Azərbaycan gəncliyinin
dünya birliyində nüfuzu
getdikcə artır
Dünya İqtisadi Forumunun Qlobal Gənclər Birliyinin “Cənubi
Qafqaz və Mərkəzi Asiya:
2020-ci ilə baxış” mövzusunda
beynəlxalq forumunun Bakıda keçirilməsi
də bunu təsdiqlədi
Bu günlərdə
Bakıda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal
Gənclər Birliyinin “Cənubi Qafqaz və Mərkəzi Asiya:
2020-ci ilə baxış” mövzusunda
beynəlxalq forumu başa
çatmışdır. Belə
bir mötəbər tədbirin Bakıda
keçirilməsi heç də təsadüfi
deyil. Son illər Azərbaycan
gəncliyinin xoş sədaları
dünyanın müxtəlif yerlərindən eşidilir.
Gənclərimiz
nüfuzlu beynəlxalq qurumların tədbirlərində
fəal iştirak edir,
Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə olduğu kimi
çatdırılmasında böyük
fədakarlıq göstərirlər. Bakıda
keçirilən forumda iştirak
etmiş xarici ölkələrin
nümayəndələri də ölkəmizdə gənclərə
göstərilən diqqət və qayğını yüksək
qiymətləndirmiş, Cənubi Qafqaz və
Mərkəzi Asiya problemlərinin həllində
azərbaycanlı gənclərin
fəaliyyətini xüsusi qeyd etmişlər.
Bakının belə bir tədbirin
keçirilməsi üçün
gözəl məkan olduğunu vurğulayan qonaqlar bunu ilk növbədə
xalqımızın qonaqpərvərliyi ilə əlaqələndirirlər.
Məsələn,
“Mir” telekanalının Tacikistandakı müxbiri Ellina Kim demişdir ki, forum çox yüksək səviyyədə təşkil
edilib. Azərbaycanın ildən-ilə
sürətlə inkişaf etdiyini qeyd edən qonaq forumun müxtəlif
ölkələrdən olan insanların bir araya toplaşması
baxımından əhəmiyyətini də qeyd
etmişdir.
Gənclər forumunun digər iştirakçısı,
Qazaxıstanın gənc sahibkarlar klubunun həmtəsisçisi
və rəhbəri Zinaida Pak forumun Bakıda keçirilməsindən
məmnunluğunu bildirmiş, Azərbaycanda gənclərə
göstərilən yüksək diqqət və
qayğını təqdirəlayiq hesab etmiş və
Prezident İlham Əliyevin bu sahədə həyata
keçirdiyi siyasəti xüsusi qeyd etmişdir. O, Bakıda
keçirilən tədbirə
iqtisadiyyat, siyasət sahələrində fəaliyyət
göstərən dünyanın istedadlı gənclərinin
toplaşmasını yüksək qiymətləndirmişdir.
Z.Pak
forumun mühüm əhəmiyyət
kəsb etdiyini diqqətə çatdırmış və
tədbirin ölkələrarası əlaqələrin
inkişafında müstəsna rol oynayacağını əminliklə
qeyd etmişdir. Azərbaycanda ilk dəfə olduğunu deyən
qonaq şəhərin gözəlliyindən, Bakının qədim
və modern tikililərindən, ölkəmizin sürətli
inkişafından da söz
açmışdır.
Azərbaycanın sürətli inkişaf yoluna qədəm
qoyması, iqtisadi cəhətdən
getdikcə qüdrətlənməsi
gəncliyin də inkişafında mühüm
rol oynayır. Ümumiyyətlə, dövlət gənclər siyasəti ulu öndər
Heydər Əliyevin Azərbaycana ikinci dəfə
rəhbərlik etdiyi dövrdən prioritet məsələ kimi
qarşıya qoyulmuşdur. Gənclərin
ölkənin sosial - iqtisadi,
elmi və mədəni həyatının
inkişafında fəaliyyətini artırmaq, onlara
geniş imkanlar yaratmaq əsas vəzifələrdən biri olmuşdur. Ulu öndər
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə
gəncliyin qüvvəsini, potensialını yüksək
qiymətləndirmiş, bu sahəyə daim xüsusi diqqət və
qayğı bəsləmiş, gənclərin fiziki və mənəvi cəhətdən sağlam, hərətərəfli biliyə
malik olmaları üçün
hər cür şərait
yaratmışdır.
Böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin daxili və xarici siyasətini siyasi uzaq görənliklə davam
etdirən Prezident İlham
Əliyev Azərbaycan gəncliyinin hərətərəfli
inkişafı, dünya birliyinə inteqrasiyası və beynəlxalq
miqyaslı tədbirlərdə
fəal
iştirakının təmin olunması üçün
bütün imkanlardan istifadə etdi. Məhz
bunun nəticəsidir ki,
bu gün Azərbaycanda
gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan
gəncliyi ictimai həyatın bütün sferalarında yüksək fəaliyyəti ilə seçilir. Gənclərimiz
siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin
həyata keçirilməsində mühüm
rol oynayır. Dövlətin gənclərin
fəaliyyəti üçün
yaratdığı geniş imkanlar nəticəsində bu
təbəqə cəmiyyətin avanqard
qüvvəsinə çevrilib.
Gənclər
siyasətinin daha da təkmilləşdirilməsinin təmin
edilməsi, yaradıcılıq
potensialının aşkara çıxarılması
üçün lazımi şəraitin
yaradılması, onların
intellektual səviyyəsinin yüksəldilməsi, xüsusi
istedadlı gənclərin seçilməsi və çoxlu
sayda müvafiq tədbirlərin həyata keçirilməsi
qarşıya qoyulmuş prioritet vəzifələrdəndir.
Gənclər bu gün dövlət orqanlarında, parlamentdə,
bələdiyyələrdə, biznes strukturlarında, beynəlxalq
tədbirlərdə fəal təmsil olunur, cəmiyyətin
inkişafına və ölkəmizin beynəlxalq aləmdə
nüfuzunun daha da
artmasına öz töhfələrini
verirlər.
Azərbaycan gənclər təşkilatlarının
nüfuzlu beynəlxalq təşkilatlarla
əməkdaşlığı istiqamətində də
mühüm əhəmiyyətli tədbirlər həyata
keçirilmişdir. Məhz bunun nəticəsi olaraq son illər gənclər təşkilatlarımız
nüfuzlu beynəlxalq qurumlara üzv qəbul edilib.
“2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı” çərçivəsində
5 min gəncin dünyanın
nüfuzlu ali məktəblərində təhsil almağa
göndərilməsi nəzərdə tutulmuşdur. Bu günədək 1204 azərbaycanlı
gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə
müxtəlif təhsil səviyyələri üzrə
dünyanın ən qabaqcıl universitetlərinə göndərilmişdir.
Hazırda
ölkəmizdə 200-ə yaxın gənclər təşkilatı,
ali məktəblərdə fəaliyyət göstərən
40- dan artıq tələbə gənclər təşkilatları
var. Onların əhatə etdikləri məsələlər
də kifayət qədər genişdir: gənclərin vətənpərvər
ruhda tərbiyəsi, məlumatlandırılması,
işsizliyin azaldılması, onların
sağlamlığı, təhsili, fəal vətəndaş
mövqeyi, mədəniyyətin geniş kütlə
arasında təbliği və digər məsələlər
kifayət qədər aktualdır.
Azərbaycan
gəncliyinin dünya birliyinə inteqrasiyasını daha da
sürətləndirmək və gənclərimizin nüfuzlu
beynəlxalq tədbirlərdə iştirakını təmin
etmək istiqamətində həyata keçirilən tədbirlərin
nəticəsi bu gün özünü bariz şəkildə
büruzə verir. Son illər həyata keçirilən tədbirlər gənclərin
hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi
şərait və təminatların yaradılmasını
sürətləndirmiş və ictimai-siyasi
fəallığının artmasına kömək etmişdir. Bütün
bunlar nüfuzlu beynəlxalq
qurumların diqqətindən yayınmamışdır.
Dünya
İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin “Cənubi
Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış”
mövzusunda beynəlxalq forumun açılış mərasimində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva
demişdir: “Cənubi Qafqaz və Mərkəzi Asiya
dünyanın zəngin təbii ehtiyatlarını, habelə
infrastrukturun qeyri-adi yüksəlişini və texniki
inkişafı özündə birləşdirən
regionlardan biridir. Bunun və digər
amillərin sayəsində dünya məhz
bizim regionda ilk neft bumlarından birinin şahidi olmuşdur. Regionumuz siyasi təfəkkür və dövlətçilik
ənənələri, incəsənətin, mədəniyyətin
və elmin tərəqqisi ilə bəşər
tarixinin bir hissəsinə
çevrilmişdir. Eyni
zamanda, şairlərimizin və
filosoflarımızın əsərləri bütün
dünyada milyonlarla
insanın qəlbini və zəkasını fəth etmişdir.
Coğrafi
baxımdan Qərb ilə Şərqin qovuşuğunda yerləşən
Cənubi Qafqaz nəinki iki sivilizasiyanın dəyərlərini
özündə ehtiva edir, həm də Qərbi Şərqə,
Şərqi Qərbə təqdim etmək iqtidarındadır".
L.Əliyeva diqqətə
çatdırmışdır ki, bu gün gənclər
çox mühüm intellektual, mədəni və peşəkar
potensialdır. Dövlətlərimizin taleyi
onların həyatının və inkişafının
keyfiyyətindən asılıdır.
O, həmkarlarına müraciətlə
demişdir ki, Azərbaycan on bir iqlim qurşağının
doqquzunun mövcud olduğu, son dərəcə gözəl təbiətə
və zəngin biomüxtəlifliyə malik bir ölkədir.
Biz də bu sərvəti gələcək üçün
qoruyub saxlamaq məqsədi ilə qarşımıza konkret vəzifələr
qoymuşuq.
Gənclərin
qarşısına qoyulan vəzifələr barəsində məlumat
verən Heydər Əliyev Fondunun vitse-prezidenti
vurğuladı ki, fəaliyyətimizin miqyasını daha da
genişləndirmək üçün müxtəlif yollar
axtarılmalıdır. L.Əliyeva hazırda Azərbaycanın
hüdudlarından kənarda ən fəal gənclər təşkilatı
olan Rusiyanın Azərbaycanlı Gənclər
Birliyinin
(RAGB) fəaliyyətini də diqqətə
çatdıraraq dedi ki,
bu təşkilat
geniş şəkildə
çoxsaylı humanitar və mədəni
layihələr, habelə ətraf mühitin
mühafizəsinə yönəlmiş layihələr
həyata keçirir. Bütövlükdə
RAGB-ın fəaliyyətinin miqyası Rusiyada
gənclərin həyatının bütün
sahələrini əhatə edir ki, bu da
qurumdan əməkdaşlığı
genişləndirmək məkanı kimi
istifadə etməyə imkan verən
müsbət amildir. Gələcək planlar və ideyalar barəsində
məlumat verən Leyla xanım Əliyeva
dedi:“İdeya və
planlarımızı sizə çatdırmaq imkanının
verilməsinə görə bir daha minnətdarlığımı bildirmək
istəyirəm. Mən gələcəyə
nikbinliklə baxıram. Əminəm ki, siyasi, iqtisadi, ekoloji və mədəni mübadilə bizim nəslin nümayəndələrinə
bəşəriyyətin ümumi
idealları naminə gələcəyin təhdidlərini aradan qaldırmaq və sülhü
qoruyub saxlamaq
imkanı verəcəkdir”.
Azərbaycan gəncliyi beynəlxalq aləmdə, yüksək tribunada söz demək iqtidarında olduğunu bir daha təsdiqlədi. Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda beynəlxalq forumun Bakıda keçirilməsi bir daha təsdiqlədi ki, gənclərimizin dünya birliyinə inteqrasiyası yüksək səviyyədədir. Belə bir nüfuzlu tədbirin ölkəmizdə keçirilməsi Leyla xanım Əliyevanın qeyd etdiyi kimi, forum iştirakçılarının nadir tarixi irsə malik, əbədiyaşar Azərbaycanı - dinamik və rəngarəng mədəniyyəti olan müasir dünyəvi bir dövləti görmək imkanı yaratdı.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2013.- 10 aprel.- S. 4.