İmişlidə
“Xalq sözü” qəzetinin 80 illik yubileyi qeyd olunmuşdur
İmişlidə “Bölgə həyatı və
yerli media” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Heydər Əliyev Mərkəzində
reallaşdırılan tədbir rayonda nəşr edilən
“Xalq sözü” qəzetinin 80 illik yubileyinə həsr
olunmuşdur.
Azərbaycan Mətbuat Şurasından (MŞ)
AzərTAc-a bildirmişlər ki, mövzu ətrafında
müzakirələrdə rayon ictimaiyyətinin nümayəndələri,
MŞ-nin, Milli Televiziya və Radio Şurasının təmsilçiləri,
ölkədə müntəzəm yayımlanan, ictimai fikrə
təsir göstərən kütləvi informasiya vasitələrinin
bölgə müxbirləri iştirak etmişlər.
İştirakçılar əvvəlcə
ümummilli lider Heydər Əliyevin İmişli şəhərindəki
abidəsini ziyarət etmiş, önünə tər
çiçək dəstələri düzmüşlər.
Qonaqlara İmişlidə gedən quruculuq
işləri barədə ətraflı məlumat
verilmişdir. Onlar şəkər zavoduna və digər sənaye
müəssisələrinə baxmış, abadlıq işləri
ilə tanış olmuşlar.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin
başçısı Vilyam Hacıyev bölgə həyatının
işıqlandırılmasında yerli KİV-lərin
müsbət rolundan danışmışdır. O,
İmişli ilə yanaşı, daha 20 bölgədə,
qonşu Türkiyə və İranda oxucuları olan qəzetin
tirajının artırılmasının, iqtisadi durumunun
yaxşılaşdırılmasının vacibliyini
vurğulamışdır.
“Xalq sözü” qəzetinin baş redaktoru Səməd
İsmayılov ilk nömrəsi 1932-ci ildə “Qaraqoyunlu
kolxozu” kimi işıq üzü görən qəzetin 80 ildə
keçdiyi yolun mənzərəsini konkret faktlarla canlandırmışdır. Mətbu
nəşrin sonralar “İmişli kolxozçusu”, “Yüksəliş”,
“Qızıl ulduz”, Azərbaycanın müstəqilliyinin bərpa
olunduğu dövrdən isə “Xalq sözü” kimi 6.900 dəfə
oxucuları ilə görüşə gəldiyini bildirən
baş redaktor yerli həyatın yüksək peşəkarlıqla
qələmə alınmasının, rayonun salnaməsinin
yaradılmasının jurnalist kollektivinin daim başlıca
qayğısı olduğunu nəzərə
çarpdırmışdır.
Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov bildirmişdir ki, hər bir xalqın
taleyində onun mediası mühüm rol oynayır. Vaxtı
ilə çar Rusiyasında yaşayan 30 milyonluq müsəlmanın
içərisində ilk mətbu orqanı yaratmaq
ideyasını məhz azsaylı Azərbaycan xalqının
nümayəndəsi gerçəkləşdirmişdir. Bu,
görkəmli mütəfəkkir Həsən bəy Zərdabiyə
nəsib olmuşdur.
Mətbuat tarixindən faktları diqqətə
çatdıran MŞ-nin sədri bu gün medianın
dördüncü hakimiyyət olaraq ölkədə gedən
proseslərə təkan verdiyini, bölgə KİV-lərinin
bu sırada yer aldığını
vurğulamışdır. O, “Xalq sözü”nün ötən
müddətdə qarşıya qoyulan missiyanın etibarlı
daşıyıcılarından olduğunu söyləmiş,
vətəndaş cəmiyyəti quruculuğuna istiqamətlənən
yolda qəzet kollektivinə yeni-yeni uğurlar
arzulamışdır.
Sonra MŞ-nin sədri qəzetə rəhbərlik
etdiyi qurumun təbrikini, redaksiya kollektivinə və sabiq əməkdaşların
bir qrupuna isə Azərbaycan Mətbuat Şurasının
diplomlarını təqdim etmişdir.
Milli Televiziya və Radio Şurasının sədri
Nuşirəvan Məhərrəmli bildirmişdir ki, bu gün
şəhər və kənd anlayışları
yavaş-yavaş aradan qalxmaqdadır. Medianın da burada
xüsusi rolu vardır. Təbliğat birtərəfli
olmamalıdır. Media, o cümlədən yerli qəzetlər
də olanları işıqlandırmalıdır. N.Məhərrəmli,
həmçinin İmişlidə Aran bölgəsi üzrə
telekanalın açılması niyyətinin tezliklə
gerçəkləşdirilə biləcəyini
vurğulamışdır.
İmişlidə jurnalist-ictimaiyyət əlaqələri
sahəsindəki vəziyyəti müsbət dəyərləndirən
Mətbuat Şurası idarə heyətinin üzvü,
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
bölgə həyatında kifayət qədər yeniliklərin
olduğunu və ölkə ictimaiyyətində maraq
doğura biləcək mövzuların çoxluğunu
vurğulayaraq yerli jurnalistlərə mövcud istiqamətdə
fəallığı artırmağı tövsiyə
etmişdir.
“Dəyirmi masa”nın digər
iştirakçıları çıxışlarında bir
sıra təkliflər səsləndirmişlər.
Sonda qəzetin əməkdaşlarına
İmişli Rayon İcra Hakimiyyətinin diplom və
mükafatları təqdim olunmuşdur.
Xalq qəzeti.- 2013.- 9 aprel.- S. 9.