Beynəlxalq siyasətdə
transformasiya zərurəti
Dünya sürətlə dəyişir.
Ümumdünya prosesləri insan birliklərinin ən sistemli və
təşkilatlanmış forması olan dövlətin
tarixi-siyasi məzmununu da aramsız olaraq dəyişə-dəyişə
inkişaf edir. Dəyişən dünyada
artıq dəyişməz qalması mümkün olmayan
dövlətin effektli siyasi idarəetmə sistemi kimi
mövcudluğu və inkişafı onun özü ilə
dünya arasındakı münasibətlərin
dinamikasından və bu münasibətlərin nə dərəcədə
çevik idarə edilməsindən həlledici
dərəcədə asılılıq vəziyyətinə
gəlir. İndi mövcud siyasi sistemlər üçün
artıq qloballaşmaya qoşulmaq və ya qoşulmamaq
dilemması yoxdur, onların əsas problemi – dünyanın
idarə olunması prosesində hansı səviyyədə
iştirak etmələridir. Ərəfəsində
olduğumuz mümkün radikal qlobal dəyişikliklərin
mahiyyətində də məhz bu məsələ dayanır.
Bu baxımdan yanaşdıqda, dünya dövlətlərinin
özlərində və dünyada baş verən dəyişmələri
necə uzlaşdırmalarına görə onların
çox maraqlı konfiqurasiya aldığını
görürük.
Son
20 il ərzində dünyada baş verən köklü dəyişikliklərə
və bu dəyişikliklər fonunda müxtəlif dövlətlərin
siyasi manevrlərinə diqqət yetirdikdə müxtəlif
dövlətlərin hazırda qlobal siyasət meydanında
tutduğu mövqeləri aydınca görünür. İlk
görünən isə budur ki, qlobal siyasi konfiqurasiyanın
bir cinahında hələ də neoimperializm siyasətini davam
etdirməkdə israrlı olan və özünü
dünyaya hakim missiyasında görən dövlətlər
dayanır. Onlar beynəlxalq siyasi sistemin yalnız onlar tərəfindən
idarə olunması rejimini heç cür dəyişdirmək
istəmir, ancaq açıq-aşkar görürlər ki,
dünya dəyişir, ona görə də bu dəyişməni
öz məqsədlərinə uyğun istiqamətdə
yönəltməyə çalışırlar.
Neoimperialist
siyasəti yeridən dövlətlər qrupuna Yaponiya istisna
olmaqla, əsasən, dünyanın sənaye cəhətdən
ən inkişaf etmiş dövlətlərini, eləcə də
Rusiya və İranı aid etmək olar. İlk növbədə
ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya
dünyanın ən qlobal və universal birləşmə
mexanizmi olan BMT-də Təhlükəsizlik
Şurasının daimi üzvləri olduqları
üçün və onların həlledici səs
hüquqları rəsmən BMT-nin Nizamnaməsində təsbit
olunduğundan yeritdikləri neo-imperialist siyasəti sanki
özlərinin “halal haqları” hesab edirlər. Hərçənd
unutmaq olmaz ki, onlara bu hüquq konkret tarixi şəraitdə,
İkinci Dünya müharibəsinin nəticələrinə
uyğun olaraq, qalib dövlətlərin – o zaman
üçün ən qüdrətli dövlətlərin əldə
etdikləri imtiyaz kimi verilmişdi.
Bu
unikal mexanizm yarım əsr ərzində hərbi cəhətdən
ən qüdrətli və dünya hegemonluğuna iddialı
olan beş dünya dövlətini ilk növbədə
bir-biri ilə savaşmaqdan yayındıran və hər
hansı birinin digər dövlətlərə qarşı
münasibətdə birtərəfli qərəzli siyasət
yeritməsinə mane ola biləcək bir vasitə kimi
dünyada sabitliyin qorunub saxlanmasında əvəzsiz rol
oynadı. Lakin bu müddət ərzində dünyada baş
verən dəyişikliklər (müstəmləkəçiliyin
sona çatması, dünya xəritəsində yeni dövlətlərin
meydana gəlməsi, bir sıra dövlətlərin qlobal
siyasi arenada iqtisadi, siyasi və hərbi cəhətdən
kifayət qədər möhkəmlənməsi) nəticəsində
yaranmış yeni situasiya XX əsrin ortalarında beynəlxalq
siyasətdə tarazlaşmış konfiqurasiyadan əhəmiyətli
dərəcədə fərqlənir.
Təxminən
yarım əsrlik qısa bir dövrdə dünyada bu qədər
dəyişikliklər, əsasən iki fövqəldövlət
– ABŞ və SSRİ arasında hökm sürən soyuq
müharibənin fonunda və həm də bu soyuq müharibənin
nəticəsində baş verirdi. Nəhayət, 90-cı illərin
əvvəllərində bu müharibə ABŞ-ın qələbəsi
və SSRİ-nin süqutu ilə nəticələndi. Hadisələrin
belə sonluğu öz növbəsində bütün
iddialı dövlətlər üçün dünya
miqyasında öz təsir dairəsini genişləndirmək
uğrunda yeni mübarizə meydanı açmış oldu.
Digər tərəfdən, SSRİ-dən yenicə qopmuş
bütün sosialist düşərgəsi ölkələri
öz inkişaf strategiyasını müəyyənləşdirmək
kimi çox da sadə olmayan bir zərurətlə üzləşdilər
və bu fonda dünyanın müxtəlif güşələrində
inteqrasiya proseslərinin sürətlənməsi
üçün yeni bir stimul yarandı (xüsusilə, Avropa
qitəsində). ABŞ-ın bəzi xarici siyasət strateqləri
tələskənliklə, nəhayət, birqütblü
dünyanın real mövcudluğunu təsdiq edən bəyanatlarla
çıxış edib məhz ABŞ-ın artıq
dünyanın yeganə hegemon dövləti olduğunu elan
etdilər ( Z.Bzejinski).
Lakin
dünyanın dialektik inkişaf qanunauyğunları, baş
verən hadisələrin tendensiyaları və qlobal sosiumun
inkişaf perspektivlərini müəyyənləşdirən
çoxsaylı nəzəriyyələr bunu təsdiq etmir və
Amerika strateqlərinin yersiz eyforiyaya
qapıldığını bir daha sübut edir. Bu, əlbəttə,
başqa bir polemikanın mövzusudur. Məqsədimiz isə
təkcə ABŞ-ın deyil, ümumiyyətlə,
yuxarıda qeyd olunmuş imtiyazlara sahib olan bütün
dövlətlərin siyasətində neo-imperializm əlamətlərini
aşkarlamaq və bunun dünyanın bu günkü
inkişaf tendensiyalarına və perspektivlərinə
uyğun gəlmədiyini göstərməkdir.
Beləliklə,
ABŞ-ın yeganə hegemon dövlətə xas olan təkəbbürlə
öz təsir dairəsini bütün dünyaya yayması və
planetin lider dövləti olduğunu sübut etməsi
üçün isə tarix boyu sınanılmış bir
vasitəyə – “uğurlu müharibə” vasitəsinə
üstünlük verildi. Müharibənin kimə
qarşı və hansı bəhanə ilə
aparılmasına gəldikdə, həmin dövlətlərin
özləri tərəfindən bəslənilərək
onilliklər ərzində öz ölkələrində
despotik mütləqiyyət hakimiyyəti yaratmış
avtoritar rejimlər ən ideal siyasi qurbanlar kimi
görünürdü. Müasir qlobal siyasi səhnənin digər
ifrat cinahında da məhz onlar – avtoritarizm siyasəti yeridən
qapalı rejimlər durur. Onlar bütün mümkün və
qeyri-mümkün vasitələrlə özlərini dəyişən
dünyanın təsirlərindən kənarda saxlamaq, hakim
olduqları rejimləri özlərinin son nəfəsinə qədər
qoruyub saxlamaq istəyirlər. Yeni əsrə avtoritar rejimlər
kimi daxil olan dövlətlər – əsasən Ərəb
Dövlətləri Ligasının üzvləri,
keçmiş sosialist düşərgəsinin üzvləri
olan Afrika və Latın Amerikası ölkələri,
SSRİ-nin dağılmasından sonra hələ də
Rusiyanın orbitindən çıxa bilməyən və ya
çıxmaq istəməyən Mərkəzi Asiya rejimləri,
Ermənistanda hakimiyyəti zəbt etmiş, erməni
xalqının iradəsinə və ümumiyyətlə, bir
xalq və dövlət kimi gələcəkdə mövcudluq
perspektivinə məhəl qoymayan qondarma “fort-poste” qurumlar bu
taleyi yaşayan və gələcəkdə yaşaya biləcək
potensial qurbanlar rolunu bu gün də oynamaqdadır.
İki
fərqli cinahda yer alan və ilk baxışdan antoqonist təəssüratı
yaradan bu güclərin öz aralarındakı
qarşılıqlı münasibətlər isə daha
maraqlıdır. Belə ki, dünya hökmranlığı
edən dövlətlər zahirdə özlərini həmin
avtoritar rejimlərin “düşməni” kimi göstərsələr
də, əslində uzun illər onları müdafiə edənlər
də məhz bu dövlətlər olmuşlar. Lazım gəldikdə
bu rejimlərin aparıcı fiqurlarını dəyişmiş,
onların funksiyasını özlərinə daha yararlı
hala gətirmişlər. Lakin artıq heç kimə sirr
deyil ki, imperializm və avtoritarizm bir medalın iki üzü,
eyni hadisənin iki fərqli görüntüsü, eyni
prosesin iki fərqli təzahürüdür. Əminliklə
deyə bilərik ki, hələlik dünya imperializmi -
dünya avtoritarizminin, dünya avtoritarizmi isə dünya
imperializminin dayağıdır.
Müasir
dövrümüzdə beynəlxalq siyasətin yüksələn
xətlə normal inkişafına əngəl törədən
bu “cütlük” bəlkə özləri də istəmədən
tez-tez qlobal siyasi böhranların determinantına
çevrilirlər. Ona görə də onların əvvəllər
bir-biri ilə imitasiya etdikləri,
quraşdırılmış “konfrontasiyası” indi
vaxtaşırı açıq, həqiqi konflikt formasında
meydana çıxır. Əslində, bu - müasir beynəlxalq
siyasətin altlayında cərəyan edən
tragikomediyasıdır. Belə ki, avtoritar rejimlər hegemon
dövlətlərin apardığı ikili siyasətin toru əhatəsində
nə qədər mürəkkəb manevrlər və siyasi
alver etmək iqtidarında olsalar da, sonda həmin dövlətlərin
“milli maraqlarının” qurbanı olmağa məhkumdurlar. Son
iyirmi il ərzində baş verən proseslər də bunu bir
daha sübut edir. Bu proseslərin görünən və
görünməyən tərəfləri, aparıcı
tendensiyaların mahiyyəti ən yaxın keçmişin və
bu günün global siyasi mənzərəsində
bütün gerçəkliyi ilə açıla bilir.
Bu
gün dünyada baş vermək ərəfəsində
olduğumuz qlobal transformasiyalar nə neoimperialist dövlətlərə,
nə də avtoritar rejimlərə yaxşı heç nə
vəd etmir. Beynəlxalq siyasətdə bir zərurətə
çevrilmiş qlobal transformasiyanı öz təbii yolundan
azdırmağa hesablanan vurnuxmalar isə gündən-günə
daha çox iflasa uğrayır. Məsələn, az əvvəl
xatırlatdığımız kimi, ( “uğurlu müharibə”
) Amerika Birləşmiş Ştatlarının rəhbərliyi
altında koalisiya qüvvələri İraqda kütləvi
qırğın silahlarının olması və İraq rəhbərliyinin
Əl-Qaidə ilə əlaqələri bəhanəsi ilə
2003-cü ilin martında bu ölkəyə hərbi
müdaxilə etdi. Lakin bütün hakimiyyəti boyu məhz
həmin imperialist dövlətlərə arxalanaraq, həm də
onların dəyişkən siyasətləri arasında
reverans edərək ölkəsini müstəbid bir rejimin əsarətində
saxlamış Səddam Hüseyn sonda bəşəriyyətə
qarşı cinayətdə - 148 iraqlı şiənin qətlində
suçlandırılaraq İraq dövlətinin Tribunalı
tərəfindən edam olundu.
İslam
dünyasının Qurban günü (30 dekabr 2006-cı ildə)
əlində Quran tutmuş İraq diktatorunun asılması “səhnəsi”
(teatrallaşdırılmış siyasət!) əslində,
imperializmlə avtoritar-diktatura rejimlərinin qanlı
ittifaqının nə ilə nəticələndiyini göstərən
ibrətamiz bir dərsdir. Lakin İraq faciəsi və
bütövlükdə Yaxın Şərq faciəsi bununla
bitmədi. İki fövqəldövlətin – Sovet
İttifaqı ilə ABŞ-ın “milli maraqlarının”
uzun illər toqquşduğu digər konflikt məkanı - Əfqanıstan
həmin fövqəldövlətlərdən birincisi
dağılandan sonra yeni müharibənin girdabına
düşdü. Bu ölkələrə hərbi müdaxilənin
başladığı zamandan ötən dövrün, demək
olar ki, hər günü amansız terror aktları ilə -
insan parçalarının havaya sovrulması ilə
müşayiət olunmaqdadır.
Bütün
beynəlxalq humanitar təşkilatlar tərəfindən verilən
statistikada bu zaman kəsiyində İraq və Əfqanıstanın
əvvəlki dövrlərdən qat-qat daha çox fəlakətlərə,
kütləvi insan qırğınlarına məruz
qaldığı bildirilir. Deməli, ədalətsizliyin
kökünü kəsmək məqsədilə daha
böyük ədalətsizliyə yol vermək bu məsələnin
düzgün və optimal həlli yolu kimi özünü
doğrultmur və belə bir həll yolu siyasi əxlaqa və
insanlıq mənəviyyatına ziddir. Eləcə də
Fransa Senatında “erməni soyqırımını” inkar etməyə
görə cəza nəzərdə tutan qanun layihəsinin qəbul
edilməsi faktı - beynəlxalq siyasəti “köhnə
qaydalar” çərçivəsində öz ölkəsinin
siyasi maraqlarına uyğunlaşdırmaq iddialarının nə
qədər absurd və təhlükəli olduğunu,
“demokratiya beşiyinin” bu demokratiyanın keşiyində
dayanmaq əvəzinə keçəri siyasi məqsəd (
seçki) naminə öz ölkəsində birbaşa
söz, fikir azadlığına zidd olan absurd bir qanun layihəsini
qəbul etməsi Fransanın özünün yüzillər ərzində
təbliğ etdiyi prinsiplərdən imtina etdiyini göstərir.
Və yaxud Fransada son prezident seçkiləri ərəfəsində
real namizədlərdən biri olan Dominik Stross Kan ətrafında
baş verən qalmaqallar ( bu hadisələrin təsadüf və
ya qurğu olmasından asılı olmayaraq), eləcə də
indiki prezident Fransua Hollandın özünün də etiraf
etdiyi kimi gözlənilmədən, təsadüfən
prezident seçilməsi burada dövlət siyasətinin mənəvi
böhran keçirdiyini göstərən amillərdir.
Sarkozinin
hakimiyyətdən getməsindən sonra onun prezidentliyi
dövründə ölkə qanunlarına məhəl
qoymadığını, seçki marafonunda qeyri-leqal
üsullardan istifadə etdiyini və xüsusilə də
Liviya diktatorunun milyardlarla dollar həcmində maliyyə dəstəyindən
yararlandığını sübut edən faktların
aşkar olunması müasir Fransa demokratiyasının pərdəarxası
reallığıdır. Bütün bunlar Fransada dövlət
siyasətinin həyata keçirilməsində rəhbər
tutulan əxlaqi-mənəvi komponentlərin ifrat dərəcədə
deqradasiyaya uğradığını göstərir.
Zahirən
sabit, tolerant və demokratik cəmiyyət təəssüratı
yaradan Almaniyada rasizmin və neonasizmin güclü mövqe
qazanması və bunun arxasında ölkənin güc
strukturlarının dayanması kimi ciddi iddiaların, hər
addımda milli azlıqlara qarşı - xüsusən
türklərə qarşı diskriminasiya hallarının təsdiqi
hər hansı müstəqil jurnalist araşdırmasında
yox, məhz ölkənin kansleri Angela Merkel tərəfindən
bütün dünya qarşısında etiraf olunması
dünya birliyində haqlı sual doğurmalıdır. Eləcə
də yüksək rütbəli məmurların külli
miqdarda rüşvət və vergidənyayınma cinayətləri
haqqında demək olar ki, hər gün yeni cinayət işlərinin
açıldığı Almaniya, Fransa, Yunanıstan və
digər ölkələrin hökümət və
qeyri-hökümət təşkilatları tərəfindən
özlərindən başqa az qala bütün dünya
dövlətlərinin korrupsiya və insan haqlarının
pozulmasında günahlandırılması təəccüb
doğurur.
Məntiqi
bir sual yaranır ki, bəs onların özlərinə bu
imtiyazları kim verib, bu kimi əməllərin baş verdiyi
Avropa ölkələrinin tənqidi toxunulmazlığı
hansı beynəlxalq qurumlar və ya normalar tərəfindən
təmin olunur? Bütün bunları etiraf edən Avropa
dövlətlərinin digər dövlətlərə sanksiya
tələbi hansı mənəvi və hüquqi qanunlarla əsaslandırıla
bilər? Deməli ki, müasir beynəlxalq siyasətdə
hegemonların qənaətinə görə “özünü
yaxşı aparmayan” dövlətlərin “diskvalifikasiyası”
üçün onların özləri tərəfindən
hazırlanmış “şablon damğalar” mövcuddur ki,
onları istənilən an istənilən dövlətin
adına vurmaq olar.
SSRİ-nin
xarabalıqları içərisindən yenicə
çıxmış Rusiya özü də yenidən
“möhtəşəm” SSRİ xəyalları ilə beynəlxalq
siyasətdə dominant mövqeyə qalxmağa can atır.
Lakin Liviya diktatoru Muəmmər Qəddafini həmvətənləri
sürüyüb öldürənədək, Suriya diktatoru Bəşər
Əsədi son nəfəsinədək müdafiə etməyə
çalışsa da, buna nail ola bilmir və qlobal siyasət
arenasında öz mövqelərini itirməkdə davam edir.
İyirmi milyonluq suriya xalqı iki ilə yaxın davam edən
azadlıq mübarizəsində on minlərlə qurban versə
də despotik rejimdən canını qurtara bilmir. Beynəlxalq
birliyin hərbi müdaxiləsinə qarşı veto
hüququndan istifadə etməklə vəziyyəti daha da
mürəkkəbləşdirən Rusiyanın milli
maraqlarında Bəşər Əsəd adlı bir şəxsin
nə kimi qlobal rola malik ola bilməsi isə yalnız təəccüb
doğurur.
Təsir
gücünün sürətlə azaldığını
görən Rusiya itirdiyi təsir dairəsini bərpa etmək
xəyalları ilə “Avrasiya İttifaqı” kimi Rusiya
üçün heç bir tarixi- sivilizasyon köklərə
dayaqlanmayan absurd bir ideyanı xüsusi entuziazmla təbliğ
edir. Rusiya siyasətindəki bu günkü gedişlər onu
göstərir ki, 20 il əvvəl öz müstəqilliyini
elan edən, sovet totalitarizmindən imtina etdiyini və
liberal-demokratik dəyərlərə əsaslanan bir cəmiyyət
yaratdığını iddia edən Rusiya bu günədək
özünün yeni siyasətini müəyyənləşdirə
bilmədiyindən köhnə siyasətə – mürtəce,
ekspansianist və militarist siyasətə qayıtmağa
üstünlük vermişdir. Sıravi vətəndaşlardan
tutmuş dövlət orqanlarına qədər bütün səviyyələrdə
ortaya çıxan istər siyasi, istərsə də iqtisadi
mübahisələrin hələ də “Kalaşnikov” vasitəsilə
həll olunduğu bir cəmiyyəti sovet
inzibatçılığı prinsipləri ilə idarə
etməyə çalışan rus dövləti bu günədək
əhatəsində yerləşən dövlətlərə
qarşı münasibətdə də sovet
dövrünün siyasətindən fərqli bir siyasət
ortaya qoymamışdır.
Əhəməni
və Sasani imperiyalarının ehtirasları ilə
yaşayan, İslam dünyasında liderlik iddiası ilə
bütün dünyaya meydan oxuyan İran özü
teokratiyanın əsarətində boğula-boğula
dünyada özünə sadiq bir dost dövlət tapa bilməsə
də, ölkə əhalisinin yarısını təşkil
edən Azərbaycan türklərinin doğma dilində bircə
məktəb belə açmasa da, bir ovuc erməniyə qucaq
açır. Sözdə din və mədəniyyət
birliyini şüar edən İran hakimiyyətinin əməllərində
Azərbaycana qarşı, eləcə də öz vətəndaşlarına
qarşı apardığı mürtəce siyasəti və
düşmənçilik mövqeyini görməmək
mümkün deyil.
Hər
birinin öz geosiyasi maraqları olan dövlətlər -
ABŞ, Fransa, Rusiya və İran bir-biriləri ilə nə qədər
ziddiyyətdə olsalar da, uzun müddətdir ki, Ermənistana
havadarlıq etməklə və onun
işğalçılıq siyasətinə göz yummaqla
eyni mövqedə dayanaraq Azərbaycana qarşı münasibətdə
açıq-aşkar ədalətsizlik nümayiş etdirirlər.
Görünən isə odur ki, bu dövlətlərin
hamısı Qarabağ münaqişəsinin dondurulmasında
və uzadılmasında maraqlıdırlar.
Vaxtaşırı ABŞ Dövlət Departamentinin və digər
Avropa qurumlarının vacib məmurları tərəfindən
səsləndirilən “Qarabağ məsələsinin həlli
çox uzandı” və ya “həll vaxtı çoxdan
çatıb” kimi eyhamları isə, doğrudan da, problemi həll
etmək yox, bu münaqişədən əzab çəkən
sadəlövh xalq kütlələrini özlərinin yalançı
narahatlığına inandırmaq və özlərini ədalətli
göstərmək cəhdlərindən başqa bir şey
deyildir. Bütün bunlar hegemon dövlətləri idarə
edən siyasi elitanın qənaətinə görə, guya həmin
dövlətlərin “milli maraqları” naminə baş verir.
Halbuki burada “milli maraqlar” ifadəsini “neo-imperialist maraqları”
ifadəsi ilə əvəz etmədən bu proseslərin
heç birini məntiq və siyasi əxlaq rakursundan əsaslandırmaq
mümkün deyil.
Bu
gün Avropada və Amerikada - dünyanın ən inkişaf
etmiş ölkələrində baş qaldıran etiraz hərəkatlarının
təkcə insanların maddi təminat problemləri ilə
bağlı olduğunu düşünmək sadəlövhlük
olardı. Bu əslində onun göstəricisidir ki, insanlar həm
milli, həm regional, həm də qlobal səviyyədə
qeyri-bərabərliyin və ədalətsizliyin bütün təzahürlərinə
qarşı daha böyük həmrəyliklə birləşirlər.
Çünki müasir dünyadakı qlobal asimmetriya o həddə
çatıb ki, son hesablamalara görə, dünyanın 500 ən
varlı adamının qazancı dünya əhalisinin 416
milyonunun qazancını ötüb, yüksək inkişaf
etmiş ölkələrdə isə 10 faiz varlı
adamın gəliri bütün dünyadakı gəlirin 54
faizini təşkil edir.
Paradoksal
görünən isə budur ki, bütün bu zənginliklər
məhz beynəlxalq siyasəti dünya
hökmranlığı tendensiyasında aparmağa can atan
dövlətlərin ərazisində cəmləşib. Bəs
necə olur ki, son üç yüz ildə bütün
dünyanın sərvətləri həmin dövlətlərin
xəzinələrinə axdığı halda, bu ölkələrdə
iqtisadi böhranlar yaşanır? Bunu “qlobal iqtisadi böhran”
adlandırmaq nə dərəcədə düzgün
yanaşmadır? Bu daha çox həmin dövlətlərin
öz xalqları ilə seçkidən seçkiyə
apardıqları siyasi alver proseslərinin nəticəsində
yaranmış siyasi böhranın iqtisadi və mənəvi
təzahürləri deyilmi? Gənc suveren dövlətlərdə
“demokratiya problemlərini” qabartmaqla hökmran dövlətlər
doğrudanmı demokratiyanı müdafiə edirlər?
(ardı var)
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru
Xalq qəzeti.- 2013.- 5 aprel.- S. 5.