Avstriyanın
İMC Krems Tətbiqi Elmlər Universitetinin nümayəndələri
ATİ tələbələri ilə
görüşmüşlər
Azərbaycan Turizm İnstitutunun beynəlxalq əməkdaşlıq
əlaqələri gündən-günə genişlənir.
Ardıcıl olaraq bu təhsil ocağında
xarici ölkələrdə fəaliyyət göstərən
təhsil ocaqlarının rəhbərliyi, tələbələri
ilə görüşlər keçirmək, treninqlərdə,
kurslarda iştirak etmək ənənəyə çevrilib.
Bu günlərdə institutda Avstriyanın İMC Krems Tətbiqi
Elmlər Universitetinin prezident Heyns Boyer və beynəlxalq əlaqələr
üzrə prorektoru Karl Ensfelner institutda olmuş və tələbələrlə
görüşmüşlər.
Azərbaycan Turizm İnstitutnun rektoru, tarix elmləri
doktoru, professor Cəfər Cəfərov qonaqları
salamlayaraq iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın
əhəmiyyətini vurğulamış və qısa şəkildə
proqram haqqında tələbələrə məlumat
vermişdir. O qeyd etmişdir ki, indiyədək ATİ-nin 57 məzunu
bakalavr pilləsi üzrə Azərbaycan-Avstriya Turizm
Proqramını uğurla başa vurmuşdur. Rektor
bildirmişdir: “Hazırda məzunlarımız “Hilton Baku”,
“Four Seasons” “Cumeirah Bilgah Beach”, “Marriotte Absheron”, “Fairmont”,
“Kempinski Badamdar” kimi yeni açılmış otellər
şəbəkəsində müxtəlif vəzifə
sahibidirlər. Bəziləri Maldiv adaları, Birləşmiş
Ərəb Əmirliyi kimi turizmi prioritet seçən ölkələrdə
işləyir, bəziləri isə Şotlandiya, Türkiyə,
Almaniya kimi dövlətlərdə təhsillərini davam
etdirirlər”.
Cənab Heyns Boyer İMC Krems Tətbiqi Elmlər
Universitetinin müxtəlif ölkələrdə beynəlxalq
proqramlar həyata keçirdiyini və onların içərisində
Azərbaycan – Avstriya Turizm Proqramının ən uğurlu
layihə olduğunu tələbələrin diqqətinə
çatdırmışdır. Aprelin 4-dən 6-na qədər
Bakıda təşkil edilən növbəti 12-ci “AİTF -
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi”ndə
iştirak edən Heyns Boyer beynəlxalq səviyyəli tədbirlərin
ATİ tələbələri üçün də əhəmiyyətli
olduğunu vurğulamışdır.
Beynəlxalq əlaqələr üzrə
prorektor Karl Ensfelner cari tədris ilində olduğu kimi,
növbəti ildə də Azərbaycan – Avstriya Proqramında
oxuyan tələbələrin bir semestr müddətində
Avstriyada təhsil alma imkanlarından, həmçinin praktik
biliyin əldə edilməsində 22 həftəlik müddəti
əhatə edən istehsalat təcrübəsinin əhəmiyyətindən
danışmışdır. Bakalavr pilləsindən sonra tələbələrin
təhsillərini davam etdirməyin vacibliyini diqqətə
çatdıran Karl Ensfelner onları cari tədris ilindən
magistratura səviyyəsində həyata keçirilən beynəlxalq
proqrama dəvət etmişdir.
Qeyd edək ki, 2007-ci il iyulun 4-dən ölkə
tarixində ilk dəfə olaraq Azərbaycan Turizm İnstitutu
və İMC Krems Tətbiqi Elmlər Universiteti arasında
bakalavr təhsil pilləsi üzrə akademik müqavilə
imzalanmışdır. Akademik müqavilənin şərtlərinə
əsasən, tələbələr üç tədris ili ərzində
“Turizm və asudə vaxt menecmenti proqramı” üzrə
ingilis dilində təhsil alırlar. Proqramı müvəffəqiyyətlə
bitirən məzunlar hər iki ali təhsil müəssisəsinin
diplomunu əldə edirlər. ATİ yalnız bakalavr təhsil
pilləsi üzrə kadr hazırlığı ilə kifayətlənmir.
Hazırda Avstriyanın İMC Krems Tətbiqi
Elmlər Universiteti ilə birlikdə magistr pilləsi səviyyəsində
kadr hazırlığı həyata keçirilir. Belə ki,
2011-ci ilin oktyabr ayının 12-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Avstriya
Respublikasının Federal Prezidenti cənab Haynts Fişerin
iştirak etdiyi toplantıda Azərbaycan Turizm İnstitutu və
Avstriyanın İMC Krems Tətbiqi
Elmlər Universiteti arasında magistratura səviyyəsində
tədrisin təşkilini nəzərdə tutan əməkdaşlıq
sazişi imzalanmışdır. Hazırda 20 nəfər
magistr tələbə bu proqram üzrə təhsil alır.
Görüşün sonunda qonaqlar tələbələrin suallarını cavablandırmaqla onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2013.- 9 aprel.- S. 9.