Davos Dünya İqtisadi Forumu Bakıda:
yeni imkanlar və
perspektivlər
Bu il aprelin 7-8-də Davos İqtisadi Forumunun növbəti forumu Azərbaycanda keçiriləcək.Bu isə Azərbaycanın qlobal biznes ölkəsi kimi tanınması ilə bağlı mühüm hadisədir. Növbəti Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiyada əməkdaşlıq və inteqrasiyanın inkişafına kömək edəcək amillərdən hesab edilir. Bu forumun Bakıda keçirilməsi birmənalı şəkildə Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu. İlk dəfədir ki, Davos Forumu Qafqaz və Mərkəzi Asiyada keçirilir. Region ölkələri arasından Azərbaycanın seçilməsi isə məhz ölkəmizin əhəmiyyətini göstərən əsas faktorlardandır.
Davos İqtisadi Forumu – dünyanın aparıcı tədbiri
Dünya İqtisadi
Forumu 1971-ci ildə alman
əsilli, Cenevrə Universitetinin iqtisadiyyat fənni üzrə professoru
olan Klaus Şvab tərəfindən “İqtisadi
İdarəetmə Forumu” adı ilə
yaradılmışdır. Forum fəaliyyətinin
ilkin dövrlərində Avropa
iqtisadi modelini dünyaya, xüsusilə Amerika
biznes cəmiyyətinə təqdim etməyə
mühüm önəm vermiş,
bu istiqamətdə iri,
strateji və qlobal
miqyaslı tədbirlər həyata keçirmişdir.
Bu tədbirlər
uğurlu alındığından “İqtisadi İdarəetmə Forumu”
1987-ci ildə öz adını dəyişdirərək
“Dünya İqtisadi Forumu” adı ilə əvəzlənmişdir.
1973-cü ildə cərəyan edən hadisələr forumun fəaliyyətində əsaslı və
gələcək planlara təsir edəcək
dönüşə səbəb oldu.
Belə ki, həmin dövrdə
Bretton-Vuds (Bretton-Woods)
maliyyə sisteminin iflasa
uğraması və ərəb-İsrail müharibəsi forumun istiqamətini dəyişdi, iqtisadi idarəetmə məsələlərindən
əvvəlcə iqtisadi, daha
sonra isə siyasi məsələlərə
üstünlük verildi.
1988-ci
ildə forum vasitəsilə uzun müddət həlli yolunu
tapmayan Türkiyə-Yunanıstan arasında münasibətlərin
yaxşılaşması, razılıqların əldə
olunması və XX əsrin ortalarından etibarən Qəzza
sektorunda baş verən gərginliyin müvəqqəti də
olsa, aradan qaldırılması Dünya İqtisadi Forumunun
beynəlxalq müstəvidə nüfuzunu yüksəltdi,
siyasi və iqtisadi imicini daha da möhkəmləndirdi.
Azərbaycan Davos İqtisadi Forumuna
töhfə verən ölkə kimi
Azərbaycan
1995-ci ildən bəri Dünya İqtisadi Forumunun daimi
iştirakçısıdır. Həmin il keçirilən
forumda Azərbaycana həsr olunan görüş təşkil
olunmuş, burada ümummilli lider Heydər Əliyev ölkəmizin
zəngin neft-qaz resursları və xarici investisiya
üçün potensial şəraitin olması barədə
dünya ictimaiyyətinə məlumat vermişdir. Etiraf edək
ki, müstəqilliyimizin ilk illərində respublikamıza
xarici investisiyaların cəlb olunması zəruri və
prioritet məsələlərdən idi...
Davos
İqtisadi Forumunun 2000-ci il görüşündə Azərbaycan
artıq dünya miqyasında nüfuz qazanmış, “Əsrin
müqaviləsi”nə imza atmış bir dövlət kimi
iştirak edirdi. Həmin forumda müzakirə olunan məsələlərdə
(İpək Yolu, Qafqazın perspektivləri) Azərbaycanın
mövqeyinin nəzərə alınması ölkəmizin nəinki
regionda, həmçinin dünyada artıq söz sahibi kimi
tanınmasından xəbər verirdi.
Forumun
illik tədbirlərinin birində, 2001-ci ilin 11 sentyabr hadisələrindən
sonra beynəlxalq terrorçuluqda nəzarətsiz qalan
torpaqların rolunun müzakirəsi Azərbaycan
üçün əhəmiyyətli oldu. Bu müzakirədən
sonra dünya ictimaiyyətinin diqqəti respublikamızın
sözügedən probleminə bir daha yönəldildi. Əvvəllər
Davos Forumuna qatılmaqla əsasən öz
iqtisadiyyatını inkişaf etdirmək, investorlar cəlb etmək
üçün görüşlər keçirən Azərbaycan,
sonradan artıq ölkəmizin investisiya imkanlarını
dünyanın diqqətinə çatdırırdı.
Davos Forumu Bakıda: yeni imkanlar
Dünya
İqtisadi Forumunun növbəti regional toplantısının
Azərbaycanda keçirilməsi ölkəmizin həm beynəlxalq
etibarının artmasından, həm də dünyanın
enerji təhlükəsizliyində oynadığı roldan xəbər
verir. Eyni zamanda, forumun son regional toplantılarının
keçirildiyi dövlətlərin siyahısına diqqət
etsək, məsələn, Çin, Hindistan, Birləşmiş
Ərəb Əmirlikləri və s. görərik ki, bu
ölkələr seçilərkən diqqət edilən əsas
məqamlar iqtisadi artımı şərtləndirəcək
daxili tələbatın olması və bu dinamikanı şərtləndirəcək
vəsaitin çoxluğudur.
Hazırda
Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişaf etdirilməsi
məqsədilə ciddi strategiya formalaşdırır. Müəyyən
edilmiş hədəflər isə kifayət qədər
ciddidir. Bir sözlə, forum dünyanın iqtisadi və siyasi
çevrələrinin diqqətini bu boşluğa və
imkanlara yönəldəcək. Eyni zamanda, bu forum Azərbaycana
ölkənin investisiya mühitini, yeni biznes layihələrinə
olan şəraiti və son zamanlarda ölkənin iqtisadi və
siyasi həyatında baş verən irəliləyişləri
təqdimetmə imkanı yaradacaq.
Forumda
dünyanın aparıcı şirkətlərinin iştirak
etməsi yeni və daha iri həcmli investisiyaların cəlb
edilməsinə, ölkə iqtisadiyyatının daha da
canlandırılmasına, yeni iş yerlərinin
açılmasına, potensial istehsal imkanlarından səmərəli
yararlanmasına, dəyişən dünyanın son iqtisadi
inkişaf çağırışlarına cavab verə bilən
biznes mühitinin formalaşmasına ciddi imkanlar yaradır. Digər
tərəfdən, bu forumun ölkəmiz üçün
başqa üstünlüyü ölkəmizin qeyri-neft
sektorunda investisiya imkanlarının təqdim edilməsinə
yaranacaq şəraitdir. Bir sözlə, Davos İqtisadi Forumu
Azərbaycan iqtisadiyyatına böyük həcmdə vəsaitlərin
daxil olmasına vasitə ola bilər.
Bununla
yanaşı, forumun Azərbaycan üçün önəmi
sadəcə xarici investisiyanın cəlbi deyil, həmçinin
ölkəmizin Avropaya həm iqtisadi, həm də demokratik dəyərlər
baxımından inteqrasiyasına töhfə verəcəkdir.
Əminliklə qeyd etmək olar ki, forum
iştirakçıları qarşılarında müasir həyat
tərzi, Azərbaycan insanının demokratik dəyərlərə
verdiyi önəm, sürətlə yenilənən
infrastruktur gördükdə onların baxışlarında
ciddi dəyişiklik yaranacaq, bu da, əlbəttə,
iqtisadi-siyasi inteqrasiyanın sürətlənməsinə,
habelə dünyada çox az rastlaşdığımız
müasir islam mədəniyyətinə söykənən
imicin güclənməsinə ciddi təsir edəcək. Daha
doğrusu, forum ölkənin dünyaya müasirliklə
islamın vəhdətini nümayiş etdirməsini şərtləndirəcək.
Davos
İqtisadi Forumunda hər zaman iqtisadiyyatla siyasətin birgə
müzakirə edildiyini və strategiya
formalaşdırıldığını nəzərə
alsaq, Qafqazda dondurulmuş münaqişələrin, o cümlədən,
Dağlıq Qarabağ düyününün də
müzakirə olunacağını, bu sahədə ən
azından vahid mövqenin nümayişi xüsusilə
vurğulanmalı məqamlardan biridir. Çünki iqtisadi
maraqlar daimi sülh və yaxın qonşuluq münasibətlərini
tələb edir. Məhz bu nüans beynəlxalq birliyin diqqətini
bu sahəyə yönəldə və problemin həllini
sürətləndirə, yaxud da gələcəkdə diqqətdə
saxlanmasını təmin edə bilər.
Bakı Forumunun genişmiqyaslı
regional əhəmiyyəti
Dünya
İqtisadi Forumunda müzakirə olunacaq mövzular Azərbaycanın
artıq müəyyən uğur əldə etdiyi istiqamətlərdir.
Belə ki, artıq reallaşmaqda və ya
planlaşdırılmış layihələr barədə
konfrans keçirməklə Dünya İqtisadi Forumu ölkəmizin
bu sahə üzrə fəaliyyətini dünyada
işıqlandırmaqla müsbət fəaliyyət göstərir.
Məsələn, builki tədbirdə müzakirə olunacaq
insan kapitalı, uzunmüddətli investisiya, Mərkəzi
Asiyanın resurslarının tranziti kimi məsələlərin
reallaşmasında Azərbaycan artıq praktiki fəaliyyətə
başlamışdır.
Davos
İqtisadi Forumunun Azərbaycan üçün əhəmiyyətli
hesab oluna bilən bir məqamına da diqqət yetirək.
Davos İqtisadi Forumu hər il “Dünya ölkələrinin
qlobal rəqabətlilik qabiliyyəti” hesabatını
açıqlayır. Son iki il ərzində bu hesabatda Azərbaycan
öz yerini möhkəmləndirərək, 55-ci yerdən
46-cı yerə qədər yüksələ bilmişdir.
Diqqət yetirdikdə görürük ki, bu dəyişiklik
dünya investorları üçün mühüm stimulverici
fakt rolunu oynaya bilər. Deməli, bu dəyişiklik onlar
üçün əvvəla, güclənən iqtisadiyyat,
ikincisi, münbitləşən investisiya mühiti, daha sonra
risklərin azalması və yüksək gəlir deməkdir.
Belə şəraitdə hər bir investor böyük məmnuniyyətlə
çalışa bilər.
Region
dövlətləri ilə müqayisədə “Dünya
ölkələrinin qlobal rəqabətlilik qabiliyyəti”
hesabatında əldə edilən müsbət göstəricilər
Azərbaycanın iqtisadi cəhətdən sağlam dövlət
imicini möhkəmləndirir. Başqa sözlə, investorlara
kiçik, az gəlirli və riskli dövlətə investisiya
qoymaqdansa, dayanıqlı iqtisadiyyata böyük gəlir
götürmək niyyətilə risksiz investisiya qoymaq daha məntiqli
görünür. Forumun digər töhfəsi ondan ibarətdir
ki, onun nəşr etdirdiyi “Qlobal Rəqabətlilik İndeksi”
Azərbaycanın bir sıra yeni liderlik imkanlarını
üzə çıxarmışdır. Belə ki, Azərbaycan
artıq Müstəqil Dövlətlər Birliyi üzvləri
arasında ən davamlı və yüksək reytinqə malik
dövlətdir. Heç bir MDB dövləti 46-cı yerdən
yuxarıda qərar tutmamışdır. Müqayisə
üçün deyək ki, son indeksdə Rusiya 67-ci,
Qazaxıstan 51-ci, Ermənistan 82-ci və keçmiş MDB
dövləti olan Gürcüstan 77-ci yerdə qərar
tutmuşlar.
Bütün
bunlarla yanaşı, bir məqama da diqqət yetirək.
Dünya İqtisadi Forumu hazırladığı hesabatlarda Azərbaycanın
texnologiya, səyahət və turizm sahələrindəki
mövqeyi də əhəmiyyətli yerə malikdir. Məsələn,
Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya
Texnologiyaları” hesabatında Azərbaycan informasiya
texnologiyaları sahəsində lider ölkələrdən
hesab edilir. Hesabat Azərbaycanı, Rusiyanı və
Qazaxıstanı 2012-ci il üçün MDB dövlətləri
arasında ən effektiv informasiya texnologiyası siyasəti
yürüdən 3 ölkə elan edilmişdir. “Səyahət
və Turizm Rəqabətliliyi” hesabatında isə Azərbaycan
140 ölkə arasında 78-ci yerə layiq
görülmüşdür. Bu göstərici 2011-ci ilin
müvafiq göstəricisilə müqayisədə 5 pillə
irəliləmə deməkdir.
Sonda
qeyd edək ki, Davos İqtisadi Forumunun Azərbaycanda
keçirilməsi həm ölkəmizin regionda əldə
etdiyi iqtisadi irəliləyişlərə dəstək, həm
də gələcək strateji planlamada respublikamızın
mühüm rol oynayacağına işarədir. Bu, dünyada
qlobal maliyyə böhranından sonrakı dövrə istiqamətlənən
iqtisadi şəkilləndirmənin mövcud vəziyyətdən
çıxaraq daha mükəmməl modelə doğru aparan
yolda ciddi faktor hesab edilə bilər.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial
İnkişaf Mərkəzinin
sədri, iqtisad elmləri namizədi
Xalq qəzeti.- 2013.- 5 aprel.- S. 4.