İkili
standartlar güzgüsündə
KİV-lərin
istənilən xəbər şəbəkəsini gözdən
keçirəndə müşahidə edirsən ki, Koreya
yarımadasında qarşıdurma ətrafında
qızğın müzakirələrlə yanaşı, Malidə
davam etməkdə olan münaqişə xəbərlərin əsas
hissəsini təşkil edir. Mali ordusu BMT
Təhlükəsizlik Şurasının və “böyük
səkkizlik” dövlətlərinin üzvlərindən
birinin, habelə Afrika ölkələri koalisiya silahlı
qüvvələrinin bilavasitə dəstəyi ilə ölkənin
ərazi bütövlüyünü bərpa etmək niyyətindədir.
Malidə münaqişə və son üç ay ərzində
bu ölkə ətrafında vəziyyət dünya dövlətlərinin
vaxtında müdaxilə etməsi ilə təmin olunan beynəlxalq
hüquq prinsiplərinin yerinə yetirilməsinin gözəl
nümunəsidir. Lakin bu hadisə həm də
eyni dövlətlərin başqa ölkələrə
münasibətdə tətbiq etdikləri ikili standartların
göstəricisi olan acı bir nümunədir. İkili
standartların necə tətbiq edildiyini başa düşmək
üçün, ilk növbədə, Mali münaqişəsinin
detallarını öyrənmək lazımdır.
Mali
Afrikanın şimal-qərbində yerləşən,
Fransanın və Almaniyanın birgə ərazisi boyda ölkədir
və urbanizasiyaya məruz qalmış cənubdan şimala -
Böyük Səhranın boş ərazilərinədək
uzanır. 1960-cı ildə Fransa müstəmləkəçiliyindən
azad olub müstəqilliyini elan etdikdən sonra Mali bir neçə
onillik ərzində qeyri-sabitlik və diktatura acısı yaşamışdır
və nəhayət, yaxın keçmişdə qanuni
seçilmiş hökuməti ilə birlikdə demokratik
dövlətə çevrilmişdir. 2012-ci ilin birinci
yarısında Bamako hökuməti ilə Mali ordusunun rəhbərliyi
arasında münasibətlər xeyli pisləşmişdir. Nəticədə
hökumət devrilmiş, hərbi idarəçilik təsis
edilmişdir. Hərbi xuntanın baş tutmamasına,
prezidentin icra hakimiyyətinin bərpa olunmasına baxmayaraq,
siyasi hərc-mərcliyin doğurduğu kənar təsirlər
ölkənin suverenliyinə mənfi təsir göstərmişdir.
Hərc-mərclik, ilk növbədə, ölkənin
şimalında tuareqlərdən ibarət etnik
azlığın hakimiyyəti ələ keçirməsinə
və separatçı rejim qurmasına şərait
yaratmışdır. İkincisi, qanunsuzluq radikal
islamçı silahlılarının, o cümlədən
Liviyada “ərəb baharı” zamanı fəal olan qrupların
ölkəyə daxil olmasına imkan vermişdir. Bu iki
separatçı qrup səylərini birləşdirmiş və
qanunsuz separatçı Azavad hökumətinin
yaradılmasını elan etmişlər. Malidə
zorakılıq halları ölkənin bir çox vətəndaşlarının
həlak olması ilə nəticələnmişdir. 2012-ci
ilin sonuna doğru separatçı qüvvələr ölkənin
üçdə iki hissəsinə nəzarət edirdilər.
Mali hökuməti tərəfindən təmin olunmuş
azadlıqların olmaması səbəbindən orada tam hərc-mərclik
hökm sürməyə başlamışdır.
Sözügedən
hadisələrə görə BMT Təhlükəsizlik
Şurası beynəlxalq asayişin bərpa edilməsi məqsədi
ilə dekabrın 20-də həlledici addım
atmışdır. Nüfuzlu orqan Malinin şimal hissəsində
separatçıların qanunsuz idarəçiliyinə son
qoymaq üçün qətiyyətli tədbirlər
görülməsinə dair yekdilliklə qətnamə qəbul
etmişdir. 2085 nömrəli qətnamə qəbul ediləndə
Bamakonun nəzarət edə bilmədiyi ərazidə
zorakılığın aradan qaldırılması
üçün Afrikanın çoxmillətli qüvvələrinin
bir il müddətinə Malidə dislokasiya olunması
planlaşdırılmışdı. Eyni zamanda, qətnamə
icra strukturlarının üzərinə müxtəlif
öhdəliklər qoymuş, bununla da beynəlxalq koalisiya
qüvvələrinə yalnız bütün siyasi alternativlər
sınaqdan keçirildikdən sonra fəaliyyət göstərmək
imkanı yaratmışdır. Sənəddə demokratik
seçkilər keçirmək və ölkə hökumətinin
işinə hərbi müdaxiləyə son qoymaq tələbi
də yer almışdır. BMT-nin rəsmi şəxslərinin
sözlərinə görə, hərbi əməliyyatlar
2013-cü ilin payızında başlaya bilərdi. Qərbi
Afrika İqtisadi Birliyi (ECOWAS) ölkələri artıq
öz üzərinə 3300 əsgəri hərbi missiya ilə
göndərmək öhdəliyi
götürmüşdür. Qətnamə Afrika
ittifaqının birgə qüvvələrinə
“zorakılığı dayandırmaq üçün
bütün zəruri tədbirlərdən istifadə etmək”
(Malidə separatçı hərəkatı dayandırmaq
üçün qeyd-şərtsiz güc tətbiq edilməsinə
yol açan termin) imkanı vermişdir.
Qətnamə
qəbul ediləndən dərhal sonra Malinin xarici işlər
naziri Tieman Kulibali “beynəlxalq birliyin terrorizmə və
mütəşəkkil transmilli cinayətkarlığa
qarşı mübarizəyə” sadiqliyinə görə BMT
Təhlükəsizlik Şurasına minnətdarlığını
bildirmişdir. Ertəsi gün qiyamçı qüvvələrin
başçıları bəyanatlarla çıxış
etmişlər. “Əl-Qaidə” terrorçu təşkilatı
ilə bağlı olan “Ansar Dayn” qruplaşmasının
islamçı separatçıları və qiyamçı
tuareqlərin MNLA (Azavad Milli Azadlıq Hərəkatı) hərəkatının
rəhbərləri hərbi əməliyyatların
dayandırılması və barışığın
başlanması barədə rəsmi məlumat dərc
etmişlər.
Əslində,
separatçıların bəyanatı beynəlxalq qüvvələrin
Malinin şimalında dislokasiyasını ləngitmək və
fasiləsiz döyüş əməliyyatları aparmaq
üçün yenidən qruplaşmaq cəhdi idi. Yeni il
separatçıların Konna şəhərinə hücumu
və onu işğal etməsi ilə
başlanmışdır. Mali ordusunun böyük hərbi
bazasına aparan yolda yerləşən bu strateji məntəqənin
ələ keçirilməsi Fransa hökumətini fəaliyyətə
keçməyə sövq etmiş və “Serval” adlı əməliyyatın
başlanması ilə nəticələnmişdir. BMT-nin
mandatı üzrə Qərbi Afrika İqtisadi Birliyi (ECOWAS)
ölkələrinin çoxmillətli qüvvələrinin
dəstəyi, habelə Belçika, Kanada, Danimarka, Almaniya,
Niderland, İspaniya, Böyük Britaniya və ABŞ-ın
maddi-texniki köməyi ilə Fransa-Mali koalisiyasının
separatçılara qarşı hərbi əməliyyatları
bu günədək davam edir, hərçənd Mali hadisələri
qanunsuzluğa qarşı beynəlxalq koalisiyanın ürəkaçan
əməkdaşlığı ilə yanaşı, başqa
ölkələrə münasibətdə ikili standartlar tətbiq
edilməsi barədə məsələni qabardır. Məsələn,
1988-ci ildən başlayaraq qonşu Ermənistanla etnik və ərazi
münaqişəsinin cəngində olan Azərbaycan
Respublikasına münasibətdə. Münaqişə
genişlənərək, 1992-ci ildə elan edilməmiş
müharibəyə çevrilmiş və 1994-cü ilin
mayında atəşkəs haqqında saziş imzalananadək
davam etmiş, beləliklə, suveren Azərbaycanın əzəli
ərazisinin 16 faizini təşkil edən Qarabağ regionunu
erməni silahlı qüvvələrinin işğalı
altında saxlanmış, dünyada ən böyük
humanitar böhranlardan birini yaratmışdır. Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi başlayan andan
beynəlxalq birliyi beynəlxalq hüquq və normaların
müdafiəsinə cəlb etmək üzrə siyasi səyləri
səfərbərliyə almaq üçün mümkün
olan hər şeyi etmişdir. Təəssüf ki, ilkin səylər
uğurla nəticələnməmiş, erməni silahlı
qüvvələrinin azğınlıqlarının
üstündən sükutla keçilməsi 1992-ci ildə
Xocalı, Daşbulaq, Malıbəyli, Quşçular və
Ağdabanda faciələrə gətirib
çıxarmış, nəticədə yüzlərlə
günahsız vətəndaş həlak olmuşdur.
Hazırda Malinin şimalında müşahidə olunan
qadınların ölənədək daşqalaq edilməsi və
ya yeniyetmə qızların zorla nikaha təhrik edilməsi ilə
müqayisədə xeyli dərəcədə daha dəhşətli
olan misli görünməmiş qəddarlıq erməni
silahlı qüvvələrinin işğalı altında
olan Azərbaycan regionlarında törədilmişdir. Erməni
silahlı dəstələri Xocalıda dinc azərbaycanlı
əhalini, canlı insanları və ölüləri təhqir
etmiş, onların gözünü çıxarmış, əsirləri
diri-diri yandırmış, qadınları
övladlarının gözü qabağında
zorlamış, əsir götürülmüş dinc vətəndaşların
qulaqlarını, burunlarını, cinsiyyət
orqanlarını kəsmişlər. Bütün bu vəhşiliklərin
beynəlxalq jurnalistlərin qətliam yerindən
hazırladıqları məruzələrdə tam gerçəkliyi
ilə əksini tapmasına baxmayaraq, böyük dövlətlərin
hökumətlərinin göstərdiyi reaksiya yalnız
işğalçı erməni ordusuna hər hansı fiziki təsir
olmadan diplomatik şəkildə tərtib edilmiş bəyanatlar
olmuşdur. Separatçılara qarşı əməliyyatlara
hazır olan heç bir beynəlxalq koalisiya
olmamışdır. Heç bir ultimatum olmamışdır.
Dağlıq Qarabağın mülki azərbaycanlı əhalisinə
və ərazi bütövlüyünü bərpa etmək
üçün Azərbaycan hökumətinə heç bir
yardım çağırışı olmamışdır.
Dünya birliyi tərəfindən reaksiyanın
olmadığını görən erməni hərb
maşını işğalçı siyasətini hələ
iki il davam etdirmiş və Azərbaycanın keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında daha
yeddi rayon dalbadal işğal edilmiş, ermənilərin 600
minədək azərbaycanlını doğma torpağında
etnik təmizləməyə məruz qoymasına şərait
yaratmışdır. BMT TŞ-nin Azərbaycan ərazilərinin
işğalını pisləyən və erməni
qoşunlarının çıxarılmasını tələb
edən 822, 853, 874, 884 nömrəli dörd qətnaməsi
ermənilərin Azərbaycana qarşı təcavüzü
nəticəsində qəbul edilsə də, BMT-nin ən
nüfuzlu orqanı onun icrasına hələ də
başlamamışdır.
Malidə
münaqişənin eskalasiyasından sonra beynəlxalq
kütləvi informasiya vasitələrində beynəlxalq
koalisiyanın bu ölkəyə müdaxiləsinə bəraət
qazandıran bir neçə səbəb göstərilmişdir.
Azərbaycana qarşı ikili standartların tətbiqinə
dair narahatlığı tam başa düşmək
üçün Mali münaqişəsi ilə bağlı vəziyyəti
öyrənmək və Ermənistan-Azərbaycan
münaqişəsi ilə müqayisə etmək
lazımdır.
Birinci
səbəb ölkənin mövqeyidir. Mali dənizə
çıxışı, heç bir əhəmiyyətli
şəxsi resursu olmayan geniş ərazini əhatə edir və
separatizmlə bağlı öz problemləri olan digər
qeyri-sabit ölkələrlə həmsərhəddir.
Çoxsaylı səhraları və mağaraları olan bu
ölkə, xüsusən, onun separatçıların
azğınlıq etdiyi Azavad vilayəti Afrikada terrorçu təşkilatlar
şəbəkəsinin genişlənməsi
üçün mərkəz rolu oynaya bilər ki, bu da öz
növbəsində terrorçuların Avropada və ya
Yaxın Şərqdə fəaliyyətinə mütləq təsir
göstərəcəkdir. Bundan əlavə, qanuni hökumət
tərəfindən nəzarət edilməyən ərazilər
kimi bu torpaqların narkotik və insan alverçiləri
üçün sığınacağa çevrilməsi
ehtimalı vardır ki, bu da son nəticədə Avropa qitəsində
sabitliyin pozulması ilə nəticələnə bilər.
Hazırda
hərbi işğal şəraitində olan və qanuni qurum
kimi heç bir dövlət tərəfindən tanınmayan
Azərbaycanın Dağlıq Qarabağ regionu Malinin Azavad
regionunu xatırladır. Malidə olduğu kimi Dağlıq
Qarabağ separatçıları da Ermənistan hökumətinin
dəstəyi ilə işğal olunmuş ərazilərdə
azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə
aparmış və beynəlxalq qurumların monitorinqinin
olmadığı qanunsuz hərbi-nəzarət qurumu
yaratmışlar. Başqa sözlə desək, burada beynəlxalq
hüquq və normalar qüvvədən
düşmüşdür, çünki bu qurum heç bir
dövlət tərəfindən tanınmır və qəbul
edilmir. Bir neçə il ərzində KİV-lərdə həmin
ərazilərdən narkotik alveri və PKK kimi terrorçu təşkilatların
üzvlərinin hazırlanması proqramları
üçün istifadə olunması barədə
çoxsaylı məlumatlar yer almışdı. Azərbaycan
Respublikasının Dağlıq Qarabağ vilayətində hətta
sovet hakimiyyəti illərində və münaqişə
böyüyərək genişmiqyaslı müharibəyə
çevrilməsindən əvvəl “Vrej” kimi erməni
terrorçu təşkilatları silahlılara təlim
keçir, silah tədarük edir, DQMV-də və onun ətrafında
terror aktları törədir, bununla da Azərbaycanın
infrastrukturuna ciddi ziyan vururdular. Hələ dinc əhali
arasında çoxsaylı qətllərdən
danışmırıq. Səs-küyə səbəb
olmuş terror hücumları arasında 1989-cu il sentyabrın
16-da və 1990-cı il avqustun 10-da müvafiq olaraq
Tbilisi-Bakı və Tbilisi-Ağdam avtobuslarında
partlayışları, habelə 1991-ci il aprelin 30-da və
iyulun 31-də Moskva-Bakı qatarlarında törədilmiş
partlayışları sadalamaq olar. Həmin terror aktları nəticəsində
çoxlu günahsız vətəndaş həlak
olmuşdu.
İkinci
səbəb budur ki, Qərb KİV-ləri bunu “islam
cihadının ixracı” adlandırmışlar. Koalisiyaya
daxil olan ölkələr islam radikallarının öz
etiqadının ekstremist interpretasiyasını və radikal
ideologiyanı Qərb ölkələrindəki əcnəbi
vətəndaşlara ixrac etmək üçün bəlli
imkanlara malik olmasından narahatlıq keçirirlər.
Fransadakı müsəlman azlığının sayı
çox olduğu üçün təbii ki, belə bir vəziyyət
fransızlarda böyük narahatlıq doğurur,
çünki ölkə Afrikanın bilavasitə
yaxınlığında yerləşir və onunla gündəlik
kommunikasiya əlaqələri saxlayır. Bu isə o deməkdir
ki, Fransa terror hücumları qarşısında indi həmişəkindən
çox zəifdir. Buna 2012-ci ilin martında Tuluzada yeddi
fransızın radikal islamçı tərəfindən qətlə
yetirilməsini misal gətirmək olar.
Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal edilmiş ərazisinin legitim hökumət tərəfindən idarə olunmaması və beləliklə, beynəlxalq təşkilatların “radarından” kənarda qalması faktı da analoji narahatlıq doğurur ki, bu da terrorçu və istənilən digər kriminal fəaliyyətin heç bir maneə olmadan ixrac olunmasına imkan verir. Bu, PKK terrorçu təşkilatının fəaliyyətini ehtiva edir (lakin məhdudlaşdırmır). Əldə olan məlumatlara görə, PKK öz əməliyyatçılarını Azərbaycanın Qarabağ regionunun ermənilərin nəzarəti altında olan hissəsində yerləşdirmişdir. Bundan əlavə, dəfələrlə aeroportların ofislərini, qatarları partlatmış, diplomatları qətlə yetirmiş erməni terrorçuları da Qarabağda sığınacaq tapmışlar. Onların separatçı qurum çərçivəsində Qarabağa və geriyə yerdəyişməsinə Ermənistanın hakimiyyət orqanları tərəfindən nəinki nəzarət olunmur, hətta icazə verilir və təşviq edilir. Azavaddakı radikal islamçılar kimi erməni separatçıları da terrorçular hazırlaya, Qarabağın hüdudlarından kənarda terrorçuları silahla təchiz edə, döyüş əməliyyatlarını, habelə erməni irredent ideologiyasını Türkiyə, Gürcüstan və regionun istənilən digər ölkəsinin ərazisinə ixrac edə bilərlər.
Maliyə beynəlxalq müdaxilə üçün üçüncü səbəb bu ölkənin dünya şöhrətli mədəni irsinin olması və həmin irsin separatçı qüvvələrin nəzarəti altında təhlükəyə məruz qalmasıdır. Timbuktu şəhəri dünyada islama dair minlərlə sənəd və kitabdan, gözəl məbəd və məscidlərdən ibarət dini təhsil mərkəzi kimi məşhurdur və UNESCO-nun Dünya maddi irs obyekti sayılmışdır. Orta əsrlərə aid islam kitablarından ibarət bu dəyərli kolleksiya Azavad separatçıları tərəfindən bütpərəstlik sayılmış və daha sonra yandırılmışdır. Bu cinayət özlüyündə Malinin mədəni irsinin xeyli hissəsini Yer üzündən silmişdir.
Azərbaycan mədəni irsinin
döyünən ürəyi, tanınmış
musiqiçilərin, rəssamların və şairlərin vətəni
Şuşa şəhərinin, onun gözəl tarixi abidələrinin,
məscidlərinin aqibəti də eyni olmuşdur.
İşğal olunmuş ərazilərin bir çox
yaşayış məntəqələrində Azərbaycan
əhalisinin Qarabağda yaşadığı bütün
müddət ərzində mövcud olmuş və UNESCO-nun
Dünya irsi kateqoriyasına uyğun gələn kitabxana, muzey
və memarlıq abidələri artıq yoxdur.
Qarabağın Azərbaycan-türk irsinin , demək olar,
bütün əlamətləri erməni xuntası tərəfindən
silinmiş, Azərbaycanın işğal olunmuş regionu Azərbaycan
irsinin izləri olmayan monoetnik quruma çevrilmişdir.
Qarabağ dağları üzərində ucalan Yuxarı
Gövhər ağa və Aşağı Gövhər
ağa məscidlərinin yalnız xarabalıqları
qalmışdır. Bir vaxtlar çiçəklənən,
öz mədəni müxtəlifliyi ilə valeh edən, on
minlərlə azərbaycanlının yaşayış məskəni
olan başqa bir şəhər - Ağdam da yer üzündən
silinmişdir. Azərbaycan memarlığının heç
bir əlaməti yoxdur. Artıq nə yüz kilometrlərlə
uzaqdan muğamın sədaları, nə də səhər
azanı eşidilir. Ağdam erməni ordusunun Azərbaycan
xalqına vurduğu psixoloji travmanın əlaməti olaraq
kabus şəhər adlandırılmışdır.
Dördüncü səbəb humanitar böhran problemindədir. BMT-nin
Qaçqınların İşi üzrə Ali Komissarı
İdarəsinin məlumatına görə, 2012-ci ilin
yanvarında müharibə başlayandan etibarən 350 mindən
çox adam Malidə baş alıb gedən
zorakılıq hallarından qaçmışdır. Qaçqınlar qonşu Mavritaniya, Əlcəzair,
Burkina-Faso və Nigerdə məskunlaşmışlar.
Azərbaycanın daşıdığı yük Mali
ilə müqayisədə daha ağırdır. 1988-ci ildə münaqişə
başlayandan etibarən təxminən 250 min azərbaycanlı
Ermənistandan deportasiya edilmiş, münaqişənin
1992-1994-cü illərdə irimiqyaslı müharibəyə
çevrilməsinə gətirib çıxarmış
eskalasiyası başlayandan sonra 600 minədək dinc azərbaycanlı
sakin erməni silahlı qüvvələrinin təzyiqi
altında Qarabağdakı ev-eşiklərini tərk etmək
məcburiyyətində qalmış, bununla da öz ölkələrində
məcburi daxili köçkünə (IDPs)
çevrilmişdir. Atəşkəsdən
sonra qaçqınların sayı xeyli artaraq bir milyon nəfəri
ötmüşdür. Münaqişə
nizama salınmadığı və Ermənistanın hakimiyyət
orqanları qaçqınların öz doğma
yurd-yuvalarına dönməsinə icazə verməkdən
imtina etdiyi üçün Azərbaycan dünyada əhalinin
adambaşına düşən qaçqınların
sayının ən yüksək olduğu ölkə kimi
qalmaqdadır.
Tərifəlayiq
haldır ki, Fransa digər Qərb ölkələrinin dəstəyi
ilə Afrika ölkəsinin suverenliyinin bərpa edilməsi
üzrə uğurlu əməliyyat aparır və bununla beynəlxalq
hüququn aliliyini bərqərar edir, lakin, eyni zamanda belə
bir fakt da şoka salır ki, beynəlxalq hüququn eyni prinsiplərinə
Cənubi Qafqaz regionunda məhəl qoyulmur, halbuki Maliyə
müdaxilə etmək üçün səbəblər eynən
Azərbaycanda da mövcuddur. Fransa 1997-ci ildən ATƏT-in
Minsk qrupunun həmsədridir, lakin Fransa hökuməti BMT Təhlükəsizlik
Şurasının Dağlıq Qarabağ münaqişəsi
üzrə dörd qətnaməsinin həyata keçirilməsinə
dair qəti mövqeyini bir dəfə də olsun bildirməmişdir.
Əksinə, Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin
2011-ci ildə Kazanda üçtərəfli
görüşündən bir gün əvvəl Fransanın
sabiq prezidenti Nikola Sarkozi prezident S. Sarkisyana mədhnamə
göndərərək, eksplitsit şəkildə Ermənistanı
“Fransanın bacısı” adlandırmışdır ki, bu da
Ermənistan liderini BMT TŞ-nin erməni
qoşunlarının çıxarılmasını tələb
edən qətnamələrinin Fransanın vecinə
olmadığına inandırmağın əlaməti və
azərbaycanlı qaçqınların taleyinə biganəliyin
əlamətidir. Bu ilin yanvarında Fransanın
başçılıq etdiyi “Serval” əməliyyatı
başlayanda yenicə prezident seçilmiş Olland
bildirmişdir ki, Mali “şimalda (ölkənin) terror təcavüzü
ilə üzləşmişdir” və “terrorçular bilməlidirlər
ki, Fransa həmişə o yerdə olacaqdır ki, orada təkcə
öz mənafeləri təhlükə altında deyildir,
azadlığa və demokratiyaya can atan ölkənin
hüquqları təhlükə altındadır”.
Düşünmək üçün informasiya. Erməni
“miatsumu” başlayandan etibarən Azərbaycanın
Dağlıq Qarabağ regionu ora gələn erməni
terrorçuları tərəfindən iflic vəziyyətinə
salınmışdır. Onlar mülki
obyektlərə hücumlar təşkil edərək,
münaqişəni eskalasiyaya - müharibəyə gətirib
çıxardılar. Məşhur beynəlxalq
terrorçulardan biri Monte Melkonyandır. O, Xocalıda,
habelə Kəlbəcər, Xocavənd rayonlarında törədilmiş
digər kütləvi qətllərdə öz “barmaq izlərini”
qoymuşdur. Terrorizmə qarşı “müqavimət
göstərən” Fransa o zaman harada idi və indi haradadır?
Nə üçün o, Azərbaycanın -
Fransa üçün xeyli dərəcədə daha böyük
əhəmiyyət daşıyan, yetərincə gəlirli
müqavilələrə sahib olduğu ölkənin ərazi
bütövlüyünün bərpası üçün
heç bir koalisiya kampaniyası aparmır? Suveren Azərbaycana qarşı davam etməkdə
olan təcavüzə münasibətdə Fransanın və
Təhlükəsizlik Şurasının digər aparıcı
üzvlərinin fəaliyyətsizliyi Ermənistan rəhbərliyinə
və onun Xankəndindəki oyuncaq rejiminə
işğalçı siyasət yürütmək
üçün daha böyük qətiyyət verir.
Təəssüf ki, bu gerçəkliklər bu gün
də - Azərbaycanın Kəlbəcər rayonunun
işğalının 20-ci ildönümü günü də
mövcuddur.
1993-cü ildə, bir neçə həftə ərzində
Kəlbəcərin əhalisinin sayı 83 min 900 nəfərdən
çox olan vilayət mərkəzi və 151 kəndi erməni
qoşunları tərəfindən etnik təmizləməyə
məruz qalmış, bununla da azərbaycanlıların
kütləvi şəkildə qovulmasına başlanmış
və Cənubi Qafqazda misli görünməmiş humanitar
böhran yaranmışdır. Kəlbəcər
rayonunun işğalı Azərbaycan xalqının psixoloji vəziyyətinə
dağıdıcı təsir göstərmişdir. Təkcə ona görə yox ki, qaçqın
düşən insanlar erməni hərbçilərinin vəhşiliklərinə
məruz qalmışdır, ərazi itirilmişdir. Ona
görə ki, beynəlxalq birlik bu hadisələrin və Azərbaycan
qaçqınlarının taleyi üzərindən hələ
də sükutla keçir.
BMT-nin Təhlükəsizlik
Şurası 1993-cü il aprelin 30-da, Kəlbəcərin
işğalından 28 gün sonra 822 nömrəli qətnamə
qəbul edərək, hərbi əməliyyatların
dayandırılmasını və işğalçı
qüvvələrin Kəlbəcər rayonundan
çıxarılmasını tələb etmiş, Azərbaycanın
ərazi bütövlüyü prinsipini bir daha təsdiq
etmişdir. Buna baxmayaraq, qətnamə 20 il
sonra da BMT iqamətgahının rəflərində toz
basmaqdadır. Kim bilir, 822 nömrəli qətnamənin
və Azərbaycanın daha altı rayonunun
işğalından sonra altı ay ərzində qəbul
edilmiş digər üç qətnamənin həyata
keçirilməsi ilə bağlı BMT Təhlükəsizlik
Şurasının qətiyyətini bəlkə də nə
vaxtsa görəcəyik. Biz hələ
ümid edirik.
Yusif BABANLI
Xalq qəzeti.- 2013.- 7 aprel.- S. 5.