Ümummilli lider
Heydər Əliyevin vəfatından sonrakı 10 ildə Azərbaycan
xalqı onun tərəfindən əsası qoyulan inkişaf
xəttindən bəhrələnir
Xəbər
verdiyimiz kimi, Böyük Britaniyanın nüfuzlu “The Business
Year” jurnalı Azərbaycanla bağlı növbəti
xüsusi buraxılışını ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyinə həsr etmişdir. Jurnalda
baş redaktor Ceyson Conun ulu öndər Heydər Əliyevin həyat
və fəaliyyətinə həsr olunmuş məqaləsi
yer almışdır. AzərTAc məqaləni təqdim edir.
Ümummilli
lider Heydər Əliyevin həyatı və fəaliyyəti təkcə
Azərbaycanın XX əsrdəki mürəkkəb tarixini
deyil, həmçinin ölkənin müstəqil bir dövlət
kimi yenidən yaranmasını da özündə əks
etdirir. Onun həm ömür yolu, həm də siyasi
karyerasının ilk illəri Azərbaycan xalqının
yaşadığı mürəkkəb siyasi çətinlikləri
özündə birləşdirir. Məhz gərgin əmək
nəticəsində o, Sov.İKP MK-nın Siyasi Bürosunun
üzvü və SSRİ Nazirlər Soveti sədrinin
müavini vəzifələrinə qədər yüksəldi.
Sovet rəhbərliyi tərəfindən təqiblərə məruz
qalsa da, Azərbaycanın müstəqilliyi dövründə
o, öz bilik, bacarıq və təcrübəsini ölkəsinin
inkişafına sərf etmək üçün yenidən Vətənə
qayıtdı. Onun yenidən siyasi hakimiyyətə
qayıdışı zamanın tələbi idi. Bu
qayıdış xalqın tələbi, onun zəngin təcrübəsi
və ciddi xarakteri ilə səciyyələnirdi. Heydər Əliyevin
Azərbaycan üçün gördüyü işlər
ölkənin həm o vaxtkı, həm də gələcək
inkişafına hesablanmışdı.
Başlanğıc
Heydər Əliyev ilk müstəqil
Azərbaycan Respublikasının - Xalq Cümhuriyyətinin
süqutundan cəmi bir neçə il sonra, 1923-cü il
mayın 10-da Azərbaycanın uzaq əyalətlərindən
biri olan Naxçıvanda çoxuşaqlı ailədə
dünyaya göz açmışdır. Atası dəmir
yolunda maşinist, anası isə 8 uşağın
qayğısına qalan evdar qadın idi. Bu ailədəki
uşaqların hamısının təhsilə, elmə, incəsənətə
böyük marağı var idi. Təhsil
inkişafa aparan yeganə vasitə, Sovet İttifaqının
təhsil məktəbləri isə ailənin güzəranını
yaxşılaşdırmağın yeganə
çıxış yolu kimi görünürdü. Beynəlxalq
Skautlar Assosiasiyasının sovet modeli olan pionerlər hərəkatı
Heydər Əliyevin gəncliyində mühüm rol
oynamışdır. Pionerlərin Naxçıvandakı mərkəzində
Heydər Əliyev Azərbaycanın milli musiqi aləti olan
tarda ifa etməyi öyrənərək musiqi təhsili
almışdır. Burada o, həmçinin şahmat
oynamağı da öyrənmişdir. Gənc Heydər incəsənətin
rəssamlıq və teatr sahələrində də öz
bacarığını göstərmişdir. Təxminən
14-15 yaşlarında o, pionerlərin səhnələşdirdiyi
Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-
vəziri-xani-Lənkəran” pyesində baş rolda
oynamışdır. On altı yaşında o, “Hamlet” pyesində baş rolu
ifa etmişdir.
İncəsənət təhsili almaq
üçün həmin dövrdə Leninqrad adlanan
Sankt-Peterburq şəhərinə gedən qardaşı kimi
Heydər Əliyev də rəssamlıq
bacarığını inkişaf etdirmək istəyirdi.
Doğma Naxçıvanı nadir hallarda tərk
etsə də, Bakıda Elmlər Akademiyasında
çalışan digər qardaşı onu təhsilini davam
etdirməyə cəsarətləndirdi.
İrəvan və Tiflisdən keçərək
üç gün müddətində qatarla səyahət edən
Heydər Əliyev təhsilini davam etdirmək
üçün Bakıya gəldi. O zaman Bakıda İncəsənət
Akademiyası olmadığından Heydər Əliyev təhsilini
rəssamlıq qabiliyyətini üzə çıxara biləcəyi
memarlıq sahəsində davam etdirməyi qərara aldı. Universitetə qəbul olmaq üçün o, rus
dilində aparılan qəbul imtahanlarından keçməli
idi. O dövrdə Naxçıvanda olduqca az sayda rusdilli insanlar var idi və buna görə
də qəbul imtahanlarından keçmək
üçün o, Bakıda qısa müddətdə bu dili
öyrənməli oldu. Təqaüd almasına
baxmayaraq, bu kiçik məbləği bir qədər
artırmaq üçün o, gecə növbəsində
işləməyə başladı. Əvvəlcə
tikinti sənayesində fəhlə, daha sonra isə
qardaşının köməyi ilə Elmlər
Akademiyasının Coğrafiya İnstitutunda
çertyojçu işləmişdir.
1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun
memarlıq fakültəsinə daxil olduqdan sonra o, yenidən
teatr sevgisini reallaşdırmağa başladı. Universitetin
üçüncü kursunda onun təhsili İkinci Dünya
müharibəsinin başlaması ilə yarımçıq
qaldı. Cəbhədən uzaqda yerləşməsinə
baxmayaraq, Bakı faşist liderlərinə yağlı tikə
kimi görünürdü. Çünki sovet silahlı
qüvvələrinin müharibəyə tab gətirməsinə
səbəb məhz Bakının zəngin neft yataqları
idi. Fəhlə sinfinə mənsub olan Heydər
Əliyev pionerlər hərəkatının üzvü
olmasına və təmiz keçmişinə görə
Stalinin hakimiyyəti dövründə böyük uğur
hesab edilən bir məqsədə - təhlükəsizlik
orqanlarında qulluğa keçməyə nail oldu. 1942-ci ildə o, təhlükəsizlik xidmətlərində
ilk uğurunu, yəni leytenant rütbəsini qazandı. Həmin ildə onun atası vəfat etdi. Heydər
Əliyev 1969-cu ildə Sovet Siyasi Bürosu tərəfindən
Azərbaycan SSR-in rəhbəri seçilənə qədər,
yəni 26 il ərzində təhlükəsizlik
xidməti orqanlarında qulluq etmişdir.
İlk hakimiyyət
Bu iki əhəmiyyətli tarix arasında o, Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, ailə
qurmuş və uşaqları dünyaya gəlmişdir. O, 1948-ci ildə Zərifə
xanımla evlənmiş, qızı Sevil (1955-ci il) və Prezident vəzifəsində
atasının yolunu davam etdirən oğlu İlham (1961-ci il)
dünyaya gəlmişdir. Heydər Əliyevin
siyasi səriştəsi və gərgin fəaliyyəti sovet
təhlükəsizlik liderlərinin diqqətini cəlb
etmiş və 1967-ci ildə o, general rütbəsinə layiq
görülmüşdür. Elə bu
rütbə ilə o, Azərbaycanın siyasi səhnəsinin
pərdələri arasından çıxaraq 1969-cu ildə
Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi vəzifəsinə yüksəlmişdir.
Azərbaycan SSR-in lideri olaraq o, müasir Azərbaycan
Respublikasının əsasını təşkil edən
siyasət yürüdür və sovet sistemi daxilində
mövcud olan bir çox münaqişələri öz
ölkəsindən uzaq tutmağa
çalışırdı. O, iqtisadiyyat sahəsində ölkənin
Sovet İttifaqına verdiyi zənginlikdən əhalinin bəhrələnməsini
təmin edərək sürətli təsərrüfat və
iqtisadi inkişaf proqramları həyata keçirirdi. İncəsənət və təhsil sahəsində
o, bütün azərbaycanlıların inkişafına nail
olmağa çalışırdı. Onun Azərbaycan
dilini qorumaq istəyi 1977-ci ildə SSRİ
Konstitusiyasının qəbulundan bir il
sonra bu dilin Azərbaycan SSR-in rus dili ilə yanaşı,
ikinci rəsmi dil olaraq qəbul edilməsi ilə nəticələndi.
Onun hakimiyyəti dövründə Prezident
Aparatı və Milli Məclis kimi mühüm dövlət
orqanlarının binaları tikilib istifadəyə verildi.
Bu qurumlar mərkəzi sovet sisteminin orqanları
hesab olunsalar da, Azərbaycan müstəqilliyini bərpa etdikdən
sonra öz əsas vəzifələrini yerinə yetirəcəkdilər.
Bu günədək onlar Azərbaycanın
suverenliyinin əsas rəmzləri olaraq qalır. Sovet sisteminin məhdudiyyətləri daxilində
sıxışdırılsa da Heydər Əliyev Azərbaycan
SSR-ə rəhbərlik etdiyi müddətdə xalqda Azərbaycan
sevgisini yüksəltməyə
çalışmışdır. Bu isə
çətin vaxtlarda azərbaycanlılar tərəfindən
yüksək qiymətləndirildi. Lakin
onun bacarıq və səriştəsi yenidən sovet rəhbərliyinin
diqqətini çəkdi.
1982-ci ildə
Heydər Əliyev bir azərbaycanlı üçün
inanılmaz uğura nail oldu: Sovet Siyasi Bürosunun tam
hüquqlu üzvü təyin edildi. O, təkcə bu vəzifəyə
təyin edilən ilk azərbaycanlı deyil, həm də Sovet
İttifaqı tarixində əsrin yazılmamış
qanunlarına rəğmən həmin ali
kürsüyə yüksələn ilk müsəlman
olmuşdur. Siyasi Büronun tam hüquqlu
üzvü kimi Moskvada çalışan Heydər Əliyevin
Azərbaycandakı hakimiyyətini onun dəstək verdiyi
insanlar davam etdirdi. Həmin dövrdə o, sovet rəhbərliyinin
Mixail Qorbaçov, Qriqori Romanov (Qorbaçovun rəqibi) və
SSRİ-nin gələcək xarici işlər naziri,
Gürcüstan Prezidenti Eduard Şevarnadzenin də daxil
olduğu “gənc nəslinin” bir hissəsi hesab olunurdu. Bundan əvvəl isə Heydər Əliyev SSRİ
Nazirlər Soveti sədrinin müavini təyin olunmuşdu.
Bu vəzifədə o, 1987-ci ildə məcburi
təqaüdə göndərilənə qədər
çalışdı. Siyasi Büronun
üzvü olmaq ona dünyaya çıxış
şansı qazandırdı və xarici ölkələrə
səfərlər zamanı o, sovet sisteminin zəifliyini daha
yaxşı başa düşməyə başladı.
1980-ci illərdə sovet rəhbərliyində sürətlə
Brejnev, Andropov və Çernenko hakimiyyətləri dəyişən
zaman gənc nəsil hakimiyyətə gəlmək
şansı qazandı. Mixail Qorbaçov Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə
yüksəldi və onun hakimiyyətdə olduğu dövrdə
aşkarlıq və yenidənqurma təşəbbüsləri
meydana gəldi. Bu təşəbbüslər
isə 1991-ci ildə Sovet İttifaqının süqutu ilə
nəticələndi.
Qorbaçovun hakimiyyətə gəldiyi 1985-ci ildə
Heydər Əliyevin həyat yoldaşı akademik Zərifə
xanım vəfat etdi. Heydər Əliyev 1987-ci ildə
Qorbaçovun təzyiqi ilə istefaya gedənə qədər
Siyasi Büroda çalışmaqda davam etdi. Ona Azərbaycana qayıtmağa icazə verilmədi
və partiyanın Moskva ətrafındakı mülkünə
sürgünə göndərildi. Sovet
imperiyasının zəiflədiyi 1990-cı ilin ortalarında
doğma Vətəni Azərbaycan qonşu erməni millətçilərinin
hücumu təhlükəsi qarşısında qalanda o,
sürgündən xilas olmağı bacardı.
Oraya və geriyə
1990-cı ilin Qara Yanvar hadisələri Heydər Əliyevi
sarsıtdı. Doğma Azərbaycanda müstəqilliyə
qovuşmağa can atan xalqına qarşı Sovet
İttifaqı rəhbərliyinin törətdiyi vəhşilik
və Bakıda onlarla insanın öldürülməsi onun
sovet sisteminə olan bütün inamını yox etdi. O,
özünün və ailə üzvlərinin həyatını
təhlükəyə ataraq Kommunist partiyasının
üzvlüyündən istefa verdi və Vətənə
qayıtmaq üçün yollar düşünməyə
başladı. Moskvada ev həbsində
olduğu zaman onun sürgündən xilas olmaq cəhdlərinin
qarşısı sovet rəhbərliyi tərəfindən
alındı və nəhayət, 1990-cı ilin iyulunda o,
Bakıya qayıda bildi. Azərbaycanın o vaxt
hakimiyyətdə olan iqtidarı ona Bakıda yaşamaq
imkanı vermədilər. Heydər Əliyev
Naxçıvana getməyə məcbur oldu. Məhz Naxçıvanda o, Ali Məclisin deputatı
olaraq siyasi fəaliyyətini yenidən bərpa etdi. 1990-cı ildə Azərbaycan SSR-ə rəhbərlik
edən Ayaz Mütəllibov Moskvanın göstərişi ilə
Heydər Əliyevin fəaliyyətinə hər vəchlə
mane olmağa çalışırdı. Mütəllibovun hakimiyyəti dövrü Azərbaycanda
özbaşınalıq və Dağlıq Qarabağın
tam nəzarətdən çıxması ilə xarakterizə
olunur. 1992-ci ildə Xocalı
soyqırımından sonra onun hakimiyyətdə qalması
artıq qeyri-mümkün idi və o, Moskvaya qaçmaqla
hakimiyyətinə son qoydu. Bütün bu
müddət ərzində Heydər Əliyev blokada şəraitində
olan Naxçıvanda əhalinin təhlükəsizliyi və
güzəranı üçün ciddi tədbirlər
görür, mühüm qərarlar qəbul edirdi. Əbülfəz Elçibəyin prezidentliyi
dövründə Azərbaycan sovet sisteminin
dağılmasından sonra iqtisadi tənəzzül və
Dağlıq Qarabağda davam edən müharibə vəziyyətində
idi. 1993-cü ilin iyununda Elçibəy
güclənən siyasi böhranı aradan qaldırmaq
üçün Heydər Əliyevi Bakıya dəvət
etdi. Heydər Əliyev Ali Məclisin sədri
seçildi. 1993-cü ilin iyun
ayının sonunda Elçibəyin prezident vəzifəsindən
uzaqlaşması ilə Heydər Əliyev konstitusional olaraq
prezident vəzifəsini icra etməyə başladı. 1993-cü ilin oktyabrında keçirilən
seçkilər onun prezidentliyini rəsmiləşdirdi. Müstəqilliyini bərpa edən Azərbaycanın
taleyi artıq Heydər Əliyevin əllərində idi və
onun çiynində dövləti qorumaq və onun gələcəyini
planlaşdırmaq kimi çətin bir vəzifə dururdu.
Hakimiyyət dövrü
Heydər Əliyev ikinci dəfə Azərbaycan lideri olaraq
hakimiyyətdə idi. Lakin bu dəfə o, artıq sovet əsarəti
altında olan bir respublikanın deyil, müstəqil dövlətin
rəhbəri idi. Onun xalqı
qarşısında ən böyük xidmətlərindən
biri Azərbaycanı parçalanmaqdan xilas etməsi,
1994-cü ildə Dağlıq Qarabağ müharibəsində
atəşkəsə nail olması idi. Elə həmin il o, dünyanın aparıcı neft şirkətləri
ilə Azərbaycanın uzunmüddətli iqtisadi dirçəlişini
təmin edən “Əsrin müqaviləsi”ni imzaladı. Təkcə bu uğurlar onun siyasi
bacarığını sübut etməyə kifayət idi.
İkinci müstəqil respublikanın birincinin
taleyini yaşamaması üçün Heydər Əliyev əsas
öhdəliyin iqtisadiyyatı gücləndirmək və
daxili sabitliyi bərpa etmək olduğunu
düşünürdü.
1995-ci ildə ölkənin Konstitusiyası qəbul
olundu. Hakimiyyətdə olduğu iki prezidentlik dövrü
ərzində Heydər Əliyev ölkə
iqtisadiyyatını gücləndirməyə kömək edən
xarici sərmayə axını vasitəsilə bazar
iqtisadiyyatına keçidi təmin etdi. Ölkədə
aparılan digər islahat Sovet İttifaqına məxsus
kollektiv təsərrüfatın özəl təsərrüfata
keçməsi olmuşdur. Dilçilik sahəsində
o, 1930-cu illərdə Stalin rejiminin məcburiyyəti
altında qəbul edilən Kirill əlifbasını ləğv
edərək latın əlifbasının
qəbul edilməsinə nail olmuşdur.
Xarici siyasət sahəsində Heydər Əliyev Qərbdə
tərəfdaşlar axtarmağa və bununla da Azərbaycana gələcəkdə
yardım edə biləcək dostlar qazanmağa
başladı.
1999-cu ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin
inşası ilə bağlı müqavilənin
imzalanması onun xarici siyasətini daha da möhkəmlətmiş
və neft-qaz sənayesində Azərbaycanın iqtisadi
bazarını şaxələndirməyə nail olmuşdur. Bu dövrdə həyata keçirilən
islahatların bir çoxu onun vəfatından sonra öz bəhrəsini
verməyə başladı. Bununla belə,
onun əsasını qoyduğu uzunmüddətli inkişaf xətti
Azərbaycanın iqtisadi dirçəlişinin əsasını
təşkil edir.
2003-cü ilin dekabrında Heydər Əliyev 80
yaşında vəfat etdi. Onun qurub
yaratdığı Azərbaycan keçmiş sovet
respublikaları arasında ən güclü ölkələrdən
birinə çevrildi. Artıq
iqtisadiyyatı güclənən Azərbaycanın
inkişafının yeni mərhələsi başlayıb.
İqtisadi keçid mərhələsi başa
çatıb. İkinci müstəqil Azərbaycan
Respublikasının taleyi artıq təhlükəsizdir.
İnkişaf yolunun üfüqləri
aydındır.
Xalq qəzeti.- 2013.- 6 aprel.- S. 4.