ALİM ZƏHMƏTİ
mənəvi xəzinədir
Musa Əliyev haqqında ilk
dəfə 100 illiyində (2008, fevral)
yazmışdım. Bundan sonra
AMEA-nın Rəyasət Heyətində akademikin
100 illiyinə həsr olunmuş elmi konfransda (2009, noyabr) məruzə ilə
çıxış etdim. Doğrusu, Azərbaycan elm
tarixində silinməz izlər qoyan, milli kadrların yetişdirilməsində
danılmaz xidmətləri olan bir ziyalımızı yeni
nəslə tanıtmağı, bir daha gündəmə
gətirməyi qələm adamı kimi
özümə borc bildim.
Musa Əliyev
haqqında yaşlı nəsil alimlər - ziyalılar böyük hörmət və məhəbbətlə
söz açır, danışmaqla
söz-söhbətləri qurtarmır. Akademik
haqqında söhbət açarkən ani
olaraq onların üz-gözlərinə dolan nur, xoş
təbəssüm nəzərdən qaçmır. Amma nisbətən
orta nəsil, xüsusən də gənc
nəslin az məlumata malik
olmaları yeni bir məqalənin
yazılmasına məndə stimul
yaratdı. Elm yolunun nə
qədər ağır, nə qədər məsuliyyətli
və zəhmət dolu bir
həyat olduğunu bildiyimdən, mənəvi
borc bilərək təqdim etdiyim bu yazının
oxucuların marağını qazanacağına inanıram.
Musa Əliyevin
xatirələrindən bir yarpaq:
Mənim də anam şuşalıdır. Ailəmiz
hər il yayı orada
dincələrdi. 1918-ci ildə
yenə Şuşada idik.
O vaxt 9-10 yaşım olardı. Ermənilərin
azğınlaşmış vaxtı idi. Onların törətdikləri vəhşiliklərin
şahidi olmuşam. Çar ordusunun köməyi
ilə güclü silahlanmış ermənilər
silahsız azərbaycanlıları şəhərin təzə
məhəlləsinə və cıdır düzünə
sıxışdırmışdılar. Onlar
olmazın vəhşiliklər edirdilər. Uşaqları,
qadınları və yaşlı kişiləri kütləvi
surətdə məhv edirdilər. Hətta yadımdadır,
deyirdilər ki, qadınlarımıza
işgəncə verdikdən sonra kürəklərinə
qaynayan samovarları bağlayıb qaçmağa məcbur edirdilər. Vəziyyət
çox acınacaqlı idi.
Yadımdadır, anamın qohumlarından bir
nəfər gəlib qadınları və uşaqları sakit etdi ki,
ətraf rayonlardan böyük
kömək gəlir. Bu vaxt silahlı gənc bir qız (o zaman onlarla qız erməni
vəhşiliklərinə qarşı döyüşürdü)
gəlib sevinə-sevinə dedi ki, ermənilər general Səməd
bəy Mehmandarovun atlı dəstəsinin
Əsgəran qalasına daxil
olmasını eşidib şəhərdə
nələri varsa atıb, kütləvi
halda vahimə içində
qaçırlar. Bir gün
keçdikdən sonra mən general Səməd bəy Mehmandarovun
öz atlıları ilə şəhərə
daxil olduğunun şahidi olmuşam. Bütün bunları mən ona
görə danışıram ki, siz gənclər həmişə ayıq
olasınız. Onlar pis
əməllərini həyata keçirməyə həmişə
hazırdırlar. Burada - Moskva
şəhərində mən onu həmişə
hiss edirəm.
Soy-kökündən
bəzi sətirlər: Musa Əliyevlə
həyat yoldaşı Sona xanım əmioğlu-əmiqızı
olublar. Musa Əliyevin atası Mirzə
Mahmud və Sona
xanımın atası Məmməd Tağı Əliyev doğma qardaş idilər.
Məmməd Tağı Əliyev Sankt-Peterburqda
yüksək ali təhsil alıb. Alman, fransız, ərəb, fars
və rus dillərini gözəl bilən
Məmməd Tağı Almaniyada, Finlandiyada yaşayıb. O, I Dövlət
Dumasının deputatı olub. Duma dağıldıqdan sonra
isə doğma Şamaxıya
qayıdıb və şəhərin ictimai-siyasi
həyatındakı fəallardan birinə çevrilib.
Az keçməmiş daşnak
ermənilər yenidən qırğın-qiyamətə
başlayıb. Bu qırğınların bir ucu da Şamaxıdan
başlamışdı. Daşnaklar
qabaqlarına çıxan kəndləri, qəsəbələri
yandırırdılar, evbəev hər kəsi
qırıb-çatırdılar. Öz
zəngin kitabxanasının gözünün
qabağında yanıb kül olmasına
dözməyən Məmməd Tağı da
həmin hadisədə erməni quldurlar tərəfindən
öldürülür.Bəli, həyat bəzən insanı
usandırır. Təbii fəlakətdən baş götürüb Aşqabada yol alan ailə doğulduğu
yurda dönərkən daşnak
vəhşilikləri ilə üz-üzə qalır.
Şamaxı zəlzələsindən sonra
Aşqabada köç
edən və gözəl bir
şuşalı qızla ailə quran Mirzə
Mahmud isə böyük
ailə yükünə qatıldığından yüksək
təhsil almaq imkanına malik
olmayıb. Ticarətlə məşğul olub.
Ermənilərin belə
azğınlaşmış dövründə Aşqabadda yaşayan Mirzə
Mahmud qardaşının ailəsinə sahib çıxır, onları da Aşqabada köçürüb aparır. İnqilabdan sonrakı illərdə iki qardaşın böyük
ailəsinə sahiblik edən Mirzə Mahmud geriyə - Vətənə
qayıdır. Bakıda məskunlaşırlar. Şamaxıdan
Aşqabada, Aşqabaddan
Bakıya dönən ailə artıq qaçqınlıq həyatından
yorulur. Mirzə Mahmud çox mömin, dərin
dünyagörüşlü, hörmətli,
nüfuzu olan bir şəxs, həyat yoldaşı Nabat xanım çox
gözəl bir Şuşa
qızı olub.
Musa
Mirzə oğlu Əliyev 1908-ci il aprel ayının 11-də
Şamaxıda anadan olmuşdur. Valideynləri Şamaxı zəlzələsindən
sonra Türkmənistana köçdüklərindən Musa Əliyev
ilk təhsilini - Aşqabad şəhərindəki Nekrasov
adına fizika-riyaziyyat təmayüllü orta məktəbdə
alır, tələbəlik həyatına isə Bakıda qədəm
qoyur.
Təhsil
illərinin uğurlu nəticələri: İlk ali təhsilini
Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Dövlət
Neft Akademiyası) dağ-mədən fakültəsində
almışdır. Professor V.V.Boqaçov məktəbindən bəhrələnən
Musa Əliyev ömrünün
sonuna kimi elmi yaradıcılığını paleontologiya və stratiqrafiya
elmləri ilə bağlayır. Məlumdur ki, geoloq kadrların professional hazırlanmasının əsası
20-ci illərin
başlanğıcında Azərbaycan Politexnik,
sonralar isə Azərbaycan Neft
elmi-tədqiqat və layihə institutlarında qoyulmuşdur.
20-ci illərdə Azərbaycana dəvət olunmuş
V.V.Boqaçov, S.A.Kovalevski,
V.E.Livental və başqalarının rəhbərliyi
altında ilk azərbaycanlı paleontoloqlar - Q.Ə.Əlizadə, M.M.Əliyev,
D.Ə.Ağalarova, C.M.Xəlilov, C.İ.Cəfərov
və b. paleontologiya
elminə yiyələnərək ixtisaslaşırlar. Hələ
tələbəlik illərindən pedaqoji
fəaliyyətlə (1930-33-cü illərdə Balaxanıda Sənaye
texnikumunda müxtəlif fənlərdən
dərs deyirdi) məşğul olan M.Əliyevin ömrü
boyu bu peşəyə
sevgisi tükənmədi. Ali
məktəbi bitirən il təhsil
aldığı institutda dərs demək
hüququ qazanan M.Əliyev
cəmi 6 il sonra Sənaye
İnstitutunun neft
fakültəsinə dekan (1937), iki il sonra
isə institutun direktoru
vəzifəsinə (1939-41) təyin edilir.
Həmin zaman o, 30 yaşını yenicə ötmüşdü.
1941-42-ci illərdə M. Əliyev iki il Moskva Neft
İnstitutunda “Paleontologiya
və tarixi geologiya”
kafedrasında dosent vəzifəsində
çalışır, eyni zamanda Moskvada SSRİ Neft Sənayesi Xalq
Komissarlığı Tədris Müəssisələrinin Baş idarəsinə təyin olunur. Lakin 1943-cü
ildə Bağırovun təkidli tələbi ilə
Bakıya qayıdaraq Azərbaycan Sənaye İnstitutunda
(indiki Neft
Akademiyası) geoloji-kəşfiyyat fakültəsində pedaqoji fəaliyyətini davam
etdirir. Elmi və ictimai fəaliyyətdə
özünü erkən yaşlarında
təsdiq edən M.Əliyev 40 yaşında Nazirlər Sovetinin sədr müavini
və Dövlət Plan Komitəsinin sədri
vəzifəsinə təyin edilir
(1948-49), SSRİ Ali Sovetinin
II çağırış deputatı seçilir,
davamlı olaraq III və IV çağırışlarda
da seçilir.
Azərbaycan Milli Elmlər Akademiyasının III prezidenti: 42 yaşlı akademik Musa Əliyev AMEA-nın prezidenti vəzifəsinə iki dəfə - 1950 - 1958-ci illərdə seçilmişdir. O, bu vəzifəyə gəlincə, təbii ki, xeyli gərgin, zəhmət dolu bir həyat keçmişdir. Təhsil və elm yollarındakı uğurlarını yuxarıda sadaladıqca onun arxasında dayanan çətinlikləri dilə gətirməməyimiz heç də hər şeyə asanca nail olması demək deyil. Hər halda, tərcümeyi-halındakı acınacaqlı tale yolları çox mətləbləri anladır. Fitrətən fazillik elm qapılarının açarıdır, eləcə də gecəli-gündüzlü zəhmət məqsədə doğru mükəmməl və etibarlı yoldur. M.Əliyev məhz belə bir yolun sarvanı olmuşdur. Onun ziyalılığı yüksək insani keyfiyyətləri ilə də diqqəti cəlb edir. Çalışdığı bütün vəzifələrdə sadə insanların arxadaşı olmaq sanki hobbisi olmuşdur. Taleyin onun üzünə açdığı qapıları arxasınca bağlamayaraq çox insanların uğruna səbəb olmuşdur. M.Əliyev haqqında düşüncələri oxuduqca, onun haqqında deyilənlərə qulaq asdıqca bunun gerçəkliyi ilə üzləşirik. İnstitut direktorluğu illərində olduğu kimi, Akademiyanın prezidentliyi zamanında da gəncliyə, gənc kadrlara qayğısı, diqqəti daim nəzərində olmuşdur.
Əlcəzair kəşfləri. Musa Əliyevin tədqiqat dairəsi Zaqafqaziyadan başlayaraq Qərbi
Sibir, Volqa - Ural və Orta Asiyanın
neftli-qazlı sahələrini əhatə edirdi.
Bunların içərisində Əlcəzair
ölkəsindəki kompleks tədqiqatları
həyatında xüsusi iz
buraxmışdır. 1969-71-ci illərdə Sovet-Əlcəzair
neft-qaz kontraktına rəhbərlik etmək
akademik M. Əliyevə nəsib olur. İşlərinin yekunu
olaraq akademik elmi heyəti ilə birgə
hazırladıqları ikicildlik “Əlcəzair
Saxarasının geologiyası və
neftqazlılığı” və “Əlcəzair
Atlaslarının geologiyası və
neftqazlılığı” adlı monoqrafiyaları 4 dildə
(fransız, rus, ingilis
və ərəb) nəşr etdirdi. İşinin öhdəsindən layiqincə gələn
akademik nəticədə ən yüksək
mükafata (“Fəxri neftçi”)
layiq görüldü.
Kitabları, əsərləri. Akademik
M.Əliyev təkcə Azərbaycanda, keçmiş
SSRİ məkanında yox, bir çox xarici ölkələrdə də
tanınır, əsərlərinə ciddi
yanaşırdılar. Dəfələrlə Meksika,
Danimarka, Hindistan, Misir, Livan və b. ölkələrdə keçirilən beynəlxalq
elmi simpozium və konfranslarda məruzələri maraqla
dinlənilmişdir. Elmi əsərləri Mexikoda, İskəndəriyyədə, Beyrutda, Qahirədə, Dehlidə çap olunmuş və onun şöhrətli həyatına
işıq salmışdı. M.Əliyevin yüksək elmli alim olması əsərlərinin
sübutudur. İlk əsərini
1939-cu ildə dərc etdirən müəllif ömrünün
axır vaxtlarına qədər çap
olunmuşdur. Hətta vəfatından
sonra iki fundamental əsəri Moskvanın “Nauka” nəşriyyatında
nəşr olunmuşdur. Ümumiyyətlə,
akademik 350-yə qədər elmi əsərin
müəllifi, 50-yə qədər
gənc alimə elmi rəhbər və ya məsləhətçi olmuşdur,
haqqında müxtəlif mətbuat orqanlarında
sanballı məqalələr dərc edilmişdir.
Təltifləri.
M.Əliyev SSRİ dövlətinin ən yüksək
mükafatlarına layiq görülmüşdür:
“Qırmızı Əmək Bayrağı”
(1940), “Lenin” (1945) və “Şərəf
nişanı” (1955) ordenlərinə,
“Əməkdə rəşadətinə görə” (1943), “Böyük Vətən müharibəsində
(1941-1945) “Rəşadətli əməyə görə” və
“Qafqazın müdafiəsinə görə” (1946), “Rəşadətli
əməyə görə” (1970), “Böyük Vətən
müharibəsi (1941-1945) qələbəsinin 30 illiyi” yubiley (1975)
medallarına və “Fəxri neftçi”
(1969) adına layiq
görülmüşdür. Ən böyük təltifi isə ölkə
ziyalılarının məhəbbəti, hörməti idi.
Ailə
səadəti hər şeydən ucadadır. Musa Əliyev Sona
xanımla 1930-cu ildə qurduğu ailə
həyatının acılı-şirinli günlərini
bölüşərək 55 il birgə
yaşayıblar. Bağırov dövrünün
istənilən ziyalının başı üzərində
hər an asılan “Domokl
qılıncı”nın M.Əliyevin
də başı üstdə görünmək ehtimalı
gündəmdən heç düşməyib.
Hətta bu stresslərin nəticəsi idi ki, saçları bir gecənin içində ağappaq
olmuşdu. Sibirin ölüm düşərgəsi olan “Solovki”
yollarının tez-tez yada
salınması təbii ki, insana mənəvi terrordan
başqa bir şey deyildi. Bütün bu ağır
günləri birgə bölüşən ailədə iki oğlan və bir qız dünyaya göz
açmışdır. Rəna xanım Paşayeva:
Atam hər şeyə öz
zəhməti ilə nail olmuşdu.
Odur ki,
uşaqlarını sənət-peşə seçimində
sərbəst buraxdı. Son dərəcə
əliaçıq, xeyirxah, böyük ürək sahibi
olan atamız həm də tələbkar idi. Biz - övladları onu çox sevmişik, onunla həmişə
öyünmüşük, çalışmışıq
ki, bütün həyatımız
boyu onun adına layiq olaq. Nəvələri
onun kim olduğunun dərkini gözəl
anlayırlar.
Vaxtilə
M.Əliyevdən dərs alan, qayğı görən, bir
sözlə, Musa Əliyev məktəbindən keçərək
akademikliyə qədər yüksələn dəyərli
alimlərimizin ustadları haqqında dediklərini - xatirə
yarpaqlarını vərəqləyək:
Akademik İsmayıl İbrahimov: İndiki Azərbaycan Neft Akademiyası 1920-ci ildə yaranandan 1934-cü ilədək direktor sifəti ilə başqa millətin nümayəndələri rəhbərlik etmişdilər. İnstitut yarandıqdan 14 il sonra birinci dəfə ona azərbaycanlı alim Məmməd İsmayıl Axundzadə direktor təyin olunur. Lakin cəmi il sonra repressiya qurbanı olan M.İ.Axundzadənin yerinə Moskvadakı Mərkəzi Təşkilatlar Moskvada texnikum direktoru vəzifəsində çalışan erməni Arşavir Arababovu göndərirlər. Bu isə o demək idi ki, milli kadrların yetişdirilməsi üçün tam mənada sədd çəkilir. 1939-cu ildə yeni rəhbər - Musa Əliyev rektor təyin ediləndə artıq məsələlər əksinə inkişaf yoluna keçir. Milli kadrların yetişdiriliməsi üçün ciddi işlərə başlanır. İlk əvvəl, institutun 20 illik yubileyi ərəfəsində işçilərin cəmi 20-30 faizini təşkil edən azərbaycanlıların əksəriyyəti orden və medallara təqdim olunur. Bu isə institut üzrə 70 faiz demək idi. Bəli, işlədiyi qısa müddətdə neft sənayesi üzrə milli kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyə olunmasında atılan ilk addımlar məhz Musa Əliyevin adı ilə bağlıdır. Akademiya prezidentliyi dövründə imkanlarından istifadə edərək nəhəng “Akademiya şəhərciyi”nin tikilməsində xidmətləri misilsizdir.
Akademik
Budaq Budaqov: Musa Əliyev zahirən nurani görkəmə
malik idi. Onun daxili
dünyası çox zəngin və
şəxsi mədəniyyəti yüksək idi.
Musa Mirzə oğlu
ilə kim ünsiyyətdə olurdusa, ondan ayrılmaq istəmirdi.
Sözübütöv, dediyini
edən, verdiyi sözü
inadla həyata keçirən bir şəxs idi. Musa Mirzə oğlu göründüyü kimi
olan və olduğu kimi görünən alim idi. O, özünün
yüksək təşkilati qabiliyyəti, uzaqgörənliyi
və əvəzsiz qayğıkeşliyi ilə insanı valeh etməklə, çox
asanlıqla qəlbinə daxil olurdu.
AMEA-nın
prezident əvəzi, akademik Akif Əlizadə: Akademik Musa Əliyev
həqiqətən elm sahəsində bir novator
olmuşdur... Onun Azərbaycan elminin
inkişafındakı ölçüyəgəlməz xidmətlərini
sadalamaqla başa gəlməz.
Azərbaycanda bütün
elmlərin inkişafı tarixində akademik M.Əliyevin adının xüsusi yeri vardır - məhz
onun istedadı və qayğısı sayəsində
Azərbaycan Elmlər Akademiyasında fizika,
kimya, riyaziyyat, astronomiya, iqtisadiyyat və
s. fundamental elmlər
planlı şəkildə inkişaf etməyə
başladı. Böyük enerjiyə malik olan Musa müəllim alim
kollektivlərini düzgün yönəltmək
bacarığı ilə seçilib. M.Əliyev
onunla birlikdə və yanında işləmiş
alim-həmkarları və tələbələri arasında böyük nüfuza malik olub. Mən
düşünürəm ki, bu sözlər M.Əliyevin həyatı və
fəaliyyəti üçün səciyyəvidir:
“Ustad, şagird yetişdir ki, sonralar öyrədən olsun”. Bəli, bu gün o, neçə-neçə
elm adamının fəxrlə özünü
“Musa Əliyev məktəbi”nin yetirməsi
olduğunu dilə gətirməsinin səbəbkarıdır.
AMEA-nın
müxbir üzvü Ə.V.Məmmədovun qeydlərindən:
Əliyev Musa xeyirxah, vətənpərvər bir insan, nəhayət,
dünyaşöhrətli bir geoloq - alim idi. Həyatımın
ən ağır günündə, taleyimin həll
olunduğu bir vaxtda mənə kömək əlini uzadıb,
əslində məni elm aləminə gətirən də o
olub.
Böyük
insan və alim, görkəmli elm təşkilatçısı
və dövlət xadimi akademik Musa Əliyevin AMEA-nın
prezidenti olduğu illərdə yaradılan möhtəşəm
elmi kadr potensialının təməli bu gün müstəqillik
yoluna qədəm qoymuş Azərbaycan dövlətinin
maraqlarına xidmət etməkdədir.
Almaz ÜLVİ,
filologiya elmləri doktoru
Xalq qəzeti.- 2013.- 11 aprel.-
S. 5.