Qanlı müsibətin
21-ci ili
8 aprel 1992-ci il.
Azərbaycan tarixinin qanlı,
qara səhifəsi.
Həmin gün başı buludlara dəyən möhtəşəm
dağların ətəyində,
zümrüd meşələrin
ağışında uyuyan,
Azərbaycan aşıq
poeziyasına şair Qurban, Dədə Şəmşir kimi azmanlar, sənətkarlar bəxş eləyən, saz-söz pərvanələrinin
ziyarət məbədi,
Azərbaycanın qızıl
üzüyünün brilyant
qaşı Kəlbəcərin
Ağdaban kəndi əzəli və əbədi düşmənlərimiz
olan erməni daşnakları tərəfindən
vəhşicəsinə yerlə-yeksan
edildi.
Dağlıq Qarabağ münaqişəsinin
başlandığı ilk günlərdən Kəlbəcərin
şimal-şərqində yerləşən, rayonun qala qapısı olan Ağdabanı qonşu Ağdərə rayonunda yerləşən erməni
silahlılarından çox
mərdliklə müdafiə
edirdilər. Lakin 1992-ci ilin əvvəllərində
Ağdabanın işğalından
bir neçə gün öncə rayon mərkəzində yerləşən
Müdafiə Qərargahının
əmri ilə Ağdabanı Ağdərənin
Çapar kəndi ilə birləşdirən
yollar minalardan təmizləndi. Kənd camaatı
nə qədər buna qarşı çıxsalar da “Kəlbəcərdən Dağlıq
Qarabağa hücum əməliyyatı var” deyərək kənd əhalisinin təkidlərinə
əhəmiyyət verən
olmadı. Kənd əhalisi
isə Ağdərə
yolu ilə qonşu Çapar kəndinə döyüş
texnikası və canlı qüvvə daşındığı barədə
aidiyyatı orqanlara çox həyəcanlı
xəbərlər verirdi.
O zamankı respublika rəhbərliyi bu məlumatlara məhəl qoymurdu. Kəndin müdafiəsinə heç bir kömək göstərilmirdi.
Kənddə bir neçə
ov tüfəngi və bir neçə
polis işçisi var
idi. Demək olar ki, kənd tam təhlükədə
idi.
Aprelin 8-də səhər
tezdən camaat evlərindən çıxarkən
kəndin üzük qaşı kimi mühasirəyə alındığını
gördülər. Düşmən
qüvvələri içərisində
rus döyüşçüləri
də az
deyildi. Kənd bir neçə istiqamətdən mərmi
yağışına tutulmuşdu.
130 evdən ibarət
olan Ağdaban və Çayqovuşan kəndləri amansızlıqla
yandırıldı. 779
nəfər dinc əhaliyə divan tutuldu.
32 nəfər mülki və hərbi şəxs vəhşicəsinə qətlə
yetirildi. Onlardan 8 nəfəri
azyaşlı uşaq,
7-si qadın idi.
Kənddən 5 nəfər girov
aparılmış, 12 nəfərə
ağır bədən
xəsarəti yetirildi.
7 nəfər qoca və qadın
diri-diri odda yandırılmışdı. Erməni qəsbkarları Ağdabana
hücum zamanı 8 yaşlı Alıyeva Ülviyyə Camal qızının atasını
onun gözləri qarşısında güllələyib,
özünü isə
kartof quyusunda diri-diri basdırmışdılar.
Faşistlər Hüseynov Saşa Saleh oğlunun üz və bədən dərisini
soya-soya qətlə yetirmişdilər. Daşnaklar
kənd sakinlərindən
Mamedov Musa Qara oğlunu, Mamedov Həyat Həsən qızını, Hümbətova
Fatma Həsən qızını, Hümbətova
Fatma Qaraca qızını, Qocayev Bakir Qurban oğlunu,
Qocayeva Zeynəb Məmməd qızını,
Qurbanov Qulu Sabir oğlunu diri-diri basdırmışdılar.
Erməni cəlladları
Hümbətov Qorxmaz Qaraca oğlunun ürəyini çıxarmış,
Məmmədov Ziyəddin
Əlqəmə oğlunu,
Məmmədov İsbəndiyar
Lətif oğlunu tikə-tikə doğramış,
Qasımov Rayət Behbud oğlunun üzərindən isə
BTR markalı ağır
döyüş maşını
keçirməklə onu
tanınmaz hala salıb torpağa qarışdırmışdılar. Kərimova Qəmər İsa qızının sinəsinə
güllələrlə xaç
şəkli çəkmişdilər.
Bir sözlə
kiçik bir yaşayış məntəqəsində
böyük bir faciə törədildi.
Nə qədər
acı da olsa, bu müsibətlər
bizim tariximizin qanlı səhifələridir
və biz heç vaxt bu amansız
erməni vəhşiliyini
unutmamalıyıq. Deyirlər, keçmişini
unudanı gələcək
topa tutar.
Bu qanlı olaydan 21 il keçməsinə baxmayaraq kəlbəcərlilər
o cümlədən də
Ağdaban kəndinin sakinləri bu sözlə ifadəsi mümkün olmayan müsibəti bir an da unutmur, qisasın
tezliklə alınacağına,
möhtərəm Prezidentimizin
qətiyyətli siyasəti,
dövlətimizin qüdrəti,
ordumuzun gücü sayəsində Dədə
Şəmşir yurdunun
tezliklə öz doğmalarına qovuşacağına
əmindirlər.
Aprelin 8-də Kəlbəcər
Rayon İcra Hakimiyyətinin
keçirdiyi anım mərasimində də o müdhiş günün
21-ci ildönümü ilə
bağlı tükürpədici
xatirələrlə yanaşı
bu ümiddolu ifadələr də səsləndirildi.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin keçirdiyi anım mərasimini rayon icra hakimiyətinin başçısı
Aqil Məmmədov açdı.
Faciə qurbanlarının xatirəsi
bir dəqiqəlik sükutla yad oundu.
Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlu, el şairi
Əyyub Cabbarov, şəhid ailəsi Gülara Hüseynova, kənd sakinləri Yaşar Məmmədov, Tapdıq Qasımov, Elşad Qaraşov, Əlqəmə Məmmədov
erməni separatçılarının
törətdikləri Ağdaban
faciəsi barədə
gözləri ilə gördükləri, şahid
olduqları o ağır
məqamları, tükürpədici
mənzərələri dilə
gətirdilər.
Sonda isə faciənin 21-ci il dönümünü
əks etdirən Aşıq Şəmşir
mədəniyyət ocağı
ictimai birliyi tərəfindən çəkilmiş
“Sındırılmış sazın fəryadı” adlı film və məktəblilərin ifasında
ədəbi-bədii kompozisiya
nümayiş etdirildi.
Zahid MUXTAR,
“Kəlbəcər harayı” qəzetinin
baş redaktoru
Xalq qəzeti.- 2013.- 9 aprel.- S. 10.