Heydər Əliyev
və Azərbaycan iqtisadiyyatı
Ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər
seçiləndə, ilk növbədə,
iqtisadiyyatda yaranmış ağır vəziyyətin,
onu doğuran səbəblərin
sistemli təhlilini apardı. İttifaq hökuməti qarşısında respublikanın
gələcək iqtisadi həyatı ilə
bağlı məsələlər
qaldırdı və qısa vaxt ərzində
sovet hökumətinin respublikamızın
inkişafına dair xüsusi
qərar qəbul etməsinə nail oldu. İttifaq orqanları
ilə əməkdaşlıq formalarının təkmilləşdirilməsi
istiqamətində səmərəli addımlar atıldı,
məhsuldar əməyə, işin
nəticələrinə layiqli qiymət
vermək ön plana
çəkildi. Bir sözlə, respublika
iqtisadiyyatında qaynar həyatın
formalaşması üçün bütün imkanlar və
vasitələr hərəkətə gətirildi ki, bütün bunlar da öz
bəhrəsini verdi: milli
gəlir, sənaye, kənd təsərrüfatı məhsulları
istehsalındakı 60-cı illərdəki gerilik
aradan qaldırıldı, yeni keyfiyyətli inkişafın fundamental əsaslarının möhkəmləndirilməsi
üçün xeyli
iş görüldü.
Azərbaycan dotasiyasız yaşayan bir respublika kimi tanındı.
Bunu
belə bir faktdan aydın görmək olar ki, əgər sovet
dövrünün bütün əvvəlki 50 ilində
(1920-1970-ci illər) Azərbaycanın iqtisadiyyatına
bütövlükdə 14 milyard rubl (ildə orta hesabla 280
milyon rubl) sərmayə qoyulmuşdusa, 15 ildə (1971-1985-ci illər)
bütövlükdə 36 milyard rubl (hər il orta hesabla 2,4
milyard rubl), yəni ildə 10 dəfəyə yaxın
çox vəsait sərf olunmuşdur.
Ulu öndərimizin hazırladığı enerji strategiyası da respublikamızın elektrik enerjisi ilə təminatında ciddi dönüşün yaranmasına səbəb oldu. 1969-1982-ci illərdə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün yeni tikilən və yenidən qurulan elektrik stansiyaları hazırda ölkəmizin enerji balansının əsas təməllərini təşkil edir. Sözügedən dövrdə respublikamızın qazlaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir.
Ümummilli liderimiz hakimiyyətinin birinci dövründə respublikanın inkişaf tempinin, genişmiqyaslı quruculuq işlərinin ardıcıl xarakter alması üçün davamlı islahatlar reallaşdırdı. Həyata keçirilən iri layihələrin icrası nəticəsində daha çox kənd təsərrüfatı respublikası olan Azərbaycan sənaye respublikasına çevrildi. Bu dövrdə neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələr əhəmiyyətli dərəcədə inkişaf etməyə başladı. Azərbaycan sənaye məhsulunun artım tempinə görə ittifaq ölkələri arasında ilk yerlərdən birini tutdu. 1970-1980-ci illərdə respublikamızda istehsal olunan sənaye məhsulunun payı ÜDM-də 66 faizə çatdı. Bu illər ərzində respublikada 400-ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verildi. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 ədədə bərabər idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatdırıldı.
Sözügedən dövrdə Azərbaycanın ixrac potensialı da artdı. Sənaye və kənd təsərrüfatı məhsulları təkcə ittifaq respublikalarına deyil, xarici dövlətlərə də ixrac olunmağa başladı. Həmin illərdə respublikamızda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Azərbaycanın sürətli inkişaf dinamikası tikinti-quraşdırma, nəqliyyat, infrastruktur bölmələrinə də təkan verdi. Həmin illərdə respublikamız nəhəng tikinti meydançasını xatırladırdı. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər tikildi, yollar salındı.
Ümummilli
lider Heydər Əliyevin SSRİ rəhbərliyindən
uzaqlaşdırılması və sonradan sovet
ittifaqının çökməsi nəticəsində
respublikamızın əldə etdiyi müstəqilliyin ilk
ilyarımlıq dövründə sosial-iqtisadi sahələr
ciddi tənəzzülə məruz qaldı. Ölkənin
müqəddəratının səriştəsiz
adamların əlinə düşməsi nəticəsində
bütün sahələrə ağır zərbələr
vuruldu, xarici havadarlarının güclü dəstəyi ilə
ərazimizin böyük bir hissəsi ermənilər tərəfindən işğal edildi.
1991-ci
il oktyabrın 18-də istiqlaliyyətini bərpa etmək
şansı qazanmış Azərbaycanda sosial-iqtisadi sahələrdə
acınacaqlı vəziyyət yaranmışdı:
iqtisadiyyatda tənəzzül prosesi dərinləşir,
inflyasiyanın səviyyəsi gündən-günə
yüksəlir, əhalinin sosial şəraiti pisləşir,
zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə
yönümündə səmərəli addımlar
atılmırdı. 1991-1993-cü illərdə
ölkə iqtisadiyyatında ÜDM hər il
orta hesabla 16,5 faiz aşağı düşürdü.
Tənəzzül meyli sənayedə
xüsusilə kəskin xarakter
almışdı: 1985-ci ilə nisbətən sənaye
istehsalının həcmi 1991-ci ildə 10 faizə,
1992-ci ildə 37 faizə, 1993-cü ildə 50 faizə qədər
azalmışdı. Ölkə istehsal
potensialının 23 faizini itirmiş, 1992-ci ildə inflyasiyanın səviyyəsi
əvvəlki ilə nisbətən 4,9 dəfə
artmışdı.
1992-1994-cü
illərdə xarici ticarət dövriyyəsinin həcmi 42
faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına
bir manat da olsun, xarici sərmayə qoyulmamışdı.
1994-cü ildə Milli Bankın uçot dərəcəsini
250 faizə çatdırması bank sektorunun idarəolunmaz vəziyyətə
düşməsindən xəbər verirdi.
Sosial
gərginlik daha qabarıq nəzərə
çarpırdı: 1991-1995-ci illərdə əhalinin pul gəlirləri
real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri
orta hesabla 3,6 dəfə aşağı
düşmüşdü.
Azərbaycanın gələcək taleyinin müəyyən olunduğu belə bir ağır zamanda - 1993-cü ilin iyununda Heydər Əliyevin xalqın təkidli istəyilə Naxçıvandan Bakıya qayıtması və Ali Məclisin sədri seçilməsi ulu öndərin təkcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın xaosdan qurtulması və davamlı inkişaf yoluna qədəm qoyması demək idi. Ümummilli liderimiz məhz bu tarixdən etibarən Azərbaycan dövlətçiliyini faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. Həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində ölkədə administrativ idarəçiliyə əsaslanan planlı təsərrüfatdan bazar iqtisadiyyatına uğurla keçid prosesi sürətləndi, iqtisadiyyatın tarazlı inkişafının təmini sahəsində kompleks tədbirlər reallaşdırıldı. Davamlı iqtisadi qərarların qəbulu nəticəsində qiymət indeksi 2-3 il ərzində aşağı salındı və inflyasiya 11-12 faizə düşdü. Dövlət büdcəsinin gəlirləri əhəmiyyətli dərəcədə artaraq 1995-ci ildə köhnə manatla 1 trilyon 584 milyard manata çatdı. 1997-ci ildə isə büdcə gəlirləri 2 trilyon 565 milyard dollardan çox oldu. Əhalinin pul gəlirləri, orta aylıq əmək haqqı, pensiya məbləği 3-4 dəfə artdı. 1995-ci ildən sabitləşməyə başlayan iqtisadiyyat inkişaf üçün baza rolunu oynadı və növbəti illərdə bu tendensiya özünü daha qabarıq şəkildə göstərməyə başladı.
Ulu öndərin əlverişli investisiya mühitinin təmin olunması ilə bağlı qəbul etdiyi qərarlar ölkəmizin regionda sərmayələrin yatırıldığı əhəmiyyətli dövlət kimi mövqeyinin artmasına gətirib çıxardı. Həmin dövrlərdə ölkəyə investisiya qoyuluşları da yox səviyyəsində idi. Azərbaycanın bir neçə beynəlxalq maliyyə təşkilatı və xarici kredit qurumları ilə əməkdaşlığa dair saziş imzalamasına baxmayaraq, respublikamıza sərmayə və yaxud kredit verən yox idi. 1993-cü ildə ölkəyə kredit qoyuluşları köhnə manatla 7 milyard manat idisə, 1994-cü ildə bu rəqəm 20 dəfə artaraq 140 milyard manata, 1995-ci ildə 270 milyard manata çatdı. Belə siyasət respublikamızın nüfuzunu artırmaqla bərabər, Azərbaycana investisiya qoymaq istəyən xarici iş adamlarının fəallığını artırmış oldu.
Heydər
Əliyev yaxşı bilirdi ki, iqtisadi və sosial
inkişafın aparıcı amillərindən birinə
çevrilən sahibkarlıq fəaliyyəti, o cümlədən
özəl sektor olmadan əhalinin maddi rifah halının
dinamik yüksəlişi mümkün deyil. Dinamizm, təşəbbüs,
yenilik, yüksək məhsuldarlıq
anlayışları ilə assosiasiya təşkil
edən sahibkarlığın inkişafı tərəqqi prosesinin sürətləndirilməsi ilə
yanaşı, inkişafa istiqamətlənmiş
çoxsaylı yeni ideyaların ərsəyə
gəlməsində də mühüm rol oynayır. Ona görə də
sahibkarlığın bazar iqtisadiyyatı
şəraitində iqtisadi yüksəlişə
verdiyi töhfəni aydın görən
Heydər Əliyevin gerçəkləşdirdiyi sistemli tədbirlər sayəsində ölkədə
siyasi və makroiqtisadi
sabitliyə nail olunması kontekstində
özəl sektorun formalaşması üçün hüquqi
baza yaradılmış, digər mühüm
əməli tədbirlər görülmüş,
dövlət tərəfindən sahibkarlara
hərtərəfli dəstək verilmişdir.
Yuxarıdakı
fikrin təsdiqi kimi bəzi məqamlara diqqət yetirək. Sahibkarlıq
potensialının uğurla
reallaşdırılması üçün atılan növbəti vacib addımlardan biri
1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən
iki dövlət proqramı olmuşdur. Həmin proqramlar
sahibkarlığın inkişafını, dövlət tərəfindən
özəl sektor subyektlərinə hərtərəfli
dəstəyin göstərilməsini özündə ehtiva etmişdir. Bütün bunlara paralel olaraq sözügedən sahəyə dövlət
nəzarət sistemi təkmilləşdirilmiş,
müvafiq qanunvericilik
bazasında qabaqcıl dünya təcrübəsinə
uyğun dəyişikliklər həyata keçrilmişdir. 1996-cı il
iyunun 17-də “İstehsal,
xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət
nəzarətinin qaydaya salınması və
əsassız yoxlamaların qadağan
edilməsi barədə” ölkə Prezidenti
tərəfindən verilən fərman iqtisadi
sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz xarakterli
yoxlamaların sayının azaldılmasına gətirib
çıxardı.
Böyük
strateq Heydər Əliyevin siyasi uzaqgörənliyinin və qətiyyət
nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə
“Əsrin müqaviləsi”nin əfsanədən
reallığa çevrilməsi ölkənin bütün
strateji əhəmiyyətli sahələrinin inkişafına
yeni təkan vermişdir. “Əsrin müqaviləsi”nin
imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bügünkü
intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür.
Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu
strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən
Azərbaycan xalqının rifahı naminə daha
uğurlu şəkildə istifadə
prinsipinə əsaslanır. Bu müqavilə dünyada miqyasca ən böyük enerji layihəsinin həyata keçirilməsini
təmin etməklə yanaşı, respublikamızın ciddi elmi əsaslara
söykənən sosial-iqtisadi inkişaf strategiyasının gerçəkləşməsinə
imkan yaratmış, dayanıqlı siyasi sabitliyə, iqtisadi və
milli təhlükəsizlik
maraqlarının beynəlxalq səviyyədə təminatına
real zəmin
formalaşdırmışdır.
Azərbaycanın
müstəqil enerji sisteminin formalaşması bilavasitə
Heydər Əliyevin adı ilə bağlıdır. Bunu belə bir fakt da
təsdiqləyir: ümummilli liderin təşəbbüsü və
bilavasitə rəhbərliyi ilə 30 il ərzində
Azərbaycanın energetika sistemində
3500 meqavata yaxın generasiya
gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü
xətləri istifadəyə verilmiş,
enerji sisteminin real imkanları iki dəfədən
çox artmışdır. Yaxud, belə bir misal. Azərbaycan 1969-cu ildə elektrik enerjisi idxal edirdisə, 1982-ci ildən elektrik
enerjisi ixracatçısı kimi tanınmağa başlamışdır.
Ölkə
iqtisadiyyatının tərkib hissəsi kimi aqrar sahənin
dirçəldilməsi də Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra mümkün oldu. Kənd təsərrüfatında
başlanan islahatlar bu sahədə tənəzzülün
qarşısını almaqla bərabər, onu yeni inkişaf
yoluna çıxardı.
Bir həqiqəti
xatırladaq ki, Azərbaycanda aqrar islahatın həyata
keçirilməsi istiqamətində ilk addımlar
Naxçıvan Muxtar Respublikasında
atılmışdır. Belə ki, Heydər Əliyev hələ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən
1992-ci ilin aprel
ayında muxtar respublikanın qanunverici
orqanının sessiysında aqrar islahatlara dair xüsusi qərarlar qəbul olunmuşdu.
İkinci dəfə hakimiyyətə gəldikdən
sonra isə Heydər Əliyev bildirirdi ki, müstəqil inkişaf yoluna qədəm qoyan respublikada artıq köhnə sosialist
sistemindən imtina edilməli, yeni mütərəqqi sistem
yaradılmalı, iqtisadi siyasət
gücləndirilməli, yəni bazar
iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında
islahatlar aparılmalıdır. Ulu öndər
qeyd edirdi ki, təsərrüfat sahəsində iqtisadi islahatlar Azərbaycanın
yeganə yoludur və respublikada
dövlət mülkiyyətinin özəlləşdirilməsində,
mülkiyyət formalarının dəyişdirilməsində,
sahibkarlıq üçün şərait
yaradılmasında və ümumiyyətlə, Azərbaycan
iqtisadiyyatının bütün sahələrində
bazar iqtisadiyyatı prinsiplərinin həyata
keçirilməsində aqrar bölmənin
ehtiyat mənbələri böyük
əhəmiyyət kəsb edir. Bütün
bunların məntiqi nəticəsi olaraq
Heydər Əliyev ölkə əhalisinin ərzaqla, sənayenin
bir çox sahələrinin
xammalla təmin edilməsində kənd təsərrüfatının
imkanlarından maksimum istifadə edilməsi
ilə yanaşı, kənd təsərrüfatı sahəsində
iqtisadi islahatların keçirilməsinin
sürətləndirilməsini ilk plana çəkirdi.
2003-cü
ildə prezident seçkiləri zamanı namizədliyini
İlham Əliyevin xeyrinə geri götürən ulu öndər
həmin vaxt qeyd edirdi: “Mən öz mənalı həyatımın
düz 60 ilini xalqımın bu günü və sabahı ilə
yaşamışam. Bunun son on ili
müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə
görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli
planlarım var. Son vaxtlar səhhətimdə yaranan
bəzi problemlər mənə imkan vermir ki, bütün
bu başladığım, nəticələrini
aydın gördüyüm işləri
tamamlayım. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan
sonra da
xalqımızın ən layiqli
övladlarını öz ətrafında
sıx birləşdirərək Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı
yolunda çox işlər
görəcəklər. İnanıram ki,
mənim axıra çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa
çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Ulu öndərin siyasi varisi bu ümidləri qısa müddətdə doğrultdu, çünki həmin siyasət ənənəyə söykənir və bu missiya inkişaf edir. Ümumiyyətlə, Heydər Əliyevin müəyyənləşdirdiyi bütün sosial - iqtisadi hədəflər bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədləridir və bu strategiya bütünlüklə zəngin və qüdrətli Azərbaycanın davamlı inkişafına xidmət edir. Məhz, bu gün də davam edən bu strategiya dahi öndərimiz tərəfindən təməli qoyulmuş inkişaf və tərəqqi konsepsiyasına söykənir və müasir mərhələdə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşməkdədir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 6 aprel.- S. 3.