“Azərsu” ASC
macar şirkəti ilə əməkdaşlıq sazişi
imzalamışdır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
ilə Macarıstan Respublikasının “Budapeşt Sukanal” Səhmdar
Cəmiyyəti (Waterworks of Budapest Plc. şirkəti)
arasında əməkdaşlığa dair saziş
imzalanmışdır.
İmzalanma mərasimində
çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz
Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihələri barədə
məlumat verərək bu sahədə beynəlxalq maliyyə
təşkilatları və nüfuzlu xarici şirkətlərlə
sıx əməkdaşlıq edildiyini diqqətə
çatdırmışdır. Q. Hüseynov sözügedən
sistemlərin dünya standartları səviyyəsində
qurulması məqsədilə layihələrin icrasında ən
yeni texnologiyalardan istifadə edildiyini, su təchizatı və
kanalizasiya infrastrukturlarının müasir metodlarla idarəedilməsinə
üstünlük verildiyini qeyd etmişdir. Qeyd olunmuşdur
ki, bu sahədə böyük təcrübəsi olan
Macarıstanın “Budapeşt Sukanal” Səhmdar Cəmiyyəti
ilə əməkdaşlığın geniş perspektivləri
var. Bu sahədə əməkdaşlığın davam
etdirilməsinin su təchizatı və kanalizasiya
infrastrukturunun yenidən qurulması layihələrinin əhatə
dairəsinin daha da genişləndirilməsinə təkan verəcəyini
diqqətə çatdıran Q. Hüseynov bildirmişdir
ki, bir müddət əvvəl
“Azərsu” ASC-nin mütəxəssisləri Macarıstana ezam
edilmiş və “Budapeşt
Sukanal” Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə
yaxından tanış olmuşlar.
“Budapeşt Sukanal” Səhmdar Cəmiyyətinin baş direktoru Csaba Haranghy Azərbaycanda infrastruktur sistemlərinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyini qeyd etmiş, içməli su təchizatı və kanalizasiya sektorunda yeni layihələrin icrasını yüksək dəyərləndirmişdir. Qonaq Azərbaycanda içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yaxından izlədiklərini vurğulayaraq ölkəmizdə qısa müddətdə böyük layihələrin icrasına başlanıldığını diqqətə çatdırmışdır. Rəhbərlik etdiyi şirkətin idarəetmə sistemlərinin yaradılması, müasir tipli su anbarlarının tikintisi səhəsində böyük təcrübəyə malik olduğunu bildirən C. Haranghy bu sahədə qarşılıqlı təcrübə mübadiləsinə əsaslanmaqla əməkdaşlığın geniş perspektivlərinin mümkünlüyünü vurğulamışdır. Axırda “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və “Budapeşt Sukanal” Səhmdar Cəmiyyətinin baş direktoru Csaba Haranghy əməkdaşlıq sazişini imzalamışlar.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 12 aprel.- S. 3.