Musiqi mədəniyyəti və təhsili
tariximizə aid kitab
Naxçıvanda uşaq musiqi məktəbinin yaradılmasının
75 illiyinə həsr olunmuş kitab giriş və iki fəsildən
ibarətdir. Nəşrin redaktoru və rəyçisi
Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımovdur. Monoqrafiyada Naxçıvan mədəniyyətinin yaranma tarixinin Gəmiqaya
qayaüstü rəsmlərindən başladığı qeyd edilmiş, bu diyarın mədəniyyət və incəsənətinin
tarixi
“Kitabi-Dədə Qorqud” boylarında, folklor və muğam
yaradıcılığında, aşıq və xalq dastanlarında, nənələrimizin toxuduğu xalçalarda,miniatür sənətində,
memarlıq abidələrində, rəssamlarımızın tablolarında və digər tarixi sənət əsərlərində öz əksini tapmışdır. Müəllif
göstərir ki, intibah
dövründən başlayaraq
Naxçıvanda yaşayıb yaradan
mütəfəkkirlərin əksəriyyəti
“Naxçıvani” təxəllüsü ilə fəaliyyət göstərmişlər.
Onlardan-memarlar: Əcəmi Əbubəkr oğlu Naxçıvani (XII əsr), Əhməd
İbn Əyyub əl-Hafiz
Naxçıvani ( XIV əsr), görkəmli
dövlət xadimi Cahan
Pəhləvanın qızı, Qızıl Arslanın
qardaşı qızı Cəlaliyyə Naxçıvani (XII
əsrin sonu-XIII əsrin əvvəli); alim, filosof, dövlət xadimi
Nəsrəddin Naxçıvani, Qutluqşah
ibn Səncər
ibn Abdullah əs-Sahibi
ən-Naxçıvani (XIII əsr) və başqa
görkəmli mütəfəkkirləri göstərmək olar.İntibah dövründə mədəniyyət
sahəsində əldə olunan ən böyük nailiyyətlərdən biri də muğam sənətinin
Azərbaycanda və bir sıra başqa ölkələrdə
inkişafı, zirvəyə ucalması və bu
sənətin mükəmməl ustadlarının yetişməsi
ilə bağlıdır. Söz yox ki, muğam sənətinin beşiyi
sayılan Azərbaycanda və onun bölgələrində,
o cümlədən Naxçıvanda muğam sənəti sürətlə inkişaf etmiş və xalq tərəfindən
böyük hörmət, ehtiramla
qarşılanaraq həvəslə öyrənilmişdir.
Belə ki, 1146-cı ildə
əmir Şəmsəddin Eldəgiz tərəfindən Atabəylər
dövlətinin paytaxtının Naxçıvana
köçürülməsi bütün
sahələrdə olduğu kimi mədəniyyət sahəsində də güclü inkişafa səbəb
olmuşdur.
“Naxçıvan
musiqi mədəniyyəti haqqında” fəsildən aydın
olur ki, Naxçıvanda aşıq sənəti öz
inkişaf zirvəsinə XVIII əsrdə Ağ
Aşığın (Allahverdi Qara Osmanoğlu)
yaradıcılığı ilə
yüksəlmişdir. Aşıq Alı kimi sənətkarın
(Aşıq Ələsgərin ustadı) Ağ Aşıqdan
uzun müddət dərs
alması onun necə böyük ustad olmasından xəbər
verir.Ağ Aşıqdan sonra Naxçıvanda və digər
bölgələrdə onun çoxlu davamçıları fəaliyyət
göstərmiş, aşıq
sənətinin inkişafı yolunda davamlı iş
aparmışlar. Naxçıvan aşıq məktəbi
haqqında tam təsəvvür
yaratmaq üçün Aşıq Nabat xanımın
yaradıcılığını xüsusilə qeyd etmək
lazımdır.
Yeni
nəşrdə göstərilir ki, aşıq sənəti
ilə yanaşı, Naxçıvanda xanəndəlik,
instrumental ifaçılıq və
digər musiqi sənətkarlarının fəaliyyəti musiqi mədəniyyətimizin
tərəqqisinə müsbət təsir göstərmişdir.
XVIII əsrdə Türkiyə sultanı IV Muradın
sarayında çalğıçı kimi fəaliyyət
göstərən Muradağa Naxçıvanlı, XIX əsrin
birinci yarısında bir müddət Naxçıvanda
yaşamış xanəndə Səttar, şairə
Qonçabəyim, xanəndə Cəfər, qarmonçalan Səlminaz,
kamança ifaçısı Firuz, XIX əsrin sonu və XX əsrin
birinci yarısında fəaliyyət
göstərən xanəndə və müğənnilərdən
Mandi Mələk, Gülanoğlu, Məşədi Əsəd,
Məşədi Həsən, Məşədi Əbil, Məşədi
İsmayıl, Həsən-qulu, Sarı Heydər, İdris Nağıyev, Kərbəlayi
Baxşəli və başqalarının
yaradıcılığı
xüsusilə qeyd olunmalıdır.
Kitabın
“Məclis və cəmiyyətlərin Naxçıvan musiqi mədəniyyətinin inkişfında rolu” bölməsində oxuyuruq
ki, XIX əsrin 30-40-cı illərində
Naxçıvanda Ehsan xan Kəngərlinin qızı
Qönçəbəyimin şərəfinə adlanan
“Qönçeyi-ülfət”ədəbi məclisi ilə
görkəmli ədiblər A.A. Bakıxanov, N. Barataşvili əlaqə
saxlamış və onun ayrı-ayrı məşğələlərində
iştirak etmişlər.Ordubadda “Əncümani-şüəra”
məclisinin ətrafına
dövrün qabaqcıl ziyalıları – Məmməd Səid
Ordubadinin atası Fəqir Ordubadi, Məmməd Tağı
Sidqi, Əhməd Ağa Şəmi, Aşıq Abbas Dəhri
və başqaları toplaşaraq ədəbiyyat və incəsənətimizin
inkişafında müstəsna
rol oynamışlar.
1882-ci
ildə Naxçıvanda “Ziyalılar Cəmiyyəti”,
“Müsəlman İncəsənəti və Dram Cəmiyyəti”
yaradılır. 1883-cü ilin may ayında
naxçıvanlı ziyalılar, xüsusilə Eynalı bəy
Sultanov və Cəlil Məmmədquluzadənin
başçılığı ilə M. F. Axundovun
“Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri
tamaşaya qoyulmuş və bununla da Naxçıvan
teatrının yaranma tarixi rəsmiləşdirilmişdir.
Görkəmli
bəstəkar Zülfüqar Hacıbəyov 1911-1912 və
1917-ci illərdə Naxçıvanda Üzeyir Hacıbəyovun
“ O olmasın, bu olsun”, “Ər və
arvad”, müəllifi olduğu “ 50 yaşında cavan” əsərlərini
hazırlayıb tamaşaya qoymuşdur. Z. Hacıbəyovun
dirijorluğu ilə tamaşalar
oynanılmış və bəstəkar
“Evliykən subay” operettasını
tamamlamışdır. Naxçıvanda yaşayıb
çalışdığı
müddət ərzində Z. Hacıbəyov öz
yaradıcılığı ilə ətrafına instrumental ifaçıları toplayaraq
teatrda ilk professional ifaçı qrupu
yaratmışdır.
Kitabın
“Naxçıvanda musiqi təhsili” bölməsindən məlum
olur ki,1937-ci ildə Naxçıvanda musiqi məktəbinin
yaradılması isə təhsilin və mədəniyyətimizin
güclü inkişafına təkan verilmişdir. Müəllifin
apardığı araşdırmalar və sənətə
olan böyük məhəbbəti nəticəsində əldə
etdiyi faktlardan
göründüyü kimi, dahi bəstəkar Üzeyir
Hacıbəyovun Naxçıvan musiqi məktəbinin
açılmasında müstəsna xidmətləri
olmuşdur.
Kitabın
maraqlı məziyyətlərindən biri də
Naxçıvan Musiqi Məktəbinə şagird qəbulu,
şagird kontingentinin muxtar respublikanın rayonlar üzrə
bölgüsü, məktəbə rəhbərlik edənlər,
müəllim kollektivi, 1937-1938-ci tədris ilində məktəbə qəbul olunan
şagirdlərin adlı siyahısı, ilk müdavimlər
barədə verilən ətraflı məlumatlardır. Bu arxiv materialları, tarixi sənədlər və fotoşəkillər
böyük maraq doğurur. Məktəbi bitirmiş
şagirdlər və müəllimlər sırasında
hazırda Azərbaycanda tanınmış bəstəkar, nəzəriyyəçi,
musiqi müəllimi və
ifaçıların adlarına rast gəlirik.
Kitab
indiki və gələcək tədqiqatçılar
üçün mühüm əhəmiyyət
daşıyır. Dərs vəsaiti kimi musiqi məktəblərində
və kolleclərdə musiqi ədəbiyyatı dərslərində istifadə edilə bilər.
Xor
dirijoru, tarzən, Naxçıvan MR əməkdar incəsənət
xadimi Rəfail Kərimovun ərsəyə gətirdiyi
kitabı Azərbaycan musiqi mədəniyyəti tarixində dəyərli
sənət əsərlərindən biri adlandırmaq olar.Qədim
mədəniyyət tariximizin araşdırılmasında
böyük yaradıcılıq zəhməti çəkmiş
müəllifə gələcək tədqiqatlarında, incəsənətimizin
və mədəniyyətimizin tarixinin
araşdırılmasında
yeni uğurlar arzulayırıq.
Afət
SADIQOĞLU
Xalq qəzeti.- 2013.- 7 aprel.- S. 11.