Azərbaycanlıların
Soyqırımı Günü Avstraliyada qeyd olunmuşdur
31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü
Avstraliyanın Sidney şəhərində
Azərbaycan və türk icması tərəfindən
anılmışdır.
Martın
29-da Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti
İmaməddin Qasımovun təşkilatçılığı
ilə Avstraliyada fəaliyyət göstərən ən
böyük məscid olan Gelibolu Camisində 3000-dək
insanın iştirak etdiyi cümə namazından öncə
1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında erməni
silahlı dəstələrinin Azərbaycanın müxtəlif
bölgələrində azərbaycanlılara qarşı
törətdikləri soyqırımı barədə məlumat
verilmiş, broşürlər paylanmışdır.
İştirakçılara
bildirilmişdir ki, 1918-ci ilin mart-aprel ayları ərzində
Stepan Şaumyanın rəhbərlik etdiyi erməni silahlı
dəstələri tərəfindən 50 mindən çox azərbaycanlı
qətlə yetirilmiş, xeyli sayda kənd və qəsəbə
yerlə yeksan edilmişdir.
Məscid
axundunun müraciəti ilə erməni vəhşiliyinin
qurbanlarının ruhuna “Yasin” oxunub, dualar edilmişdir.
Eyni zamanda, Sidney şəhərində fəaliyyət göstərən “Azərbaycanın səsi” (Voice of Azerbaijan) radiosu soyqırımı ilə əlaqədar xüsusi veriliş hazırlamışdır. Veriliş aprelin 1-də yerli vaxtla saat 22.00-da radio proqramının rəhbəri Gülzar Qasımovanın təqdimatında yayımlanmışdır. Proqramda 31 Mart soyqırımı və azərbaycanlılara qarşı törədilmiş digər erməni vəhşilikləri barədə məlumat verilmişdir.
Samirə ƏLİYEVA
Xalq qəzeti.- 2013.- 4 aprel.- S. 6.