BİLƏSUVAR: Muğan düzünün
gözəl şəhəri
Tarixi mənbələrdə
göstərilir ki, Biləsuvar rayonunun ərazisindən keçən Bolqar çayı zaman-zaman
müxtəlif adlar daşıyıb. Bu adlardan biri
də Qələbə olub. İndi həmin çayın sahilində
şəfəqlər içində sayrışan Biləsuvardan
neçə-neçə tanınmış şəxsiyyət
çıxıb. Onlardan ikisi
dünyaca məşhur qəhrəmanlardır:
Gəray Əsədov və Mübariz İbrahimov.
Gəray
Lətif oğlu Əsədov 1923-cü ildə Biləsuvarın
Şahsevən kəndində anadan olub. İkinci Dünya
müharibəsində Ukrayna, Moldova və Rumıniyanın
işğaldan azad edilməsində fəal iştirak edib.
1944-cü ilin payızında Rumıniyanın Markita şəhəri
uğrunda döyüşlərdə misilsiz qəhrəmanlıq
göstərib: öz bədəni ilə düşmənin
güclü atəş nöqtəsini susduraraq əməliyyatın
uğurlu alınmasını təmin edib. Bir neçə ay
sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülüb.
Mübariz
Ağakərim oğlu İbrahimov Gəraydan düz 65 il sonra
Biləsuvarın Əliabad kəndində dünyaya gəlib.
Qarabağ uğrunda döyüşlərdə misilsiz qəhrəmanlıq
göstərib. 2010-cu ilin yayında bir gecə səhərədək
düşmənə qarşı vuruşaraq çoxlu sayda əsgər
və zabitini qırıb. Yalnız səhər saatlarında
qeyri-bərabər döyüşdə şəhid olub. Bir
müddət sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Qəhrəmanların
hər ikisi adını tarixə qanı ilə yazanda 20
yaşını təzəcə keçmişdi. Hər
ikisinin haqqında əfsanələr dünyanı
dolaşdı. İndi hər ikisinin adına şöhrət
tacı olduqları Biləsuvarda məktəb və
küçə var.
Keçmiş
Qələbə çayının sahillərində qərar
tutan qəhrəmanlar yurdu bu gün özünün ikinci gəncliyini
yaşayır. Böyüyür, gözəlləşir, əhalisinin
həyat şəraiti yaxşılaşır.
Son
illərdə respublikamızın hər yerində olduğu
kimi, Biləsuvarda da sosial-iqtisadi inkişaf sahəsində
aparılan işlər uğurla davam etdirilmişdir. Ötən
il ümumi məhsul buraxılışı sənayedə
12,7 milyon manat, kənd təsərrüfatında 84,5 milyon
manat, tikintidə 39,5 milyon manat, nəqliyyatda 2,4 milyon manat,
ticarətdə 39,4 milyon manat olmuşdur.
Rayon əhalisinin sayı
94 min nəfəri keçib. İqtisadiyyatın bütün sahələrində
məşğul əhalinin
sayı 48 min nəfərdir.
Regional inkişaf Dövlət
Proqramına uyğun olaraq bir ildə
Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən rayonda
39 sahibkarlıq subyektinə
13 milyon manatdan çox güzəştli
kredit verilib. İl ərzində 1009 daimi
iş yeri
açılıb.
Rayon
ərazisində tikinti və abadlıq sahəsində də
xeyli işlər görülüb. Belə ki, ölkə
prezidentinin “Biləsuvar rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında” 23 iyul 2012-ci il tarixli sərəncamı
ilə 17 min nəfər əhalinin yaşadığı 6
yaşayış məntəqəsini birləşdirən 21
kilometr uzunluğunda Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə
avtomobil yolunun tikintisi üçün 5,2 milyon manat
ayrılıb. Həmin yolda yüksək keyfiyyətli
asfalt-beton örtüklü yol tikilib. Rayonun Bağbanlar,
Çinarlı-Aranlı, Ağayrı, Nəsimi və
Xırmandalı kəndlərinin mərkəzi giriş
yollarında təmir aparılaraq ümumilikdə 9,6 kilometr
yol asfatlaşdırılıb. Bəhrəmtəpə-Biləsuvar
magistral avtomobil yolunda 11 kilometr asfalt-beton örtüklü yol
tikilib və hazırda işlər davam edir. Dövlət
Proqramına uyğun olaraq Biləsuvar şəhərinin
içməli su və kanalizasiya sisteminin tikintisinə
başlanıb. Rayon mərkəzində Heydər Əliyev
parkının müasir üslubda yenidən qurulması, həmin
parkın ərazisində Heydər Əliyev Mərkəzinin,
rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası
rayon təşkilatının yeni inzibati binalarının,
ümummilli lider Heydər Əliyevin abidə kompleksinin və
fəvvarə kompleksinin tikintiləri davam etdirilir. Şəhər
ərazisində Vergi Terminalının inzibati binasının,
Bitkilərin Fitosanitar Karantin İdarəsinin, Yuxarı
Ağalı kəndində baytarlıq məntəqəsinin,
şəhər 2 saylı uşaq bağçasının 1
mərtəbəli 40 yerlik binasının, Zəhmətabad kəndində
2 mərtəbəli 50 yerlik uşaq
bağçasının, Səmədabad polis bölməsi
üçün inzibati binanın tikintiləri, eləcə də
Biləsuvar şəhər 1 saylı uşaq bağçasının,
Xırmandalı kənd 1 saylı orta məktəb
binasının və Zəhmətabad kənd ümumi orta məktəbində
idman zalının əsaslı təmir işləri başa
çatdırılıb. Ağalıkənd orta məktəbinin
əsaslı təmiri davam etdirilir. Biləsuvar şəhərinin
H.Əliyev, M.İbrahimov və Nizami küçələrində
hasarlar tikilir, dekorativ üzlük aqlay daşları ilə
müasir üslubda üzlənir, piyada səkilərinə
üzlük tavalar döşənir və yeni
işıqlandırma dirəkləri
quraşdırılır.
Kəndlərdə
yasayan əhalinin sosial şəraitinin
yaxşılaşdırılması məqsədilə
“Modul” tipli sudurulducu qurğular tikilir. Ötən il daha 5 kənddə
belə qurğular istifadəyə verilib. Hazırda rayonda
“Modul” bulaqların sayı 16-ya çatıb.
Rayonda
özəl sektorun inkişafı sürətlənib. Son
vaxtlar şəhər ərazisində 500 yerlik şadlıq
sarayı tikilib, Ağayrı kəndində xeyir-şər
evinin tikintisi davam edir. Xırmandalı kəndi ərazisində
2 hektar sahədə kənd təsərrüfatı məhsulları
yetişdiriləcək istixana, Biləsuvar dolama yolunun
başlanğıcında kənd təsərrüfatı məhsullarının
saxlanması üçün soyuducu anbar kompleksi tikilir.
Rayonda
təbii qaz təchizatı və qaz təsərrüfatının
yenidən qurulması istiqamətində işlər davam
etdirilir. Rayonun Ovçubərə, Təsəkənd,
Yuxarı Cürəli, Amankənd, Ağalıkənd,
Aşağı Cürəli, Dərvişli, Çinarlı,
Aranlı kəndlərində və Biləsuvar şəhərinin
genişlənən hissəsində salınmış “Təyyarə
meydanı” yaşayış məntəqəsində təbii
qazın verilişi bərpa edilib. Hazırda 26
yaşayış məntəqəsindən 15-i mavi yanacaq
alır. Rayon əhalisinin 66,8 faizi qazdan istifadə edir.
Ümumilikdə
regionlarının inkişafı Dövlət Proqramında
Biləsuvarla bağlı nəzərdə tutulmuş 20 bənddən
3-nün icrası başa çatdırılıb, 13 bənd
üzrə icra davam edir, 4 bənd üzrə isə nəzərdə
tutulmuş tədbirlərin icrasına bu il başlanılacaq.
Aqrar
bölmədə ümumi məhsul istehsalının həcmi
artıb, məhsuldarlıq yüksəlib və torpaq
adamlarının həyat səviyyəsi xeyli
yaxşılaşıb. Ümumilikdə, 60,5 min ton taxıl
və 11,5 min ton pambıq
istehsal edilib. Heyvandarlıq və quşçuluğun
inkişafı sahəsində
də irəliləyiş
əldə olunub.
Süd istehsalı 27
min tona, ət istehsalı (diri çəkidə) 5,3 min tona, yumurta istehsalı
16,6 milyon ədədə
çatdırılıb. Hazırda 2 hektarlıq
sahədə İtaliya
texnologiyası əsasında
ildə 5500 ton tərəvəz
istehsal edəcək yeni istixananın tikintisi başa çatmaq üzrədir.
Burada 50 nəfər daimi işlə təmin olunacaq. Bundan başqa, 2 min ton meyvə-tərəvəz saxlamaq
üçün soyuducu
anbar işə düşdükdən sonra
70 nəfər daimi işlə təmin olunacaq.
Ölkə Prezidenti cənab
İlham Əliyevin təhsil ocaqlarının
müasir tələblər
səviyyəsində qurulmasına
göstərdiyi diqqətin
nəticəsidir ki,
son illər Biləsuvarda
9 yeni məktəb binası tikilib, 4 məktəb yüksək
səviyyədə əsaslı
təmir olunub. Bu il Xırmandalı
kənd 2 saylı və Amankənd kənd tam orta məktəbləri üçün
yeni binaların tikintisi həyata keçiriləcək. Ümumiyyətlə, ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasında söylədiyi
kimi, yaxın illərdə bütün
bölgələrdə bir
dənə də olsun nəinki qəzalı, təmirsiz, yaxşı təmir olunmayan məktəb qalmayacaq. Səhiyyə ocaqlarının maddi-texniki bazasının
ilbəil möhkəmləndirilməsi
xidmət keyfiyyətinin
yüksəldilməsində mühüm rol oynayır. Artıq 6 kənddə müasir
tələblərə cavab
verən yeni səhiyyə ocaqları tikilərək istifadəyə
verilib.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 2011-ci il
7 iyul tarixli sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət
Proqramına əsasən
hər il elektron səsvermə yolu ilə ölkənin
bir rayon və ya şəhərinin “Gənclər Paytaxtı” elan edilməsi nəzərdə tutulmuşdur.
Sevindirici haldır ki,
bu ilin yanvar
ayında keçirilən
elektron səsvermə
zamanı Biləsuvar gəncləri həmin müsabiqədə qalib gəliblər.
Nazirlər Kabinetinin iclasındakı
yekun nitqində cənab İlham Əliyev demişdir: “Hesab edirəm ki, əvvəlki illərdə əldə edilmiş uğurlar
2013-cü ildə çox
vacib rol oynayacaqdır. Çünki
əvvəlki illərdə
qəbul edilmiş proqramlar və icra edilmiş layihələr bu ilin uğurlu inkişafını da təmin etməlidir.”
İnanmaq istərdik ki, Muğan düzünün
gözəl diyarı
Biləsuvarda da inkişaf və yüksəliş tempi sürətlə
davam edəcək.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 7 aprel.- S. 9.