BƏRDƏ gülüstana çevrilir...

 

Bərdə Rayon İcra Hakimiyyəti Aparatında hazırlanmış arayışla, sözün həqiqi mənasında, təəccüb və heyrətlə tanış olduq. Hətta arayışdakı bir sıra fakt, rəqəm və göstəriciləri bir daha dəqiqləşdirmək istədik. Ancaq... Bərdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri İsgəndər İsmayılovun cavabı gözlədiyimizin əksinə oldu:

 

– Biz hələ çox rəqəmləri göstərməmişik, – dedi. – Hamısını yazmalı olsaq onda...

Şöbə müdiri əlinin altındakı qovluqları açmaq istədi. Ancaq daha buna ehtiyac yox idi. Ona görə də:

– Hələlik lazım deyil, – dedim. – ehtiyac olsa ...

Bayaqkı təəccüb və heyrətimə səbəb olan fakt və rəqəmlərin bəziləri ilə sizi də tanış edirik, əziz oxucular. O zaman, əlbəttə, siz məni qınamazsınız.

Ötən il rayonda 234 milyon manat dəyərində ümumi məhsul, o cümlədən 9,9 milyon manatlıq sənaye, 110,8 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, 48,3 milyon manat dəyərində tikinti-quraşdırma işləri görülmüşdür. 2011-ci illə müqayisədə ümumi məhsul buraxılışının həcmi 17,8 faiz, sənaye buraxılışı 9,1 faiz, kənd təsərrüfatı məhsulu isə 4 faiz artmışdır.

2012-ci ildə rayon iqtisadiyyatının inkişafı üçün əsas fondlara 40,4 milyon manat və ya əvvəlki ildəkindən 32,1 faiz çox investisiya yönəldilmişdir. Müqayisə olunan dövrdə hər bir işçinin əmək haqqı 10,3 faiz artaraq 225 manat olmuşdur. Keçən il 25,8 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki illə müqayisədə 2,2 dəfə çoxdur.

2 il əvvəl rayonun cəmi 4 kəndinə təbii qaz veriliridi. İndi isə 52 kənddə mavi alov yanır.

Son 2 ildə Bərdə şəhərində 5 park, 13 xiyaban tikilib istifadəyə verilmiş, 1 milyon 487 ağac əkilmişdir.

Bərdə şəhəri Tərtər və Ağdam istiqamətlərində xeyli genişləndirilmiş, yaşıllıq və istirahət zonaları salınmışdır. Ümumiyyətlə, şəhərin demək olar ki, bütün prospekt və küçələri yenidən qurulmuş, genişləndirilmiş və abadlaşdırılmışdır.

Rayonun mərkəzi meydanı qurulmuş, burada hündürlüyü 85 metr olan Azərbaycan Bayrağı ucaldılmışdır. Ulu öndər Heydər Əliyevin böyük pannosu qoyulmuş, milli memarlıq üslubunda giriş qapısı tikilmiş, fəvvarə quraşdırılmışdır. Nüşabə parkında hökmdar qadının heykəli ucaldılmış, divarlara Nizaminin “İsgəndərnamə” poemasından miniatürlər çəkilmişdir.

Hazırda ümumi sahəsi 12 hektar olan və ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda, eləcə də bir sıra küçə və meydanlarda, ayrı-ayrı yaşayış məntəqələrində qızğın iş gedir.

İndi rayonda fəaliyyət göstərən sahibkarlıq obyektlərinin yarısı son 2 ildə yaradılmışdır.

Son 2 ildə rayon üzrə 6565 yeni iş yeri açılmışdır ki, bunun da 2412-si daimidir.

Yuxarıda sadaladığımız rəqəmlərdən də göründüyü kimi, həqiqətən, son 2 il bütövlükdə respublikamızda olduğu kimi, Bərdə rayonu üçün də misli görünməmiş inkişaf və yüksəliş illəri olmuşdur. Şəhər və kəndlər öz simasını əsaslı şəkildə dəyişmiş, daha abad, müasir və yaraşıqlı olmuşdur. Yeni yollar çəkilmiş, körpülər salınmış, onlarca müxtəlif təyinatlı obyekt işə düşmüşdür. Ən əsası isə odur ki, ötən illər ərzində adamların əhval-ruhiyyəsi, mənəvi-psixoloji aləmi dəyişmiş, daha yetkin və zəngin olmuş, sabaha olan inam və ümid artmışdır. Bütün bunlar isə, əlbəttə, heç də öz-özünə yaranmamışdır.

Bu, hər şeydən əvvəl, ölkə Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi gündəlik diqqət və qayğının, bu istiqamətdə imzaladığı fərman və sərəncamların, qəbul edilmiş dövlət proqramlarının real nəticələridir. Ölkə rəhbərinin ayrı-ayrı regionlara tarixi səfərlərini, açılış və təməlqoyma mərasimlərində iştirakını, ağsaqqallarla, ziyalılarla, gənclərlə keçirdiyi unudulmaz görüşləri, verdiyi məsləhət, tövsiyə və tapşırıqları yada salmaq kifayətdir.

Təkcə ötən 10 ildə respublika Prezidenti 5 dəfə Bərdədə olmuş, hazırda şəhərə xüsusi yaraşıq verən bir sıra obyektlərin açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə unudulmaz görüşlər keçirmişdir. Həmin tarixi səfərlər, keçirilmiş görüş və söhbətlər bu gün də bərdəlilərin ürəyində əziz bir xatirə kimi yaşamaqdadır. Prezident ötən il oktyabr ayının 7-də Bərdəyə tarixi səfəri zamanı özü bu barədə danışarkən demişdir: “ Mən Prezident kimi beşinci dəfədir Bərdəyə gəlirəm. Amma bildiyiniz kimi, əvvəlki dövrdə də dəfələrlə Bərdədə olmuşam. Ulu öndərlə bərabər, həmişə olmasa da, o 14 səfərdən, bəlkə də, 5-6-sında mən də onun yanında idim...”

Ötən il oktyabr ayının 7-də ölkə rəhbəri Bərdəyə səfəri çərçivəsində Qəhrəmanlar parkının, çörək istehsalı müəssisəsinin açılışında iştirak etmiş, əsaslı şəkildə yenidən qurulmuş mərkəzi istirahət parkında, Nüşabə parkında, Bayraq meydanında yaradılmış şəraitlə tanış olmuşdur. Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, həyata keçirilmiş tədbirləri yüksək qiymətləndirməklə yanaşı, öz məsləhət və tövsiyələrini də vermişdir.

Biz bu yazı üzərində işləyərkən bir daha rayonda olduq, bir sıra idarə, müəssisə və təşkilatlara baş çəkdik, ölkə Prezidentinin son səfərindən sonra əldə edilmiş nəticələr, görülmüş işlərlə maraqlandıq. Gördüklərimizə, şahidi olduqlarımıza əsasən deyə bilərik ki, Prezidentin səfəri, keçirilən unudulmaz görüş və söhbətlər, ölkə rəhbərinin verdiyi göstəriş və tövsiyələr bütün sahələrdə işlərin gedişinə əsaslı şəkildə təsir göstərmiş, inkişaf və yüksəliş dönməz xarakter almış, imkan və səylər daha böyük hədəflər uğrunda səfərbər olunmuşdur. Ən vacibi isə odur ki, bu gün Bərdədə həyatın axarı gurdur, rayonda böyük ruh yüksəkliyi, sağlam mənəvi-psixoloji ab-hava, yüksək mütəşəkillik və təşəbbüskarlıq mövcuddur.

Burada, əlbəttə, məsələnin başqa bir tərəfini də qeyd etmək lazımdır. Bu da Bərdə Rayon İcra Hakimiyyətinin, onun yerli strukturlarının iqtisadi, sosial və mədəni məsələlərin həllinə kompleks münasibətidir, təşkilat-idarəetmə məsələlərində, iş üslub və metodlarında daha çox elmi münasibətə əsaslanmasıdır.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevi çoxdan tanıyıram. Maraqlı və zəngin həyat yolu keçib. Hər şeydən əvvəl, yaradıcı adamdır. O, köhnə, adət edilmiş, standart iş üslubu ilə işləməyi sevmir. Çevik, operativ və daha çox elmi münasibətə söykənən iş üslubuna malikdir. Vidadi müəllim həm də maraqlı müsahibdir. Onunla ən müxtəlif məsələlər barədə açıq, səmimi, işgüzar söhbət etmək mümkündür. Ancaq budəfəki görüşümüzdə bizi məsələnin başqa tərəfi – daha çox adamlarla aparılan iş, onlara göstərilən diqqət və qayğı, mənəvi-psixoloji amillər maraqlandırırdı.

– Sizi daim adamlar arasında, müxtəlif yaşayış məntəqələrində, iş üstündə görmək olar. Adamlar qəbul gününü gözləmədən hər zaman hər yerdə sizə yaxınlaşa, ürək sözlərini deyə, arzu və təkliflərini çatdıra bilirlər. İşin məhz bu cür təşkili sizə nə verir?

– Çox şey. Konkret olaraq vəziyyəti düzgün, obyektiv qiymətləndirmək, adamları daha yaxşı tanımaq, icra intizamını dəqiq yoxlamaq və s. Axı heç bir arayış, yaxud telefon zəngi konkret görüş və müşahidəni əvəz edə bilməz. Digər tərəfdən, işin bu cür qurulması qarşılıqlı inam və məsuliyyət hissini artırır, imkan və səyləri birləşdirməyə kömək edir. İndi kabinetdən rəhbərlik, başqa sözlə desək, təzyiqlə, göstərişlə işləmək qeyri-mümkündür. Adamlar rəhbər işçiyə inanmalı, onun arxasınca getməlidirlər. İnam və etibar isə yalnız əməli işlə, konkret fəaliyyətlə qazanılır. Adamlar təkcə quru sözə, boş vədə inanmırlar. Onlar rəhbər işçinin müsbət, məqsədyönlü fəaliyyətinin nəticələrini görməli, öz həyatlarında bunu hiss etməlidirlər. Əks-təqdirdə deyilən söz havadan asılı qalar. Bir məsələni də unutmaq olmaz ki, biz hər hansı sənət, peşə, vəzifə sahibi olmazdan əvvəl insanıq – qayğıya, diqqətə, həssas münasibətə daha çox ehtiyacı olan insan!

– Hər halda, bu cəhətdən Bərdədə görülmüş işlərlə öyünmək olar. Son 2 il ərzində burada, az qala, əsrə bərabər inkişaf və yüksəliş əldə edilmişdir.

– Burada məşhur bir atalar sözü yada düşür: “El gücü sel gücü. Ancaq gərək elə addım atasan ki, el sənə inana, etibar edə. Yadımdadır, rayon icra hakimiyyətinin başçısı kimi ilk addım olaraq ayrı-ayrı yaşayış məntəqələrində oldum, adamların gün-güzəranı, arzu və istəkləri ilə maraqlandım. Bir cəhət mənim üçün həlledici idi: onlar dəyişməyə, yeniləşməyə hazırdımı, daha yaxşı yaşamaq və işləmək istəyirlərmi, bunun üçün nə təklif edirlər? Gördüm ki, hamı, necə deyərlər, bir himə bənddir. Elə bil ki, gur dağ çayının qabağını kəsən bəndi vurub dağıtdın.

Onda da, elə indinin özündə də tez-tez düşünürəm: bəs, əvvəllər bu adamlara mane olan nə idi? Səbəbini çox axtarmalı olmadım. Növbəti səyyar qəbulların birində Saatlı kəndindən Bəhmən kişi elə bil hamının fikrini ifadə etdi: “Əvəllər bərdəli olduğumuzla fəxr edirdik. Ancaq indi respublikamızı bürüyən və gündən-günə güclənən inkişaf və abadlıq dalğası Bərdəyə çatmır ki, çatmır. Bax, bizi narahat edən, düşündürən budur. Ümidimiz sizədir. Bərdənin əvvəlki şöhrətini qaytarmaq üçün bizdən asılı olan nə varsa hazırıq. Təki siz işə başlayın, addım atın, irəli durun”.

Bu sözlərdəki səmimiyyətə zərrə qədər də şübhə etmək olmazdı. Ona görə də biz işin, necə deyərlər, ağırlıq mərkəzini yerlərə, adamların üzərinə keçirdik, onların arzu və təkliflərinə, təşəbbüslərinə geniş meydan verdik. Nəticə isə göz qabağındadır: Bərdədə də inkişaf və yüksəliş aylarla, illərlə yox, az qala günlərlə ölçülür.

– Həyat yenilik, axtarış tələb edir, köhnə, adət edilmiş iş üslub və metodları çox zaman kara gəlmir. Bu isə, əlbəttə, rəhbər işçidən hadisələri qabaqlamaq bacarığı, elmi münasibət, təşəbbüs və yaradıcılıq tələb edir.

– Haqlısınız. Rəhbərlik etmək təkcə kabinet, maşın, iclas, göstəriş deyil. Rəhbərlik etmək həm də adamlarla dil tapmaq, onların hörmət və etimadını qazanmaq, öz ardınca apara bilmək qabiliyyətidir. Yalnız o zaman istənilən vəzifələrin öhdəsindən gəlmək mümkündür. Yeri gəlmişkən, sizi də dəvət edirəm. Bir azdan rayon ictimaiyyəti nümayəndələrinin, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə geniş toplantı keçiriləcək. Bilirsinizmi nə mövzuda? Belə qərara gəlmişik ki, Novruz bayramı ərəfəsində əhali ilə məsləhətləşmə aparaq. Axı, həmin gün hamı qəbir üstə çıxır, dünyadan köçmüş əzizlərini yad edir, dualar oxuyurlar. Beləliklə, demək olar ki, hər kənddə yerləşən qəbiristanlıqlar kütləvi ziyarət məkanına çevrilir. Bu məkanın təmiz, səliqəli və abad görünməsi isə olduqca vacibdir. Tədbirin adını da belə qoymuşuq: “Əhali ilə məsləhətləşmə”. İnanıram ki, bugünkü məsləhətləşmədə maraqlı fikir, təklif və təşəbbüslər eşidəcəyik.

– Sizinlə söhbətə hazırlaşarkən bir məktubla tanış olduq: Ərəblər kəndindən Zabil Məmmədov minnətdarlıq edir. Onu da deyim ki, təkcə cari ilin ötən ayları ərzində rayon icra hakimiyyətinə daxil olan belə minnətdarlıq məktublarının sayı 153-ü keçib.

– Ötən həftə qəbula da gəlmişdi. Təsəvvür edin ki, son 40 ildə rayon rəhbərlərindən heç kim o kənddə olmamışdı. Biz isə növbəti səyyar qəbulu məhz o kəndə salmışdıq. Özü də heç nədən xəbərsiz. Nəticədə, uzun illər yığılıb qalmış problemlər — yol, təbii qaz, içməli su və s. qısa müddətdə öz müsbət həllini tapdı. Görürsünüzmü, adicə bir addım, diqqət və qayğı adamlara necə güclü təsir edir, onların qəlbində sonsuz minnətdarlıq duyğuları yaradır.

– Ulu öndər Bərdəyə tarixi səfərinin birində demişdir: “Mən ürəkdən istəyirəm ki, Bərdə respublikamızın ən gözəl şəhərlərindən biri olsun...

– Təvazökarlıqdan kənar səslənsə də deməliyəm: Bu gün xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin bu arzusu reallığa çevrilmişdir. Respublikamızın Prezidenti İlham Əliyevin dediyi kimi, Bərdə, doğrudan da, gözəlləşir, gülüstana çevrilir. Bu yüksək qiymət hər birimizin qəlbində sonsuz minnətdarlıq duyğuları yaratmaqla bərabər, bizi daha böyük uğurlara, sürətli inkişaf və yüksəlişə səsləyir.

Bəli, bu zəngin və tükənməz xəzinə – ulu öndər Heydər Əliyevin ölməz ideya və əməlləri, Prezident İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət xətti bizim əsas fəaliyyət proqramımız, gündəlik işimizin və həyatımızın məna və mahiyyətidir.

Üç min il tarixi olan qədim Bərdə bu gün öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. İcra başçısı da, görüşdüyüm, söhbət etdiyim kənd sakinləri də, ağsaqqal da, ziyalı da, gənc də son iki il ərzində əldə edilmiş bütün bu inkişaf və yüksəlişi haqlı olaraq ölkə Prezidentinin gündəlik diqqət və qayğısı kimi qiymətləndirdilər. Bərdəlilər bu diqqət və qayğıya konkret və əməli işlə cavab vermək üçün daha böyük səy və əzmkarlıqla işləyəcəklərini bildirdilər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 7 aprel.- S. 9.