Azərbaycan
terrorizmə qarşı mübarizəyə mühüm
əhəmiyyət verir
Gənc müstəqil Azərbaycan dövlətinin son on ildə qazandığı çoxsaylı siyasi uğurlar dünyanın bütün ölkələrində və beynəlxalq təşkilatların hamısında maraqla qarşılanır və təqdir olunur. Xüsusən ölkəmizin istənilən beynəlxalq tədbir üçün açıq elan olunması rəsmi Bakıya beynəlxalq aləmdə daha böyük nüfuz qazandırır. Əcnəbi ekspertlər səmimi şəkildə etiraf edirlər ki, artıq Azərbaycanda dünya əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilmədiyi bir il qeydə alınmır.
Bu tədbirlər
təkcə sosial-iqtisadi və ya ictimai-siyasi məzmunlu
mövzuları əhatə etmir. Azərbaycan
paytaxtı və ölkəmizin bütün
şəhər və rayonları cəmiyyət həyatının
istənilən sahəsinə həsr olunmuş
beynəlxalq tədbirlərin keçirilməsində
özünəməxsus təcrübə qazanıb və öz ənənəsini
formalaşdırıb. Bu baxımdan
martın 18-də başlayıb 19-da uğurla
başa çatan “Terrorizmin qarşısının
alınmasında əməkdaşlığın gücləndirilməsi”
adlı beynəlxalq Bakı Konfransının əhəmiyyəti
daha yüksək qiymətləndirilir. Azərbaycan hökumətinin, BMT-nin
və İSESCO-nun təşkilatçılığı
ilə ərsəyə gələn bu
layihənin bilavasitə Bakıda
reallaşdırılmasının özü
də bir rəmzi məna kəsb edirdi. Çünki hələ
Amerika Birləşmiş
Ştatlarında törədilmiş məlum 11 sentyabr terror hadisəsindən
dərhal sonra yaradılmış beynəlxalq antiterror
koalisiyasının ən fəal üzvlərindən birinə
çevrilmiş Azərbaycan dövləti
son illər bu sahədə
öz tərəfdaşlarını və
müttəfiqlərini məmnun edən çoxsaylı layihələrə
müəlliflik etmişdir. Elə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfransdakı nitqində də
bu barədə əhatəli faktlar və arqumentlər səsləndirilmişdir.
Dövlət
başçımızın bütün beynəlxalq tədbirlərin
tribunasından çıxış edərkən
formalaşdırdığı ənənə bu konfransda da
özünü göstərdi. Belə ki, cənab İlham Əliyev
istənilən beynəlxalq tədbirdəki nitqinin
əvvəlində mütləq ölkəmizin yeganə və
ən ağrılı problemi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
respublikamıza və beynəlxalq aləmə vurduğu
ziyandan söz
açır. Adıçəkilən konfransda
da belə oldu: “Fikrimcə, terrorçuluğa
qarşı konfransın Azərbaycanda keçirilməsi böyük rəmzi xarakter
daşıyır. Çünki Azərbaycan
keçmişdə beynəlxalq terrorçuluqdan
əziyyət çəkib və eyni zamanda, hazırda ölkəmiz terrorçuluğun
dünya səviyyəsində
qarşısının alınmasına böyük
töhfə verir. Təəssüf ki, ölkəmiz 1990-cı illərin əvvəllərində
erməni terror təşkilatlarının
törətdiyi terror aktlarının hədəfinə
çevrilmişdi. Azərbaycan vətəndaşlarına
qarşı çoxlu sayda
terror aktları törədilmişdir, 2 min günahsız insan qətlə
yetirilmiş və təxminən bir o qədər də insan xəsarət almışdır. Azərbaycan
təcavüzdən, işğaldan əziyyət
çəkir. Bildiyiniz kimi,
bir çox hallarda bu hadisələr təcavüzkar
separatçılıqla müşayiət olunurdu.
Azərbaycana qarşı təcavüzkar
separatçılıq aktları və terror
hücumları ölkənin beynəlxalq səviyyədə
tanınmış ərazisinin təxminən 20 faizinin işğalı ilə nəticələndi.
Həmçinin, Azərbaycan etnik təmizləmə
siyasətinə məruz qaldı, bir milyondan artıq azərbaycanlı doğma yurd-yuvalarından didərgin düşdü.”
Dövlət
başçımız Bakıda keçirilən konfransda
beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələrinin
də iştirakını nəzərə alaraq
respublikamızın və xalqımızın üzləşdiyi
problemlərin həlli prosesində mövcud olan ikili
standartları da yada saldı: “Bildiyiniz kimi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə
və təhlükəsizliyə ən böyük hədələrdən
biridir. Bu, dünyada
ən böyük ədalətsizliklərdən
biridir. BMT Təhlükəsizlik
Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən
qeyd-şərtsiz və dərhal çıxarılmasını
tələb edən 4 qətnamə qəbul etmişdir.
Əfsuslar olsun ki, bu qətnamələr icra
edilmir. ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq
Təşkilatı, Avropa Şurası,
NATO və digər beynəlxalq təşkilatlar da qətnamə və qərarlar qəbul
etmişlər. Təəssüf ki, bütün bu qətnamələr
kağız üzərində qalır. Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış əraziləri iyirmi ildən artıqdır ki,
işğal atındadır.
Artıq
qeyd etdiyim kimi, bu məsələ beynəlxalq, həmçinin
regional sabitliyə və təhlükəsizliyə ən
böyük hədə yaradır. Bu
məsələ beynəlxalq hüquq
normaları, Helsinki Yekun
Aktı əsasında həll olunmalıdır. Azərbaycanın
ərazi bütövlüyü bərpa
edilməlidir. Münaqişənin həlli yalnız beynəlxalq
hüququn norma və
prinsiplərinə əsaslanmalıdır. Biz
münaqişənin dinc yolla
həllinə göstərdiyimiz səyləri davam
etdiririk. Lakin əfsuslar
olsun ki, Ermənistan “status-kvo”nun mümkün qədər uzun
müddət saxlanmasına və bacardığı qədər
münaqişənin dondurulmasına çalışır. Lakin bu, mümkün
olmayacaqdır. Çünki dünya dəyişir, regional
tarazlıq dəyişir. Azərbaycan siyasi
və iqtisadi inkişaf
baxımından güclənir, Azərbaycanın qlobal miqyasda
oynadığı rol artır. Buna görə mən tam əminəm
ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Biz buna mümkün qədər tez
nail olmaq istəyirik.
Çalışırıq ki, bunu sülh yolu ilə edək." Bundan
başqa. Ermənilər və
onların beynəlxalq aləmdəki havadarları hələ
yüz il əvvəl,
Osmanlı dövlətinin ərazisində baş
verdiyi söylənilən, fəqət, nə
özlərinin, nə də başqa
kiminsə əlindəki faktlarla təsdiq
olunmayan bir
“soyqırımı” barədə vay-şivən
qaldırır, beynəlxalq aləmi
çaşdırmağa çalışırlar. Bütün bunlar az imiş kimi
öz xarici
havadarlarının dəstəyi ilə heç
bir əsası olmayan
“soyqırımı”nın yüz illiyinin qeyd olunmasına da hazırlaşırlar. Ancaq
onların özlərinin cəmi 20 il əvvəl
törətdiyi və bütün
dünyanın şahidlik etdiyi
Xocalı soyqırımı barədə səsləndirilən
fikirlərə məhəl qoymaq istəmirlər.
Halbuki, Ermənistanın indiki
dövlət başçısı Serj Sarkisyan öz siyasi müxaliflərinin ittihamlarını
cavablandırarkən dəfələrlə iyrənc etiraflar etmişdir: “ Mən
Qarabağı Azərbaycandan alanda,
Xocalını öz qanında boğanda siz harada idiniz?” Məhz bu məqamları əsas götürən Azərbaycan
Prezidenti İlham Əliyev
Bakıda keçirilən beynəlxalq konfransın
tribunasından dünya ictimaiyyətinə
üzünü tutaraq
demişdir: “Xalqımız XX əsrin ən
böyük faciələrindən birini - Xocalı soyqırımını
yaşamışdır. 1992-ci il
fevralın 26-da Ermənistan silahlı qüvvələri
Xocalı şəhərinin sakinlərinə hücum
etmişlər. Belə bir vəhşi hücumun nəticəsində 613
günahsız vətəndaş qətlə yetirilmişdir.
Onların arasında 100-dən artıq qadın, 63 uşaq olmuşdur.
Artıq dörd ölkənin parlamenti Xocalı faciəsini rəsmən
soyqırımı kimi
tanımışdır. Xocalı hadisələrinin
soyqırımı kimi tanınması prosesi digər ölkələrdə də gedir.”
Yeri gəlmişkən, bu gün
terror tərəfdarları və terrorçular dünyada qəbul
edilməsi qətiyyən mümkün olmayan iyrənc bir ənənə
formalaşdırmağa çalışırlar. Onlar əsaslandırmağa
çalışırlar ki, guya terror hadisələri
arasında ədalətli və ya ədalətsiz
hadisələr vardır. Azərbaycan Prezidentinin
bu məsələyə münasibəti daha konkret və daha aydındır: “ Səbəblərindən
asılı olmayaraq, terrorçuluğa
haqq qazandırılması haqqında
söhbət belə gedə bilməz. Terror
aktlarının kimə qarşı törədilməsindən
asılı olmayaraq, terror
təşkilatları arasında fərq qoyulmamalıdır. Buna görə, hesab edirəm
ki, səylərin geniş
şəkildə birləşdirilməsi və terrorçuluğa qarşı hərtərəfli
əməkdaşlığın aparılması bu mübarizədə bizə
yardımçı olacaq və uğurumuzu təmin edəcəkdir.”
Son zamanlar dünyanın mütərəqqi
düşüncəli insanları, görkəmli siyasətçilər,
yaradıcı ziyalılar və xüsusən, humanitar təşkilatlar
həyəcan siqnalı səsləndirirlər ki, alimlərin
xoş məramla əldə etdikləri elmi nailiyyətlərin
terrorçuların və seperatçıların əlində
silaha çevrilməsinin qarşısı
alınmalıdır. Bu məsələyə aid məxsusi
beynəlxalq tədbirlər keçirilir,
elmi layihələr ərsəyə gəlir
və sairə. Azərbaycan Prezidenti İlham Əliyev adıçəkilən konfransda həmin məsələyə
artıq üçüncü dəfə
münasibət bildirərək söyləmişdir: “Əfsuslar
olsun ki, müasir texnologiyalar
bədniyyətli insanlar tərəfindən
də istifadə olunur. Hesab
edirəm ki, səylərin səfərbər
olunması terrorçuluğa
qarşı mübarizənin aparılmasında və onun qarşısının alınmasında ən
səmərəli alətlərdən biri
ola bilər. Terrorçuluq
beynəlxalq ictimaiyyətə, ölkələrin ərazi
bütövlüyünə, iqtisadi, demokratik inkişafa təhlükədir.
Fikrimcə, belə bir mühüm
məsələnin qlobal gündəlikdə
saxlanması addım-addım səylərimizi gücləndirməkdə
və bu mübarizədə bizə
kömək edəcəkdir. Azərbaycan əlindən gələni
edir ki, beynəlxalq
ictimaiyyət bu məsələni daim diqqət mərkəzində saxlasın. Bu konfransın Bakıda keçirilməsi bu cür nümunələrdən
biridir”.
Yeri gəlmişkən,
respublikamız terrorizmə qarşı mübarizəni
sözdə deyil, işdə dəstəklədiyini bir
neçə mühüm addımla sübuta yetirmişdir. Əgər Ermənistan bütün
beynəlxalq konvensiyalara qoşularaq
terrorçuluğu və
separatçılığı öz əməli
fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi saxlayırsa, Azərbaycan bu
sahədəki fəaliyyətini bütün
dünya üçün
açıq elan edir
və fərdi nümunələr formalaşdırır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan BMT Təhlükəsizlik
Şurasında ötən ilin mayında ilk sədrliyini terrorçuluğa
qarşı mübarizənin aparılması mövzusuna
həsr etmişdir. “2012-ci ilin
may ayında Azərbaycan tariximizdə ilk dəfə olaraq BMT Təhlükəsizlik
Şurasına sədrlik etdi. Biz terrorçuluğa
qarşı mübarizə üzrə aparılan müzakirələri
açıq elan etdik.
Biz bu mövzunu
gündəlikdə olan bütün
digər məsələlər siyahısından seçdik. Çünki hesab etdik ki,
diqqətin məhz bu mövzuya
yönəldilməsi daha vacibdir.
Terrorçuluğa
qarşı təsirli və çox fədakar mübarizə
olmadan biz qarşımızda duran məsələlərdən
heç birini həll edə bilməyəcəyik."
Ermənilər özlərinin
terrorçuluq əməllərini ört-basdır etmək,
xüsusən uydurma soyqırımı barədə
xülyalarını reallaşdırmaq üçün
beş-on məsuliyyətsiz adamı başlarına
toplayır və həmin adamların fikirlərini beynəlxalq
ictimaiyyətin qənaəti kimi qələmə verməyə
çalışırlar. Çox təəssüf
ki, bəzən buna nail olmağı da
bacarırlar. Əslində isə beynəlxalq ictimaiyyətin harada olduğunu, necə fəaliyyət
göstərdiyini biz daha
yaxşı bilirik. Həmin məqama
dövlət başçımızın fikirləri əsasında
diqqət yetirək: “Bu gün
Azərbaycana 50-dən artıq ölkənin, beynəlxalq təşkilatların
nümayəndələri və ekspertləri gəliblər.
Beynəlxalq ictimaiyyət məhz budur. Budur, bizim belə mühüm beynəlxalq məsələyə
münasibətimiz. Bu, bizim
töhfəmizdir. Fikrimcə, əlbəttə ki, biz bu
məsələyə müxtəlif baxış
bucaqlarından yanaşmalıyıq. Biz terrorçuluğa qarşı mübarizəyə
verdiyimiz praktiki
töhfəmizi gücləndirməliyik. Azərbaycan terrorçuluğa qarşı beynəlxalq səviyyədə
aparılan mübarizəyə əlindən gələn
töhfəni verir və hətta bundan artığını da
edir. Biz bu məsələni hər zaman
gündəliyimizdə saxlamalıyıq, müxtəlif beynəlxalq
forumlarda qaldırmalıyıq. Eyni zamanda, terrorçuluğun
yaranmasına xidmət edən şəraitlərin aradan qaldırılması üçün
mümkün mexanizmlərdən istifadə
etməliyik. Biz terror
təşkilatlarının fəaliyyət dairələrini
daraltmalıyıq. Biz insanların,
xüsusən də təhsili olmayanların terror
təşkilatları tərəfindən öz
sıralarına cəlb edilməsi üçün
şərait yarada biləcək
boşluqların doldurulması istiqamətində birgə
işləməliyik”.
Ölkəmizin ev sahibliyi etdiyi
növbəti beynəlxalq tədbirin əhəmiyyəti barədə
dünyanın əksər kütləvi informasiya vasitələri
əhatəli fikirlər səsləndirib, xəbərlər
yayıblar. Həmin fikirlərin hamısı bizim üçün əhəmiyyətlidir.
Çünki onların hamısında bir Azərbaycan həqiqəti vardır. Biz isə öz fikirlərimizi
cənab dövlət başçısının nitqindən
seçdiyimiz başqa
bir həqiqətlə tamamlamaq
istəyirik: “Azərbaycanda son illərdə
həyata keçirdiyimiz siyasətdə biz, əlbəttə ki,
müstəqilliyimizi möhkəmləndirməyə,
hüquq-mühafizə orqanlarının gücləndirilməsinə
səylər göstərmişik. Biz Azərbaycanın
daxilində praktiki olaraq
bütün potensial terror hədələrini aradan
qaldırmışıq. Buna görə
də biz hazırda sərhəd infrastrukturunun gücləndirilməsinə böyük sərmayə yatırırıq.
Artıq qeyd etdiyim kimi, heç bir ölkə bu təhlükədən 100 faiz sığortalana bilməz. Bu, xüsusən də ada olmayan, qonşuların əhatəsində olan və sülh şəraitinin o qədər də mövcud olmadığı regionda yerləşən ölkələrə aiddir. Buna görə də sərhəd infrastrukturuna sərmayənin qoyuluşu, təsirli sərhəd nəzarəti bizim üçün regionumuzda terrorçuluğa qarşı mübarizədə bir nömrəli məsələdir. Çünki ölkəmizdə narahatlıq doğura biləcək terrorçuluğun daxili ocaqları yoxdur”.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2013.- 7 aprel.- S. 3.