Müstəqil Azərbaycan dövlətinin QURUCUSU və XİLASKARI

 

(əvvəli qəzetin 7 aprel tarixli sayında)

 

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin noyabr ayının 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun daha sürətli inkişafına təkan verdi. 1993-cü ildən tətbiqinə moratorium qoyulduğu ölüm hökmü 1998-ci ildən tamamilə ləğv edilmiş, bununla da Azərbaycan Şərqdə bu tarixi qərarı qəbul edən ilk ölkə olmuşdur. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltmiş, 2001-ci ilin yanvar ayının 25-də müstəqil respublikamız Avropa Şurasına bərabərhüquqlu üzv seçilmişdir. Bu beynəlxalq təşkilatla səmərəli əməkdaşlıq ölkəmizin milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına ciddi təkan vermişdir.

Nəhəng dövlətçilik təcrübəsi, fitri idarəçilik qabiliyyəti ilə səciyyələnən Heydər Əliyevin siyasi fəaliyyəti bu dahi şəxsiyyətin dünya şöhrətli siyasi xadim kimi tanınmasına xidmət etmişdir. O, nəinki, Azərbaycan xalqının sevimlisi olmuş, eyni zamanda dünyanın tanınmış dövlət xadimlərinin, məşhur siyasətçilərinin də böyük hörmət və məhəbbətini qazanmışdır. Dünyanın tanınmış ictimai-siyasi xadimlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən böyük ehtiramın ifadəsidir. Dövlətçiliyimizin tarixində xüsusi yeri olan ümummilli liderimizin fəaliyyəti öz mahiyyəti və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Görkəmli siyasi xadimlər Heydər Əliyevi yalnız Azərbaycanın deyil, bəşəri miqyaslı lider adlandırıblar. Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl onun mənalı fəaliyyətini belə qiymətləndirmişdir: “Heydər Əliyev Azərbaycanı israrla və demokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur”. ABŞ-ın keçmiş Prezidenti Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur”. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer demişdir: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böyük böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan onun türk dünyasının lideri olduğunu vurğulayıb: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi ona məxsusdur” Bununla bərabər bir çox ölkələrin dövlət başçıları Heydər Əliyevi dahi şəxsiyyət və siyasətçi, dövlət xadimi kimi qiymətləndirmişlər.

Böyük öndərimizin titanik fəaliyyətinin digər mühüm nəticəsi Azərbaycanı beynəlxalq aləmdə özünə layiqli yer tutması, dünyanın inkişaf etmiş dövlətləri ilə səmərəli əlaqələr çərçivəsində bərabərhüquqlu əməkdaşlığa nail olmasıdır. Ardıcıl, düşünülmüş xarici siyasət kursu Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imicini qazandırmışdır. Məhz ümummilli liderimizin gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən zəngin təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak edir.

Respublikamız BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların üzvüdür. NATO və Avropa Birliyi ilə səmərəli və işgüzar əlaqələr qurulub.

Vaxt gələcək nəsillər bir-birini əvəz edəcək, onda hamı bir daha keçmişimizi araşdıranda görəcək ki, Heydər Əliyev böyük düha sahibi kimi ölkəmizin bugünü və gələcəyi üçün nələr etmişdir, necə əzəmətli tədbirlər həyata keçirmişdir. O, Azərbaycan səlnaməsində təkrarolunmaz rəhbər, unudulmaz el oğlu, fədakar insan kimi qalmışdır.

Ulu öndərin ölkəyə rəhbərliyinin bütün dövrlərində rabitə sahəsinin də inkişafına böyük diqqət və qayğı ilə yanaşılmış, rabitə və informasiya – kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

Azərbaycanda İKT-nin intibah dövrü məhz Heydər Əliyevin 2003-cü ildə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları (İKT)  üzrə (2003-2012-ci illər) Milli Strategiya”dan başlamışdı. Təsadüfi deyil ki, ölkəmiz bu gün qlobal informasiya cəmiyyətinin qurulmasında ən qabaqcıl dövlətlərdən birinə çevrilib. Ölkəmizdə milli təhsilimizin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır və təhsilimizin bugünkü yüksəlişi ulu öndərimizin Vətən və xalq qarşısında misilsiz xidmətlərindəndir. İstər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyev xalqımızın təkcə bugününü deyil, həm də gələcəyini düşünərək, bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərib. Xüsusən də müstəqillik illərində milli təhsilimizi dünya standartları səviyyəsinə yüksəltmək, milli-mənəvi dəyərlərə həssas münasibət ümumilli liderimizin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. Ölkəmizdə təhsil islahatı proqramının hazırlanması və uğurla reallaşması təhsil sahəsində Heydər Əliyev siyasətinin parlaq nümunəsidir.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günündən Azərbaycanda təhsilin inkişafıına qayğını ön plana çəkmiş və bu istiqamətdə mühüm xidmətlər göstərmişdir. Bütün Azərbaycan xalqı bu gün fəxrlə söyləyə bilər ki, həyatda hansı nailiyyətlərə nail olmuşuqsa, hansı uğurlara imza atmışıqsa, xüsusən də təhsil sahəsində qazandığımız müvəffəqiyyətlərimiz məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər təhsilin tərəqqisinə nail olmaq üçün bütün potensial imkanlardan istifadəyə geniş şərait yaratdı. Ölkədəki təhsil siyasəti öz inkişaf mənbəyini Heydər Əliyevin bilavasitə rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən  məqsədyönlü islahatlardan alıb, həyata keçirilən qlobal miqyaslı təhsil quruculuğu prosesi sonrakı inkişaf üçün güclü təməl olub.

Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu kontekstdən yanaşdıqda Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyinin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi qarşıya qoyan ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.

Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı Azərbaycan təhsilinin ana xəttini təşkil edir. Əsası ulu öndər tərəfindən qoyulmuş müasir təhsilin davamı gözümüzün qarşısındadır. Xatırlayıram ki, 1999-cu ildə təhsil islahatı proqramının müəllifi olan Heydər Əliyev bu sahədə islahatlara  rəvac verdikdən sonra Azərbaycan təhsilində çox böyük irəliləyiş, inkişaf başladı. Qeyd etmək istəyirəm ki, təhsil islahatı proqramında nəzərdə tutulan əsas 6 prinsip məhz Azərbaycanın dünyaya inteqrasiya etməsi üçün əsasdır. Onun da birincisi demokratikləşmədir.

Ulu öndər həmişə məktəbə, müəllimə böyük qiymət verirdi. O deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır”.

“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”.

“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”.  Heydər Əliyev ana  dilinə xüsusi  diqqət yetirirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana  dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm”. Hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalqdır. Dilin hərtərəfli inkişafı, zənginləşməsi, yüksək zirvəyə qalxaraq beynəlxalq nüfuz qazanması həm də tarixi şəxsiyyətlərin adı ilə bağlıdır. Tarixi təcrübə göstərir ki, dilin inkişafında milli müstəqillik ideyalarını, dövlətçilik ənənələrini həyata keçirən qüdrətli dövlət başçılarının, xalqın tarixində şərəfli yer tutan böyük siyasi xadimlərin müstəsna rolu var. Belə qüdrətli dövlət başçısı və siyasi xadimlərin sırasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı  ən yüksək və şərəfli yerini tutur. Böyük dil o dil sayılır ki, onunla bütün peşəkar fəaliyyət sahəsi inkişaf edə bilsin. Heydər Əliyev hakimiyyətə qayıdarkən Azərbaycan dilini mükəmməl bilmək və onu inkişaf etdirmək vəzifəsini qarşıya qoydu. Dövlət başçısı  18 iyun 1996-cı ildə Nazirlər Kabinetinin geniş iclasında bildirdi ki, bizim rəhbər vəzifəli şəxsləri bir neçə dəfə xəbərdar etmişəm ki, Azərbaycan Respublikasının dövlət dili, ana dilimiz Azərbaycan dilidir. Hər yerdə bütün sənətlərdə, iclaslarda dövlət dili işlənməlidir. Təəssüf olsun ki, bəzi rəhbər şəxslərmiz Azərbaycan dilini zəif bilir, onlar dövlət dilini bilmək üçün tədbirlər görməlidirlər.

Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında 18 iyun 2001-ci il tarixli Prezident fərmanı və 2009-cu ildə Dövlət dili haqqında Qanun Azərbaycan dilinə böyük qayğı və hörmətin ifadəsi idi. Ulu öndər ana dilini bilməyənləri mənəvi cəhətcə şikəst adlandırırdı. O, gənclərə dönə-dönə tövsiyə edirdi ki, onlar öz milli dəyərlərinə sadiq qalsınlar, ana dilini mükəmməl  bilsinlər. Ölkə başçısı müstəqil Azərbaycan Respublikasında gənclərin 5 fevral 1996-cı ildə keçirilən 1-ci forumunda  demişdir. “Məni bu gün bu forumda sevindirən cəhətlərdən biri də odur ki, çıxış edən bütün gənclər Azərbaycan dilində çox sərbəst, çox səlis danışırlar. Bir neçə il öncə bunu görmək mümkün deyildi. Amma bu gün çıxış edənlər məni heyran etdilər, bizim dilimizin zənginliyini və Azərbaycanda hakim dil olmasını nümayiş etdirdilər”.

Heydər Əliyev ana dilini təkcə ünsiyyət vasitəsi kimi qiymətləndirmirdi. “Ana dilinin arxasında millət durur, mənəviyyat durur, vətənpərvərlik durur, milli qürur durur,   deyirdi. Azərbaycan dili bu gün dərin fikirlərə, ən incə çalarlara qədər olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Ana dili hər kəs üçün Vətəndir”. Heydər Əliyev Azərbaycan məfkurəsini, Azərbaycan dilini, milliliyini özümüzə qaytardı. Biz bu gün Heydər Əliyevin ölçüyəgəlməz xidmətlərini xatırlayırıq, onun əziz xatirəsi qarşısında baş əyirik.

Mən bir laçınlı kimi, ulu öndərin laçınlılar və Laçın rayonu haqqında dediyi müdrik kəlamları qəlbimin ən dərin guşəsində daim xatırlayıram; “Laçından Azərbaycanın nə qədər görkəmli elm, mədəniyyət, dövlət xadimləri çıxıbdır. Bu baxımdan Laçın rayonu həm təbiətinə, həm də insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir”.

Ulu öndərimiz Heydər Əliyevin öz xalqı qarşısında böyük tarixi xidmətlərindən biri də müəyyənləşdirdiyi milli inkişaf kursunu, iqtisadi tərəqqi strategiyasını özündən sonra inamla, uğurla davam etdirə biləcək layiqli siyasi varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə qeyd edirik ki, ölkə Prezidenti cənab İlham Əliyev bu ümidləri layiqincə doğrultdu və ulu öndərin siyasi və iqtisadi inkişaf kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq uğurla davam etdirir. Məhz bunun sayəsində ölkəmiz son illər sürətlə inkişaf edir, regionun lider dövlətinə çevrilib. Xalqımız onun rəhbərliyi ilə daha möhtəşəm nailiyyətlərə imza atır.

Azərbaycan dünya birliyində özünə layiqli yer tutub. Ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Dövlət büdcəsinin ildən-ilə artması, qeyri-neft sektorunun inkişafı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, milli maraqlarımızın qorunması, əhalinin rifahının yaxşılaşması, dövlət başçısının  insanlara qayğı göstərilməsini bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi görməsi Heydər Əliyev siyasi kursunun bu gün də layiqincə davam etdirildiyinə əsaslı sübutdur. Əhalinin məşğulluğunun təmin olunması, işsizlik probleminin həllində də məqsədyönlü tədbirlər görülür. Geniş vüsət alan quruculuq-abadlıq işləri bu problemlərin həllinə də güclü təkan verir. Bu proses bütün ölkəmizi əhatə edib. İndi bölgələrimizdə də ən müasir infrastruktur qurulur, yollar çəkilir, körpülər, parklar salınır, diaqnostika mərkəzləri, məktəblər, uşaq baxçaları, idman kompleksləri tikilib istifadəyə verilir.

Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, hər bir ölkədə aztəminatlı ailələrə, o cümlədən əlillərin məişət problemlərinin həllinə vəsait ayrılır. Pulsuz mənzillərlə, maşınlarla təmin olunurlar. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən işləri minnətdarlıqla qeyd etmək lazımdır. Yeniləşən məktəblər layihəsi, internatların, uşaq evlərinin təmir olunması, gözdən əlillərlə bağlı xüsusi layihələr Mehriban xanımın əvəzolunmaz xidmətlərindəndir.

Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına  sadiq qalan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər birimiz möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək onun qarşıya qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsində daha fəal iştirak etməyə çalışmalıyıq. İnanırıq ki, beynəlxalq aləmdə böyük nüfuz qazanan, siyasətdə öz sözünü deyən Prezident İlham Əliyev ölkəmizin hərtərəfli inkişafına və möhkəmlənməsinə, torpaqlarımızın işğaldan azad olunmasına nail olacaqdır.

 

 

Varaşil MƏMMƏDOV,

əməkdar müəllim

 

Xalq qəzeti.- 2013.- 9 aprel.- S. 7.