Xəzər rayonunun gəncləri narkomaniyaya “Yox!” dedilər

 

Dünyada böyük bəlaya çevrilmiş narkomanlığın qarşısının alınması üçün Azərbaycanda ardıcıl tədbirlər görülür, mühüm işlər həyata keçirilir. Ölkədə narkomanlığın yayılmaması, bu bəlaya vətəndaşların, xüsusən yeniyetmə və gənclərin düçar olmaması üçün görülən tədbirlər, aparılan təbliğat işləri daha da gücləndirilir.

Aprelin 5-də Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon gəncləri üçün təşkil edilmiş dəyirmi masada narkotik vasitələrin, psixotrop maddələrin, onların qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması ilə bağlı müzakirələr aparılıb. 237 saylı tam orta məktəbdə keçirilmiş tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Nigar Əliyeva, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Zakir Cabbarov, Xəzər Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin polis leytenantı Ramil Səlimov yeniyetmə və gənclərə narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmi üçün təhlükəsi barədə məlumat vermiş, onların qanunsuz dövriyyəsi, narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışmışlar. Yeniyetmə və gənclər müzakirələrdə fəal iştirak edərək, bildirmişlər ki, müasir dünyanın inkişafına öz töhfələrini verən Azərbaycanın vətəndaşı olduqlarından qürur hissi duyurlar və gələcək üçün böyük təhlükə yaradan narkomanlığa qaprşı mübarizəyə hər an hazırdırlar.

 

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2013.- 6 aprel.- S. 4.