Dünya İqtisadi Forumunda (Davos Forumu) Azərbaycan iqtisadiyyatının
uğurları və potensialı bir daha diqqətə çatdırıldı
Dünya İqtisadi
Forumunun Bakıda keçirilməsi barədə
ümumi razılıq bu
il yanvarın 23-də Prezident
İlham Əliyevin Davosda
Dünya İqtisadi Forumunun təsisçisi və icraçı
sədri Klaus Şvab
ilə görüşündə əldə edilmişdir.
Klaus Şvab
paytaxtımızda reallaşan bu yüksək səviyyəli tədbirdə demişdir ki, forumun Azərbaycanda keçirilməsi bizim üçün bir qürurdur. Azərbaycan
çox böyük
imkanların olduğu bir
ölkədir. Ümumiyyətlə, son
illər ərzində Azərbaycanda çox
böyük iqtisadi
artım göstəriciləri qeydə
alınmışdır. Bu, ilk növbədə, ölkənin müstəsna
təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu
nailiyyətlər həmin resurslardan
ölkə iqtisadiyyatının şaxələndirilməsində
uğurla və bacarıqla istifadə
edilməsi sayəsində qazanılmışdır. Azərbaycan
informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində çox
qabaqcıl bir ölkədir.
Klaus
Şvab vurğulamışdır ki, region ölkələrinin
heç biri potensialı təkbaşına reallaşdıra
bilməz. Uzunmüddətli iqtisadi uğurlara nail olmaq
üçün əməkdaşlıq zəruridir. Yəni
bu uğur yalnız təbii resurslardan asılı deyildir.
Prezident
İlham Əliyev forumda çıxış edərək
demişdir ki, hazırda əsas məqsədimiz
iqtisadiyyatı şaxələndirməkdir. Bunun
üçün biz dünyanın biznes icmasına
özümüzü nəinki mühüm coğrafi
mövqeyi və təbii sərvətlərə malik olan
ölkə, o cümlədən islahatlara, dəyişikliklərə
və şaxələndirməyə sadiq olan bir respublika kimi
təqdim etməliyik. Dünya İqtisadi Forumu, eləcə də
Davosda keçirilən görüşlər sayəsində
açılan imkanlar Azərbaycanı keçmişdə,
ümumiyyətlə, tanımayan dünya şirkətləri
ilə münasibətlərin qurulmasını mümkün
edir. Ölkəmiz kifayət qədər gəncdir, müstəqilliyimizin
21 yaşı vardır. Lakin Azərbaycan böyük tarixə,
adət-ənənələrə, mədəniyyətə
malik olan ölkədir. Dövlət başçımız
nitqində diqqəti həmçinin 1993-cü ildən ötən
müddət ərzində ölkəmizin keçdiyi
inkişaf yoluna yönəltmişdir.
Xatırlatmışdır ki, respublikamızda 1993-cü ilin
ortalarından etibarən vəziyyət sabitləşməyə
başlamışdır. Azərbaycanda olduqca ciddi,
köklü siyasi - iqtisadi islahatların əsası
qoyulmuşdur. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına,
birpartiyalı sistemdən çoxpartiyalı sistemə,
totalitarizmdən demokratiyaya keçid dövründə real dəyişikliklər
baş verdi. İslahatların başlanğıc mərhələsində
Azərbaycan öz enerji sektoruna böyük sərmayələr
cəlb edə bildi. Sonrakı mərhələdə iqtisadi
inkişafın istiqaməti enerji sektorundan qeyri-enerji sektoruna
yönəldildi, neft-qaz sahəsinə aid olmayan sektorlara sərmayələr
cəlb olundu. Eyni zamanda siyasi və iqtisadi islahatlar davam
etdirildi.
Ölkə
Prezidenti daha sonra demişdir: “...Bizim çox əlverişli
coğrafi mövqeyimiz vardır. Lakin infrastruktur olmadan bu
mövqenin böyük əhəmiyyəti yoxdur. Təbii sərvətlərimiz
vardır, karbohidrogenlərimizin nəql edilməsi
üçün şaxələndirilmiş şəbəkə
yaratmışıq. Çünki Azərbaycanın
açıq dənizə çıxışı yoxdur.
Buna görə də neft və qazımızı nəql etmək
üçün boru kəmərlərini çəkməli
idik. Bu, 1990-cı illərin sonunda və bu əsrin əvvəlində
qarşımızda duran ən böyük vəzifələrdən
biri idi. Bu vəzifə uğurla icra edildi. Hazırda bizim
şaxələndirilmiş boru kəmərləri şəbəkəmiz
vardır. Azərbaycanın neft və qazını beynəlxalq
bazarlara və Avropa bazarlarına çıxaran 7 neft-qaz boru kəməri
mövcuddur. Eyni zamanda Azərbaycan karbohidrogenlərin nəqlində
Xəzər dənizinin digər sahilində yerləşən
tərəfdaşlarımız üçün tranzit rolunu
oynamağa başlamışdır.
Lakin
son 10 il ərzində əsas məqsədimiz iqtisadiyyatın
şaxələndirilməsi olmuşdur. Əgər Azərbaycanın
iqtisadi inkişafına nəzər yetirsəniz görərsiniz
ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə
inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Ümumi daxili
məhsul 3 dəfə - 300 faiz, sənaye istehsalı 2,5 dəfə
artmışdır. Biz işsizliyi azalda bilmişik, hazırda
işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin
demək olar ki, yarısı yoxsulluq şəraitində
yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil
edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə
artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir.
Bu, son 10 il ərzində müşahidə olunan
inkişafdır...".
Dövlət
başçısı nitqində Dünya İqtisadi Forumunun
ayrı-ayrı vaxtlarda Azərbaycan iqtisadiyyatına verdiyi qiyməti
də yüksək dəyərləndirmişdir.
Bildirmişdir ki, adıçəkilən forumun hesabatında
iqtisadiyyatın rəqabətə davamlılığı
baxımından Azərbaycan 46-cı yerdə qərarlaşmışdır
və bu sahədə ölkəmiz ardıcıl olaraq
dördüncü ildir ki, MDB məkanında birinci yerdədir.
Hətta iqtisadi və maliyyə böhranı zamanı
iqtisadiyyatımız artmaqda davam etmişdir. Neftin qiymətləri
kəskin surətdə aşağı düşdüyü
zaman iqtisadiyyatımızın inkişafı yenə də
davamlı xarakter almışdır. Çünki respublikada
qeyri-enerji sektoru yaxşı nəticələr verməyə
başladı. “Fitch”, “Standard & Poor’s”, “Moody’s” kimi əsas
kredit reytinqi təşkilatları Azərbaycanın kredit
reytinqini bu yaxınlarda
yaxşılaşdırmışdır. Bu da islahatların
yaxşı göstəricisidir.
Hazırda
Azərbaycanda neft gəlirləri insan kapitalına
çevrilir. Dövlətin əsas gələcək məqsədlərindən
biri təhsildir. Təhsil istənilən ölkənin hər
hansı uğurlu inkişafının ən vacib amilidir. Bu
sahəyə ayrılan sərmayə, Azərbaycan universitetləri
ilə dünyanın aparıcı təhsil müəssisələri
arasında əlaqələr iqtisadi inkişafı çox
ciddi intellektual potensiala əsaslanaraq planlaşdırmağa
imkan yaradır. Eyni zamanda Azərbaycanda hazırda yeni
texnologiyalara sərmayə yatırılır. İndi
informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda
prioritetlərdən birinə çevrilir. Azərbaycan
artıq kosmos sənayesinə malik olan məhdud sayda ölkələr
klubunun üzvünə çevrilmişdir. Bu ilin fevral
ayında ilk peykimiz - “Azərspace-1" uğurla
buraxıldı və bu, kosmik sənayenin
inkişafının yalnız
başlanğıcıdır...
Forumda
Azərbaycan iqtisadiyyatının digər uğurlu göstəricilərinə
də diqqət yetirilmişdir. Bildirilmişdir ki, son 10 il ərzində
Azərbaycana 130 milyard dollardan çox sərmayə
qoyulmuşdur. Bu sərmayələrin müəyyən hissəsi
xarici investisiyadır. Yaxşı sərmayə mühiti,
proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə
sabit durum və əlbəttə ki, regional əlaqələr
hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən
biridir. Bu gün Azərbaycan regional əməkdaşlıqda
öz rolunu oynayır. 1990-cı illərin ortalarında
başlanılan layihələr nəinki Azərbaycanın
iqtisadi inkişafına, o cümlədən geniş regional əməkdaşlığa
yönəlmişdir. Azərbaycan Xəzər dənizini
xarici sərmayələr üçün açıq elan edən
ilk ölkə olmuşdur. Respublikamız Xəzər dənizindən
Aralıq dənizinə və Qara dənizə dəhliz
yaradan ilk ölkədir. Neft və qaz dəhlizləri sonra
ümumi geosiyasi və enerji dəhlizi rolunu oynamağa başlamışdır.
Hazırda Azərbaycan, Gürcüstan və Türkiyə
arasında mühüm dəmir yolu xətti layihəsi
yekunlaşmaq üzrədir və bu, Avropanı Asiya ilə Azərbaycan
və qonşu ölkələr vasitəsilə bağlayacaq
layihə olacaqdır.
Azərbaycan
iki il əvvəl Avropa İttifaqı ilə enerji sahəsində
strateji tərəfdaşlıq memorandumu
imzalamışdır. Həmin memorandumda nəzərdə
tutulan tələblər hazırda həyata keçirilir. Son
dövrün ən mühüm nailiyyətlərindən biri
TANAP - Trans-Anadolu boru kəməri layihəsidir. İdeya Azərbaycan
tərəfindən verilmiş, Türkiyə və
Gürcüstandakı tərəfdaşların güclü
dəstəyini almışdır. Azərbaycan bu layihənin
həyata keçirilməsi üçün əsas maliyyə
öhdəliyini öz üzərinə
götürmüşdür və ən azı 100 il xidmət
edəcək boru kəmərinin çəkilişinə
başlamışdır. Çünki Azərbaycanın nəhəng
qaz ehtiyatlarını və regiondakı potensial resursları nəzərə
alsaq, bu dəhliz gələn on illiklər ərzində
mühüm rol oynaya bilər.
Forumda
çıxış edən Türkiyənin energetika və təbii
ehtiyatlar naziri Taner Yıldız demişdir ki, beynəlxalq əlaqələrdə
mühüm rol oynayan irimiqyaslı layihələrin ümumi təhlilini
aparmağa ehtiyac vardır. İqtisadiyyatlar qloballaşır,
siyasətlər isə beynəlmiləlləşir. Ölkələr
beynəlxalq siyasətlərini birləşdirdikləri zaman əməkdaşlıq
əlaqələrini qura bilirlər.
Türkiyə
dünyanın bir çox ölkələri ilə müxtəlif
layihələr həyata keçirməyə nail olmuşdur.
Ona görə siyasi sabitliyini davam etdirən ölkələrlə
birlikdə region güclənə bilər. Enerji
resurslarından sülhün, sabitliyin təminatçısı
kimi istifadə edərək inkişafa nail ola bilərik.
Bu
gün Türkiyə Qara dənizdə Rusiya Federasiyası ilə
“Cənub axını” layihəsini reallaşdırmaqla
yanaşı, dost və qardaş ölkə Azərbaycan ilə
Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsini uğurla həyata
keçirir.
Türkiyənin
hazırda regiona olan töhfəsinin davam edən siyasi sabitliklə
birlikdə daha da artdığını vurğulayan nazir Taner
Yıldız bildirmişdir ki, sözügedən ölkə
bundan sonra da coğrafi vəziyyətinin üstünlüklərindən
istifadə edərək, ciddi layihələr həyata
keçirmək üçün müsbət mövqeyini
davam etdirəcəkdir. Türkiyə Bakı-Tbilisi-Ceyhan neft
boru kəməri layihəsi ilə birlikdə Xəzərdəki
enerji ehtiyatlarının dünya bazarına
çıxmasına töhfə verir. Dəmir yolu layihələri
ilə birlikdə nəqliyyat təhlükəsizliyinin təminatçısı
olur.
Dünya
İqtisadi Forumunda “Cənubi Qafqazın və Mərkəzi
Asiyanın gələcəyi ilə bağlı strateji dialoq”
mövzusunda aparılan müzakirələr də diqqət
çəkmişdir. “Neftdən asılılığın
azaldılması ilə bağlı proqramlar hansı
planları əhatə edir, bundan əlavə, regionda əməkdaşlıq
baxımından daha çox hansı model haqqında
danışılmalıdır?”-sualına Prezident İlham Əliyev
cavabında demişdir: “Hökumətimiz üçün son
10 ildə şaxələndirilmə bir nömrəli prioritet
olmuşdur. Çünki biz müstəqilliyin əvvəlki
mərhələsində sərmayələri cəlb etmək
üçün enerji potensialımızı təqdim etməli
idik. Biz investorlar üçün çox güzəştli
şəraitlər yaratmalı idik ki, onlar özlərini Azərbaycanda
rahat hiss etsinlər. Lakin aydın şəkildə
anlayırıq ki, yalnız enerji sektorunun inkişafı bizə
dəyişikliklərə nail olmaq, iş yerlərini
açmaq imkanını yaratmayacaqdır. Çünki enerji
sektoru çox sayda iş yerləri açmır. Bilirdik ki,
bu, bizə zəngin və yoxsul arasındakı boşluğu
aradan qaldırmağa imkan verməyəcəkdir. Buna görə
də biz 2004-cü və 2009-cu illərdə iki regional
inkişaf proqramını qəbul etdik. Bu proqramların əsas məqsədi
şaxələndirmə və infrastruktura, sərmayə,
özəl sektorun stimullaşdırılması idi.
Əlbəttə
ki, tənzimləmə, liberal islahatlar və sərmayə
mühiti bu məqsədə nail olmaqda bizə
yardımçı oldu. Deyə bilərəm ki, Azərbaycan
haqqında ən yaxşı statistik məlumatlar yoxsulluğun, işsizliyin
azaldılması və qeyri-enerji sektorunun yüksəlməsi
idi. Ötən il qeyri-enerji sektorunda artım təxminən 10
faiz olmuşdur. Gələn illər ərzində əminəm
ki, şaxələndirmə prosesi uğurla gedəcəkdir.
Çünki ölkəmizdə 2020-ci ilə baxış
proqramı vardır. Bu, 2020-ci ilə qədər hansı
işlərin görülməsini təsvir edən əhatəli və olduqca dəqiq
proqramdır. Məqsədimiz gələn 8-9 il ərzində
qeyri-enerji sektorunda ümumi daxili məhsulun payının 2 dəfə
artırılmasıdır. Artıq dediyim kimi, diqqət
yetirdiyimiz sektorlar - informasiya-kommunikasiya texnologiyaları, həmçinin
kənd təsərrüfatı, xidmətlərdir. Enerji
amilindən asılılığın azaldılması, həmçinin
prioritetlərimizdən biridir. Eyni zamanda aydın şəkildə
anlayırıq ki, enerji amili nəinki Azərbaycanın
iqtisadi inkişafında, o cümlədən buradakı
regional əməkdaşlıqda mühüm yer tutacaqdır.
Çünki bu, aparıcı qüvvədir".
Dünya
İqtisadi Forumunun təsisçisi və icraçı
direktoru Klaus Şvab forumda demişdir ki, Azərbaycanın
nadir coğrafi mövqeyi, yüksək təhsil almış
işçi qüvvəsi vardır. Buradakı sağlam
mühit, ümumiyyətlə, birgə iş və əməkdaşlıq
çərçivəsində çox uğurlar əldə
oluna bilər. Avropa qitəsinə, yaxud Asiya regionuna baxsaq,
görərik ki, iqtisadi, sosial sahələrdə uğurlar əldə
etmək üçün mütləq etibar və uzunmüddətli
əməkdaşlıq şəraitində birgə səylər
göstərilməlidir. Məhz buna görə də
Dünya İqtisadi Forumu çox nadir bir format yaradır.
Forumdan
məqsəd sadəcə olaraq müəyyən
görüşlərin keçirilməsi deyildir. Məqsəd
uzunmüddətli təşəbbüslərə start verməkdir.
Cənubi Qafqaz və Orta Asiya regionları üçün
müəyyən ssenarilər təqdim olunur. Qarşıdan gələn
18 ay ərzində bu proseslər davam edəcəkdir. Regiondan
və region xaricindən olan aparıcı şəxslər bu
prosesə cəlb ediləcəklər. Məqsəd regional
iqtisadi inteqrasiyaya nail olmaqdır. Regionun uzunmüddətli gələcəyi
üçün müxtəlif ssenarilər yaradılır. Məqsəd
regionun nadir evolyusiya potensiallarını araşdırmaq və
müxtəlif alternativ ssenariləri nəzərdən
keçirməkdir. Bu gün biz bu prosesi başlayırıq.
Məqsəd regionun nadir imkanlarını aşkar etməkdir.
Bakıda
Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində
keçirilən sessiyada Dünya İqtisadi Forumu idarə heyətinin
üzvü və icraçı direktor Borge Brende,
ABŞ-ın Azərbaycandakı səfiri Riçard
Morninqstar, Azərbaycan Dövlət Neft Fondunun (DNF)
icraçı direktoru Şahmar Mövsümov, Rusiyanın
Bioenerji Korporasiyasının (BioEnCo) təsisçisi və
Direktorlar Şurasının sədri David Yakobaşvili və
başqaları çıxış edərək Azərbaycanın öz
potensialından əsasən necə istifadə etməsi, daha
geniş regionda iqtisadi imkanların artırılması
üçün hansı praktiki addımların
atılması məsələləri ətrafında
danışmışlar. Qeyd etmişlər ki, Cənubi Qafqaz
və Mərkəzi Asiya regionunun inkişafı
üçün bölgə ölkələri geniş
potensiala malikdir. Region ölkələrinin
iqtisadiyyatlarının və bu bölgədə ticarətin
təşviqi nəticəsində ümumi daxili məhsulu hətta
dəfələrlə artırmaq mümkündür.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.-
11 aprel.- S. 4.