Bakı Ali Neft Məktəbinin rəhbərliyi
Zərifə Əliyeva adına liseydə
Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi ilə akademik Zərifə Əliyeva adına liseyin kollektivinin görüşü keçirilmişdir. Tədbiri giriş sözü ilə açan liseyin direktoru Məhəbbət Vəliyeva bu təhsil ocağının kollektivi adından qonaqları salamlayaraq, BANM ilə əməkdaşlıqdan məmnunluq hissi keçirdiklərini bildirmişdir. M.Vəliyeva qeyd etmişdir ki, liseyin ötən tədris ili buraxılışında 600-dən yuxarı bal toplayan 10 məzunu hazırda BANM-in tələbəsidir.
BANM-in
rektoru Elmar Qasımov çıxışında Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə
aparılan uğurlu təhsil islahatlarından söhbət
açaraq vurğulamışdır ki, BANM-in
yaradılması və qısa zaman ərzində yüksək
uğurlar əldə etməsi məhz ölkə
başçısının “Neft kapitalını insan
kapitalına çevirək” devizinin əyani sübutudur.
Rektor daha sonra demişdir ki, BANM-in yaradılmasında əsas
məqsəd inkişaf edən ölkəmizin və
ARDNŞ-in həyata keçirdiyi beynəlxalq layihələrdə
işləyə biləcək ingilisdilli, müasir biliklərə
malik kadrların hazırlanmasıdır. Ən müasir
standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəblə
Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında
sıx tərəfdaşlıq münasibətləri
mövcuddur. Əldə olunmuş razılaşmaya əsasən,
BANM-də tədrisin təşkili, onun gedişinə nəzarət,
biliklərin qiymətləndirilməsi Heriot-Vatt Universitetinin tələblərinə
uyğun həyata keçirilir və bunun nəticəsi olaraq
məzunlara həm BANM-in, həm də Heriot-Vatt Universitetinin
diplomları veriləcək. Bir il öncə iki ixtisas üzrə
(“Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi”) tələbə
qəbuluna başlayan ali məktəbdə növbəti tədris
ilində neft-qaz və neft-kimya sahəsi üçün
mühüm əhəmiyyət kəsb edən yeni bir ixtisas -
“Proseslərin avtomatlaşdırılması mühəndisliyi”
də açılacaqdır.
E.Qasımov
qeyd etmişdir ki, BANM eyni zamanda, İslam Dünyası
Universitetləri Federasiyasının üzvüdür. O,
BANM-in qısa zaman ərzində əldə etdiyi uğurlardan
danışaraq xatırlatmışdır ki, TQDK-nın
2012/2013-cü tədris ilində ali təhsil müəssisələrinin
reytinq cədvəlində BANM I yer qazanmış və bir
çox göstəricilərə görə ali məktəblər
arasında liderdir. I qrup ixtisasları üzrə qəbul
imtahanlarında 600-dən yuxarı bal toplayan 234 nəfərin
120-si məhz BANM-ə daxil olmuşdur. Rektor E.Qasımov
akademik Z.Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyevaya
BANM ilə əməkdaşlıq əlaqələrinin
genişləndirildiyinə görə “Təşəkkür”
plaketi, liseyin 7 müəlliminə BANM-ə qəbul
olunmuş yüksək səviyyəli şagirdlər
yetişdirdiklərinə görə “Təşəkkür”
plaketi və kompyuter hədiyyə vermişdir. Şagirdlərə
BANM haqqında ətraflı məlumatları özündə
əks etdirən xüsusi hazırlanmış bukletlər
paylanılmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 5 aprel.- S. 6.