“Əsas missiyamız Şəkidə el sənətkarlığını inkişaf etdirməkdir” 

 

Layihə çərçivəsində müsahibimiz Şəki Sənətkarlar Assosiasiyası İB-nin sədri Fərhad Əzizovdur

 

- Rəhbəri olduğunuz QHT nə vaxt yaradılıb və fəaliyyət istiqamətləri hansılardır?

- Şəki Sənətkarlar Assosiasiyası İB 2002-ci ildə təsis edilib, 13 noyabr 2003-cü ildə AR Ədliyyə Nazirliyində qeydə alınaraq fəaliyyətə başlayıb. Təşkilat Dünya Bankı tərəfindən maliyyələşdirilən və 2002-ci ildən Azərbaycanda həyata keçirilən Mədəni irsin qorunması layihəsinin Cəmiyyətin İnkişaf Proqramı çərçivəsində bilavasitə AR Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılıb.

Təşkilatın əsas missiyası Şəkidə tarixən mövcud olan qədim el sənətkarlığının müxtəlif sahələrini inkişaf etdirmək, mədəni irsin qorunmasında, inkişafında və təbliğində onun rolunu yüksəltmək, bu sahədə fəaliyyət göstərən sənətkarların sosial-iqtisadi problemlərinin həllinə nail olmaqdan ibarətdir.

Təşkilatın əsas fəaliyyət istiqamətləri bunlardır:

- Sənətkarların vahid icma formasında fəaliyyətinin təşkili;

- Sənətkarlıq və turizm məhsullarının hazırlanması və nümayiş etdirilməsi;

- Müxtəlif sənətkarlıq sahələri üzrə peşə kurslarının təşkili;

Qeyd olunan sahələr üzrə fəaliyyətlərin yerinə yetirilməsi məqsədilə layihə çərçivəsində 2005-ci ildə Şəkinin Qala kompleksində yerləşən keçmiş təcridxana binası bərpa və təmir olunaraq sənətkarlar üçün Azərbaycanda ilk və hələlik yeganə olan Biznes İnkubator yaradılıb və hazırda Sənətkarlar Evi adı ilə fəaliyyət göstərir. Burada sənətkarlar üçün bütün şərait yaradılıb, onlar üçün lazım olan alət, avadanlıqlar və digər yardımçı vasitələr layihə çərçivəsində alınaraq sənətkarların istifədəsinə verilib.

Hazırda Sənətkarlar Evində sənətkarlığın 18 sahəsi üzrə sənətkarlar fəaliyyət göstərir, məhsullar hazırlayır və turistlərə nümayiş etdirir, sifarişlər qəbul edir, bununla da müştərilərlə birbaşa təmasda olmaqla yanaşı, həm də məhsulların hazırlanması və işlənməsi texnologiyası və üsulları ilə onları tanış edirlər. Bununla yanaşı, sənətkarlar həmçinin xarici qonaqlardan bu sahədə xaricdə mövcud olan məlumatları əldə edir və təcrübəni öyrənir, onlarla mübadilə edirlər ki, bu da işlərin müəyyən qədər təkmilləşməsinə təkan verir.

- Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?

- Hesab edirəm ki, milli-mənəvi dəyərlər hər bir xalqın və millətin vizit kartı, pasportuduronun qorunması, yaşadılması və inkişaf etdirilməsi hər bir ölkə vətəndaşının mənəvi borcudur. Digər tərəfdən, beynəlxalq səviyyədə aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, müasir dövrdə mədəni siyasətdə yaradıcı istehsalın rolu yüksəlməkdə olub, ümumi iqtisadi inkişafda təkanverici qüvvəyə malikdir. Məhz buna görə də bu məsələlər müxtəlif beynəlxalq sənədlərdə-UNESKO- nun Mədəni Müxtəlifliyin Qorunması və Təbliği Konvensiyası, Qloballaşan Dünyada Mədəniyyətə dair Avropa Məramnaməsi və s. sənədlərdə geniş yer tutur.

Ümumi iqtisadi inkişafın katalizatoru rolunu oynayan mədəni irsi inkişaf etdirmədən heç bir inkişafa nail olmaq mümkün deyil. Məhz bunu nəzərə alaraq, ölkənin ümumi inkişaf strategiyasında mədəni irsin inkişafına xüsusi yer ayrılıb, bu istiqamətdə layihələr həyata keçirilibindibu işlər uğurla davam etdirilir. Ölkə başçısı Prezident İlham Əliyev çıxışlarının birində “Biz mədəni irsimizi bazar iqtisadiyyatı prinsiplərinə qurban verə bilmərik” deyə xüsusilə vurğulayıb.

Sənətkarlıq irsi bilavasitə innovativ yanaşma tələb edir, çünki başqa sənət sahələrindən-teatr, kino, musiqi və s.-dən fərqli olaraq sənətkarlıq nisbətən insanlar üçün yetərli olub, az sərmayə tələb edir. Sənətkarlar özlərinin ənənəvi bilik və bacarıqlarından və yerli resurslardan istifadə etməklə, qısa müddətdə həm öz, həm də başqalarının ehtiyaclarını təmin edə bilirlər. Bununla da sənətkarlar özlərinin hazırladıqları məhsulları satmaqla, sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırmaqla yanaşı, həm də turistlərin və qonaqların tələbatlarını da ödəmiş olurlar. Bu sahədə fəaliyyətin genişləndirilməsi hazırlanan məhsulların çeşidini və keyfiyyətini yüksəltməklə yanaşı, sənətkarların sosial-iqtisadi durumunu yüksəldir, peşə kurslarının təşkili isə yeni yerlərinin açılmasına və sənətkarlığın yaşadılmasına xidmət edir.

- Əl işləri və sənət əsərlərinin nümayişi üçün sərgilər keçirirsinizmi?

- Şəki Sənətkarlar Assosiasiyası 2003-cü ildən etibarən Azərbaycanın müxtəlif regionlarında və şəhərlərində, o cümlədən xarici ölkələrdə təşkil edilən 38 sərgi, yarmarka və tədbirlərdə iştirak edib, sertifikatlar, pul mükafatları və fəxri fərmanlarla təltif olunub. 2004-cü ildə Assosiasiya üzvlərinin hazırladıqları məhsullar Helsinkidə təşkil edilən yarmarkada nümayiş etdirilib. 2005-ci ildə təşkilat Regionların Sosial -İqtisadi İnkişafı Dövlət Proqramının icrasının 2 illiyinə həsr edilmiş konfransda ölkə başçısı cənab İlham Əliyev tərəfindən fəxri lövhə ilə təltif olunub.

2008-ci ildə Şənətkarlar Evində mərhum prezident H. Əliyevin 85 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq Mərkəzinin təşkilatçılığı ilə regional sərgi təşkil edilib. Sərgidə 8 rayondan 53 sənətkar əl işləri ilə iştirak etmiş, qaliblər fəxri fərman və pul mükafatları ilə təltif edilmişdi. Sənətkarlar Assosiasiyasının 3 üzvü mükafata layiq görülmüşdü. 2012-ci ildə təşkilat İspaniyanın Beynəlxalq Ticarət Fondu tərəfindən Qızıl ödül mükafatına layiq görülüb.

- Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr keçiribsiniz?

- 2005-ci ildə təşkilat tərəfindən Xalq tətbiqi sənətkarlığının inkişafı və regional əməkdaşlıq adlı beynəlxalq layihə həyata keçirilib. Layihənin iştirakçıları Orta Asiya Sənətkarlar Assosiasiyasının üzvləri olan 5 ölkədən dəvət olunmuş müxtəlif sənət sahələri üzrə aparıcı sənətkarlar olub. Layihənin əsas məqsədi təcrübə mübadiləsi aparmaq, digər millətlərə və xalqlara məxsus mənəvi dəyərləri və sənətkarlıq irsinin öyrənilməsi və qorunması istiqamətində olan fəaliyyətlərini araşdırmaqdan ibarət olub. Həmçinin qarşılıqlı olaraq sənətkarlığın inkişafı üçün zəruri olan addımlar və təkmilləşdirilməsi üçün vacib elementlər barədə fikir mübadiləsi aparılıb, təlimlər təşkil edilib.

- Sənətkarların maariflənməsi istiqamətində hansı tədbirlər görürsünüz?

- Sənətkarların maarifləndirilməsi məqsədilə 2003-cü ildə Girdiman Mədəniyyət Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Şəkidə sənətkarlığın və turizmin inkişafı layihəsi həyata keçirilib. Layihənin əsas məqsədi müxtəlif peşə sahələri üzrə peşə kurslarının təşkili, müdavimlərin peşəyə yiyələnməsi yolları və üsulları barədə sənətkarların maarifləndirilməsi, həmçinin sənətkarlar arasında biznes vərdişlərinin aşılanması olub. Layihə çərçivəsində 4 sənətkar bu sahədə olan beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 3 günlük Türkiyədə səfərdə olub, sənətkarlarla görüşlər təşkil edilibmüvafiq bilgilər əldə edilib.

2010-cu ildə BMT İnkişaf Proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən Bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsı layihəsi çərçivəsində təşkilat tərəfindən layihə həyata keçirilib, il ərzində Şəkinin Tarixi Qoruq ərazisində yaşayan əhali arasında, həmçinin Sənətkarlar İcması ilə tullantıların idərə edilməsi sahəsində maariflənmə tədbirləri, təlimlər təşkil edilib, 3 formada maarifləndirici bukletlər paylanıb.

2011-ci ildə Beynəlxalq Əmək Təşkilatı ilə birgə Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzi tərəfindən Azərbaycanda həyata keçirilən Əmək mühafizəsi, təhlükəsizlik texnikası və sağlam şəraiti layihəsi çərçivəsində Şəki sənətkarları arasında qanunvericiliyin tələbləri istiqamətində maariflənmə işləri aparılıb, görüşlər təşkil edilib.

- Bu işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq edirsinizmi?

- Şəki Sənətkarlar Assosiasiyası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən bütün yerli, respublika əhəmiyyətli və xarici tədbirlərdə fəal iştirak edir, həmçinin Şəki bələdiyyəsi, yerli və mərkəzi QHT-lərlə əməkdaşlıq edir. Şəkidə aparıcı təşkilat kimi, Sənətkarlar Assosiasiyası olmaqla 6 digər QHT-nindaxil olduğu İRS Koalisiyası fəaliyyət göstərir. Təşkilatın bütün fəaliyyəti həmin üzv təşkilatlarla əməkdaşlıq nəticəsində həyata keçirilir. Mərkəzi QHT kimi, EKOSFERA İB, İnsan Hüquqları üzrə Maarifləndirmə İB, Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzi, İNAYƏT Əlillərə Yardım Assosiasiyası ilə əməkdaşlıq edilir.

- Milli-mənəvi dəyərlərin qorunması üçün nələr edilməlidir?

- Hazırda ölkədə milli-mənəvi dəyərlərin qorunması istiqamətində dövlət səviyyəsində çoxsaylı tədbirlər həyata keçirilir. Buna misal olaraq Mədəniyyət və Turizm Nazirliyi xətti ilə hər il ölkədə və xaricdə təşkil edilən sərgi və yarmarkaları göstərmək olar. Bundan başqa, Mədəniyyət Fondunun təşkilatçılığı ilə mədəni irsin qorunması istiqamətində layihələr həyata keçirilir. 2012-ci ildən Avropa İttifaqının maliyyəsi ilə Azərbaycanda sənətkarlıq irsi-İnkişaf üçün platforma layihəsi həyata keçirilir.

Lakin hesab edirəm ki, bu sahədə fəaliyyətlər qənaətləndirici deyil. Ona görə ki, həyata keçirilən layihələr qeyri-peşəkar şəxslər tərəfindən həyata keçirilir. Müşahidələrimiz göstərir ki, hazırkı şəraitdə sənətkarlığın inkişafı sahəsində mövcud olan çatışmazlıqlar ondan ibarətdir ki, hazırlanan sənətkarlıq məhsulları xarici bazar konyunkturuna uyğun gəlmir, məhsullar daxili bazara uyğun hazırlanır. Digər tərəfdən hazırlanan məhsullar sənətkarın bilavasitə öz təxəyyülünün məhsulu olduğundan, dizayns. baxımından alıcıları qane etmir. Ona görə də həm daxili, həm də xarici bazarın tədqiqi istiqamətində marketinq tədqiqatlarının aparılmasına böyük ehtiyac var. Biz bu istiqamətdə bir neçə layihə hazırlamışıq və gələcəkdə maliyyələşdirildiyi təqdirdə həyata keçirməyi planlaşdırırıq.

Sənətkarlıq irsinin qorunması istiqamətində digər mühüm amil kimi onu deyə bilərəm ki, dövlət tərəfindən bu sahədə fəaliyyət göstərən QHT-lərə dövlət sifarişləri artırılmalı, həm layihələr, həm də sifarişlər bilavasitə peşəkarlara həvalə edilməlidir.

Digər çox mühüm istiqamət isə sənətkarlığın kütləviləşdirilməsi və bu məqsədlə peşə təhsilini dövlət səviyyəsində inkişaf etdirmək, sənətkarlığın stimullaşdırılması sahəsində təxirəsalınmaz tədbirlərin görülməsi, turizmin regional səviyyədə inkişaf etdirilməsi üçün konseptual planların hazırlanması və həyata keçirilməsi vacibdir.

- Perspektivdə hansı layihələr gözlənilir?

- Perspektivdə yuxarıda qeyd olunan istiqamətlərdə layihələr planlaşdırılır.

Əsas istiqamətlər bunlardır:

- Sənətkarlar arasında sahibkarlığın inkişafı, biznes təşəbbüslərinin stimullaşdırılması”

- Xalq sənətkarlığının inkişafı və qədim ənənələrə qayıdış;

- Sənətkarların bazar konyunkturuna uyğun məhsullar hazırlamaları istiqamətində maarifləndirilməsi;

- Sənətkarlığın kütləviləşdirilməsi, peşə kursları şəbəkəsinin genişləndirilməsi və innovasiyaların tətbiqi.

 

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.-2013.-10 aprel.-S.12.