Heydər Əliyev
və Azərbaycan iqtisadiyyatı
Ümummilli lider
Heydər Əliyevin tarixi şəxsiyyət
kimi böyüklüyü
XX əsrin sonu və XXI əsrin əvvəllərində
ictimai-siyasi həyatın bir
çox sahələrində özünü göstərdi. Lakin tarixin çox mürəkkəb,
dramatik və məsul bir
dövründə xalqın əsrlərdən gələn
azadlıq və müstəqillik arzularını gerçəkləşdirərək,
müstəqil və suveren Azərbaycan
Respublikasını qurması onun dövlətçilik
fəaliyyətini daha parlaq
şəkildə nümayiş etdirdi. Bu fəaliyyəti
zamanı o, fenomenal
keyfiyyətləri ilə yanaşı, böyük
iqtisadçı kimi də hakimiyyətinin
ilk dövründə olduğundan
daha qabarıq və parlaq
şəkildə imkanlarını nümayiş
etdirə bildi.
Doğrudur,
Heydər Əliyevin sovet dönəmindəki siyasi fəaliyyəti
də onun adını xalqımızın tarixində əbədiləşdirməyə
kifayət edərdi. Ən yaxın tarix göstərir ki,
kommunist rejiminin təzyiq və amansızlıqlarına
baxmayaraq, postsovet məkanında sosial-iqtisadi inkişaf səviyyəsinə
görə “qardaş sovet respublikalarının” arxa cərgəsində
yer alan Azərbaycanda ürəkaçan bir mənzərədən
danışmaq çox çətin idi. Ölkənin istər
neft sənayesində, istər qeyri-neft sektorunda , istərsə
də kənd təsərrüfatında üzücü bir mərhələ
hökm sürürdü. Lakin o zaman Dövlət Təhlükəsizlik
Komitəsinin 46 yaşlı generalı Heydər Əliyevin
1969-cu ildə hakimiyyətə gəlişi hər şeyi
kökündən dəyişmişdi.
Ölkə
özünün yeni inkişaf mərhələsinə qədəm
qoymuşdu. Respublikada sanki möcüzə baş vermiş və
bütün regionlar hərəkətə gəlmişdi.
Qeyri-adi bir qüvvə sirli şəkildə ölkənin
iqtisadi, sosial, mədəni və elmi simasını sürətlə
dəyişməyə başlamışdı.
Azərbaycana
rəhbərliyinin ilk onilliyində Heydər Əliyev ölkə
iqtisadiyyatında sözün əsl mənasında inqilab
etmiş, respublikada yüzlərlə yeni müəssisə
tikilmiş, neft-maşınqayırma sənayesinin yeni sahələri
yaradılmış, dəmiryol nəqliyyatı sektoru yenidən
qurulmuş, kimya, yeyinti sənayesi, kənd təsərrüfatının
ayrı-ayrı sahələri sürətlə inkişaf etməyə
başlamışdı. Artıq 1975-ci ildə respublikada
ümumi neft və qaz hasilatının həcmi 27,1 milyon tona
çatmışdı. Bu isə o demək idi ki, Azərbaycan
1941-ci ildəki ən yüksək neft və qaz hasilatı səviyyəsini
ötüb keçmişdi.
Azərbaycanın
şəhər və qəsəbələrinin, kəndlərinin
siması sürətlə dəyişməyə,
insanların rifah halı durmadan yaxşılaşmağa
başladı. Az bir zamanda Azərbaycanın keçmiş
sovetlər birliyində qabaqcıllar sırasına
çıxması, Heydər Əliyevin ölkənin gələcəyinə
ünvanlanan sirli strateji planlarının həyata
keçirilməsinə şərait yaradırdı. Artıq
müstəqillik illərində bu dövrü xatırlayarkən
ümummilli lider deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan
müstəqil olsun, hər şeydən əvvəl iqtisadi cəhətdən.
Çünki istənilən müstəqilliyin əsasında
iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu
elektrik stansiyaları tikdirirdim. Məndən soruşurdular ki,
bunlar sənin nəyinə lazımdır? Mən onlara demirdim
nə üçün bu lazımdır... Mən istəyirdim
mənim ölkəm, mənim xalqım istənilən şəraitdə
müstəqil yaşaya bilsin.”
Amma
çox az bir zamandan, artıq SSRİ Nazirlər Sovetinin sədrinin
birinci müavini və Sov. İKP MK-nın siyasi bürosunun
üzvü Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırılandan
qısa bir müddət sonra Azərbaycanın bu cah-cəlalından
əsər əlamət belə qalmır. Digər sovet
respublikalarından fərqli olaraq ölkənin müstəqilliyə
keçidi müharibə, daxili hakimiyyət çəkişmələri,
vətəndaş qarşıdurması ilə müşaiyət
olunur və hakimiyyətə qayıdışının elə
ilk günündə Heydər Əliyev bu gerçəkliyi bəyanatında
bütün təfərrüatı ilə xalqa bəyan edir:
“İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat
büsbütün dağılmışdır. O ki, qaldı
ictimai-siyasi vəziyyətə, bundan pisini ağıla gətirmək
olmaz . Suveren dövlətin ərazisinin 17 faizi işğal
olunmuşdur. Yarım milyondan çox qaçqın var. Sənaye
və kənd təsərrüfatı istehsalı
sıfır həddindədir...”
İqtisadi
vəziyyətin həqiqətən gərgin olduğunu
statistik rəqəmlər də aydın göstərirdi: əgər
1989-91-ci illərdə ümumi daxili məhsul istehsalı ildə
orta hesabla 6,7 faiz azalmışdısa, müstəqilliyin ilk
üç ili ərzində bu geriləmənin sürəti
3,8 dəfə artmışdı. 1990-cı illə müqayisədə
1993-cü ildə sənaye və kənd təsərrüfatı
məhsullarının istehsalı 2 dəfə
azalmışdı.
Ulu
öndər Heydər Əliyevə qoyub getdiyi çiçəklənən
bir Azərbaycandan iqtisadiyyatı dağılmış, Ermənistanla
Dağlıq Qarabağ savaşında məğlub duruma
düşmüş, minlərlə qaçqının
çöllərə səpələndiyi, anarxiya, xaos və
separatizmin meydan suladığı, vətəndaş
müharibəsi həddində olan viranə bir məmləkət
miras qalmışdı. Bununla belə, hələ ayaq
tutmamış müstəqil ölkəni bu vəziyyətdə
də rahat buraxmır, dağılan SSRİ-nin
xarabalıqlarında ən qiymətli parça kimi Azərbaycanı
öz qabağına çəkmək istəyən nəhəng
xarici ölkələr arasında gedən gizli bir diplomatiya
müharibəsində respublikaya hər tərəfdən zərbələr
vurulurdu.
Ölkənin
belə bir vəziyyətdə, bir çox dövlətlərin
Dağlıq Qarabağ savaşından spekulyasiya etdiyini, Azərbaycanın
isə dünyanın istər iqtisadi, siyasi, istərsə
ideoloji savaşında çox zəif olduğunu,
1993-94-cü illərdə Qarabağ münaqişəsinin hərbi
yolla həllinin perspektivsizliyini və onun ölkənin iqtisadi
dirçəlişini əngəllədiyini nəzərə
alan Heydər Əliyev ölkənin müharibədən
çıxmasına və atəşkəs haqqında
özünəməxsus razılaşma əldə edilməsinə
nail oldu.
“Nə
sülh, nə müharibə” kimi qeyri müəyyən bir vəziyyətdə
Azərbaycan üçün ən qiymətlisi vaxt idi.
Çünki bu amil məhz Azərbaycana işləyir, onun nəfəs
dərməsinə, özünə gəlib yıxılmaqda
olan dövlətçiliyini xilas etməsinə kömək edəcək,
münaqişənin Bakıya münasib həllinə nail
olmaq üçün qüvvələri sonrakı mərhələyə
səfərbər etməyə imkan verəcəkdi. Digər
tərəfdən, böyük uzaqgörənliklə neft
diplomatiyası dövrünün
başlandığını və bu diplomatiyada ölkənin
qazanacağı iqtisadi və siyasi dividendləri görən
Heydər Əliyev çox böyük səylə
özünün uzun illərə hesablanmış neft
strategiyasının real hədəflərini bələdləyirdi.
Siyasət strateqi onu da yaxşı bilirdi ki, ölkədəki
xaos və anarxiya, ədalətsiz müharibə və qeyri
müəyyənlik, Azərbaycandakı zəngin karbohidrogen
ehtiyatlarında maraqlı olan, nəhəng dövlətlərin
və şirkətlərin təhlükəli region kimi
ölkəmizə investisiya qoymasına imkan vermir. Hazırki
durumda isə xarici kapital olmadan Azərbaycan
iqtisadiyyatını iflasdan xilas etmək və ayağa
qaldırmaq qeyri mümkün idi. Ona görə də
qarşıdakı maneələri nəyin bahasına olursa
olsun tezliklə dəf etmək lazım idi.
...Heydər
Əliyevin az bir müddətdə bu istiqamətdə
atılmış düşünülmüş və hədəfə
ünvanlanmış addımları öz bəhrəsini
verdi. 1994-cü il sentyabrın 20-də təzyiq və hədələrə
baxmayaraq, “Əsrin müqaviləsi” imzalandı. Şübhəsiz,
bu müqavilənin çox böyük iqtisadi dəyəri
ilə yanaşı, ölçüyə gəlməyən
siyasi əhəmiyyəti də var idi. Yaxın vaxtlara qədər
dünyanın tanımadığı, iflas və məhv
olmaq təhlükəsi qarşısında olan gənc,
müstəqil Azərbaycan beynəlxalq iqtisadi-siyasətin
maraq mərkəzlərindən birinə, bu siyasəti müəyyənləşdirən
qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına
çevrilirdi.
“Əsrin müqaviləsi” imzalanandan
sonra əlverişli və etibarlı investisiya mühitinin
formalaşdırılması üçün güclü
qanunvericilik bazası yaradılmağa başlandı. Ölkə
iqtisadiyyatında aparılan islahatlar, qanunvericiliyin, vergi və
bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə
uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə
cavab verməsi 1994-cü ildə artıq iqtisadi tənəzzülün
qarşısını almağa, sabitliyin əldə edilməsinə
gətirib çıxardı. Bunun başlıca amili isə
ölkəyə xarici investisiya axınının
başlanması idi. Əgər 1993-cü ildə Azərbaycan
iqtisadiyyatına heç bir xarici kapital yönəldilməmişdisə,
artıq 1994- 2000-ci illərdə ölkəyə 5,5 milyard
birbaşa xarici investisiya daxil olmuşdu ki, bunun da 3,3 milyard
dolları neft sektoruna, 2,2 milyard dolları isə sənayenin
digər sahələrindəki infrastrukturun inkişafına
yönəldilmişdi. Bu investisiya axını artdıqca Azərbaycan
sənayesi, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət
sahələri dirçəlməyə, 1997-ci ildən isə
ümumi daxili məhsul istehsalı sürətlə
artmağa başladı.
1995-2000-ci
illərdə xarici investisiyalarla paralel olaraq yerli mənbələr
hesabına kapital qoyuluşunun həcmi də sabit olaraq
qalxmağa başladı. Heydər Əliyevin həyata
keçirdiyi iqtisadi islahatlardan sonra əldə olunan gəlirlər
dövlət büdcəsindən, yerli şirkətlərdən
və fərdi şəxslərdən, bu dövrdə sənayenin
bir çox sahələrinə- yaşayış evlərinin
və kommunal xidmət müəssisələrinin tikintisinə,
nəqliyyat və kommunikasiyaya, ticarət və xidmət
obyektlərinin, mədəni müəssisələrin, hotellərin
tikintisinə 9,7 trilyon manat (2,3 milyard dollar) vəsait yönəltməyə
imkan verdi.
Xarici
ticarətin liberallaşdırılması və idxal-ixrac əməliyyatlarının
sadələşdirilməsi Azərbaycanın xarici ticarət
əlaqələrinin inkişafının sürətləndirilməsinə
geniş imkanlar açdı. “Heç bir ölkə, hətta
ən böyük bir ölkə belə, yalnız öz
çərçivəsində iqtisadiyyatını lazımi
səviyyədə inkişaf etdirə bilməz”, deyən və
ölkədə xarici biznes adamları üçün
“açıq qapılar” siyasəti elan edən Prezident Heydər
Əliyev xarici ölkələrə səfərləri
zamanı bu ölkələrin iş adamları, şirkət
rəhbərləri ilə görüşür, gənc
müstəqil dövlətin iqtisadi potensialı haqqında ətraflı
danışır, onları Azərbaycana dəvət edir və
yüksək biznes mühitinə təminat verirdi. Bunun nəticəsi
özünü çox gözlətmədi. Artıq
1994-cü ildəki 57 ölkədən fərqli olaraq, 2000-ci
ildə respublika 123 ölkə ilə ticarət əlaqəsi
qurmuş, xarici ticarət dövriyyəsinin həcmi 3,9 milyard
manata çatmışdı ki, bu da 1994-cü ildə
olduğundan 2,5 dəfə çox idi.
Ümummilli
lider Heydər Əliyevin müstəsna xidmətlərindən
biri də Azərbaycanda yaxın illər ərzində sosial
-iqtisadi tərəqqini təmin edəcək sahibkarlıq
mexanizminin əsasını qoyması, onu bütün ölkə
boyu işlək mexanizmə çevirmək üçün
qanunvericilik bazasını yaratması və ölkədə
yeni yaranmağa başlayan sahibkarlar sinfinin
formalaşmasında şəxsən iştirak etməsi
olmuşdur. Bu işdə dövlət
başçısının qətiyyəti sayəsində
ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin
yeni Dövlət Proqramının hazırlanıb çox
sürətlə həyata keçirilməsinə start verməsi
xüsusilə mühüm rol oynamışdır.
Azərbaycan
Prezidenti Heydər Əliyev 1995-ci il iyulun 30-da “Azərbaycan
Respublikasında 1995-1998-ci illərdə dövlət
mülkiyyətinin özəlləşdirilməsi haqqında
Dövlət Proqramı”nın təsdiq olunması
üçün Milli Məclisə ünvanladığı
müraciət məktubunda çox böyük uzaqgörənliklə
bu tədbirin mühüm əhəmiyyətini göstərərək
yazırdı: “İqtisadi böhrandan əsas
çıxış yolu dövlət mülkiyyətinin
özəlləşdirilməsindədir, ona görə ki,
dövlətin iqtisadi sahədə yeganə inhisarçı
olduğu şəraitdə heç bir islahatın
aparılması mümkün deyildir”.
Bununla
paralel olaraq Prezident Heydər Əliyev vaxt itirmədən, məsuliyyəti
üzərinə götürərək, böyük cəsarətlə,
ancaq çox dəqiqliklə işlənmiş aqrar islahatlara
start verdi. Qısa vaxtda “Aqrar islahatın əsasları
haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və
“Torpaq islahatı haqqında” qanunlar işlənib hazırlandı
və qəbul olundu. Bu artıq fərdi təsərrüfatların,
yəni şəxsi mülkiyyətə söykənən
sahibkarlığın əsasını qoymağa geniş
imkan açırdı.
Ulu
öndərin cəsarətlə bu islahatlara getməyinin bir səbəbi
də onda idi ki, o, torpaq islahatını Naxçıvan Muxtar
Respublikasına rəhbərlik etdiyi dövrdə Culfa rayonunun
Şurut və Gal kəndində sınaqdan keçirmişdi.
Böyük dövlət xadiminin bu sahədə müstəsna
xidmətlərinin real nəticəsidir ki, indi hər il kənd
təsərrüfatı məhsulları istehsalının
artan dinamikası müşahidə edilir və bu da ölkədə
ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan
verir. Məsələn, 2006-cı ildə respublikanın kənd
təsərrüfatında indiki qiymətlərlə 2,1
milyard dollarlıq məcmu məhsul istehsal edilmişdi.
Fəlsəfi
fikir sahiblərindən biri yazır ki, “siyasət
dünyasında daimi heç nə olmadığı kimi,
heç bir universal resept də yoxdur. Yalnız uğur qazanmaq
üçün daimi qaydalar var. Siyasətdə
başlıcası adekvat metod və vasitələr axtarıb
tapmaqdır.” Bu metod və vasitələri tapmaqda çətinlik
çəkməyən Heydər Əliyevin fenomenal siyasi
istedadı ən çətin məqamda belə ona uğur gətirən
qızıl qaydaya çevrilmişdi.
Bu
fenomenal siyasi istedad sahibinin müstəqil respublikanın
iqtisadiyyatına verdiyi misilsiz töhfələrdən biri də,
irəli sürdüyü unikal layihələrlə Azərbaycanı
tranzit ölkəsinə çevirməsidir. bp şirkətinin
prezidenti Con Braunun haqlı olaraq “dünyanın enerji xəritəsini
dəyişən” layihə kimi qiymətləndirdiyi
Bakı—Tbilisi—Ceyhan neft kəməri ulu öndərin neft
strategiyasında yeni bir mərhələ oldu. Bəzi dövlətlərin
qısqanclıqla yanaşdıqları, hətta
reallaşacağına şübhə etdikləri
Bakı-Tbilisi-Ceyhan neft kəməri, əslində,
böyük öndərin neft strategiyasının məntiqi
davamı idi. Nahaq deyildi ki, hələ böyük neft
müqaviləsi imzalananda tanınmış rus siyasətçilərindən
biri yazırdı: “Vaxtilə “Neft Daşları”nın kəşfi
Azərbaycanı Xəzərin hökmdarı etmişdisə,
Heydər Əliyevin ağıllı kombinasiyalarının, dərin
zəkasının və qətiyyətinin təntənəsi
olan “Əsrin müqaviləsi” gənc müstəqil Azərbaycanı
dünyanın qüdrətli dövlətlərinin
mühüm iqtisadi tərəfdaşına çevirdi”.
Bu
gün fəaliyyət göstərən Böyük İpək
Yolunun bərpası, Bakı—Tbilisi—Ceyhan neft kəməri,
Bakı-Tbilisi—Ərzurum qaz kəməri layihələrinin
reallaşmasının ardınca hazırda gerçəkləşməkdə
olan, Şimalla -Cənubu birləşdirəcək
Bakı-Tbilisi - Qars yeni dəmir yolu magistralının istifadəyə
verilməsi Azərbaycanı nəinki regionda, bütün
dünyada çox mühüm strateji portnyora cevirəcək.
Bu, Hindistanın, Cənubi Asiya və Fars körfəzi,
Yaxın və Orta Şərq, Şərqi və Mərkəzi
Avropa ölkələrinin Azərbaycandan keçən
yüklərinin həcmini əhəmiyyətli dərəcədə
artıracaq.
Alfred
Nobelin XX əsrin əvvəllərində “burada neft, qan və
siyasət çox sıx şəkildə bir-birinə
qarışıb” – deyə, xarakterizə etdiyi Azərbaycan
artıq XX əsrin sonunda xalqın dahi oğlu Heydər Əliyevin
gərgin əməyi, məntiqi siyasi gedişləri və
inkişaf strategiyası nəticəsində qan-qadadan uzaq,
sabitliyin və əmin-amanlığın hökm
sürdüyü bir ölkəyə çevrilirdi. Gündən-günə
artan neft gəlirləri, xarici investisiya axını ölkənin
iqtisadi mənzərəsini dəyişir, Azərbaycanı
regionun lider dövlətinə çevirirdi.
Fransız
politoloqu Jan Blondel yazırdı: “Siyasi liderlik bir və ya bir
neçə fərdin həyata keçirdiyi elə bir hakimiyyətdir
ki, bununla millətin nümayəndələri hərəkətə
gətirilir.” Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev özünün uzaqgörən siyasəti və gərgin
əməyi sayəsində, ağır və ziddiyyətli
şəraitə baxmayaraq, tarixin çox qısa bir zamanı
çərçivəsində ölkəsinin kövrək
müstəqilliyini qoruyub möhkəmləndirməklə bərabər,
respublikanın sosial-iqtisadi inkişafında və dünya təsərrüfat
sisteminə inteqrasiya olunmasında da çox böyük
uğurlar qazandı. Ən böyük nailiyyət isə
ondan ibarətdir ki, ölkədə müstəqil dövlət
quruculuğu prosesinin həyata keçirildiyi bu dövrdə
iqtisadi islahatların mahiyyətcə tam yeni bir modeli – Azərbaycan
modeli meydana gəldi. Artıq 2003-cü ildən başlayaraq,
yeni bir liderin – Prezident İlham Əliyevin rəhbərliyi ilə
məhz bu iqtisadi modelin ikinci mərhələsi
reallaşdırılmağa başlanıldı.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2013.- 10 aprel.- S. 5.