Avrasiya İqtisadi
Zirvə Toplantısında Azərbaycanın İKT sahəsində
uğurları diqqət mərkəzində olmuşdur
Mərmərə Qrupu Sosial və Strateji
Araşdırmalar Vəqfinin təşkilatçılığı
ilə İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvə
Toplantısında Azərbaycanın informasiya-kommunikasiya
texnologiyaları (İKT) sahəsində uğurları diqqət
mərkəzində olmuşdur.
Zirvə toplantısında çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təbii ehtiyatları ilə zəngin olan və regionun lider dövlətinə çevrilmiş Azərbaycanda neft və qaz gəlirlərindən asılılığın azaldılması üçün ardıcıl islahatlar aparıldığını demişdir. Bu kontekstdə İKT-nin inkişafı mühüm əhəmiyyət kəsb edir. İnformasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatın digər sahələrinin də inkişafını müəyyən edən bir amilə çevrilmişdir. Hökumətimizin bu sahəyə diqqətinin nəticəsidir ki, bu gün Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artmaqdadır. Genişzolaqlı internet şəbəkəsinin inkişaf etdirilməsi üçün böyük məbləğdə vəsait ayrılmışdır.
Nazir vurğulamışdır ki,
torpaqlarının 20 faizinin Ermənistan tərəfindən
işğal olunduğu Azərbaycan regionda infrastruktur layihələrinin
həyata keçirilməsini diqqət mərkəzində
saxlayır. Lakin işğal
siyasətinin davam etməsi tam əməkdaşlığa əngəllər
törədir. Bununla belə, regionda internet və
İKT sahəsində inkişafa nail olmaq üçün
Azərbaycan hökumətinin təşəbbüsü ilə
BMT tərəfindən “Trans-Avrasiya super informasiya
magistralı” (TASİM) ilə bağlı 2 qətnamə qəbul
edilmişdir.
Ə.Abbasov əlavə etmişdir
ki, ölkəmiz dövlətlərin təhlükəsizliyi
baxımından mühüm məsələ olan kibercinayətkarlıqla
mübarizəyə də böyük diqqət yetirir, bu sahədə
əməkdaşlığa hər zaman açıqdır.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2013.- 11 aprel.- S. 4.