“YENİ AZƏRBAYCAN” Yeni Azərbaycan uğrunda mübarizədə

 

Qəzetin ilk baş redaktoru yazıçı Xeyrəddin Qoca ilə söhbət

 

Əvvəlcə həmsöhbətimiz haqqında düşüncələrdən başlayaq. Xeyrəddin Qoca cəmiyyətdə yazıçı, dramaturq, siyasətçi və diplomat kimi tanınıb. Onun məqalələri, müsahibələri, oçerkləri, kitabları, satirik yaradıcılığı, dramaturgiyası, şəxsiyyəti, keçdiyi şərəfli yol haqqında çox yazılıb, çox deyilib. Haqqında üç kitab yazılıb – iki televiziya filmi çəkilib. Arxada ömrün axarlı-baxarlı illəri, qələminin bəhrəsi olan əsərləri, respublikamızın teatrlarında və televiziya ekranlarında nümayiş etdirilmiş pyesləri, millət vəkili olduğu illərdə fəaliyyəti, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu kimi diplomatik çalışmaları, nəhayət araya-ərsəyə gətirdiyi və beş ildən çox ilk baş redaktoru olduğuDan ulduzu” və “Yeni Azərbaycan” qəzetləri qalır.

Aprel ayının 10-da “Yeni Azərbaycan” qəzetinin işıq üzü görməsindən 20 il keçir. “Dan ulduzu” qəzetinin adını isə elə-belə çəkmədik. Çünki Xeyrəddin Qocanın “Yeni Azərbaycan” qəzetinə gəldiyi məhz həmin qəzetdə Azərbaycanda ilk dəfə heç bir qələm sahibinin görə bilmədiyi işi görməsindən, – ümummilli lider Heydər Əliyev haqqında dərc etdirdiyi yazılardan keçir.

Vaxtilə Heydər Əliyevə atılan böhtan və iftiralar yazı-pozu aləmində ilk olaraq məhz Xeyrəddin Qocanı narahat etdi. Böyük öndərə ünvanlanmış böhtan və iftiralara qarşı çıxan tanınmış qələm sahibi 1990-cı ilin iyun ayından etibarən davamlı olaraq bütün çıxışlarında, yazılarında görkəmli dövlət xadimini müdafiəyə qalxdı. O illərdə – hakimiyyətin dövləti idarə etmək iqtidarında olmadığı, müxalifətin isə vətəndaş müharibəsinə hazırlaşdığı zamanda yeganə xilaskarın hakimiyyətə dəvət edilməsi təşəbbüsündə bulunan ziyalılardan biri də Xeyrəddin Qoca idi. Çoxsaylı məqalələri ilə o həm siyasi əleyhdarların cavabını verir, həm də görkəmli dövlət xadiminin problemləri həll edəcək yeganə şəxs olduğu ideyasının ictimai fikirdə tam şəkildə təsdiq edilməsinə nail olurdu. Buna görə də “lazımınca mükafatlandırıldı”. Belə ki, dörd dəfə qəzet redaksiyalarındakı işindən uzaqlaşdırıldı. Bəzən istehza ilə açıq-aşkar “daha Heydər Əliyev qayıtmayacaq” – deyə onu ittiham etdilər. Xeyrəddin Qoca isə ardıcıl olaraq deyir və yazırdı ki, “o kişi mütləq qayıdacaq!” Bəli, Xeyrəddin Qoca deyən oldu, o kişi qayıtdı...

Xeyrəddin Qocanın “Yeni Azərbaycan” qəzetinə baş redaktor təyin olunması, millət vəkili seçilməsi, baş konsul vəzifəsini daşıması həmin tarixdən sonralara təsadüf edir.

– Xeyrəddin müəllim, “Yeni Azərbaycan” qəzeti necə yarandı?

– Bilirsiniz ki, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası yaradıldı. Mən də “Heydər Əliyev partiyası” adlandırılan bu partiyanın yaradılmasında iştirak etdim, kiçik xidmətlər göstərdim. Sonra Heydər Əliyev Bakıya gəldi, partiya üzvləri ilə görüşdü. Görüşdən sonra Heydər Əliyev “Siyasi Şura üzvləri qalsın” dedi. Mən də Siyasi Şuranın üzvü idim. Yeri gəlmişkən, qeyd edim ki, Naxçıvanda YAP təsis olunanda Heydər Əliyev mənə idarə heyətinin üzvü olmağı təklif etdi. Mən isə bildirdim ki, jurnalist olduğum üçün tez-tez keçiriləcək iclaslarda iştirak edə bilməyəcəyimdən ehtiyat edirəm. Heydər Əliyev də “onda səni Siyasi Şuranın üzvü seçirik...” deyə bildirdi.

... Siyasi Şura üzvləri yığışdı. Orada bəzi məsələlər müzakirə olundu, o cümlədən, partiyanın qəzetinin yaradılmasının vacibliyi Siyasi Şura üzvlərinin nəzərinə çatdırıldı.

Bəziləri dedi ki, gəlin, qəzetin adını “Yeni Azərbaycan” qoyaq, partiyanın adına uyğundur. Mən isə bildirdim ki, “yeni” sözü ilə çıxan qəzetlər çoxdur, bəlkə başqa ad seçək. Heydər Əliyev “qəzetin adının ”Proqress" qoyulması necə olar" – deyə soruşdu. (O, həmişə insanların fikrini öyrənmək istəyirdi). Hərə bir fikir söylədi, axırda qəzetin “Yeni Azərbaycan” adı ilə çıxarılması qərara alındı. Sonra üzünü mənə tutub dedi: “Xeyrəddin Qoca, mən bilirəm sən “Səs” qəzetinin redaktoru olmaqdan imtina etmisən ki, partiyanın qəzeti yaradılacaq... Sən olarsan “Yeni Azərbaycan” qəzetinin redaktoru. Biz hələ görüşəcəyik...

– Heydər Əliyev hansı görüşü nəzərdə tuturdu?

– O, 1993-cü il martın 26-da Rəfail Allahverdiyevlə məni qəzetin yaradılmasına hazırlıqla əlaqədar Naxçıvana çağırdı. Heydər Əliyev artıq Naxçıvan MR-nın Ali Məclisinin sədri idi. Söhbət zamanı mənə dedi ki, qəzet aprelin 10-da çıxmalıdır.

– Bəs, siz 15 gün müddətinə qəzeti necə buraxdınız?

Elə məni o narahat edirdi. Heydər Əliyevə narahatçılığımın səbəbini bildirdim. Dedim ki, belə az vaxtda qəzeti çıxarmaq çətindir. İş otaqları yox, müxbirlər yox, yazılar yox, heç bir avadanlıq yox! Heydər Əliyev dilləndi: “Bürokrat olma, get, qəzeti çıxart!” İndi mənim təkbaşına işə necə girişdiyimi təsəvvür edin. Əlbəttə, Heydər Əliyev dediyi günaprelin 10-da qəzetin ilk nömrəsini çıxardım. Hiss etdim ki, kişi məndən çox məmnun oldu. Çünki, o, məni heç zaman üzümə tərifləmirdi. Gülümsəməyindən hər şeyi anlayırdım...

Hər hansı qəzetin buraxılması müəyyən məqsəd güdür. Sizin qayəniz, məqsədiniz idi?

Bilirsiniz ki, biz o zaman iqtidarla müxalifətdə idik. Partiyanın ideyalarını, həyata keçirəcəyi işləri, hər şeydən əvvəl partiyanın təşkilatlanmasını təşkil etmək lazım idi. Həm biz bir növ informasiya blokadasına düşmüşdük. Fikirlərimizi, partiyamızın gördüyü işləri insanlara çatdırmalı idik. Bizim partiya üzvlərinin hər hansı işi təzyiqlərlə, təqiblərlə üzləşirdi. Hətta, partiya üzvlərinin NaxçıvanaHeydər Əliyevlə görüşlərə getməsinə belə maneçilik törədilirdi. Partiyanın təşkilatçıları ilə birlikdə qəzet öz töhfələrini verirdi...

İlk nömrədə nələri dərc etdiniz?

Heydər Əliyevin ölkədə fəaliyyətdə olan bir partiya rəhbərinin təbrikini, YAP-ın təşkilatlanmasında iştirak edənlərin müsahibələrini partiya xəbərlərini dərc etdik. Qəzet çox maraqla qarşılandı.

YəqinYeni Azərbaycanqəzetinin əsiltəşkilatlanmasıda bundan sonra başlandı..

Bəli, biz redaksiyaya istedadlı qələm sahiblərini, vətənini, xalqını sevən insanları cəlb etdik. Sonralar onlardan bəzilərini Yeni Azərbaycanın müxtəlif qəzetlərinin rəhbərləri oldular. Bəziləri isə qəzetimizdə qalıb işlədilər, kəşməkəşli tariximizi yazdılar, mübarizələri birlikdə apardılar. İndiXalq qəzeti”nin baş redaktoru olan Həsən Həsənov da bizim mübarizə yoldaşımız idi. O, “Yeni Azərbaycan”ın baş redaktorunun 1-ci müavini idi. Yeni Azərbaycansonralar getdikcə məşhurlaşdı.

Yeri gəlmişkən, siz qəzeti kiçik formatda çıxardırdınız...

Bəli, sonralar qəzeti böyük formatda çıxarmağa başladıq. Mən millət vəkili seçiləndən sonra bir müddət qəzetə redaktorluq etdim, sonra İstanbula baş konsul vəzifəsinə təyin olundum. İndi qəzet çox dolğunlaşmışdır. Hər dəfə qəzeti alanda fəxr edirəm. Məndən sonra redaksiyada çalışanlar böyük işlər görmüşlər. Hamısı da istedadlı jurnalistlərdir. Hərdən onlarla görüşməyi, keçmiş tarixi xatırlamağı özümə borc bilirəm.

– 20 il çox deyilsə , az müddət deyil. Fikirləriniz...

Mən bu münasibətlə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini, qəzetin əməkdaşlarını ürəkdən təbrik edirəm! Güman edirəm ki, partiyamızın ömrü əbədidir, ulu öndərin sözü ilə ifadə etsəm, “Yeni Azərbaycan Partiyası bu günün, sabahın gələcəyin partiyasıdır”. Yeni Azərbaycanqəzetinin partiya ilə birlikdə ömrünün uzun olacağına inanıram. Biz düzgün yoldayıq! Bizim yolumuz Heydər Əliyevin qoyduğu, qurub-yaratdığı, arzuladığı böyük yoldur...

 

 

Xalq qəzeti.- 2013.- 7 aprel.- S. 5.