Heydər Əliyevin
ən böyük uğurlarından biri məhkəmə-hüquq islahatları idi
Gənc müstəqil Azərbaycan Respublikası artıq
təkcə regionun və postsovet məkanının deyil,
eləcə də bütövlükdə dünyanın aparıcı dövlətlərindən birinə
çevrilmişdir. Bu
gün gənc respublikamız Birləşmiş
Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasına üzv
olan 15 ölkədən biridir.
Respublikamız dünyanın müxtəlif guşələrindəki
sosial-iqtisadi problemlərin həlli məqsədilə
yaradılmış “Böyük iyirmiliklərin”
toplantılarına dəvət olunur.
Azərbaycan
dünyanın kosmik ölkələr klubunun
üzvüdür. Bakıda və respublikamızın
regionlarında çoxsaylı beynəlxalq tədbirlər təşkil
olunur. Azərbaycan dövlətinin
razılığı olmadan regionda heç bir iqtisadi layihə
reallaşdırılmır və sairə. Yəni bu gün Azərbaycan bütün sahələrdə
qüdrətli dövlətə çevrilmişdir.
Bu qısa yazının əvvəlində
- Azərbaycan qüdrətli dövlətdir - ifadəsini yazmaq çox
asandır. Ancaq Sovet
imperiyasının dağıntıları arasından
çıxarılmış, məhrumiyyətlər və məşəqqətlər
içərisində çabalayan bir dövlətin bu
günə çatması üçün
görülən işlər, həyata keçirilən tədbirlər
geridə çox möhtəşəm bir zəhmətin, fədakarlığın
qaldığını sübut edir. O zəhmətin və fədakarlığın
müəllifi ulu öndərimiz Heydər
Əliyev, icraçısı isə Azərbaycan xalqı idi.
Azərbaycanın
regionda qüdrətli dövlət kimi formalaşmasını
gözü götürməyənlərin qara niyyətlərinə,
səriştəsiz soydaşlarımızın
çoxsaylı səhvlərinə və zamanın bəxş
etdiyi ağrı-acılara baxmayaraq gənc müstəqil Azərbaycan
dövləti bütün problemləri geridə qoydu. Hamının yadındadır ki,
müstəqilliyin ilk illərində
üzləşdiyimiz problemlərin dəf edilməsi
inandırıcı görünmürdü.
Əksinə, ölkə əhalisi daha
ağır günlərin gələcəyindən
ehtiyatlanırdı. Ancaq xalqın yol göstərə biləcək
ziyalılarının atdığı addım - ulu öndər Heydər Əliyevin
Naxçıvandan Bakıya dəvət edilməsi
yaranmış vəziyyətdən çıxmaq üçün tarixi bir şansa çevrildi. Bu bir həqiqətdir ki, əgər
1993-cü ilin iyununda
Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi,
Azərbaycan öz dövlət müstəqilliyinin nəinki 20 illiyini,
hətta 10, bəlkə də 5 illiyini qeyd edə bilməyəcəkdi. Heydər Əliyevin
siyasi hakimiyyətə qayıdışı Azərbaycana
xoşbəxtlik və firavanlıq, türk
dünyasına isə inkişaf edən bir ölkə bəxş etmişdir. Xatırlatmaq yerinə
düşər ki, bir
sıra Avropa
qurumları 1995-ci ilin noyabrında Azərbaycanda
keçirilmiş parlament
seçkilərinin nəticələrini və qəbul edilmiş Konstitusiyanın mahiyyətini öyrənənədək
bu ölkədə hansısa demokratik addımın atılacağına
inanmırdılar. Halbuki, həmin seçkiyə qədər biz 1993-cü ilin
oktyabrında açıq və ədalətli prezident seçkisi keçirmişdik, Prezident
Heydər Əliyev ölüm hökmünün icrasının müvəqqəti
dayandırılması barədə sərəncam vermişdi, ölkəmiz NATO-nun
Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmuşdu,
Xəzərin Azərbaycan sektorundakı karbohidrogen
ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin
müqaviləsi” adlı böyük
müqavilə imzalanmışdı və sairə. Ancaq bütün bunlara baxmayaraq
avropalılar hələ də müsəlman ölkəsi
olan Azərbaycanda qəbul ediləcək ilk milli Konstitusiyanın
mahiyyətini gözləyirdilər. Qəbul olunmuş Konstitusiyanın müddəaları
ilə tanış olduqdan sonra
isə istənilən avropalı səmimi şəkildə etiraf etməli oldu ki, gənc müstəqil Azərbaycan
Respublikasının yeni Əsas Qanunu əksər Avropa
ölkələrinin əsas qanunlarına nisbətən daha demokratik, daha humanist prinsiplər əsasında
işlənmişdir. Məhz bu Əsas Qanun Azərbaycanda
mükəmməl hüquq
islahatlarının həyata keçirilməsinə zəmin
yaratdı.
Bilavasitə
ulu öndərin təşəbbüsü və şəxsi
iştirakı ilə ölkənin hüquq sistemində
köklü islahatlar aparılmasına start verildı. Xalqımızın milli, mədəni
və tarixi ənənələrinə
söykənərək həqiqi demokratik
cəmiyyət yaradılmasına xidmət edən bu islahatlar ilk
növbədə insan
hüquqlarının daha etibarlı təmin
edilməsinə yönəlmişdi. Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi
ilə aparılmış məhkəmə-hüquq
islahatı nəticəsində keçmiş
sovetlər birliyindən miras qalmış
ölkənin hüquq sisteminin
demokratik prinsiplər əsasında tamamilə
yenidən qurulmasına nail ola bildik. Bu islahatlar
yeni mütərəqqi qanunların, o cümlədən “Konstitusiya
Məhkəməsi haqqında”, “Məhkəmələr və
hakimlər haqqında”, “Prokurorluq
haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış
fəaliyyəti haqqında” və digər qanunların, əvvəlkilərdən
prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual,
Cəzaların İcrası və sair məcəllələrin
qəbul edilməsini reallığa çevirmişdir.
Əlavə edək ki, bu qanunların
hamısı demokratik prinsiplər əsasında və beynəlxalq hüquq normalarının tələblərinə
uyğun hazırlanmışdır.
Üstəlik, bilavasitə dövlət
başçımızın tövsiyəsi ilə həmin sənədlərin
hamısına beynəlxalq ekspertlər rəy vermişdilər. Bu da bir uğur
kimi qəbul edililməlidir ki, beynəlxalq
ekspertlər bizim qanunların
hamısını yüksək qiymətləndirmişlər.
Ölkənin
ədliyyə sisteminin Avropa təcrübəsi əsasında
yenidən qurulması məqsədiylə respublikamızda birinci instansiya, apellyasiya və
kassasiya instansiyalarından ibarət yeni üçpilləli
müstəqil məhkəmə sistemi
yaradılmışdır. Bu barədə
aşağıda söz
açacağıq. Öncə isə qeyd
edək ki, respublikamızda bu məsələ 1993-cü ilin
payızından bəri daim diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin məhkəmə
sisteminin müasirləşdirilməsi barədə
19 yanvar 2006-cı il tarixli fərmanının imzalamasından sonra isə həmin
proses keyfiyyətcə
yeni mərhələyə keçmişdir. Belə ki, ədalət mühakiməsinin səmərəliliyinin
artırılması, əhalinin məhkəmələrə
müraciət etmək imkanlarının
asanlaşdırılması və ölkə
regionlarının inkişafı məqsədi ilə yeni məhkəmələr, o
cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradılmış, hakimlərin sayı 2 dəfə
artırılmış, məhkəmə aparatlarının strukturu təkmilləşdirilmişdir. Ən başlıcası, gənc
respublikamızda Ədliyyə Akademiyası adlı mükəmməl bir tədris müəssisəsi yaradılaraq
fəaliyyətə başlamışdır.
Aparılan islahatlar nəticəsində
formalaşdırılmış yeni qaydalara əsasən bu
gün Azərbaycan Respublikasında birinci instansiya məhkəməsi
kimi rayon (şəhər) məhkəmələri, ərazi
yurisdiksiyası üzrə fəaliyyət göstərən
hərbi, inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri
fəaliyyət göstərir. Müvafiq
olaraq ölkənin 6 regionunda
apellyasiya məhkəmələri
formalaşdırılmışdır. Həmin məhkəmələr 4 kollegiyadan - mülki, cinayət,
hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla
müvafiq ərazi yurisdiksiyası üzrə
fəaliyyət göstərirlər.
Naxçıvan Muxtar
Respublikasının məhkəmələrinin təşkilində
muxtar respublikanın Ermənistan Respublikası tərəfindən
blokadada saxlanılması nəzərə
alınmışdır. Belə ki, Naxçıvan Ali
Məhkəməsi muxtar respublika
məhkəmələrinə münasibətdə apellyasiya instansiyasıdır. Həmin
məhkəmənin qərarlarına isə kassasiya qaydasında Azərbaycan
Respublikasının Ali Məhkəməsi
tərəfindən baxılır. Kassasiya
instansiyası məhkəməsi olan Azərbaycan
Respublikasının Ali Məhkəməsinin
tərkibində isə 4 məhkəmə
kollegiyası - Mülki, Cinayət, Hərbi
və İnzibati-İqtisadi Məhkəmə
kollegiyaları vardır. Ali Məhkəmə
tərəfindən apellyasiya məhkəmələrinin
qərarlarına kassasiya qaydasında
baxılır.
Ölkənin ali konstitusiya ədalət
mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsində
Azərbaycan Konstitusiyasının aliliyi təmin edilir. Bundan başqa, respublikamızda
aparılan islahatlar çərçivəsində
qəbul edilmiş “Konstitusiya
Məhkəməsi haqqında”
(23 dekabr , 2003-cü il)
Qanuna əsasən pozulmuş
hüquq və azadlıqların bərpası
ilə bağlı vətəndaşların birbaşa
Konstitusiya Məhkəməsinə
müraciət etmək hüququnun həyata
keçirilməsi mexanizmi müəyyən
edilmişdir. Bu sistem Azərbaycanla eyni vaxtda müstəqillik əldə etmiş ölkələrin böyük
əksəriyyətindəki həmkarlarımız tərəfindən
maraqla qarşılanır və öyrənilir.
Ulu
öndər Heydər Əliyevin bizim sahə ilə
bağlı ən mühüm
çağırışlarından biri də o idi ki,ədalət
mühakiməsinin səmərəliliyi artırılsın. Bu istiqamət üzrə reallaşdırılan
tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq
şəraitində hazırlanaraq qəbul edilmiş
“Məhkəmələr və hakimlər haqqında” qanuna müvafiq dəyişikliklər
barədə və “Məhkəmə-Hüquq Şurası
haqqında” qanunlar xüsusi
əhəmiyyət kəsb edir. Müasir dünyada icra edilən bütün beynəlxalq norma
və prinsiplərə uyğun şəkildə
hazırlanmış həmin qanunlar əsasında məhkəmə hakimiyətinin
özünüidarə orqanı olan Məhkəmə-Hüquq
Şurası yaradılmışdır. Onun
tərkibi 15 nəfərdən ibarətdir və əsasən
hakimlərdən, habelə ölkə Prezidentinin,
Milli Məclisin, prokurorluğun,
Vəkillər Kollegiyasının nümayəndələrindən
və digər şəxslərdən ibarət
formalaşdırılır.
Tətbiq olunan yeniliklərdən
biri də odur ki, hakimlərin
immunitetinə və səlahiyyət müddətlərinə
yenidən baxılmış, hakim vəzifəsinə müddətsiz
təyinat müəyyən olunmuş, onların intizam məsuliyyəti
məsələləri bilavasitə Məhkəmə-Hüquq
Şurasının səlahiyyətinə aid edilmiş, hakim vəzifələrinə
namizədlərin seçilməsi üçün yeni qurum -
Hakimlərin Seçki Komitəsi
formalaşdırılmışdır.
Əlbəttə, ədliyyə sistemində çalışmaq, ədalətin bərqərar olunması prosesinin iştirakçısına çevrilmək istəyən gənclərin sayı istənilən qədərdir. Ona görə də həmin adamlar arasından gənc və qüdrətli Azərbaycan dövlətinin ədliyyə sisteminə layiq olanları seçmək o qədər də sadə məsələ deyil. Odur ki, bu məsələ dövlət tərəfindən məxsusi olaraq nizamlanır. Hakim seçkilərinə dair yeni qaydalara əsasən hakim olmaq üçün ilk dəfə olaraq 2005-ci ildən çoxmərhələli prosedurlarla, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar keçirilmiş, hakimliyə namizədlər üçün uzunmüddətli tədris kursları təşkil olunmuş və bu kurslara yüksək məhkəmə hakimləri, görkəmli alimlər, zəngin biliyə və təcrübəyə malik şəxslər və beynəlxalq təşkilatların ekspertləri cəlb olunmuşlar. Keçirilmiş 3 seçim prosesində 2200-dək hakimliyə namizəd iştirak etmiş və onlardan 235-i bütün mərhələlərdə müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə təyin olunmuşdur.
Təbii
ki, ədliyyə sisteminin fəaliyyətini peşəkar vəkillərin
iştirakı olmadan təsəvvür etmək mümkün
deyil. Ona görə də
müstəqil təsisat olan Vəkillər
Kollegiyasının fəaliyyətinin yeni,
demokratik əsaslarla təşkil edilməsi
və əhaliyə hüquqi
yardımın yaxşılaşdırılması məqsədi
ilə 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti
haqqında” qanun qəbul edilmiş,
hüquqi
yardım göstərilməsində bu
orqanın rolunun daha da artırılması üçün
bu sahədə qanunvericilik
daha da təkmilləşdirilərək
müasir tələblərə
uyğunlaşdırılmışdır.
Bir sözlə, bu gün Azərbaycan cəmiyyət həyatının bütün sahələrində olduğu kimi ədliyyə sahəsində də böyük uğurlara imza atır. Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi dayanır. Prezident İlham Əliyevin dediyi kimi, gənc müstəqil Azərbaycan dövləti bütün sahələrdə daim qanunları, xüsusən, Konstitusiyanın müddəalarını əsas tutmuşdur və bundan sonra da belə olacaqdır.
Nəhayət,
bu gün Azərbaycan ədliyyəsi barədə söz
açarkən mütləq
qeyd etməliyik ki, bizim sahənin əməkdaşlarının
əmək fəaliyyətinin ən müasir dünya
standartları səviyyəsində
qurulması, onların sosial problemlərinin həlli daim
dövlətin və möhtərəm Prezidentimiz İlham Əliyevin
diqqət mərkəzindədir.
Mehman NURİYEV,
Şəki Rayon Məhkəməsinin sədri
Xalq qəzeti.- 2013.- 7 aprel.- S. 7.