Heydər Əliyev
və onun xalqa xidmətdən ibarət böyük
missiyası
Bəşəriyyətin siyasi tarixi zaman
baxımından istər yetərincə qısa müddətləri,
istərsə də daha uzun intervalları əhatə edən
müxtəlif liderlik nümunələri ilə zəngindir.
Lakin bütün dövrlər üçün və bütün
xalqın lideri olmaq siyasətdə nadir hadisədir. Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyev məhz
bu cür siyasi fenomenə aid liderlərdəndir. O,
işığı heç vaxt azalmayan, inamlı və sakit
sayrışması ilə zaman-zaman bəşəriyyəti
heyrətləndirməkdə davam edən bir meqaulduzdur. Azərbaycanın öz milli lideri kimi
tanıdığı, xalqın yaddaşında və tarixində
daimi olaraq qalacaq insanın əməlləri özündən
sonrakı həyat fonunda - indi Heydər Əliyev şəxsiyyəti
nümunəsində - cismən əbədiyyətə
qovuşandan sonra daha parlaq, daha qabarıq, daha sanballı
görünür.
Zaman bizdən - müstəqil Azərbaycanın müasir vətəndaşlarından israrla tələb edir ki, Heydər Əliyevi Azərbaycan dövlətçiliyinin banisi kimi dərk edək və qiymətləndirək. Ümummilli lider Heydər Əliyev realist və praqmatik yanaşma çərçivəsində ümumi azərbaycançılıq ruhunun birləşdirdiyi yekdil millətin keşiyində dayanaraq fəaliyyət qabiliyyətli dövlət yaratmaqla taleyüklü uğurlara nail olmuş, ölkənin uzunmüddətli perspektiv inkişafının Azərbaycanın gələcəyi üçün əhəmiyyət kəsb edən strateji istiqamətlərini müəyyən etmişdir.
Heydər
Əliyev dünya miqyaslı siyasi lider istedadına malik idi. Bu
istedad xalqın inkişaf yollarını aydın görməkdə
və qarşıya qoyulmuş məqsədlərə
ardıcıl nail olmaqda parlaq şəkildə təzahür
etmişdir. O, Azərbaycanın modernləşməyə
əsaslanan milli inkişaf strategiyasının - azərbaycançılıq,
milli birlik, sosial ədalət, əhalinin iqtisadi
firavanlığı, ölkəmizin ərazi
bütövlüyü ideyalarına əsaslanan müstəqil,
siyasi baxımdan sabit dövlət qurulması strategiyasının
təməlini qoymuşdur.
Heydər
Əliyev müstəqil dövlətimizin banisi, ölkədə
demokratik dəyişikliklərin əsas təşəbbüsçüsü
olmaqla uğurlu inkişafın Azərbaycan modelinin əsasını
qoymuş, hakimiyyətdə olduğu illərdə sərrast
hakimiyyət vertikalını qurmuş, dövlətçiliyi
möhkəmlətmiş, sosialyönümlü bazar
iqtisadiyyatının istiqamətlərini ifadə etmişdir. Onun təbiətən ünsiyyət
üçün açıq, səmimi insan olması
demokratik proseslərin inkişafı və vətəndaş
cəmiyyəti təsisatları ilə dialoqun fəallaşması
üçün şərait yaradırdı. “Liderlik təkcə
şəraiti təhlil etmək və qərarlar qəbul etməklə
bitmir, bu, həm də və ilk növbədə
liderin təklif etdiyi tədbirlərin həyata keçirilməsində
mühüm rol oynamalı olan insanların zəkasına və
enerjisinə təsir göstərmək deməkdir” (Weber, Max.
“Political Writings”. Cambridge University Press, 2004, p.
295). Biz, Azərbaycan vətəndaşları Heydər Əliyevin
rəhbərliyi ilə hərtərəfli
ölçülüb-biçilmiş genişmiqyaslı
iqtisadi və siyasi dəyişikliklər planının
işlənib hazırlanmasının və həyata
keçirilməsinin şahidi olmuşuq. Heydər
Əliyevin zəngin idarəçilik təcrübəsi, onun
istər ölkə daxilində, istərsə də xaricdə
son dərəcə yüksək nüfuz sahibi olması
qazanılmış nəticələrin təsbit edilməsinə
və ölkə qarşısında duran uzunmüddətli
strateji məsələlərin həllinə şərait
yaratmışdır.
Heydər
Əliyev tərəfindən işlənib
hazırlanmış siyasi strategiya Azərbaycan cəmiyyətini
səfərbər etməyə və sıx birləşdirməyə
şərait yaratmışdır. 1988-ci
ildə bütün dünyanı bürümüş
iqtisadi böhran neçə-neçə ölkənin
iqtisadiyyatını bərbad etmiş, iri qonşu
dövlətləri iqtisadi xaos və defolt girdabına
yuvarlatmışdır. Lakin hətta dünya
böhranı şəraitində də uğur
qazanmağın mümkün olmasını sübut edən
Azərbaycan xalqı öz qüvvəsini, həyatı
yaxşılaşdırmaq, bütün sahələrdə
firavanlığa nail olmaq imkanını nümayiş
etdirmişdir. Tamamilə qanunauyğun
haldır ki, bir sıra milli iqtisadiyyatların beynəlxalq
iqtisadi arenadan silinməsi ilə nəticələnmiş
2008-ci il böhranının qorxunc dalğaları da bizim
ölkəni sarsıtmadı. Azərbaycan iqtisadiyyatı
möhkəm təmələ əsaslandığına
görə belə hallar onun üçün qorxulu deyildir.
Prezident
İlham Əliyev 2013-cü ildə Davosda keçirilən
Dünya İqtisadi Forumunda demişdir: “Bu gün bizim
iqtisadiyyatımız çox sabitdir. Biz iqtisadi böhran
illərində belə inkişafımızı davam etdirə
bilmişik. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə
inkişaf edən iqtisadiyyatlardan biridir. Biz 10 ildən də az
müddətdə ümumi daxili məhsulu üç dəfə,
yəni 300 faizdən çox artıra bilmişik. Hazırda
iqtisadiyyatımız daha da şaxələndirilib. Özü
də bu, təkcə enerji sahəsinə aid deyildir.
Hazırda bizim əsas məqsədimiz Azərbaycanın
qeyri-enerji sektoruna, xüsusilə yüksək texnologiyalar,
informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə
investisiyaları cəlb etməkdir”.
Belə
sabit iqtisadi firavanlıq şəraitində vətəndaşlar
əmin olurlar ki, bizim ölkəmiz modernləşmə və
informasiya texnologiyalarının inkişafı yolu ilə
bundan sonra da müvəffəqiyyətlə irəliləyəcəkdir.
Beynəlxalq
nüfuza malik olan əsas reytinq agentlikləri bir sıra
inkişaf etmiş ölkələrin kredit reytinqlərini
aşağı saldıqları bir vaxtda, Azərbaycanın
kredit reytinqlərinin qaldırılması sevindirici haldır.
Bu, o deməkdir ki, Azərbaycan iqtisadiyyatı rəqabətədavamlı
iqtisadiyyatdır.
1.
Prezident İlham Əliyev deyir: “Makroiqtisadi sabitliyə görə
Azərbaycan dünya miqyasında birinci onluqdadır. Bütün
bunlar statistik göstəricilərdir. Bunu inkar etmək olmaz.
Bunu nəzərə almamaq olmaz. Bu, reallıqdır. Bu
reallıq bir daha onu göstərir ki, seçdiyimiz yol
düzgün yoldur. Bu yol 1992-ci ilin noyabrında
başlamışdır. Əgər o vaxt Yeni Azərbaycan
Partiyası yaranmasaydı və Azərbaycan xalqı növbəti
dəfə öz müdrikliyini göstərib ulu öndər
Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi,
ölkəmizin inkişafı tam başqa istiqamətdə gedə
bilərdi. Eyni zamanda, onu da qeyd etməliyəm ki, Yeni Azərbaycan
Partiyasının yaradılması Azərbaycanda əslində
siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta
qədər bizdə siyasi sistem mövcud deyildi”.
Heydər Əliyev qəlbinin bütün hərarətini Azərbaycana həsr etmişdi. O, Azərbaycanı sadəcə Vətən deyil, doğma ev hesab edirdi, onun hər bir sakininə ata kimi diqqət və qayğı göstərirdi. Bu gün bütün dünyada Azərbaycanla ilk növbədə ona görə maraqlanırlar ki, Azərbaycan postsovet məkanında siyasi və iqtisadi novasiyaları ən fəal şəkildə tətbiq edən bir ölkə hesab edilir və bu da ilk növbədə Heydər Əliyevin - Şərq müdrikliyini və Qərb dinamizmini özündə təcəssüm etdirən, Azərbaycanı dünyaya tanıdan, sülhə, sabitliyə və təhlükəsizliyə sadiqliyi ilə tanınan dahi bir insanın xidmətidir.
Biz, adi insanlar, liderlərlə sadəcə hakimiyyəti əldə saxlayan adamlar arasında fərqi görə bilərikmi? Biz onların töhfələrini, yaxud əksinə, səhvlərini layiqincə qiymətləndirə bilərikmi? Liderlər çox vaxt hakimiyyət kanallarını idarə edən, lakin əslində zəruri təsir gücünə malik olmayan “adi menecerlər” deyilmi"? Biz siyasi həyatın xarakterini transformasiya edən dahilər axtarırıq, lakin bu halda tapdığımız sadəcə vəzifəli şəxslər deyilmi? Amerikalı alimlər C.Komer və S.Riqdon haqlı olaraq belə hesab edirlər ki, bu kəskin suallar politoloqları çox düşündürür.
2.
Heç də təsadüfi deyildir ki, Fransada deyirlər: “Que
la Republique etait belle sous LEmpire” (“İmperiyada yaşayanda bilirsən
ki, Respublika necə də gözəldir!”) (John Comer, and Susan
M. Rigdon. Understanding American Government. 8th ed.
Belmont, USA: Thompson Wadsworth, 2006, r.65).
Əminliklə deyə bilərəm ki, Heydər Əliyevin
bütün həyatı xalqa xidmət etməkdən ibarət
böyük bir missiya idi. Buna görə Azərbaycan vətəndaşı
heç vaxt belə bir problem qarşısında qalmayacaqdır:
“Mən hansı ölkədə yaşamaq istərdim?”
Ənənəyə
görə siyasi liderin missiyası iki koordinatla müəyyən
olunur: xalqın iradəsini ifadə etmək və dövlətçiliyi
möhkəmlətmək. Azərbaycanın
dövlət suverenliyi əldə etməsi və
dünyanın siyasi xəritəsində müstəqil Azərbaycan
adlı bir dövlət yaranması üçün dövlətin
və hakimiyyətin məxsusi Azərbaycan modeli işlənib
hazırlanmalı idi. Heydər Əliyev
dövlət başçısı olaraq çox mürəkkəb
daxili və geosiyasi şəraitdə müstəqil və
demokratik dövlət yaratmaq kimi tarixi məsuliyyəti öz
üzərinə götürmüşdür. Həmin çətin və mürəkkəb bir
dövrdə ölkənin inkişafının Prezident Heydər
Əliyev tərəfindən təklif olunmuş perspektivli və
inandırıcı kursu ölkəmizin ən yeni tarixinin
bütün gedişinə, Azərbaycan dövlətçiliyinin
təşəkkülünə və möhkəmlənməsinə
təsir göstərmişdir.
Heydər Əliyev xalqın iradəsi ilə
hesablaşaraq, ölkədə dövlət hakimiyyətini
möhkəmlətməyə başladığı ilk
günlərdən etibarən güclü prezident hakimiyyətinə
əsaslanan suveren dövlət qurulmasını strateji məqsəd
kimi müəyyən etmişdir.
“Təsadüfi deyildir ki, 1993-cü ilin yayında - Azərbaycanda
vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin
bütün ümidləri yenə də Heydər Əliyevin
dühası ilə bağlı idi. O vaxt xalqın tələbi ilə
hakimiyyətə gələn ulu öndər qısa müddət
ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan
verdi ki, ölkəmiz inkişaf yoluna qədəm
qoysun. O ildən bu günə qədər Azərbaycan
yalnız və yalnız inkişaf yolu ilə gedir”.
Azərbaycanda dövlət sisteminin özəyinə
çevrilmiş prezidentlik institutunun təşəkkülü
və möhkəmlənməsi Prezident Heydər Əliyevin
şəxsiyyəti ilə əlaqələndirilir. Seçkili
milli liderin şəxsində güclü və sabit dövlət
hakimiyyətinin bərqərar olması zərurəti iqtisadi,
siyasi və sosial sahədə dəyişikliklərin ilk illərindən
özünü göstərmişdir. Azərbaycan xalqı
müstəqilliyə nail olduqdan sonrakı ilk illərdə
dövlətçiliyin və onun əsaslarının
yaradılması, ölkənin idarə edilməsi gündəmdəki
ən kəskin məsələ idi. Hələ
tam dərk edilməmiş, çox vaxt idarə edilməyən
demokratiya dalğasında bu məsələnin həlli
üçün konkret proqram, strategiya və taktika yox idi.
Deməli, inkişaf oriyentirləri və gələcək
haqda aydın siyasi təsəvvür də yox idi.
Bu şəraitdə Heydər Əliyev növbəti dəfə
öz qüdrətli naturasına xas olan dəqiqlik və
konkretlik nümayiş etdirərək, amorf, demaqoq manipulyasiyaları
qətiyyətlə rədd edərək, bunun əvəzinə
milli müstəqilliyin əsası kimi dövlətçiliyin
inkişafı və möhkəmlənməsi kursunu təklif
etdi. Heydər Əliyevin təşəbbüsləri sayəsində
Azərbaycan cəmiyyətinin həyatının bütün
sahələrində islahatlar başlandı. Yeni iqtisadi münasibətlərin, pul-kredit, büdcə
və gömrük sistemlərinin formalaşması idarəçilik,
mənəvi-mədəni, elm-təhsil siyasətinin
kökündən dəyişdirilməsini tələb edirdi.
Yaranmış vəziyyət çevik və
qeyri-ordinar qərarlar qəbul edilməsini sürətləndirirdi.
Dövlət başçısının fərmanları
ilə elə qanunlar qəbul edildi ki, bunlarsız ölkənin
və cəmiyyətin modernləşdirilməsi sadəcə
mümkün olmazdı. Milli modernləşmə
yolunu müəyyən etmiş Prezident Heydər Əliyevin
siyasi iradəsi və qətiyyəti məhz həmin dövrdə
üzə çıxdı. Bir sıra nüfuzlu xarici
ekspertlərin vurğuladığı kimi, sözün hərfi
mənasında iki il müddətində gələcək
dinamik inkişaf üçün baza hazırlanmaqla
iqtisadiyyatda bir sıra struktur məsələləri həll
edildi. Məhz o vaxt - ötən əsrin
90-cı illərində neft-qaz layihələri əsasında
vəziyyəti yaxşılığa doğru kökündən
dəyişmək, boru kəmərlərinin çəkilişinin
strateji yollarını prinsipial baxımdan müəyyən
etmək mümkün oldu.
Azərbaycan xalqının və Azərbaycan dövlətinin
vəhdətini təcəssüm etdirməli olan prezidentlik institutunun
modernləşmə xarakteri Azərbaycanda islahatların
gedişində daha aşkar görünürdü. Tranzit
dövrü şəraitində tələb edilən prezident
idarəçilik forması ən qısa müddətdə
güclü və konsolidə edilmiş hakimiyyət sistemi
yaradılması, sosial iqtisadi şəraitin sabitləşdirilməsi
üçün güclü siyasi baza rolu
oynamışdır. Prezident idarəçilik
forması hakimiyyətin qanunvericilik və
icraçılıq şaxələrinin sinergiyasını,
onların çəkindirmə və tarazlama sisteminə, səmərəli
qarşılıqlı təsirinə əsaslanan vahid işlək
mexanizm şəklində inteqrasiyasını təmin
etmişdir.
Azərbaycanda prezidentlik institutu dünya miqyaslı
görkəmli lider Heydər Əliyevin şəxsiyyəti ilə
birlikdə ölkənin davamlı inkişafı, onun
dünya birliyinə daxil olması, bütün mənfi amillərə
və təhdidlərə uğurla müqavimət göstərməsi
üçün zəruri şərt idi. Bu nəticə
həyatın gedişi ilə təsdiqlənmişdir. Onun arxasında Heydər Əliyevin həqiqətən
titanik əməyi və görkəmli istedadı durur. Qanunauyğun haldır ki, 1990-cı illərin
axırlarında beynəlxalq siyasət elmində “Əliyev
fenomeni” termini yaranmışdır. Dinamizm, islahatlara
meyl, praqmatizm və yüksək səmərəliliyə
malik idarəçiliyin nadir şəkildə birləşməsini
ifadə edən “Əliyev fenomeni” sabit inkişaf, sosial həmrəylik,
milli birlik, fəaliyyətdə olan azərbaycançılıqdır.
Mütərəqqi ideya olan azərbaycançılıq
modernləşmə tranzitinin optimal şəkildə həyata
keçməsini və milli inkişaf məsələlərinin
həllini təmin edir. Digər tərəfdən,
həmrəy şüura və siyasi iradəyə malik olmayan
xalqları eroziyalı diffuziya, identikliyin yox olması təhlükəsi
gözlədiyi bir dövrdə azərbaycançılıq
milli özünəməxsusluğu qoruyub saxlamağın rəhninə
çevrilmişdir.
3. Heydər
Əliyev göstərirdi ki, “azərbaycançılıq
öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi
dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların
ümumbəşəri dəyərlərlə sintezindən
- inteqrasiyasından bəhrələnmək və hər bir
insanın inkişafının təmin olunması deməkdir”
(Dirçəliş-XXI əsr, № 45, s.11).
Qərbdə
hələ bir neçə il bundan əvvəl
çox səylə təbliğ edilən, lakin yaxın
vaxtlarda Qərb siyasətçilərinin özlərinin gərəksiz
hesab etdiyi multikulturalizm ideyaları iflasa
uğradığı şəraitdə azərbaycançılıq
ideologemi bu gün xüsusi aktuallıq kəsb edir. Gələcəyə yönəlmiş mütərəqqi
ideya kimi çıxış edən azərbaycançılıq
modernləşmə tranzitinin optimal axınını və
milli inkişaf məsələlərinin həllini təmin
etmişdir. Azərbaycançılığın
baza dəyərlərinə bağlılıq bizim sosiumun
birləşdirici amilinə çevrilməklə ictimai
sabitliyi və firavanlığı, islahatların uğurunu,
qlobal siyasətdə milli mənafelərin həyata
keçirilməsini təmin edir.
Heydər Əliyevin siyasi missiyasının daha bir
fenomeni ondan ibarətdir ki, dövlət idarəçiliyinin
Avropa standartlarına çox ciddi diqqət yetirməklə
möhkəm administrativ sistem yaradır. Vaxtilə Heydər
Əliyevin başladığı strateji məsələ - Azərbaycan
administrativ idarəçilik kompleksini Avropa normalarına
maksimal dərəcədə uyğunlaşdırmaq məsələsi
bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir.
Siyasi tarixdə “ictimai usanma”, yəni cəmiyyətin
liderdən “usanması” faktları məlumdur. Özü də bu, ləyaqətli,
öz fəaliyyətində bir sıra parlaq qələbələr
qazanmış liderə də aid ola bilər.
Bu mənada, “ictimai usanma” ənənələrini
Miltiad, Femistopl, Perikl kimi antik siyasətçilərdən
başlamış, praktiki müasirlərimiz sayılan
Çörçill və de Qolla qədər izləmək
olar. Xalq bu siyasətçilərin xidmətlərini
inkar etməsə də, ölkənin gələcək idarəçiliyində
onlardan qətiyyətlə imtina etmişdir. Müxtəlif ölkələrdə, müxtəlif
tarixi dövrlərdə müxtəlif liderlərin siyasi
liderliyinin xarakterinin eyni olacağını gözləməyə
dəyməz. Lakin tam əminliklə deyə
bilərik ki, fərqli cəhətlərə baxmayaraq, siyasi
liderlik hakimiyyətin ən yüksək və geniş əhatəli
formalarından biridir.
Heydər Əliyevə xas olan idarəçilik qabiliyyəti
heç də təsadüfi olmayan Tanrı payı idi. Lakin bu fitri
qabiliyyətin Azərbaycan dövlətinin hüquqi əsaslarında
öz harmonik əksini tapması məhz onun şəxsiyyəti
sayəsində mümkün olmuşdur.
Əlamətdar haldır ki, məhz Heydər Əliyev Azərbaycanın
Prezidenti vəzifəsində fəaliyyətə başlayarkən
birinci olaraq, həm Qurana, həm də Konstitusiyaya əl
basaraq and içmişdir. Əlbəttə, həm
dövlət rəmzləri, həm də dini rəmzlər
özlüyündə çox vacibdir, lakin burada söhbət
mənəvi irsdən - dünya siyasətinin
fırtınalı dəryasında dövlət gəmisinin
yolunu işıqlandıran ideyalardan gedir.
Çox
təəccüblü olmasa da, hər halda qəribə təsir
bağışlayan daha bir məqam vardır: biz çox vaxt
elə düşünürük ki, böyük liderlər
keçmişdə qalmışdır. Görünür,
məsələyə bu cür nöqteyi-nəzərin
yaranmasını onunla izah etmək olar ki, Qərb demokratiyalarında
liderlər qismində çıxış edənlər, bir
qayda olaraq, menecerlərdir. Qabaqcıl sənaye
ölkələrində siyasi və inzibati həyatın
mürəkkəblikləri ona gətirib çıxarır
ki, rəhbərlər “sadəcə olaraq” cəmiyyətin
strukturunda cüzi dəyişikliklər yolu ilə onu
modifikasiya etməyi bacarırlar.
Ölkəmiz üçün inkişaf modelini,
yaxın və uzaq perspektiv üçün onun siyasi və
iqtisadi gələcəyini məhz bu qeyri-adi insan müəyyən
etmişdir. “Azərbaycan yolu”nun bütün dünyada qəbul
edilməsinin bilavasitə nəticəsi kimi, indi ölkəmiz
beynəlxalq aləmdə yüksək nüfuz
qazanmışdır.
U.Çörçill
öz həyat yoluna yekun vuraraq yazırdı: “Gərək sən
öz ölkən uğrunda ölməyə hazır olasan,
lakin bundan daha vacibi odur ki, sən öz ölkən naminə
yaşamağa hazır olasan”. Heydər Əliyev
öz ölkəsi naminə yaşadı və yaratdı.
Heydər Əliyevi müəyyən mənada kommunikativ
mühəndis qurğusunun müəllifi hesab etmək olar. Azərbaycan
xalqının ümummilli lideri bu və ya digər mövqeləri
insanlara zorla qəbul etdirməyə
çalışmırdı, o, müvafiq ideyanın məqsədlərini
insanlara izah edir, nəticədə insanlar onun müttəfiqlərinə
çevrilirdi. Bizim cəmiyyətin dəyər
oriyentasiyaları sistemində azərbaycançılıq
intensionallığı məhz bununla müəyyən edilir.
Azərbaycançılıq
intensionallığı fenomeni siyasi liderin və ölkə vətəndaşlarının
fəaliyyətinin məqsədləri arasında
uyğunluğu optimallaşdırmalı olan özünəməxsus
bir vasitə, mühüm bir amil kimi çıxış
edir. Azərbaycançılıq
intensionallığı prosesinin istiqaməti, məzmunu və
xarakteri Azərbaycan vətəndaşlarının
üstünlük verdiyi dəyərlər, motivlər, tələb
və maraqlar sistemi ilə siyasi liderliyin məqsəd və
vasitələrinin vəhdətini əks etdirən inteqrativ
indikatorlardır. Milli inkişafın
ümummilli lider tərəfindən işlənib
hazırlanmış siyasi kursu həm dövlət idarəçiliyi
texnologiyalarının məqsəd funksiyalarını, həm
də dövlətçilik fəaliyyətinin bu
növünün dəyər-normativ məzmununu əhatə
edir.
Hər bir dövlətin tarixi nadirdir. Azərbaycan
dövlətçiliyinin nadirliyi Heydər Əliyevin adı
ilə bağlıdır. Heydər Əliyev
bizim hamımızın nəzərində Vətəni fədakarcasına
sevmək nümunəsi olmuş, onun birləşdirici azərbaycançılıq
ideyası Azərbaycan vətəndaşları
üçün, bizim hər birimiz üçün mənəvi
kateqoriyaya çevrilmişdir. Buna görə
də Azərbaycan xalqı Heydər Əliyevin həyata
keçirdiyi siyasi missiyanı bütünlüklə dərk
edir, anlayır ki, bu insan olmasaydı, respublika sadəcə məhv
olardı.
Aqiyə NAXÇIVANLI,
siyasi elmlər doktoru,
professor, Milli Məclisin deputatı
Xalq qəzeti.-
2013.- 11 aprel.- S. 3.