Bakı Ali Neft Məktəbi “Total E&P Azerbaijanla protokol imzalamışdır

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “Total E&P Azerbaijan” şirkətinin baş meneceri  Kristian Jüdiselli arasında “Əməkdaşlıq protokolu” imzalanmışdır.İmzalanma mərasimində Fransanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye və digər qonaqlar  iştirak etmişlər.

Sənəddə “Total E & P Azerbaijan” şirkətinin dəstəyilə Bakı Ali Neft Məktəbi və Fransanın  neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması və digər məsələlər  öz əksini tapmışdır.

Tədbirdə çıxış edən rektor bildirmişdir ki, artıq dünyaya inteqrasiya etmiş Azərbaycan Respublikası üçün beynəlxalq standartlara cavab verən kadrların hazırlanması prioritet məsələyə çevrilib. Prezident İlham Əliyevin  rəhbərliylə  yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində bir çox uğurlu təhsil islahatları həyata keçirilməkdədir: “Dünyanın enerji sahəsində tanınmış şirkətləri və təhsil müəssisələri ilə əməkdaşlıq Bakı Ali Neft Məktəbi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan  böyük təcrübəyə malik “Total E&P Azerbaijan” şirkəti ilə əməkdaşlıq bizim üçün olduqca vacibdir”.

Səfir P.Mönye vurğulamışdır ki, dinamik inkişaf edən Azərbaycanda beynəlxalq standartlara  cavab verən belə bir ali təhsil müəssisəsinin  yaradılması və qısa vaxt ərzində yüksək  nailiyyətlər əldə olunması təqdirəlayiq haldır.

“Total E&P Azerbaijan”ın  baş meneceri  Kristian Jüdiselli çıxışında  bildirmişdir ki, təmsil etdiyi  şirkət Azərbaycanda təhsil və kadrların hazırlanması sahəsində bir çox layihələrin həyat keçirilməsinə dəstək vermişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 11 aprel.- S. 7.