Beynəlxalq siyasətdə
transformasiya zərurəti
(əvvəli
5 aprel 2013-cü il tarixli sayımızda)
Neoimperialist siyasəti yeridən dövlətlərin doğrudan
doğruya demokratiyanı
müdafiə etməsi
hansı məntiqə
sığır? Lüləsinə “demokratiya” geydirilən
silahla hansı ölkədə əsl demokratiya “əkmək” olar? Belə suallar zəncirindən
asılıb qalan və ağırlaşaraq
bu yükün basqısından irəli hərəkət edə bilməyən ekspansionist siyasətin özünü
beynəlxalq siyasət
kimi qələmə vermək bu gün daha heç
kimi inandırmır və belə bir siyasət artıq hərbi güc üstünlüyü
olmadan dünyanın heç bir bölgəsində özünə
dəstək tapa bilmir.
Özünün
yaratdığı problemlərin girdabında boğulan “arxaik
siyasətin” dünyada “demokratiya dəlikləri” axtarması və
onlara barmaq tıxaması getdikcə daha tez-tez əks-nəticələr
verir və onun özünü aramsız böhranlar
burulğanına salır.
Lakin
qlobal siyasi arenanın iştirakçıları yalnız
neo-imperialistlər və avtoritarlardan ibarət deyil. Bu gün
beynəlxalq həyatda yetişməkdə olan yeni siyasi
situasiyanın reallığı neoimperializmin teatrallaşdırdığı
mühafizəkar dünya modeli ilə birbaşa ziddiyyət təşkil
edir. Çünki artıq dünya “köhnə qaydalarla”
yaşaya və idarə oluna bilmir. Dünya dövlətlərinin
böyük əksəriyyəti qlobal siyasət “teatrında”
onlara ayrılmış, daha doğrusu, onlara sırınan rolların
itaətkar ifaçısı olmaqdan imtina edir. Hələ
latent formada davam edən bu qarşıdurma bəzi siyasi
situasiyalarda açıq qarşıdurmalara səbəb ola
biləcək qədər təhlükəli
görünür. Çünki özlərini dünyaya
hökmran sayan dövlətlər bu üstünlüyü
heç vəchlə əldən vermək istəmir,
dünya siyasətində son onilliklərdə fəallaşma
mövqeyi qazanan gənc suveren dövlətlər isə beynəlxalq
siyasi rejimin onları daim əhəmiyyətsizlik və fəaliyyətsizlik
şəraitində saxlayan mühafizəkar qaydaları
çərçivəsinə sığmırlar. Kifayət
dərəcədə iqtisadi və siyasi sabitlik əldə
etmiş, öz vətəndaşları üçün zəruri
olan ümumbəşəri və demokratik dəyərləri
öz cəmiyyətlərində bərqərar etmiş
Türkiyə, Argentina, Braziliya və s. kimi dövlətlər
artıq qlobal siyasət səhnəsində onlara uzun müddət
əvvəl ayrılmış rollarla haqlı olaraq qane olmaq
istəmirlər. Belə bir vəziyyətdə dünyanı
idarə edən dövlətlər də güzəştə
getməyin qaçılmaz olduğunu anlayır və
vaxtaşırı dünyanın müxtəlif bölgələrində
baş verən hadisələrin dəyərləndirilməsi
zamanı fəallaşmaqda olan dövlətlərin mövqeləri
ilə hesablaşmaq zorunda qalır, bəlkə özləri
də bunu istəmədən həmin dövlətlərin
qlobal siyasətə daha fəal şəkildə cəlb
olunmaları üçün imkan yaratmalı olurlar. Belə
bir dinamikanı və belə bir perspektivin ilk əlamətlərini
“Dünya nəhəngləri” adlandırılan dövlətlərin
daxil olduğu G-7 formatının əvvəl G-8-ə, daha
sonra G-20-yə transformasiya etməsi prosesində müşahidə
edirik.
Beləliklə,
müasir dünyanın siyasi həyatında əsl mübarizə
neoimperializmlə avtoritarizm arasında deyil, neoimperializmlə fəallaşmaqda
olan digər dövlətlərin, şərti olaraq “yeni nəsil
dünya dövlətləri” adlandıracağımız
dövlətlərin arasında - yəni qlobal hegemonluq ilə
qlobal təşəbbüskarlıq arasında baş verir.
İndiyədək,
yəni XXI əsrin astanasına qədərki dövrdə
müstəqilliyini və suverenliyini itirmək qorxusu
altında öz siyasətini daim hegemon dövlətlərin
siyasətinə uzlaşdırmağa çalışan yeni
nəsil dünya dövlətləri artıq neoimperializmə
qarşı öz siyasi, ideoloji və hüquqi
platformasını yaratmaq əzmindədirlər. Bu onu göstərir
ki, artıq müasir siyasi əxlaq və sivilizasiya
qanunları beynəlxalq həyatda “paternalizm” siyasətini və
onun yaratdığı “vassallıq” münasibətlərini qəbul
etmir.
Belə
bir vəziyyətdə dünyanın idarə
olunmasının yeni konfiqurasiyasının tapılmasına
ehtiyac hiss olunur və bu da öz növbəsində qlobal idarəetmənin
yeni qlobal siyasi vəziyyətə
uyğunlaşdırılmasını aktuallaşdıran
mövqeyin ortaya qoyulmasını zəruri edir. Belə bir
mövqeyi nə hegemonlar, nə də avtoritarlar ortaya qoya bilər.
Çünki dünyanın idarə olunması kimi qlobal bir məsələdə
hər hansı bir islahata və ya güzəştlərə
getmək, ümumiyyətlə, onların mahiyyətinə
uyğun deyil. Bu mübarizədə böyük demokratiya təcrübəsinə
malik olan Avropa dövlətləri ön cinahda olmaqla, yeni nəsil
demokratik dünya dövlətlərinin sırası daha da
genişlənməli və möhkəmlənməlidir. Məhz
belə bir siyasətin tərəfdarları beynəlxalq siyasətdə
böyük perspektivi olan yeni bir tendensiyanın tarixi
yaradıcısı ola bilərlər. Bu dövlətlərin
yürütdüyü və getdikcə daha inamla yürüdəcəyi
beynəlxalq siyasətin idarəetmə planında beynəlxalq
həyatın bütün reallıqları nəzərə
alına bilər. Məhz bu kontekstdə fəallaşaraq, əlverişli
beynəlxalq siyasi situasiyada ümumdünya siyasətinin müəyyənləşdirilməsində,
regional və qlobal layihələrin həyata keçirilməsində
və qlobal idarəetmədə öz üzərinə yeni
rol və məsuliyyət götürməyə
çalışan Türkiyə, Braziliya, Argentina və s.
kimi dövlətlər qlobal siyasət arenasında öz
mübarizəsinə başlamaqdadır. Son on ildə Azərbaycanda
baş tutan hərtərəfli davamlı inkişaf, daxildə
həyat səviyyəsinin yüksəlməsi ilə bərabər
beynəlxalq miqyasda gündən-günə genişlənən
təşəbbüskarlıq və dünya birliyinin də əsasən
adekvat reaksiyası Azərbaycanın da yaxın gələcəkdə
bu dövlətlər sırasında yer ala biləcəyini
deməyə əsas verir. Onların apardığı siyasətin
öz məzmununa, məramına və hədəflərinə
görə həm neo-imperialistlərin, həm də avtoritar
rejimlərin inadla aparmağa israrlı olduğu ekspansionist və
öz xalqlarına qarşı despotik siyasətdən tamamilə
fərqləndiyini görmək isə heç də çətin
deyil. Məhz bu dövlətlərin təşəbbüskarlığının
müasir global siyasətdəki inikası başlıca məram
və məqsədləri ilə “Yeni Nəsil Dünya
Dövlətləri” ideyasının əsasında duran
idealları özündə əks etdirir.
Məram,
məqsəd və ideallarına görə bu mövqedə
dayanan dövlətlərin birgə fəaliyyətinin getdikcə
daha çox beynəlxalq siyasətin mütərəqqi ruhunu
və optimist tendensiyalarını ifadə etməyə qadir
olacağı mümkün görünür. Məhz belə
bir mövqeyin dünya dövlətləri arasında tədricən
aktuallaşmasının parlaq təsdiqidir ki, 155 dövlətin
dəstəyi ilə Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçildi. Beynəlxalq
sistemin subyektləri onların mənafeyini daha yüksək səviyyədə
qoruya bilən gənc bir dövlətə - Azərbaycana
etibar etdilər. Bu etimad, heç şübhəsiz, beynəlxalq
siyasətdə öz universal platformasını müəyyənləşdirməkdə
olan yeni nəsil dünya dövlətlərinin hamısı
üçün örnək və möhkəmləndirici
dayaqdır.
Əslində,
guya, bütün dünyanın böhranla üzləşdiyi
bir vaxtda bir sıra dövlətlər, o cümlədən gənc
suveren dövlət olan Azərbaycan nəinki bu böhrandan
sovuşub, hətta son 8 il ərzində ölkədə
ümumdaxili məhsulun üç dəfə artmasına nail
olub. Bu nailiyyət təkcə ölkədaxili amillərlə
bağlı deyil, həm də Azərbaycanın
özünü kimlərinsə maraq dairəsinə tabe etdirmədən,
beynəlxalq siyasətdə digər suveren dövlətlərlə
çiyin-çiyinə qlobal əməkdaşlıq
tendensiyasını gücləndirməsinin və dünya
birliyini bu yolun doğruluğuna inandırmaq uğrunda səmimiyyətlə
çalışmasının bəhrəsidir. Bu gün Azərbaycanın
həm Şərq, həm də Qərb dövlətləri
ilə apardığı uğurlu siyasət beynəlxalq
miqyasda qlobal əməkdaşlığa və dinamik
inkişafa, iqtisadi-mədəni əlaqələrin dərinləşməsinə
və daha məhsuldar, çoxtərəfli və davamlı
olmasına geniş perspektivlər açır. Beynəlxalq
siyasətin inkişafında Azərbaycan kimi öz mövqeyi
olan yeni nəsil demokratik dövlətlərin rolunun artması
bu inkişafın dialektik qanunauyğunluğunun nəticəsidir.
Azərbaycan kimi gənc bir dövlətin 200 dövlətdən
155-nin dəstəyini qazanmasını məhz belə bir nəticə
hesab etmək olar. Bu təkcə Azərbaycan üçün
yox, həm də uğurlu bir presedent kimi bütün dünya
birliyi üçün mütərəqqi hadisədir. Belə
ki, bütün beynəlxalq subyektlər paritet əsaslarda beynəlxalq
siyasəti təmsil etmək və irəlilətmək
imkanlarına malik olduqda, qlobal siyasət öz mütənasibliyini
əldə edərək bütün tərəfdaşların
gücünü dünyanın qlobal problemlərinin həllinə
doğru daha optimal şəkildə səfərbər edə
bilər. Bu gün neoimperializmin paternalist siyasətinə,
qlobal idarəetmənin öz mahiyyətindən
yayındırılmasına, beynəlxalq münasibətlərin
gərginləşdirilməsinə, beynəlxalq hüquq
qaydalarının pozulmasına, qlobalmiqyaslı ədalətsizliyə,
demokratiyanın təhrifinə və ondan sui-istifadə edilməsinə,
dünya birliyinin ayrı-ayrı hegemon dövlətlərinin
“milli maraqları” naminə demokratiyanın
sarsıdılmasına qarşı BMT özünün yeni
konsepsiyasını ortaya qoymalıdır. Bu konsepsiyada
dünyanın gələcəyinə yeni yanaşmanın
yüksək siyasi əxlaq meyarları ilə uzlaşan nəzəri
istiqamətləri müəyyən olunmalıdır.
Fenomenal
dəyişiklikləri nəzərdə tutmalı olan yeni
konsepsiya müasir dünyadakı gərgin situasiya kontekstində
beynəlxalq sistemdə hər hansı bir forma və səviyyədə
dominantlıq siyasətinin status-kvo kimi saxlanmasını, hər
hansı bir subyektin və ya subyektlərin birtərəfli
şəkildə üstünləşməsini və
onların öz mövqeyini dünya birliyinə diktə etməsini
istisna etməlidir. Təbiidir ki, bu prosesdə hazırda qlobal
idarəetmədə həlledici mövqeyə malik olan
dövlətlərin öz aralarındakı münasibətlər
və belə bir aparıcı mövqeyi əldə etməyə
çalışan yeni qüdrətli dövlətlərin
beynəlxalq arenaya çıxaraq buradakı prioritetləri
bölüşməsi həm də dünyanın siyasi
inkişafına yeni təsir imkanları yaradacaq.
Yeni
nəsil demokratik dünya dövlətlərinin birgə səyi
və fəaliyyəti ilə baş verməsi mümkün
olan bu transformasiya prosesi “realpolitikin” dünyanı fövqəldövlət
rejiminin mütləqliyində saxlanmasına yönəlmiş
mühafizəkar doktrinaları ilə ziddiyyət təşkil
edir. Doğrudan da, qlobal təhlükəyə potensial mənbə
olan bugünkü beynəlxalq şəraitin dəyişməzliyini
hər hansı bir inkişafın şərti hesab etmək
absurd görünür. Beynəlxalq siyasətin yeni təhlükəsizlik
konsepsiyası bu metafizik doktrinaya qarşı özünün
dialektik konsepsiyasını ortaya qoymaqla beynəlxalq sistemin
siyasi, hüquqi və etik əsaslarının daha mükəmməl
dayaqlar üzərində qurulmasına nail olmalı və beləliklə,
daimi təhlükəlilik və qeyri-sabitlik rejimini getdikcə
neytrallaşdıraraq aradan çıxarmağın
mümkün vasitə və mexanizmlərini
yaratmalıdır. Bu zaman həm də nəzərə
alınmalıdır ki, hər bir dövlətin milli siyasətinin
beynəlxalq siyasətlə orqanikləşməsi onların
hər ikisinin bir-birini stimullaşdıraraq inkişaf etməsi
deməkdir. Suveren milli dövlətlər mənsub
olduqları sivilizasiyaların kodunu
daşıdığına görə, onların beynəlxalq
siyasi sistemdə strukturlaşdırdığı siyasət də
həmin sivilizasiyanın özünəməxsus keyfiyyətlərinə,
yəni həm də fərqli yanaşma dəyərlərinə,
özünəməxsus meyar və prinsiplərinə malikdir.
Beləliklə, siyasət özünün bütün
parametrləri ilə sivilizasiyanın dərin köklərinə,
onun ümumi inkişaf məntiqinə bağlıdırsa və
öz növbəsində sivilizasiyanın da bütün taleyi
və perspektivi onun etik substansiyasından – əsaslandığı
əxlaqi dəyərlərin kamilliyindən və keyfiyyətindən
asılıdırsa, deməli, siyasət və onun idarəetmə
texnologiyaları da çevrəsində olduğu
sivilizasiyanın əxlaq mentalitetindən və etik tərəqqi
tələblərindən kənarda qala bilməz.
Arxitektonik
quruluşlu qlobal siyasi sistemin beynəlxalq ədalətə
söykənən universal ideyasına görə, yalnız
millətlərin birliyi bəşəriyyətin gerçək
substansiyasını ifadə edir. Müasir dünya birliyinin təşəkkülünə
doğru inkişafın hazırkı mərhələsində
ümumdünya demokratikləşmə və modernləşmə
hərəkatının genişlənməsi və məhz
demokratik suveren milli dövlətlərin sıx
konsolidasiyası dönməz proses olaraq planetar siyasi-antropoloji
sistemi onun inkişafının yeni fazasına, bəşəriyyəti
təşkil edən millətləri isə daha geniş əməkdaşlıq
münasibətlərinin qurulmasına hazırlayır. Beynəlxalq
münasibətlərin inkişafının, həqiqətən,
əməkdaşlıqdan başqa alternativi yoxdur. Əməkdaşlıq
isə idarə edənlə idarə olunan arasında
mümkün olmur. Buna görə də indiyədək - ən
azı Sovet imperiyasının sonunadək “Parçala və
hökm” sür prinsipinə əsaslanan beynəlxalq siyasət
(və ya qlobal siyasət) artıq dəyişilməyə məhkumdur.
Müasir dövrümüzdə dövlətlərarası
münasibətləri tənzimləyəcək və
dünyanın sülh və sabitlik şəraitində idarə
olunmasını təmin edə biləcək siyasət
artıq dünyanın bölüşdürülməsinin
deyil, birləşdirilməsinin qlobal siyasətinə
çevrilməlidir.
Qloballaşan
dünya – ayrı-ayrı siyasi, iqtisadi, hərbi, ideoloji, dini
maraqların toqquşma meydanı kimi daralan, geopolitik ərazilərə
parçalanan, təbii ehtiyatları tükəndirilən
dünya deyil, əksinə, qarşılıqlı əməkdaşlıq
meydanı kimi genişlənən, geopolitik maraqların
konsensusu yaradılan, təbii-intellektual ehtiyatlarının
fasiləsiz artımı təmin olunan dünya modelində
proyeksiya alaraq bütün bəşəriyyətin məsuliyyət
daşıdığı İnsan Planeti olmalıdır.
Planetimiz isə bu gün, doğrudan da,
çoxqütblüdür. Bu
qütblər isə yalnız neo-imperialistlərdən,
avtoritarlardan və yeni nəsil demokratik dünya dövlətlərindən
də ibarət deyil. Bir anlığa İran, Şimali Koreya
kimi dövlətlərin nüvə silahına malik ola bilmək
ehtimalını və dünyanın bütün qitələrində
tez-tez öz mövcudluğunu hiss etdirən beynəlxaq terror
qurumlarını da göz önünə alanda müasir
dünyanın, doğrudan da, çoxqütblü, bu qütblər arasındakı
münasibətlərin isə olduqca ziddiyyətli və
mürəkkəb olduğuna şübhə yeri qalmır. Bu
ziddiyyətlərdən doğan dağıdıcı təsir
qüvvəsi isə beynəlxalq sistemin hər bir subyektinə
bu və ya digər dərəcədə təsir etməkdədir.
Bu baxımdan belə bir transformasiya yalnız söz sahibi olmaq
uğrunda mübarizəyə
qalxan dövlətlər üçün deyil, Yer
üzündə yaşayan hər bir insan üçün əhəmiyyətlidir. İnsan - Dövlət münasibətlərinin yeni quruluş alması istiqamətində
formalaşan yeni siyasi-antropoloji
sistemdə İnsan
özünü Siyasət tərəfindən idarə olunan
passiv obyekt kimi deyil, siyasəti idarə edən aktiv subyekt kimi
dərk etməlidir. Bu gün
sürətlə transformasiyaya uğrayan planetdə beynəlxalq siyasətin yeni
platforması hegemon dövlətlər tərəfindən
deyil, məhz sözün əsl mənasında dünya
birliyi tərəfindən işlənib
hazırlanmalıdır. Belə bir platformada insan inkişafı - dünya
inkişafının, suveren milli dövlət - genişlənən
dünya birliyinin, yaradıcı əxlaq - rasional siyasətin,
ləyaqət və humanizm -
getdikcə cilalanan bəşər sivilizasiyasının
dayağı anlamında bəyan
edilməli və istisnasız olaraq bütün dövlətlər
tərəfindən qəbul
edilməlidir. Bütün bunların həqiqətə
çevrilməsi üçün
beynəlxalq sistemdə
ciddi struktur dəyişikliklərinin həyata
keçirilməsi gündən-günə zərurətə
çevrilməkdədir. Yalnız o zaman biz yeni
dünyanın və ya dünya inkişafının yeni mərhələsinin
vətəndaşları olduğumuzu hiss edə və bununla
fəxr edə bilərik.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru
Xalq qəzeti.- 2013.- 6 aprel.- S. 5.