Prezident İlham ƏLİYEV: Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlət quruculuğu yolu Azərbaycanda bundan sonra da davam etdirilməlidir

 

Hazırda dünyanın nüfuzlu iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, 2004-cü ildə Prezident İlham Əliyevin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq  reallığa çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırmış və hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.

Bu gün Azərbaycanın bütün yaşayış məntəqələri tanınmaz dərəcədə dəyişmiş, müasirləşmiş və əhalinin sosial şəraiti yüksəlmişdir.

Respublikamız öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirməkdə, onu zənginləşdirməkdə davam edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür. Öz enerji təhlükəsizliyini təmin etmiş ölkəmiz Avropanın enerji bazarında mühüm amilə çevrilir, həm də onun təhlükəsizliyinə öz töhfələrini verir. Hesablamalara görə, hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında Azərbaycanın payı 30-40 faiz təşkil edir.

Bütün bunlar barədə  Prezident İlham Əliyevin  Böyük Britaniyanın nüfuzlu “The Business Year”jurnalına müsahibəsində ətraflı bəhs edilmişdir. Müxbirin “Bu il Azərbaycana rəhbərliyinizin 10 ili tamam olur. Geriyə baxarkən, ötən dövrü necə qiymətləndirərdiniz və bu müddət ərzində baş vermiş hadisələrdən hansını ən qürurverici hesab edirsiniz?” – sualına cavabında dövlət başçımız demişdir ki, arxada qalan 10 il Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Biz ümummilli lider Heydər Əliyevin siyasi kursuna, yaratdığı ictimai-siyasi sabitliyə və iqtisadi bazaya, xalqın möhkəm dəstəyinə söykənərək çox böyük uğurlara imza atmışıq. Həm ölkənin ümumi inkişaf konturlarını, həm də ayrı-ayrılıqda hər bir sahədə görüləcək işləri əhatə edən çoxsaylı dövlət proqramları qəbul olundu və uğurla icra edildi. Bu işlərin görülməsi daxili sosial-iqtisadi inkişafın təminatına, vətəndaşların rifahının yüksəldilməsinə və cəmiyyət qarşısında duran digər problemlərin həllinə mühüm təsir göstərdi. Azərbaycanın yeni neft strategiyasının işə düşməsi bizə bütün gələcək planlarımızı reallaşdırmağa geniş imkanlar açdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və şaxələndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropa və dünya bazarına çıxışını təmin etdi ki, bu da təkcə keçən on ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olmuşdur.

Prezident İlham Əliyev suala cavabında daha sonra ölkəmizin ötən 10 il ərzindəki sosial-iqtisadi inkişafını konkret göstəricilərlə diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu dövr ərzində iqtisadiyyat 3 dəfə artmış, şaxələnmiş, müasir sosial-iqtisadi infrastruktur yaradılmış, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmişdir. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi bu il  25 milyard dollara çatdırılmışdır. Ölkədə bir milyondan çox yeni iş yeri yaradılmış, əhalinin işsizlik səviyyəsi 5,1 faizə salınmışdır. 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, ötən il bu rəqəm 6 faizə endirilmişdir. Bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir. Azərbaycan iqtisadiyyatına bütövlükdə 140 milyard dollar həcmində sərmayə qoyulmuş, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötmüşdür.

Dövlət başçımız xatırlatmışdır ki, 2005-2009-cu illərdə Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlət olmuş, iqtisadiyyatda keçid dövrünü başa çatdırmışdır. Həmin ildən başlayaraq əsas diqqət ölkənin neftdən asılılığının azaldılmasına yönəldilmiş  və son üç ilin dinamikası aydın şəkildə göstərir ki,  Azərbaycan rəhbərliyi bu  vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Hazırda neft hasilatı sabit saxlanılmaqla, ölkənin iqtisadi artımı əsasən qeyri-neft sektorunun hesabına reallaşdırılır. Hətta dünyadakı maliyyə böhranının başladığı 2009-cu ildə Azərbaycan iqtisadiyyatında 9 faiz artım olmuşdur. Keçən il Azərbaycanda neft hasilatı müəyyən səbəblərdən aşağı düşsə də, ümumi daxili məhsulun 2,2 faizlik artımı müşahidə olunmuş, qeyri-neft sektoru isə təxminən 10 faiz yüksəlmişdir. Son 8 ildə isə qeyri-neft sektoru 2 dəfə artmışdır.

Ölkə rəhbəri əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışarkən demişdir: “...Azərbaycanda sosial sahədə ciddi irəliləyiş əldə etmişik. Son 10 ildə müasir tələblərə uyğun 2500-dən artıq məktəb, yüzlərlə səhiyyə müəssisəsi, idman kompleksləri və çoxsaylı sosial təyinatlı digər obyektlər tikilmiş və istifadəyə verilmişdir. Ölkədə əməkhaqlarını, sosial müavinətləri mütəmadi olaraq artırırıq və artırmaqda davam edəcəyik. Eyni zamanda, 2012-ci ildə Azərbaycanda sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsinə başlanılmışdır. Qeyd edilməlidir ki, bütün postsovet məkanında yalnız Azərbaycanda bu vəsaitlər qısa zamanda və ən yüksək əmsalla ödənilir.

Məlum olduğu kimi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq qaçqın və məcburi köçkün yaranmış, onlar çox acınacaqlı şəraitdə, çadır şəhərciklərində, yaşayış üçün münasib olmayan digər yerlərdə məskunlaşmışlar. 2004-cü ildən biz məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı ciddi tədbirlər görməyə başladıq. Ötən müddət ərzində bütün çadır şəhərcikləri ləğv olunmuş, 77 müasir qəsəbə salınmış, yüz minlərlə məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Ötən il biz 20 min məcburi köçkünü müasir mənzillərə, evlərə köçürdük və bu il daha 20 min nəfərin mənzil problemini həll edəcəyik”.

Prezident İlham Əliyev müsahibəsində ölkəmizin təhlükəsizlik məsələsinə də toxunmuşdur. Demişdir ki, ötən illər ərzində Azərbaycanın təhlükəsizlik strategiyası uğurla həyata keçirilmişdir. İlk növbədə, enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artmışdır. Azərbaycanın müəllifi olduğu və Türkiyə ilə birlikdə reallaşdırılan TANAP layihəsi həyata keçirildikdən, yəni 2017-ci ildən sonra Avropanın təbii qaz bazarında ölkənin  rolu daha da yüksələcəkdir. Bu layihə respublikamızın uzunmüddətli inkişafını, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ərazilərimizin işğalı faktı nəzərə alınaraq ordu quruculuğu prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. Bu gün Azərbaycan Ordusu maddi-texniki, silah-sursat təchizatı, nizam-intizam, döyüş qabiliyyəti parametrlərinə görə Cənubi Qafqazın ən güclü ordusudur. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi təsis olunmuş, hərbi təyinatlı müəssisələr işə salınmışdır və artıq 700 çeşiddə məhsul istehsal edilir.

Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. Azərbaycan artıq dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilmişdir.

Ölkəmizin sosial-iqtisadi uğurları beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapmışdır. Bu barədə danışan dövlət başçımız demişdir: “Keçən il dünyanın aparıcı “Fitch”, “Moody’s” “Standard & Poor’s” reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırmışlar. Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasənyüksək insan inkişafıölkələri qrupuna yüksəlmişdir. Dünya İqtisadi ForumununQlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz dünyada 46-cı, MDB məkanında isə 1-ci yerdədir. Bu il Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bu, ölkəmizin iqtisadi nailiyyətlərinin dünya birliyi tərəfindən təsdiq edilməsi deməkdir”.

Müsahibədə eyni zamanda Azərbaycanın 2011-ci ildə yüksək rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi,  ötən ilin  mayında isə təşkilata sədrlik etməsi müstəqillik illərində ölkəmizin davamlı inkişafına, dünyada qazandığı hörmətə, qlobal təhlükəsizliyə töhfələrinə verilən beynəlxalq qiymət kimi dəyərləndirilmişdir.

Prezident İlham Əliyevin  “The Buisness Year” jurnalına müsahibəsində yuxarıda qeyd edilənlərlə yanaşı, 2011-ci ildə Azərbaycan Avropanın bir nömrəli musiqi yarışması - “Eurovision”un qalibi olması 2012-ci ildə bu müsabiqəni uğurla keçirərək bütün dünyaya öz böyük potensialını təqdim etməsi, keçən il BMT-nin VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsi, Azərbaycanın ilk süni telekommunikasiya peykinin orbitə çıxarılması mühüm hadisə kimi diqqətə çatdırılmış, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə l Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı tarixi hadisə ölkəmizin böyük uğuru kimi xatırladılmışdır.

Dövlət başçımızın  The Business Year” jurnalına müsahibəsində müxbirinQarşıdan gələn prezident seçkilərini nəzərə almaqla ölkənin gələcəyi qarşıda duran vəzifələr haqqında deyə bilərsiniz?”-sualına cavabı da  böyük maraq doğurur: “20 ildən çoxdur ki, Azərbaycan totalitar bir sistemin buxovlarından azad olaraq müstəqil demokratik dövlət quruculuğu yolu ilə gedir. Müstəqilliyə qədəm qoyduğumuz həmin həssas dövrdə kimin, hansı qüvvənin hakimiyyətə gələcəyi xalq üçün kifayət qədər taleyüklü məsələ idi. Azərbaycanın 1990-cı illərin əvvəllərində rastlaşdığı acı təcrübə göstərir ki, dövlət idarəçiliyinin məsuliyyətini dərk etməyən, təsadüfi insanların hakimiyyətə gəlməsi xalqı fəlakətlə, dövləti isə ciddi problemlərlə üz-üzə qoya bilər. Azərbaycan xalqı müdrik xalqdır öz tarixinin həlledici anlarında düzgün qərar qəbul etməyi bacarıb. Bu xalq 1993-cü ildə - dövlətçiliyimiz mühüm təhlükə qarşısında qalarkən özünün qəti sözünü dedi böyük dövlətçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 20 il ərzində Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının ardıcıl surətdə həyata keçirilməsi ölkəmizin dinamik inkişafını təmin etdi, onu dünyanın müasir demokratik dövlətinə çevirdi. Bilirsiniz ki, müasir demokratik dövlət quruculuğunun müəyyən dəyişməz prinsipləri, dəyərlər sistemi mövcuddur ki, onlar ardıcıl olaraq təmin edilir bu sahədəki əsas strateji hədəflər qorunub saxlanılır. Mən tam əminəm ki, Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlət, demokratik inkişaf sosial rifah kursu, vətəndaş cəmiyyəti quruculuğu yolu Azərbaycanda bundan sonra da davam etdirilməlidir. Bu siyasətin başlıca prioriteti, əlbəttə ki, ilk növbədə dünyanın inkişaf etmiş ölkələri ilə bir cərgədə dayanan, rəqabət qabiliyyətli, ərazi bütövlüyü bərpa olunmuş, müstəqil, güclü demokratik  Azərbaycan olmalıdır...”.

Ölkə rəhbəri müsahibəsində həmçinin Azərbaycanın son illərdə qazandığı idman uğurlarından, eyni zamanda 2015-ci ilə kimi I Avropa Oyunlarının keçirilməsi üçün respublikamızda bütün infrastrukturun, texniki-təşkilati məsələlərin  həllini tapacağından bəhs etmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 7 aprel.- S. 1.