusquda duran ermənilər
iki tərəfdən hücum edərək bu dəfə
eyvazlıların 50 baş iribuynuzlu heyvanını və 15
xurcununu aparmışlar. Qəza rəisinin heç bir tədbir
görmək istəmədiyini görən köçərilər
Qafqaz canişinindən onlara vurulan ziyanın ödənməsini
və yeni qəza rəisinin təyin edilməsini xahiş
etmişdilər. (“Kaspi”, 11 avqust 1906).
“Kaspi” qəzeti 12 sentyabr 1906-cı ildə
erməni qəzeti “Nor-Xosk” (“Yeni söz”) qəzetinə istinadən
xəbər verirdi ki, Ordubada Zəngəzurdan təqribən
min nəfər var-dövlətini itirən müsəlman
qaçqınları gəlib. Qəzet həmin
çılpaq və ac-yalavac qaçqınların dəhşətli
görkəmləri olduğunu, onların vəziyyətlərinin
düzəldilməsi üçün heç bir tədbir
görülmədiyini yazırdı.
“Kavkaz” qəzetinin Gorusdan verdiyi xəbərə
istinadən “Kaspi” qəzeti həmin tarixli nömrəsində
yazırdı ki, avqustun son günlərində Ucanis, Akarak və
digər erməni kəndlərinin silahlıları
Sultanlıq, Əhməd bəy Qışlağı, Qurban Qışlağı,
Atqız, Fərəcan, Xatın bağı, Saldaş və
Göyyal kəndlərinə hücum edərək 15 qadın
və kişini öldürmüş, bütün tikililəri
yandırmış, 20 oğlan uşağını əsir
aparmışlar. Daha sonra qəzet Zəngəzur qəzasının
3-cü polis sahəsinin “tatar” kəndlərindən
Çullu, Danzaver (Armudlu), Ağvanlı, Yeməzli, Saralı,
Xaşdan, Firudin bəy Qışlaqlı kəndləri, 5-ci
sahədən isə İncəvar, Karxana, Xələc kəndləri
tamamilə dağıdılmış və viran
qoyulmuşdur. Xüsusən Karxana kəndinin bütün
sakinlərini doğramışlar. Bunlardan əlavə, qəzet
Qatar, Oxçu, Sabadin və Atqız kəndlərinin ciddi zərər
gördüklərini yazırdı (“Kaspi”, 12 sentyabr 1906).
“Kaspi” qəzeti “Kavkaz” qəzetinə
istinadən 22 sentyabr 1906-cı ildə yazırdı ki,
sentyabrın 4-də Tatev və digər erməni kəndlərinin
silahlıları Ağvanlı və Danzaver (Armudlu) kəndlərinə
hücum etmişlər. Sonuncu kəndin bütün əmlakları
və tikililəri yandırılmış, üc nəfəri
qətlə yetirmiş, 4 nəfəri yaralamış və
bir nəfəri əsir götürmüşlər.
Erməni silahlı dəstələri
boşaltdıqları azərbaycanlı kəndlərində
erməniləri məskunlaşdırırdılar ki, bir daha
geri qayıtmaları mümkün olmasın. “Kaspi” qəzeti
11 oktyabr 1906-cı il tarixli sayında yazırdı ki, Zəngəzur
qəzasının Harar kəndindən 30 erməni ailəsi
özbaşına olaraq Cavanşir qəzasının Umudlu kəndində
məskunlaşıblar. Təqribən 100 ailədən ibarət
həmin kəndin digər sakinlərinin isə Şuşa qəzasının
Xankəndi kəndi ətrafındakı “tatarlara” məxsus ərazidə
məskunlaşmaq üçün yola
çıxdıqları qeyd olunmuşdur.
M.S.Ordubadi “Qanlı illər”də
1906-cı ildə Zəngəzur qəzasının 5-ci sahəsində
ermənilərin törətdikləri qırğınlar
haqqında müfəssəl məlumat verdiyi
üçün həmin hadisələrin qısa
xronologiyasını oxucuların nəzərinə
çatdırırıq. M.S.Ordubadi yazır ki, 1906-cı ilin
yayında ermənilər Şuşa qəzasında məğlub
olduqdan və öz niyyətlərinə çata bilmədikdən
sonra əsas güclərini Zəngəzurun 5-ci sahəsinə
yönəltmişdilər. Bu sahədə mis mədənləri
və Oxçu dərəsindəki böyük və
coğrafi mövqeyinə görə strateji əhəmiyyətli
azərbaycanlı kəndləri yerləşirdi. M.S.Ordubadi
Oxçu, Şəbədək, Pirdavudan və Atqız kəndlərinin
müsəlmanlarının ən cəsur və sücaətli
adamlar olduqlarını, erməniləri dəhşətə
saldıqlarını qeyd edir. Ermənilərin Qafan (Qapan) dərəsində
topladıqları silahlı qüvvələri kifayət etmədiyindən
İrəvandan, Gümrüdən, Abarandan, Sörəyeldən
əlavə qüvvələr çağrılmışdı.
Şuşada məğlub edilən erməni silahlıları
iyulun sonlarında mis mədənləri yerləşən
Qatar tərəfə göndərilmişdi. Müasir
silahlarla və toplarla təmin edilən ermənilər avqustun
9-da Oxçu-Şəbədək kəndlərinə
hücum edirlər. Köhnə silahlarla silahlanan azərbaycanlılar
4 gün ermənilərə müqavimət göstərmiş,
onları mövqelərindən çıxararaq Kecalan erməni
kəndinə qovmuş və nəhayət, erməniləri məğlub
etmişlər. Erməni komandirləri Qatardakı ehtiyat hissələrini
və ətraf erməni kəndlərindəki
silahlıları da cəlb edərək avqustun 14-də
Oxçu-Şəbədək kəndlərini işğal
edirlər. Silah-sursatı tükənən azərbaycanlılar
Saqqarsu dağına çəkilirlər. Kəndi tərk edə
bilməyənlərin hamısını ermənilər qətlə
yetirib bir-birlərinin üstünə
qalaqlamışdılar. Tək-tək sağ qalanlar
çıl-çılpaq Ordubada və Cəbrayıl qəzasının
kəndlərinə pənah aparmışdılar. Bu qanlı
cinayətin təsvirindən aydın olur ki, XX əsrin
sonlarında Xocalıda törədilən
soyqırımının analoqu həmin əsrin əvvəllərində
Saqqarsuda törədilmişdi.
Ordubaddan Yelizavetpol qubernatoruna
vurulan yüzlərlə
teleqramdan sonra general-qubernator Ordubada bir rota draqun
süvarisi göndərir. 800 nəfərə yaxın ordubadlı könüllülərin də
köməyi ilə sentyabrın 16-17-də Oxçu-Şəbədək
kəndləri ermənilərin
işğalından azad
edilir. Sağ qalan əhalinin yenidən öz kəndlərinə qaytarılması
prosesi başlanır.
Ordubad tərəfdən
gələn silahlı
dəstələrdən ağır
zərbə alan
ermənilər qırğınlara
ara verməyə məcbur olmuşdular.
Azərbaycanlıların təşkilatlanması, “Difai” partiyasının ermənilərin terroruna terrorla cavab verməsi də onların silahlı qarşıdurmadan əl çəkmələrinə səbəb
olmuşdu. Lakin qırğınlara
son qoyulanadək yüzlərlə
kəndi ermənilər
viran qoymuşdular.
Ümumiyyətlə, M.S.Ordubadinin verdiyi məlumata görə, ermənilər təkcə
həmin ilin avqust ayında Zəngəzurun Xələc,
Karxana, Qatar, İncəvar,
Çöllü, Yeməzli,
Saldaşlı, Mollalar,
Batuman, Oxçu, Şəbədək, Atqız,
Pürdavud, Zurul, Guman, İyilli, Sənalı, Minənəvur,
Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq,
Lov, Daşnov kəndlərini viran qoymuş, əhalisini qətlə yetirmişdilər.
Erməni müəllifi S. Zavaryanın
verdiyi məlumata görə isə
1905-1906-cı illərdə Zəngəzur qəzasında
43 müsəlman, 14 erməni
kəndi dağıdılmışdır. Ümumiyyətlə isə, 1905-1906-cı illər erməni müsəlman iğtişaşları
nəticəsində İrəvan
və Yelizavetpol (Gəncə) quberniyaları
ərazisində 200-dən artıq
azərbaycanlı yaşayış
məntəqəsi viran
edilmiş, əhalisi soyqırımına məruz
qoyulmuşdur.
Digər erməni
müəllifi A-do dağıntılara
məruz qoyulan 43 azərbaycanlı kəndinin
adlarını aşağıdakı
kimi təsbit etmişdir: Bayandur, Hələk, Binəyeri, Kosalar, Malıbəyli, Cağazur, Çaylı, Kalavalax, Novruzlu, Cecimli, Hacılar, Bağırbəyli, Qarahunc,
Unanav, Kürdlər, Ağvani, Danzaver (Armudlu), Sisyan, Ağudi, Dərabas, Pul, Ərikli, Şükar, Məliklər,
Yeməzli, Xəştap,
Almalı, Karxana,
Qatar, Cibili, Xələc,
Keçi-Şabadin, İncəvar,
Çullu, Oxçu, Atqız, Pirdavudan, Əclıli, Buğaçıq,
Kollu-Qışlaq, Mtnadzor,
Sanalı.
Ümumiyyətlə, 1905-1906-cı illər qırğınları zamanı
252 kənd və 7 şəhər dağıdılmış
və böyük itkilərə məruz qoyulmuşdur. Hesablamalarımıza görə, həmin kənd və şəhərlərin təqribən
200-ü azərbaycanlı yaşayış
məntəqələrnin payına
düşür. Həmin
illərdə ermənilərin
yeni ərazilər əldə etmək niyyətlərini silahlı
müdaxilə yolu ilə həyata keçirmək üzündən
Qafqazın 12 qəzasında
1,3 milyon nəfər bir-birinə düşmən kəsilərək
iki cəbhəyə bölünmüşdü. 15 mindən
artıq ailə (təqribən 100 min nəfər)
ev-eşiyindən didərgin
düşmüşdür. İnsan tələfatı 10 min nəfərdən
artıq olmuşdur.
Dağıntılara məruz qoyulan
azərbaycanlı yaşayış
məntəqələrinin bir qismi həmin
vaxtdan etibarən xarabalığa çevrilmişdir.
Ermənilərin 1905-1906-cı illərdə törətdikləri qırğınların
miqyasını daha dəqiqliklə ifadə etmək üçün Qafqaz canişinliyinin həmin dövrə aid arxiv sənədlərini də tədqiqata cəlb etməklə ciddi araşdırmaya ehtiyac vardır.
Xalq qəzeti.-
2013.- 4 aprel.- S. 5.