Azərbaycan gəncliyi
Prezidentin ətrafında sıx birləşmişdir
Vətənini və
xalqını qəlbən sevən gənclər xarici düşmənlərimizin çirkli pullarına aldanmaz
Azərbaycanda yaddaqalan daha bir siyasi
hadisənin şahidi olacağıq. Söhbət bu ilin
sonuna yaxın keçiriləcək prezident seçkilərindən gedir. Ölkəmizin inkişafını gözü götürməyən dairələr
son vaxtlar bir qədər fəallaşaraq ictimai-siyasi sabitliyi pozmağa cəhd edir, gəncləri
qeyri-qanuni aksiyalara cəlb
etməyə çalışır və bu məqsədlə milli
xəyanətkarlardan, satqınlardan və pula
həris radikal müxalifət nümayəndələrindən
bir alət kimi istifadə
edirlər.
Əməkdaşımız
Qaçqın və Məcburi Köçkün Gənclər
Təşkilatının sədri Vüqar Qədirovla
görüşüb bir sıra beynəlxalq təşkilatların
demokratiyaya zidd hərəkətlərinə münasibət
bildirməsini xahiş etmişdir.
- Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının
üzvüsünüz. QHT-lərə dövlət necə kömək
edir?
- Azərbaycan
müstəqillik əldə etdikdən sonra çoxlu sayda
qeyri - hökumət təşkilatları yaradıldı və
bu təşkilatlar pərakəndə şəkildə fəaliyyət
göstərirdi. Onlar bir sıra beynəlxalq təşkilatların,
hətta ölkəmizi gözü götürməyən təşkilatların
maraqları daxilində çıxışlar edirdilər. Azərbaycan
Prezidenti İlham Əliyevin 2007-ci ilin dekabrında
imzaladığı fərmanla Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası yaradıldı və
bir il sonra möhtərəm Prezidentimizin sərəncamı
ilə sura üzvləri təyin edildi. Bundan sonra Qeyri -
Hökumət Təşkilatlarınin fəaliyyətində əsaslı
dönüş nəzərə çarpdı. Milli mənafeyimizi
qoruyan, hərbi vətənpərvərlik mövqeyindən
çıxış edən, gəncliyin inkişafına diqqət
göstərən, ölkəmizin inkişafında
yaxından iştirak edən QHT-lərin fəaliyyətində
böyük bir canlanma yarandı.
Bu
gün Qeyri - Hökumət Təşkilatlarına yalnız
maliyyə baxımından deyil, eyni zamanda qabaqcıl dövlətlərin
bu sahədəki təcrübəsindən yararlanmaq istiqamətində
də böyük köməklik göstərilir. Qeyri -
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası ilə yanaşı Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondu da fəaliyyət
göstərir. Bu iki dövlət qurumu QHT-lərin maddi -
texniki bazasının möhkəmləndirilməsində
önəmli rol oynayır. QHT - lərin maliyyələşdirilməsi
onların təqdim etdikləri layihələr əsasında
aparılır. QHT - lər öz fəaliyyət istiqamətlərinə
görə layihələr təqdim edir və bu layihələr
ekspertlər tərəfindən müsabiqə yolu ilə
seçilərək maliyyələşdirilir.
- Bu
gün Azərbaycanda elə QHT- lər var ki, xarici təşkilatlar
tərəfindən maliyyələşdirilir. Həmin xarici təşkilatların
məqsədi nədir?
-
Bilirsinizmi, son illər ölkəmizin sürətli inkişaf
yoluna qədəm qoyması, beynəlxalq aləmdə söz
sahibinə çevrilməsi, iqtisadi cəhətdən getdikcə
qüdrətlənməsi respublikamızda
qarışıqlıq yaratmaq istəyən xarici düşmənlərimizi
ciddi narahat edib. Onlar milli xəyanətkarları ələ
alaraq qrantlar ayırır və onları daxildə ictimai -
siyasi sabitliyi pozmağa yönəldirlər. Elə
götürək son vaxtlar bir qrup gəncin qeyri - qanuni aksiya
keçirmək cəhdini. İctimai Palata adlı qondarma qurum
tərəfindən təşkil olunan, əsasən də
AXCP və Müsavat Partiyası üzvləri olan gənclərin
martın 10-da keçirdikləri qeyri - qanuni aksiyanın
ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyi
tərəfindən maliyyələşdirildiyi məlum oldu.
Bu təşkilat əsasən dağıdıcı
müxalifəti maliyyələşdirir, onları ölkədə
qarşıdurma yaratmağa təhrik edir ki, bununla beynəlxalq
təşkilatların diqqətini Azərbaycana cəlb etsin.
Aparılan
araşdırmalar zamanı məlum olmuşdur ki, Milli
Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri
Aleks Qriqoryevs son 3 ildə öz hesabından 2 milyon dollara
yaxın vəsait çıxarmışdır. Bu vəsait əsasən
müxalifətyönlü təşkilatların maliyyələşdirilməsinə
yönəldilmişdir. Elə bir QHT- yə qrant verilmişdir
ki, həmin təşkilat hələ də rəsmi qeydiyyata
alınmamışdır. Bu gün Azərbaycanda fəaliyyət
göstərən Aleks və onun kimiləri tərəfindən
maliyyələşdirilən təşkilatların əsas məqsədi
prezident seçkiləri ərəfəsində ölkədə
qeyri - qanuni aksiyalar keçirmək, hakimiyyətlə xalq
arasında süni narazılıq, qarşıdurma
yaratmaqdır. Belə milli xəyanətkarların xarici
düşmənlərimizin çirkli pulları hesabına
ikrah doğuran hərəkətlərə yol verməsi azərbaycanlı
adına ləkədir. Məsələn, Milli Demokratiya
İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri
Aleks Qriqoryevsin maliyyələşdirdiyi müxalifətyönümlü
“Nida” adlı təşkilatın fəallarının ölkəmizdə
təhlükəli təxribatlar törətməyə
hazırlaşdıqlarının üstü
açıldı. Nə yaxşı ki, hüquq- mühafizə
orqanları belə xəyanətkarların çirkin əməllərinin
qarşısını vaxtında aldılar. Mən belə
satqınların təmiz azərbaycanlı olmasına
şübhə edirəm. Çünki əsl azərbaycanlı
öz xalqına, Vətəninə, millətinə xəyanət
etməz.
-
Ölkəmizdə ictimai - siyasi sabitliyi pozmaqda maraqlı olan
dairələrin “xeyir - duası” ilə yaranan təşkilatlardan
biri də Eldar Namazovun rəhbərlik etdiyi “EL” hərəkatıdır.
Siz bu qurumun perspektivlərini necə qiymətləndirirsiniz?
-
Açığını deyim ki, Eldar Namazovu siyasi aləmdə
heç kim tanımır. O, nə siyasətçi kimi siyasətçidir,
nə də politoloq kimi politoloq. Eldar Namazovun adicə danışıq
qabiliyyəti, nitqi, siyasi düşünsə tərzi yoxdur.
Cəmiyyətdə nə müxalifətçi, nə bitərəf,
nə də iqtidar kimi qəbul edilir. Ortalıqda qalmış
bir adamdır. İndi hansısa düşmən dairənin və
ya erməni lobbisinin çirkli pulları hesabına bir qurum
yaradıb və ona rəhbər təyin edilib. Bu gün erməni
lobbisi hansı havanı çalsa, Eldar da ona oynamağa məhkumdur.
Axı, özünün elə bir siyasi düşüncəsi
yoxdur ki, hadisələrdən müstəqil səkildə
baş çıxarsın? Belə satqın və xəyanətkarların
vətəni olmur. Kim çox pul versə, onların adamı
olurlar.
Eldar
Namazov çox yaxşı bilir ki, ondan nəinki prezident,
heç klub müdiri də olmaz. Çünki klub müdiri də
olanda kim ona çox pul versə, onların dedikləri kimi hərəkət
edəcək. Belə insanlar özlərini siyasət aləminə
atmaqla iç üzlərini açmış olurlar. Eldar
Namazovun siyasət meydanına atılması
üzgüçülüyü bacarmayan uşağın
özünü axar çaya atmasına bənzəyir. Təbii
ki, həmin uşaq dərhal boğulacaq. Eldar Namazov da
artıq boğulmağa başlayıb. Erməni lobbisinin himayədarlığı
ilə özünə dəbdəbəli ofis alıb. Ancaq
siyasət dəbdəbəli ofislə
ölçülmür. Adamın gərək üzaqgörənliyi,
düşüncəsi, təşkilatçılıq
qabiliyyəti, dərrakəsi olsun. Bunların heç biri
Eldar Namazovda yoxdur. Onun rəhbərlik etdiyi hərəkatdan nə
olacaq? Belə qurumların ömrü çox qısa olur. Ona qrant verən xarici təşkilatlar da bir az sonra peşman olacaqlar.
- Siz Qaçqın
və Məcburi Köçkün Gənclər
Təşkilatına rəhbərlik
edirsiniz. Bu vaxta
qədər hər hansı bir beynəlxalq təşkilatdan,
xüsusilə ABŞ Milli
Demokratiya İnstitutunun
Bakı nümayəndəliyindən
qrant almısınızmı?
Axı, rəhbərlik etdiyiniz QHT
sırf qaçqın
və məcburi köçkün gənclərin
problemləri ilə məşğul olur.
- Çox təəssüflər
olsun ki, xarici təşkilatların
heç biri bizimlə maraqlanmır. Bunun da əsas səbəbi
təşkilatımızın onların sifarişlərini
yerinə yetirməməsidir.
Biz əsasən qaçqın və məcburi köçkünlərlə
işləyən qeyri
- hökumət təşkilatıyıq.
Bizim kimi onlarla təşkilat
var. Ermənistan silahlı
qüvvələrinin hərbi
təcavüzü nəticəsində
bir milyondan artıq soydaşımız
öz yurd - yuvalarından didərgin düşüb. Təəssüf ki, bir sıra
beynəlxalq təşkilatlar
hələ də qaçqın və məcburi köçkün
vəziyyətinə düşmüş
soydaşlarımızın pozulmuş hüquqları
ilə maraqlanmırlar.
Təqdim etdiyimiz onlarla
layihə heç vaxt maliyyələşdirilməyib.
Bəzi xarici təşkilatlar Vətənini sevən, Azərbaycanın mövqeyindən
çıxış edən
təşkilatları maliyyələşdirmirlər.
Onlar o təşkilatları maliyyələşdirirlər
ki, onları idarə edə bilsinlər, öz iradələrinə tabe etdirsinlər və belə üzüdönüklər
vasitəsilə çirkin
niyyətlərini həyata
keçirə bilsinlər.
Əsasən də radikal
müxalifət nümayəndələrini.
Bu gün xarici
təşkilatların daha
çox əməkdaşlıq
etdikləri QHT - lər
əsasən AXCP və
Müsavat Partiyasının
nəzarətində olanlardır.
Onlara külli miqdarda qrantlar ayıraraq ölkədə çaxnaşma
yaradır, qeyri - qanuni aksiyalar təşkil edirlər.
Xarici düşmənlərimizin çirkli
pulları hesabına respublikamızın beynəlxalq
aləmdə artan nüfuzuna xələl gətirən radikal müxalifət nümayəndələri,
xüsusilə AXCP və
Müsavat Partiyasının
rəhbərləri belə
antimilli əməllərindən
xəcalət çəkməlidirlər.
Bir faktı diqqətinizə çatdırmaq istərdim.
2011- ci ildə
ABŞ-ın Demokratiyanı
Milli Himayə Fondu (NED) ölkəmizin
25 QHT-sinin 26 layihəsi
üçün 25 min dollardan
186 min dollara qədər,
ümumilikdə 1 milyon
21 min dollar vəsait ayırmışdır.
Maliyyələşdirilən layihələrin əksəriyyəti siyasi
xarakter daşımış
və müxalifətin
dəstəklənməsinə yönəlmişdir. NED-in qrantlarını alan
təşkilatlar öz
fəaliyyətlərini dövlətçiliyin
əleyhinə və Azərbaycanda insan haqlarının vəziyyəti
ətrafında aparılan
“qara piar” kampaniyasına yönəltmişlər.
Budur onların “demokratlığı”,
insan hüquq və azadlıqlarının
müdafiəçisi rolunda
çıxış etmələri.
Bu gün demokrat cildində çıxış
edən “Amnesty İnternational”,
“Human Rights Watch”, “Avropada Sabitlik
Təşəbbüsü”, ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin və
bu qəbildən olan digər təşkilatların da əməlləri antidemokratiya
üzərində köklənməyibmi?
- Siz gənclərlə, xüsusilə qaçqın
və məcburi köçkün olan gənclərlə tez-tez görüşürsünüz. Yəni, doğrudanmı bizim gənclərimiz düşmən
dairələrin çirkli
pullarına asanlıqla
aldanıb milli xəyanətkarlıq girdabına
yuvarlana bilərlər?
- İstər ABŞ Milli
Demokratiya İnstitutunun
Bakı nümayəndəliyi
olsun, istərsə də ikili standart
nümayiş etdirən
digər beynəlxalq təşkilatlar, onlar öz çirkin məqsədlərini Azərbaycanda
həyata keçirə
bilməyəcəklər. Məndə
olan məlumata görə, ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin
rəhbəri Aleks Qriqoryevs müxtəlif ölkələrdə də
Milli Demokratiya İnstitutunun nümayəndiliyinə
rəhbərlik edən
zaman öz bəd əməlləri və gənclərin hakimiyyətə qarşı
qeyri - qanuni aksiyalara cəlb edilməsinə külli miqdarda vəsait xərcləməsi ilə
ad qazanıb. Moldovada “Twitter inqilabını” Azərbaycanda
“Facebook inqilabı” kimi reallaşdırmaq istəyən Aleks Qriqoryevs və bu xislətdə olanlar ölkəmizin gəncləri haqqında bədnam fikrə düşməkdə yanılır.
Onlar azərbaycanlı gəncləri
çox asanlıqla tora sala bilməyəcəklər.
Çünki ölkəmizdə gənclərin təhsil almaları, işlə təmin olunmaları və qarşılaşdıqları
problemlərin aradan qaldırılması istiqamətində
mühüm əhəmiyyətli
tədbirlər həyata
keçirilir, dövlət
proqramları qəbul
edilir və proqramların qarşıya
qoyduğu vəzifələrin
icrasına ciddi nəzarət olunur.
İndi respublikamızın əksər
rayonlarında “Gənclər
evi” tikilmişdir və bu sahədə
işlər davam etdirilir. “2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”çərçivəsində
5 min gəncin dünyanın
nüfuzlu ali
məktəblərində təhsil
almağa göndərilməsi
nəzərdə tutulub.
Hazırda ölkəmizdə 200-ə yaxın gənclər təşkilatı, çoxlu
sayda tələbə
gənclər təşkilatları
fəaliyyət göstərir.
Gənclərimiz QHT vasitəsilə beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq
edir. İndi gənclərimizin səsi dünyanın müxtəlif ölkələrindən
gəlir. Aleks Qriqoryevs
və onun kimi ictimai - siyasi sabitliyi pozmaqda maraqlı olan bəzi beynəlxalq təşkilatların
nümayəndələrinin toruna düşmüş
bir qrup gənc isə asan yolla pul
qazanmaq istəyənlərdir.
Həmin
gənclər çirkli
pullara aldanaraq ictimai - faydalı əməklə məşğul
olmaq istəmir və milli xəyanətkarlıq
girdabına yuvarlanıblar.
Onlar da səhv yolda
olduqlarını dərk
edəcək, gec - tez haqq yoluna
qayıdacaqlar. Azərbaycan gəncliyi
möhtərəm Prezidentimizin
ətrafında sıx
birləşib. Bu birliyi heç bir qüvvə poza bilməz.
Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2013.- 7 aprel.- S. 4.