Gözdən əlillərin
cəmiyyətə inteqrasiyasında İKT-nin
böyük rolu
vardır
Ölkədə
əlil insanlara dövlət qayğısı ildən-ilə artmaqdadır.
Onların təhsil almaları, ixtisaslara yiyələnmələri, bu insanlara tibbi xidmətin
təşkili, məşğulluqlarının təmin olunması, mənzil-məişət
şəraitlərinin yaxşılaşdırılması üçün bir
neçə layihə reallaşdırılmışdır. Son vaxtlar gözdən əlil
insanların da
cəmiyyətə inteqrasiyası istiqamətində
görülən işlər daha intensiv xarakter almışdır. Xüsusilə, informasiya kommunikasiya
texnologiyalarınin bu sahədəki rolu əvəzsizdir.
Ölkəmizdə
İKT-nin gözdən əlil insanlarin cəmiyyətə
inteqrasiyasında rolu ilə bağlı
suallarımızı Respublika Gözdən Əlillər Cəmiyyətinin
prezidenti Səmyar
Abdullayev cavablandırır.
– Azərbaycanda İKT-dən gözdən əlillərin bəhrələnməsinə nə
vaxtdan başlanılmışdır?
– Deyərdim
ki, bu işə Heydər Əliyev
Fondunun bilavasitə təşəbbüsü ilə
başlanılmışdır. Hələ 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva BMT-nin İnkişaf Proqramı
ilə birgə görmə qabiliyyətini
itirmiş və görmə qabiliyyəti zəif olan insanlar
üçün İKT-yə
çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi və layihə sənədi
imzalamışdır. Mehriban xanım bildirmişdir ki,
hazırda Azərbaycanda 320 min əlil
insan yaşayır. Onlardan 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir.Layihə
bu insanların həyata qoşulmasına, onların informasiya
kommunikasiya texnologiyaları vasitələri ilə
bilik və məlumat əldə
etmək imkanlarının
genişləndirilməsinə, məşğulluqlarının
artırılmasına, ümumən
bu insanların
yaşayış tərzini
yaxşılaşdırmağa
xidmət edəcəkdir. Bir məsələni də
qeyd etmək istəyirəm. İmzalanmış layihə
BMT-nin “Minilliyin bəyənnaməsi”ndə informasiya
texnologiyalarının hamı üçün təmin
olunması barədə götürülmüş öhdəliyə
və Azərbaycan hökumətinin İKT üzrə Milli
Strategiyasına uyğun hazırlanmışdır.
Artıq
həmin layihənin imzalanmasından 7 ildən artıq
bir dövr keçib. Bu müddət ərzində həyata
keçirilən tədbirlər bir daha sübut etdi ki,
doğrudan da, deyilənlər sadəcə sözdə
qalmamış, həyatda öz real əksini
tapmışdır.
Heydər
Əliyev Fondu Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə
“Mini informasiya laboratoriyası” da hədiyyə edib. Mini
laboratoriyası xüsusi kompyuter masası, kompyuter dəsti,
gözdən əlil şəxslərə müxtəlif
informasiyaları əldə etmək və ötürmək
imkanı yaradan proqram sistemi daxildir.
Gözdən
Əlillər Cəmiyyətinə təqdim olunan Cawes For
Windows səsli proqram paketi, Pearl kamera-skaner, səsli kitab oxuma
maşını, Brayl yazısı üçün qalın
kağızları dəftər formasında tikən
böyük stepler vasitəsilə dərslikdən istifadə
etmək, səsli proqram vasitəsilə isə müxtəlif
informasiyaları oxumaq mümkündür.
–
Gözdən əlil
insanların informasiya tələbatının ödənilməsi
üçün regionlarda hansı tədbirlər
görülür?
– Artıq regionlarda
da bu məsələ
ilə bağlı bir sıra tədbirlər
reallaşdırılır. İnformasiya təminatını ödəmək məqsədilə Heydər Əliyev
Fondu və Rabitə və İnformasiyalar
Texnologiyaları Nazirliyinin birgə layihəsi
olan informasiya resurs mərkəzləri artıq
fəaliyyətə başlamışlar.
Naxçıvan, Gəncə və
Yevlax şəhərlərində belə mərkəzlər
yaradılmışdır. Bu layihənin
digər regionlarda
da
reallaşacağı nəzərdə tutulur.
Cənab Prezident Yevlaxda
olarkən İnformasiya Resurs
Mərkəzinə 100 ədəd dilmanc mini kompyuteri
bağışlamışdır. O biri mərkəzlərə də belə kompyuterlərin verilməsi
nəzərdə tutulur.
–
Sonrakı illərdə həmin layihələr necə davam etdirildi?
– Bu
birinci layihə üç mərhələdə həyata
keçirilib. İlk mərhələdə kor və
görmə qabiliyyəti zəif olan
insanların İKT-yə ehtiyaclarının müəyyən
edilməsi, onlar üçün
rəqəmsal fərqin aradan
qaldırılması üzrə ayrıca proqram
layihəsi hazırlamaq nəzərdə tutulurdu.
Bu məqsədlə sorğular
keçirildi, təcrübə mübadiləsi
aparıldı, alınacaq avadanlıqların növləri
müəyyənləşdirildi.
Sonra
bu kateqoriyadan olan uşaqların təhsil almaları
üçün model İKT sinfi yaradıldı. Bu siniflərdə
kompyuter avadanlıqları quraşdırıldı, proqram təminatı
lokallaşdırıldı, internetə çıxış
təmin edildi, xüsusi təlim-tədris proqramı
hazırlandı.
Sonrakı mərhələdə isə daha vacib işlər həyata keçirildi. Belə ki, audio-kitabxanalar, təlim mərkəzləri yaradıldı, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası yaradıldı. Bu studiyanın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli audiokitabların bərpası, internetə çıxış, informasiya-texnologiya əsaslı təlim kursları, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompyuter mərkəzi yaradıldı. Təlim kurslarında dərs deyəcək müəllimlərin, təlimçilərin hazırlığı kimi bir sıra işlər də həyata keçirildi.
Mehriban
xanım bu işləri daim nəzarətdə saxlayır,
layihənin reallaşmasına yaxından kömək göstərirdi.
2007-ci il martın 15-də “Görmə qabiliyyətini
itirmiş və görmə qabiliyyəti zəif olan insanlar
üçün informasiya-kommunikasiya texnologiyalarına
çıxışın təmin edilməsi” layihəsi
çərçivəsində Nərimanov rayonundakı kor və
zəif görən uşaqlar üçün respublika
internat məktəbinə gələn Mehriban xanım Əliyeva
burada görülmüş işlərlə tanış
olmuşdur.
O
vaxta qədər bu məktəbdə geniş zal elektron
kitabxana üçün uyğunlaşdırılmış,
Almaniya istehsalı olan 2 kompyuter dəsti alınıb
quraşdırılmışdır. Bu
komyuterlər xüsusi olaraq
kor və görmə qabiliyyəti zəif
uşaqlar üçün
hazırlanmış ən son model texnologiyadır. Uşaqlar
üçün model
İKT sinifləri yaradılmış, proqramın təminatı
lokallaşdırılmış, internetə
çıxışın təmin olunması və tədris-təlim
proqramlarının hazırlanması, audiostudiya
və kitabxananın fəaliyyəti təmin edilmişdir.
İndi
burada Brayl şriftləri ilə Azərbaycan, rus və ingilis
dillərində olan istənilən kitab kompyuterin
yaddaşına köçürüb oxumaq, səsləndirib
dinləmək mümkündür. Eyni zamanda, musiqiyə qulaq
asmaq, internetə girmək, məktublaşmaq, 100 min səhifəlik
materialı yaddaşda saxlamaq, surətini çıxarmaq, SMS
göndərmək olur.
Bu gün həmin texnologiyalarla işləməyi öyrədən mütəxəssislər də kifayət qədərdir. Onlar Almaniyadan dəvət olunmuş mütəxəssislərin köməyi ilə bu işləri mənimsəmiş, hətta bəziləri Almaniyada kurs da keçmişlər. Bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun böyük xidmətləri olmuşdur. Bizim cəmiyyət də bu layihənin reallaşdırılmasında öz imkanlarından istifadə edərək böyük işlər görmüşdür.
Hazırda,
gözdən əlillərin işlə təmin
olunmasında, onların cəmiyyətə inteqrasiyasında
böyük irəliləyişlər baş verir. Əgər gözdən əlil insan
kompyuterdən istifadə edə bilirsə, istənilən məlumat
əldə etməyi bacarırsa, deməli o,
cəmiyyətdə lazımlı adama
çevrilir. Biz buna çox sevinirik. İndi MDB ölkələrində
belə iri layihələr həyata keçirilmir. Bizdə başlanan
bu təcrübə yəqin ki, gələcəkdə başqa
MDB ölkələrində də tətbiq olunacaq.
Ölkəmizin birinci xanımı olduqca xeyirxah bir missiyanı öz
üzərinə götürmüş və
hazırda onu uğurla
davam etdirir.
Cənab
Prezident 2013-cü ili ölkədə
“İKT ili” elan edib. İKT ölkədə
prioritet sahə elan olunub. Söz yox ki, gözdən
əlillərin də
informasiya texnologiyalarından
bəhrələnməsi məhz
ölkəmizdə bu
istiqamətdə aparılan
genişmiqyaslı işlərin
nəticəsidir.
Cənab Prezidentimizin neft kapitalının insan kapitalına çevrilməsi
ilə bağlı fikirləri ölkəmizdə
informasiya texnologiyalarının
cəmiyyətin bütün
sferalarına tətbiqi
ilə bilavasitə bağlıdır.
Gözdən Əlillər Cəmiyyəti
dövlətimizin bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləyir, bu insanların əmək bazarlarındakı yerini möhkəmləndirmək məqsədilə
yeni layihələrin reallaşması istiqamətində
məqsədyönlü iş
aparır.
Bu layihələrin həyata
keçirilməsində müstəsna
xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya cəmiyyətimizin
üzvləri adından
dərin minnətdarlığımızı
bildirir, ona Azərbaycanın inkişafı
naminə geniş miqyaslı fəaliyyətində
uğurlar arzulayırıq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 6 aprel.- S. 7.