“Daş yuxular”da
daşnak mövqeyi, yaxud sülhə qarşı “Səlib
yürüşü”
Yazıçı Əkrəm Əylislinin
yalnız Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə
də ziddiyyətli əks-səda doğurmuş qalmaqallı
“Daş yuxular” romanına düzgün qiymət və qərəzsiz
münasibət, heç şübhəsiz, əsərin hərtərəfli
elmi-tənqidi təhlilindən keçir. Əlbəttə, mənəviyyatı və tarixi iftiraya məruz qalmış Azərbaycan
xalqının hər bir nümayəndəsi və oxucusunun
sözügedən romanla bağlı öz
narahatlığını ifadə etməyə və əxlaqi-hüquqi
meyarlar çərçivəsində öz etirazını
bildirməyə haqqı var və bildirir də...
Ancaq
peşəkar ədəbiyyatşünaslığın dili
ilə genişmiqyaslı və çoxmillətli oxucu
kütləsinə (elə yazıçının
özünə və onun havadarlarına da) bu əsərin
ümumbəşəri dəyərlərə nə qədər
zidd olduğunu və dolayısı ilə bölgədə
sülh və sabitlik prosesinə nə qədər mənfi təsir göstərə biləcəyini
çatdırmaq üçün “Daş yuxular”ın bədiilik
tələbləri və tarixilik prinsipləri əsasında
dərindən təhlil olunması, eyni zamanda,
çağdaş dünya nəsrinin bədii-estetik səviyyəsi
baxımından düzgün qiymətləndirilməsi olduqca
vacibdir. Məhz bu zərurətdən irəli gələn
araşdırmaların isə hər hansı
kampaniyaçılıqla heç bir halda əlaqəsinin
yoxluğu göz önündədir.
Bundan
əvvəlki məqaləmiz (“Bədii həqiqətin
gücü, yaxud ”Daş yuxular”dakı Tülkü obrazının
məğzi” - Aznews.az, 27.02.2013) romanda özlərinə
çatacaq “pay”dan xəbərsiz, onu vaxtından əvvəl
sevinclə qarşılayan fəndgir erməni millətçilərinin
əsərdəki gözlənilməz və qeyri-adi
ifşasına yönəldiyi üçün romanın
ideyası və onu doğuran qayəvi motivlərə növbə
yetişməmişdi.
Azərbaycan
mediasında romanın yaratdığı ilk təəssüratlar
sırasında tanınmış ziyalılar və alimlər
tərəfindən qondarma “erməni
soyqırımı”nın 100 illiyi ərəfəsində
“Daş yuxular”ın erməni millətçilərinin əsassız
iddialarına ideoloji zəmin hazırlamağı ilə
bağlı ciddi və haqlı iradlar səsləndi.
Amma bəla yalnız bundan ibarət olsaydı, dərd yarı
idi. Romanın bundan da dəhşətli və təhlükəli
tərəfi, müəllifin istəyib-istəməməsindən
asılı olmayaraq, onun bilavasitə Azərbaycan və erməni
xalqları arasındakı ədavətin dərinləşdirilməsində
və bununla da Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin uzadılmasında maraqlı
olan daşnakpərəst siyasi qüvvələrin dəyirmanına
su tökməsidir.
Məlumdur
ki, dünya birliyinin haqlı tələbləri
qarşısında dalana dirənmiş Ermənistan rəhbərliyi
və onun beynəlxalq havadarları son zamanlarda vəziyyətdən
qurtulmağın yeganə yolunu yalnız vaxtı uzatmaqda
görərək, bu məqsədlə hər cür
üsullara və oyunlara əl atırlar. Bu oyunlardan yadda
qalan sonuncusu 2010-cu ilin payızında qonşu ölkənin
Gorus şəhərində baş vermişdi.
Akademik Ramiz
Mehdiyev məşhur “Gorus-2010: absurd teatrı
mövsümü (Bakı, “Şərq-Qərb”, 2010)” adlı
kitabında uğursuz məzhəkə
adlandırdığı bu tamaşanın əsl məqsədini
yaddaqalan obrazlı dillə ifşa edərək yazırdı:
“Biz 2010-cu il
oktyabrın 16-da erməni absurd teatrının səhnəsində
növbəti tamaşanın şahidi olduq. Bu dəfə
tamaşa İrəvandakı teatr səhnəsində deyil,
Gorus şəhərində göstərilirdi. Tamaşanın
baş qəhrəmanı hansısa sıravi artist deyil, Ermənistan
prezidenti Serj Sarkisyanın özü idi – bəli, 1992-ci ilin
fevralında Xocalı soyqırımının, Dağlıq
Qarabağın və ona bitişik ərazilərin azərbaycanlı
əhalisinə qarşı etnik təmizləmələrin əsas
təşkilatçılarından biri olmuş Serj
Sarkisyan. Bu dəfə özünü akademik kimi göstərməyə
çalışan prezident teatr səhnəsindən
bütün elm aləmini tarix elmində “yeni kəşflərlə
heyrətləndirməyi qərara almışdı”.
Sözügedən
kitabda tarixi saxtalaşdırmaq və sülhdən yayınmaq
cəhdlərinə qarşı “Gorus-2010”
tamaşasının müəllifinə və
iştirakçılarına verilən tutarlı elmi cavablar,
sanballı dəlillər sağlam məntiqə görə
onlara ibrətli dərs olmalıydı. Amma çox təəssüf
ki, müharibə və silah-sursat biznesinin havadarları
və sərmayədarları qaçılmaz məğlubiyyət
astanasında bir oyundan başqasına üz tuturlar. “Gorus-
2010” siyasi məzhəkəsinin üstündən iki il
keçər-keçməz, bu dəfə Moskvadakı “Drujba
narodov” teatrının səhnəsinə “Daş yuxular” siyasi
“mərsiyə”sini çıxarırlar.
Sanki bir mərkəzdən idarə
olunan və eyni rejissor tərəfindən quruluş verilən
bu iki tamaşanın tarixi təhrif etmək üsullarından
tutmuş, sülhə qarşı yönəlmiş cəhdlərinə
qədər bir-biri ilə səsləşən cəhətləri
və çalarları o qədər çoxdur ki, onların
qarşılıqlı-müqayisəli təhlili
genişplanlı xüsusi tədqiqatın işidir. Odur ki, əsas
məqsəddən yayınmamaq üçün biz hələlik
bu işə girişməzdən, ilk olaraq nəzərəçarpan
iki fərqi qeyd etməklə kifayətlənirik. Birincisi,
“Gorus-2010” tamaşasında baş rolu oynayan bədnam siyasətçi
Serj Sarkisyanı ”Daş yuxular”da daha çox roman müəllifinin
prototipini xatırladan talesiz aktyor Saday Sadıqlı əvəz
edir. İkincisi, tarixi həqiqətdən xəbərsiz, sadəlövh
insanları öz yalanlarına inandırmaq və
çaşdırmaq baxımından “Gorus-2010”dakı S
nöqtə S-ə baxanda, ”Daş yuxular”dakı S nöqtə
S daha təhlükəlidir.
Belə ki, suların nisbətən
durulduğu, sülhə və sabitliyə inamın nisbətən
möhkəmləndiyi bir dönəmdə, Azərbaycan
xalqı öz düzgün tarixi seçimi ilə üzbəüz
dayandığı bir vaxtda, Dağlıq Qarabağ
münaqişəsinin yekun mərhələsində
bütün dünyanın diqqət mərkəzində olan
sülhün taleyi müsbətə doğru həll olunar bir
vəziyyətdə “Daş yuxular” romanı, istər-istəməz,
sözügedən dəyərlərə iki tərəfdən
kölgə salır.
Birincisi, bazar leksikonuna xas ifadələrlə
Qərbi azərbaycanlıların qorxunc və bədheybət
obrazını yaratmaq, bölgəbazlıq (naxçıvanlı,
nardaranlı, lənkəranlı, iranlı və s.) söhbətini
ortaya atmaq və müqəddəs dəyərləri təftiş
etmək kimi cəhdlər, hər şeydən əvvəl, cəmiyyətdə
çaxnaşma salmaq və gərginlik doğurmaq məqsədi
güdür. Ancaq Azərbaycan cəmiyyətini birləşdirən
idealların və amalların hər cür fitnə və təxribatlardan
qat-qat güclü olduğunu nəzərə alsaq, belə cəhdlərin
səmərəsizliyi bəri başdan məlumdur.
İkincisi, daşnak və millətçilərdən
fərqli olaraq, erməni xalqının sülhsevər
nümayəndələrində Azərbaycanın xeyirxah niyyətinə
və dinc qonşuluq ənənələrinə olan inam və
rəğbəti kökündən sarsıtmaq ab-havası
romanın ən təhlükəli tərəfidir. Xalq
yazıçısı Elçin “Birtərəfli həqiqət
yoxdur (Əkrəm Əylislinin ”Daş yuxular” romanı
haqqında) məqaləsində məhz bu mətləbi dərin
təəssüflə vurğulayaraq yazır: “...Bu yazıda
təsvir edilən azərbaycanlı ”vəhşiliyi”, “qəddarlığı”,
“talançılığı” bu gün tərəddüd
içində olan sadə erməni vətəndaşını
da qəzəbləndirəcək və onda sülh, dinc
qonşuluqla yaşamaq hisslərini yox, azərbaycanlılardan
intiqam almaq hissini oyadacaq (“Ədəbiyyat qəzeti”, 8.2.2013).
Ancaq “Daş yuxular”ın
qızışdırıcılıq missiyası, bölgədə
taleyi onsuz da tükdən asılı qalan sülhə
qarşı məkrli həmlələri təkcə erməniləri
yalnız “günahsız qurban” rolunda təqdim etməklə məhdudlaşmır,
suyu indi-indi durulan quyulara atılan daşlar daha dərin
qatlardakı “yaralı” yerlərə toxunur. Səciyyəvi
misal olaraq, əsərin II fəslində baş qəhrəman
Saday Sadıqlının qızdırmalı xatirələrinin
bir parçası kimi Əylis folklorundan gətirilən
nümunəyə və həmin örnək haqqında
romanın sonundakı müəllif qeydinə diqqət yetirək:
“...Və sonra gicbəsər
Çimnazın öz iyrənc səsiylə ucadan oxuduğu
o iyrənc ”folklor nümunəsi”:
Erməni, ay erməni, Dağlarda
döyər dəni. Bir oğlu var, bir qızı, Dalına kəl
buynuzu!”
Bu da
23-cü müəllif qeydi: “Həqiqətən, Əylis
folklorunda mövcud olan şux, zarafatyana (pis niyyətsiz)
kiçicik şeir. Burada (müəllif rusca mətni nəzərdə
tutur - A.A) sətri tərcüməsi gətirilib”.
İqtibas gətirdiyimiz bu
parçalardan sonra səviyyəli və həssas oxucunun qəlbində
doğulacaq suallara qoy onun özü də insafla cavab versin. Təcrübəli
və ahıl bir yazıçının Əylis folklorunun
gözünü töküb, ondan gətirdiyi bu misala nə
ad vermək olar?! Şüuru hələ daşnak təbliğatı
ilə zəhərlənməmiş erməni gəncliyində
bu dördlüyün sonuncu misraları Azərbaycan xalqına
və onun yaradıcılığına qarşı hansı
duyğuları oyada bilər?! Əgər xəstə Saday
Sadıqlının erməni həsrəti ilə
bağlı yaşantıları səmimidirsə, Azərbaycan
folkloru və klassik ədəbiyyatından tutmuş, XX əsrin
məşhur nümunələrinə qədər qonşu
xalqlara xeyirxah münasibəti əks etdirən neçə-neçə
parlaq misallar qalıb, kim tərəfindən uydurulduğu məlum
olmayan o dördlüyü gözə soxmaq dostluq və
insansevərlikdən dəm vurmaqla bir araya
sığırmı?!.
Hələ mən yalnız bir
epizodun və ya cizginin özündə yüksək peşəkarlıq
səviyyəsinə iddialı yazıçının
özü-özünü inkar etməsini demirəm! Yəqin
ki, növbəti sualı verməyə təkcə mənim
yox, iqtibasdakı fərqləndirmələri müşahidə
etdikdən sonra istənilən oxucunun haqqı var: Əgər
gətirdiyin nümunə “iyrəncdirsə” , onda niyə “pis
niyyətsiz” deyirsən?! Yox, əgər “pis niyyətsiz”dirsə,
onda niyə “iyrənc” deyirsən?!
“Daş yuxular” müəllifinin
romanın ideya daşıyıcısı olan qəhrəmanlarının
dili ilə (hər hansı yazıçının estetik
idealın bədii ifadəsinə xidmət edən obraz və
personajların sözləri üçün müəyyən
məsuliyyət daşıdığı həssas oxucuya
yaxşı məlumdur) qondarma “erməni
soyqırımı”na canfəşanlıqla mərsiyə deməsinə
gəlsək, Əkrəm Əylislinin Qərb tarixçilərinin
öz qərəzsizliyi və dəqiqliyi ilə seçilən
son tədqiqatlarından xəbərsizliyi dərin təəssüf
doğurur.
Yazıçının diqqətinə
1985-ci ildə ABŞ-da, 2012-ci ildə Azərbaycanda
yayımlanmış “Erməni soyqırımı”: mif və
gerçəklik. (elmi redaktor və məsləhətçi Əli
Həsənov, ön söz müəllifi Adil Əliyev, tərcüməçi
Əsəd Cahangir, Bakı, “Adiloğlu”, 2012, səh. 368)”
kitabındakı bəzi tədqiqatların yalnız müəlliflərini
və sərlövhələrini təqdim edirik: Maykl Hanter
“Türkiyə əleyhinə erməni terrorist kampaniyası”,
Hit.U.Louri “XIX və XX əsr erməni terrorizmi: qırılmaz
əlaqələr”, Pol Hentse “Erməni
zorakılığının mənbəyi: O,
başlanğıcını haradan götürür?”, Kolman
Makkarti “Türklər təhrif olunmuş tarixin
qurbanlarıdır”, Con Coey “Türk faciəsi” və s. və
i.a.
Sözügedən kitabda
toplanmış sənədlər içində son dərəcə
qiymətlilərindən birinin, I Dünya müharibəsi illərində
və ondan sonra da hadisələrin qaynar nöqtələrində
məsul vəzifələrdə çalışmış
və onları öz gözü ilə görmüş
amerikalı yüksək rütbəli zabit Artur Treymen
Çesterə mənsub və uydurma “erməni
soyqırımı” haqqında həqiqəti öz həmvətənlərinə
çatdırmaq üçün 1923-cü ilin fevralında
“Nyu-York Tayms, (”Müasir tarix” jurnalı)”da dərc olunmuş
(səh. 758-764) “Xəyanətə görə ölkədən
çıxarılmış ermənilər” adlı sənədin
aşağıdakı kiçik parçasını da
“Daş yuxular” müəllifinin insafına həvalə edirik:
“...İcazə verin, burada fikrən xəyali paralel
aparım. Tutalım, Meksika bizim vuruşduğumuz güclü
və düşmən ölkədir, təsəvvür edək
ki, biz ordumuzu Meksika sərhədinə göndərmişik
ki, hücum edən düşmənin qabağını
alsın; sonra da təsəvvür edək ki, zəncilər —
bizim ordunun əsgərləri — təkcə düşmən
tərəfinə keçmirlər, həm də ordunun arxa cəbhəsində
qalanları birləşib, bizim rabitə xətlərimizi də
kəsirlər. Siz necə fikirləşirsiniz,
biz bir millət kimi, zəncilərlə nə edərdik?!
...Mən əminəm ki, əgər
Amerikanı belə vəziyyətdə qoysaydılar, hətta
cənubdakı bütün zənciləri qırmalı da
olsaydı, həmin üsyanı yatırdardı, geniş nəqliyyat
vasitələrinin olmasına baxmayaraq, yorucu və ağır
müdafiə aktı olan köçürmə ilə məşğul
olmazdı (“Erməni soyqırımı”: mif və gerçəklik”,
səh. 263-264)”.
Yazıçının
“Daş yuxular”dakı ağır məğlubiyyətinin
açıq və gizli olmaq etibarilə bir sıra səbəbləri
vardır. Bunlardan biri, heç şübhəsiz,
Əkrəm Əylislinin bədii potensialının üzləşdiyi
böhranla bağlıdır. Bir vaxtlar
“Adamlar və ağaclar” başda olmaqla, onun bir sıra povest və
hekayələri o xəyali Buzbulağın adını
dünyanın ədəbi xəritəsinə həkk etmək
ümidi doğurmuşdu. Deyək ki, Folknerin Yoknapatofu və
ya Markesin Makondosu kimi!.. Ancaq
“Ağ dərə”dən “Yəmən”ə qədər uzanan
yolun uğursuzluğu (həm coğrafi, həm bədii mənada)
bu arzuya son qoydu. Bunu demək çox
çətindir, amma bəlkə də, yazıçı
uzunsürən yaradıcılıq böhranının dərkolunmaz
dərəcədə sirli məntiqi ilə o xəyali məkandan
üz döndərib, son əsərlərində ümidini
daha çox işığına və tarixi şöhrətinə
tapındığı, ədəbi təxəllüsünün
vətəni olan real-tarixi məkanla (Əylislə)
bağlayırdı. Amma “Daş yuxular”da
onu Aqulisə çevirmək cəhdi, tarixini və
şöhrətini özgələrin ayağına yazmaq
iddiası yazıçının yeni ümidlərini də
puça çıxardı. Təəssüf!..
Nəhayət, bu məqalənin sərlövhəsinə
çıxarılmış bir mətləblə nə qədər
yaxından səsləşdiyini vurğulamaq üçün
“Daş yuxular”ın axırıncı cümlələrini
olduğu kimi gətirməyə məcburuq:
“Azadə xanımla Münəvvər
xanım xəstəxana maşınında Saday
Sadıqlının nəşini yudurtmaq üçün məscidə
aparırdılar...”
“Parapetin yanındakı kilsənin pəncərələrindən
çıxan qara tüstü burumları 1990-cı ilin 13
yanvarının qan qoxuyan qara gecəsinə qarışaraq
get-gedə qatılaşırdı...”
“Və Əylis kilsələrində
gecələyən göyərçinlər hələ ki
rahat yatırdılar və göyərçin yuxuları
görürdülər”.
Roman - “rekviyem”in bu son “akkord”ları
ilə Ə.Əylislinin nə demək istədiyini
yaxşı hiss eləsəm də, onu deməyə artıq
dilim gəlmir. Bu ağır mətləbi
oxucunun öz ixtiyarına, yazıçının isə
öz vicdanına buraxıram.
Bu sözləri yazarkən, eyni
zamanda, bəzi qələm dostlarımın onları
oxuduğu andakı bığaltı və ya xalüstü təbəssümünü
də öncədən sezirəm və mənasını
indidən oxuyuram, yəni, “yıxılanı vurmazlar!”.
Əvvəla, deyimlərimiz
arasında yıxılanla bağlı başqa məsəllərimiz
də vardır, məsələn, “özü yıxılan
ağlamaz!”. İkincisi, bu mənim həm
dəyişməz vətəndaşlıq mövqeyim, həm
də bir ədəbiyyatşünas kimi peşə borcum idi!
Üçüncüsü, Allaha çox şükür ki,
indi 37-ci il deyil və bu anlayışdan hər
addımda sui-istifadə etmək sadəcə
vicdansızlıq olardı. Kim tənqidlərimlə və ya
hər hansı yozumumla razı deyilsə, buyursun, qələminə
bəri başdan uğur diləyirəm, meydan mərdinkidi!
Heç vaxt
yaxından üzünü görmədiyim “Daş yuxular”
müəllifinə gəlsək, ona da
cansağlığı və uzun ömür arzulayıram.
Bəlkə, bu müddət ərzində nə qədər
böyük səhv etdiyinin fərqinə vara! Bir də bu
böhrandan qurtulub, bizə bir işıqlı və yüksək
bədii səviyyəli əsər bəxş edə bilə!
Yox, əgər tarixdən və ya qandan-qadadan yazacağam desə,
onda, bəlkə, bizi Yusif Səmədoğlunun “Qətl
günü” və ya özünün sevə-sevə tərcümə
elədiyi Markesin “Gözlənilən bir qətlin tarixçəsi”
kimi bir əsərlə sevindirə!..
Akif AZALP,
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Xalq qəzeti.- 2013.- 7 aprel.- S. 6.