“Jurnalistika və müasir
dövrün qlobal problemləri”
Müasir
dövrün qlobal problemləri - terror aktları, ekoloji fəlakətlər,
sosial ədalətsizliklər, dinlərarası təfriqələr,
işsizlik və yoxsulluq
qayğıları və başqa
kəskin problemlər hazırda dünya mediasının
əsas mövzulardır. Təbii ki, qlobal media ictimai rəyin
forumu olaraq planetar düşüncədə dünyanı
narahat edən problemlərə adekvat reaksiyanın
olub-olmadığını əks etdirir. Lakin bir çox
super güclərin - böyük dövlətlərin və
transmilli korporasiyaların maraqlarının
aşkar və gizli toqquşması bu taleyüklü problemlərin
həllini xeyli çətinləşdirir.
Azad və demokratik medianın qlobal
problemlərin həllində rolu nədən ibarət ola bilər?
Qlobal media bu proseslərə obyektiv, qərəzsiz yanaşa
bilirmi? Çağdaş dünya jurnalistika elmini narahat edən
bu və başqa məsələlər Bakı Dövlət
Universitetinin baş müəllimi İlham Mazanlının
“Bakı Universiteti” nəşriyyatında bu yaxınlarda nəfis
şəkildə nəşr
olunmuş “Jurnalistika və
müasir dövrün qlobal problemləri” dərs vəsaitində
geniş əks olunmuşdur. Kitabda qlobal problemlərin
dünyanın aparıcı mətbu orqanlarında
işıqlandırılmasının nəzəri və praktiki aspektləri sistemli şəkildə
araşdırılmış, bir çox aktual məsələlərlə
bağlı geniş elmi şərhlər verilmiş, dəyərli
elmi mülahizə və müddəalar yer
almışdır.
Kitab
jurnalistika və “pablik rileyşnz” ixtisasları üzrə təhsil
alan tələbələrə, qəzet və jurnal
redaksiyalarında, elektron KİV-də işləyən
jurnalistlərə, sahə mütəxəssislərinə,
eyni zamanda korporativ və geniş oxucu qruplarına ünvanlanmışdır.
Əsərdə qlobal problemlərin mahiyyəti, yaranma səbəbləri,
neqativliyi, müasir vəziyyətləri, onların həlli
yollarının araşdırılması ilə
yanaşı, bu sahədə KİV-in vəzifələri və
real praktikası araşdırılmışdır.
Qeyd edək ki, İ.Mazanlı Azərbaycanda
müasir jurnalistika elminin inkişafında və milli jurnalist
kadrlarının yetişdirilməsində böyük əməyi
olan görkəmli alim-pedaqoqlarımızdandır. O,
1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsində təhsil almış, bu
nüfuzlu təhsil ocağını fərqlənmə
diplomu ilə bitirdikdən bir müddət sonra təhsilini
Rusiya Prezidenti yanında Dövlət Qulluğu
Akademiyasının kütləvi informasiya vasitələri
üzrə aspiranturasında davam etdirmişdir. 1991-ci ildə
Moskvada “Mətbuat millətlərarası münasibətlərin
təkmilləşdirilməsi amili kimi” mövzusunda namizədlik
dissertasiyasını uğurla müdafiə etmişdir.
Hazırda BDU-nun Beynəlxalq jurnalistika kafedrasının
baş müəllimidir.
İ.Mazanlı müasir jurnalistika nəzəriyyəsinin
bir sıra aktual sahələrində, o cümlədən
söz azadığı, informasiya hüququ və informasiya təhlükəsizliyi
istiqamətində sanballı elmi tədqiqatları ilə həm
ölkəmizdə, həm də Azərbaycanın
hüdudlarından kənarda tanınaraq elmi ictimaiyyətin
diqqət və rəğbətini qazanmışdır.
Jurnalistika elminin aktual problemləri
ilə bağlı çoxlu kitab və monoqrafiyanın,
yüzlərlə elmi-nəzəri məqalənin müəllifidir.
Xüsusi vurğulamaq istəyirəm ki, müəllifin
“Jurnalistika və müasir dövrün qlobal problemləri”
kitabı elmi sanbalına görə alimin
yaradıcılığının zirvəsi hesab oluna bilər. Kitab müasir dövrün qlobal
problemlərini əsasən əhatə edən on iki əsas
mövzunu əhatə edir. Bu mövzular müasir
dövrün qlobal problemlərinin təsnifatına və səbəb-nəticə
bağlılığına uyğun olaraq, üç şərti
bölmədə təqdim olunur. Bunlar “Siyasi və iqtisadi sahədə
dövlətlərin qarşılıqlı fəaliyyət
problemləri”, “Cəmiyyət və təbiət arasında
qarışılıqlı fəaliyyət problemləri” və
“İnsanlar və cəmiyyət arasında
qarşılıqlı əlaqə problemləri” adlı
bölmələrdən ibarətdir.
Təqdirəlayiq
haldır ki, zəngin pedaqoji təcrübəyə malik olan
müəllif tələbələrin fənni dərindən
mənimsəmələri üçün kitabın əlavələr
bölməsində qlobal problemlərə aid terminlərin
izahlı lüğətini, tələbələrə təkilf
olunan sərbəst işlərin siyahısını və
tematikasını, praktik məşğələlər
üçün çalışma və
tapşırıqları, eləcə də BMT-nin “Minilliyin
İnkişaf Bəyannaməsi” və Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası
və başqa metodiki və hüququ sənədləri
oxuculara təqdim edir.
Kitabın üstün cəhətlərindən biri də
burada haqqında söz açılan problemlərin Azərbaycanla az və ya çox dərəcədə
bağlılığını əks etdirən
çeşidli fakt materiallarından geniş istifadə edilməsidir.
İ.Mazanlı həm klassik Azəbaycan mətbuatında, həm
də müasir KİV-də beynəlxalq mövzuların
işıqlandırılması ənənələrinə
də toxunmuş, bu sahədə əldə olunan uğurlarla
yanaşı, çətinlik və problemləri göstərmiş,
öz tövsiyələrini vermişdir.
Kitabın
birinci səhifəsindən son səhifəsinədək belə
bir fikir qırmızı xətlə keçir ki, bəşəriyyəti
narahat edən, böhran səviyyəsinə
çatmış neqativ sosial-təbii proseslərinin həlli
üçün bütün ölkələrin və
xalqların, beynəlxalq təşkilatların öz qüvvələrini
birləşdirmələri vacibdir. Gələcək jurnalistlərin
qlobal problemlərin mahiyyəti, onların yaranma səbəbləri,
həlli yolları, bu işdə
jurnalistikanın yeri, rolu, əhəmiyyəti ilə dərindən
və hərtərəfli tanış olmaları, təbii ki,
müstəsna əhəmiyyətə malikdir.
Bir fakta diqqət yetirmək istərdik.
BDU-da son onillər ərzində həm milli, həm də
dünya jurnalistikası elminin nəzəri və təcrübi
problemlərinin araşdırılması istiqamətində
sanballı elmi məqalələr,
dərs vəaitləri, dərsliklər, mübaliğəsiz
olaraq bir çox fundamental elmi əsərlər yazılaraq
ortaya qoyulmuşdur. Lakin maddi və
başqa çətinliklər üzündən bu əsərlərin
böyük bir qismi rus, ingilis və başqa dillərə tərcümə
edilərək yayılmamışdır.
Düşünürəm ki, İ.Mazanlının
sözügedən kitabının dünyanın bir neçə
aparıcı dillərinə tərcümə edilməsi
haqqında düşünmək lazımdır. Bir çox
nüfuzlu mütəxəssislərin yekdil qənaəti belədir
ki, bu kitab bütün məziyyətləri ilə beynəlxalq
elmi arenaya çıxmağa tam layiqdir.
BDU-nun
Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid
Vəliyevin fikrincə, kafedranın baş müəllimi
İ.Mazanlının haqqında söhbət açılan
kitabı təkcə milli jurnalistika elminin inkişafında
deyil, bütövlükdə, dünya jurnalistikasının nəzəri
problemlərinin araşdırılması istiqamətində
çox dəyərli əsərdir. Kafedranın başqa bir
professoru Nəsir Əhmədli kitabın yüksək elmi məziyyətləri
ilə bərabər, alimin yüksək pedaqoji və şəxsi
keyfiyyətlərə malik olduğunu, tələbələrin
sevimlisinə çevrildiyini xüsusi vurğuladı.
Sonda bir
daha qeyd etmək istərdim ki, alim-pedaqoq İlham
Mazanlının “Jurnalistika və müasir dövrün qlobal
problemləri” dərs vəsaiti dünya jurnalistika elminin tədqiqi
istiqamətində qiymətli bir töhfədir. Şübhə
etmirəm ki, bu dəyərli nəşr milli jurnalist
kadrların ən yüksək beynəlxalq standartlar səviyyəsində
yetişdirilməsində əvəzsiz rol oynayacaq.
M.HACIXANLI
Xalq qəzeti.- 2013.- 7 aprel.- S. 11.