Gəncə: uydurmalar və reallıqlar

 

Gəncə şəhərinin 4000 il yaşı və orada yeraltı fayton yolları yoxdur

 

Xalqımızın zəngin maddi mədəniyyətinin müəyyən bir dövrünü qoynunda qoruyub saxlamış Gəncə şəhəri qədim və kəşməkəşli tarixi ilə bu gün də tədqiqatçıların diqqət mərkəzindədir.

Gəncə şəhərində və ətraf ərazilərdə aparılan arxeoloji qazıntılar onun tarixinə dair qiymətli faktları üzə çıxarmağa imkan verir. Antik və İlk orta əsrlər Gəncəsinin yeri hesab edilən “Şəhər burnu”nda aparılan arxeoloji tədqiqatların nəticələri burada şəhər mədəniyyətinin hələlik tam şəkildə iki minillik bir dövrünü öyrənməyə şərait yaradır. İndiki “Şəhər burnu” adlandırılan yerdə vaxtilə şəhərin olması haqqındakı ən qədim məlumatlara romalıların (Kastariya) IV əsrdə tərtib etdikləri xəritədə rast gəlinir. Həmin xəritədə indiki Gəncənin yerində IV əsrdə Laso adı ilə tanınan yüksək dərəcədə inkişaf etmiş bir şəhərin olduğu göstərilir. 371-387-ci illərdə Qafqaz Albaniyasının bəzi vilayətlərinin Romanın müvəqqəti təsiri altında olduğunu nəzərə alsaq, onda Laso adının necə yarandığı da aydınlaşar. Belə bir ada Musa Kalankatlının “Alban tarixi” əsərində də rast gəlinir və onun Bərdə yaxınlığında iri yaşayış məntəqəsi olduğu bildirilir. Yüksək inkişaf etmiş şəhərin formalaşması üçün ən azı 300-400 il vaxt tələb olunduğunu nəzərə alsaq, onda arxeoloji qazıntıların nəticələri ilə yazılı məlumatların da bir-birini tamamladığını aydın görərik.

Lakin təəssüflər olsun ki, Gəncə şəhərinin tarixinə dair real faktlardan uzaqlaşaraq internet saytlarında, nüfuzlu qəzetlərdə (“Elm” qəzeti, 15 mart 2013-cü il), bəzi tədbirlərdə həqiqətdən uzaq, həm Azərbaycanın, həm də onun ayrılmaz guşəsi olan Gəncənin tarixinə ləkə ola biləcək yalanlar söylənilir. Bunun üçün hətta “saxta arxeoloqlardan və tarixçilərdən” istifadə edilir.

Məsələn, “Elm” qəzetinin 15 mart 2013-cü il tarixli nömrəsində (səh. 2) “ABŞ-ın Smitson İnstitutunun Milli Muzeyinin rəhbəri AMEA Gəncə bölməsində olmuşdur” sərlövhəli məlumatda bildirilir ki, professor P.M.Teylor XVI əsrdə salınmış Gəncənin ikimərtəbəli yeraltı yolları ilə tanış olmuş, ilk dəfə olaraq yeraltı muzeyin yaradılması ilə bağlı təklifləri dəstəkləmişdir”.

Əvvəla, qeyd edək ki, I Şah Abbas Gəncə şəhərini 1606-cı ildə, yəni XVII əsrdə tutmuş və yeni şəhər saldırmışdır. Digər tərəfdən, çox təəssüf edirəm ki, ABŞ-ın Smitson İnstitutunun Pol Teylor kimi bir professoru var. Çünki əgər o, professor olsaydı və arxeologiyanı bilsəydi onda dərk edərdi ki, “ikimərtəbəli yeraltı yol” olmur. Ancaq bəlkə də günah Pol Teylorda deyil, onu dəvət edənlərdədir. Çünki Pol Teylor ixtisasca bioloqdur, Afrikada cücüləri, qarışqaları, bir sözlə, həşəratları öyrənir. Azərbaycanda isə bizneslə məşğuldur.

O ki qaldı Gəncədəki yeraltı yollara, Gəncə arxeoloji ekspedisiyasının fəaliyyətini araşdırmaq məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mərhum prezidenti, akademik M.Kərimovun tapşırığı əsasında 2012-ci il iyunun 19-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru M.Rəhimovanın əmri ilə yaradılmış, tərkibində akademiyanın müxbir üzvü, tarix elmlər doktoru, professor Vəli Əliyev, tarix elmləri doktoru Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktorları Abuzər Ələkbərov, Bəxtiyar Cəlilov və Müzəffər Hüseynovun olduğu komissiya öz yekun rəyində bildirmişdir ki, “Qeyd olunan ərazidə heç bir yeraltı yoldan söhbət gedə bilməz. Yeraltı yol kimi təqdim olunan qurğular əslində əski binaların bir neçə mərtəbədən ibarət zirzəmiləridir” (Arayış 20 iyun 2012-ci il, səh. 4).

Xatırladaq ki, bu, 1817-1818-ci illərdə Gəncə və onun ətraf ərazilərində alman koloniyalarının yaranması, üzümçülüyün inkişafı və şərab saxlanması üçün bir neçə mərtəbəli zirzəmilərin tikintisi ilə əlaqəlidir. Gəncə şəhərinin altından üç istiqamətə gedən yollar var - deməklə də yanlışlığa yol verilir. Çünki onlar şəhəri üç istiqamətdən su ilə təmin edən kəhriz quyularıdır. Onların aralarındakı məsafə 25 metr olmaqla, başlanğıcda dağlardan mənbəyini götürdüyü yerdə dərinliyi 40 metr, sonda isə 16 metrdir. Məsafənin 25 metr götürülməsi, görünür, qazıntı zamanı torpağın daşınmasının mümkünlüyü və havalanma nəzərə alınaraq seçilmişdir.

Tikintinin memarlıq quruluşu da onun XIX əsrə aid olduğunu söyləməyə əsas verir.

Gəncədə belə yanlış fikirlər tez-tez söylənilir. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasına 2012-ci il avqustun 17-də göndərilmiş 03/454 nömrəli məktubda arxeoloq İ.Cəfərzadənin və əcnəbi arxeoloqların Gəncə ətrafında apardıqları arxeoloji qazıntıların nəticələrinə əsasən burada şəhər mədəniyyətinin “üç min illik” tarixinin olduğu göstərilir.

 Xatırladaq ki, Gəncə şəhərinin tədqiqatçılarından olan M.M.Altman, V.V.Bartold, Mirxond və başqaları IX əsrdən əvvəlki Gəncə haqqındakı məlumatları Cənubi Azərbaycanın “Təxti-Süleyman” şəhərinin yerindəki Gəncə ilə əlaqələndirirlər. Arxeoloq İshaq Cəfərzadə isə XIV əsr müəllifi Həmdullah Qəzviniyə və apardığı arxeoloji qazıntıların nəticələrinə əsasən Gəncə şəhərinin salınmasını VII-IX əsrlərə aid edir. Əcnəbi müəlliflər əsasən Gəncə ətrafındakı qəbir abidələrini qarət etməklə məşğul olmuş və onların tədqiqatlarında şəhərin üç min illik tarixinə dair heç bir fakt aşkarlanmamışdır.

1961-ci ildə Gəncə dəmiryol stansiyasının yaxınlığında arxeoloji tapıntılar da antik deyil, orta əsr materiallarıdır, hər yerdə digər orta əsr maddi mədəniyyət qalıqları ilə qarışıq şəkildə tapılır və XII-XIII əsrlərdə Gəncənin İntibah mədəniyyətinin mərkəzi olması ilə əlaqəlidir.

Yaxud, yenə həmin məktubda bildirilir ki, “Ola bilməz ki, XII əsrdə İntibah mədəniyyətinin mərkəzi olan Gəncədə şəhər mədəniyyətinin üç min illik yaşı olmasın”. Bununla əlaqədar olaraq bildiririk ki, XII əsrdə Gəncə təkcə müsəlman intibahının deyil, həm də xristian alban intibahının mədəniyyət mərkəzi idi. Müsəlman intibahının Nizami Gəncəvi, Əbül-üla Gəncəvi, Qivami Gəncəvi, Ömər Gəncəyi, Əbu Bəkr Gəncəyi, Məhsəti (Rəziyyə) Gəncəvi, xristian alban intibahının isə Kirokos Gəncəli, Mxitar Qoş, Böyük Vardan və digər nümayəndələrinin Gəncə şəhərində yaşayıb-yaratmalarında Bərdə ədəbi mühitinin böyük təsiri olmuşdur.

X əsrdə Bərdə şəhərinin slavyanlar tərəfindən dağıdılmasından sonra mərkəzin Bərdədən Gəncəyə köçməsi ilə Yaxın və Orta Şərqin ən mötəbər ali məktəblərində təhsil almış bərdəli alimlərin də yeni mərkəzə axını başlayır. Nəticədə Gəncədə əhalinin sayının birdən-birə artması ilə bərabər, həm də yeni ziyalı nəsli yetişir. 1139-cu il zəlzələsi zamanı Gəncədə 500 minə qədər əhalinin yaşaması da bu axınla əlaqələndirilməlidir.

Yəqin ki, bütün bunları nəzərə alan Nizami Gəncəvi də Gəncədə yaşayıb yaratdığı halda, Bərdə mühitindən bəhrələndiyini nəzərə alaraq öz şeirlərində bu şəhərin üstünlüklərindən bəhs edirdi.

Elə həmin məktubda ən qədim qəbiristanlıqlardan olan Səbzkarın (Göyərti becərənlər) cəmi 300 yaşının olduğunu söyləməklə müəlliflər öz fikirlərinin üstündən xətt çəkirlər.

Yaxud son günlərdə guya Gəncədən 5 (beş) min illik tarixi olan numizmatik materialların aşkarlanması haqqında fikirlər söylənilərkən, həmin pulların üstünü oxumağın mümkün olmadığını düşünürdülər. Əslində yaddan çıxarırdılar ki, üstü paxır bağlamış həmin pulları asanlıqla təmizləmək və oxumaq mümkündür. 5000 min il bundan əvvəl dünyada puldan istifadə edilmirdi. 5000 min il bundan əvvəl Gəncədə hansı dövlət olub? Onun hökmdarı kim idi? Pullar kimin adına kəsilib?

2010-cu ildə “Gəncə şəhərinin aktual problemləri” (Gəncə, 2010, s. 52; s. 314 və s.) mövzusunda keçirilmiş ikinci elmi-praktik konfransın materiallarında da şəhərin üç min illik tarixi və yeraltı yollarla bağlı fikirlər söylənməmişdir. Hətta gəncəli alimlərin özləri belə Gəncənin ən tezi V-VI əsrlərdə salındığı qənaətinə gəlir, şəhərin tarixinə dair xronoloji baxımdan dolaşıq və əsassız fikirlər söyləyirlər.

Çünki əgər 2010-cu ilədək aparılmış tədqiqatlarda bu faktlar aşkarlansaydı, şübhəsiz həmin faktlar  hökmən konfransda qeyd edilərdi.

Bu cür uydurmalara erməni “müəllifləri”nin əsərlərində də kifayət dərəcədə rast gəlinir ( “Taynı Qandzaka (Kirovabada i Severnoqo Artsaxa)”, Moskva, 1998 və s.). Təəccüblüdür: bu cür yalanları uyduranlar kimi aldatmaq istəyirlər?

1989-cu ildən Gəncəbasar, 2005-ci ildən Gəncə arxeoloji ekspedisiyasına rəhbərlik edirəm. “Gəncə və onun ətrafının tarixi-arxeoloji tədqiqi (Ən qədim zamanlardan - XIX əsrə qədər)”, “Gəncə antik və ilk orta əsrlərdə”, “Gəncə şəhərinin yaranması və yerdəyişmələrinə dair”, “Gəncə arxeoloji abidələrinin öyrənilməsi tarixi”, “Gəncə toponiminə dair mülahizələr”, “Erməni ”alim"lərinin Gəncə tarixinə dair uydurmaları", “Nizami və Həmidünya”, “Nizami Gəncəvinin əsərlərində maddi mədəniyyət motivlərinə dair” və s. kimi elmi əsərlərin müəllifiyəm.

Pol Teylora, xarici qonaqlara səxavət göstərənlər Gəncənin real tarixini əks etdirən adı çəkilən əsərlərin çapı üçün də vəsait ayırsalar təqdirəlayiq olardı.

İnternet saytlarında yerləşdirilən materiallarda Gəncənin 4000 illik yaşının olması haqqında layihənin müəlliflərinin İsmayıl  Seragəldin, Vair Vike-Frayberq və Pol Teylor olduğu göstərilir. Lakin onların heç biri nə tarixçidir, nə də arxeoloqdur.

Elə həmin yerdə ən qədim Gəncənin Zurnabad qalasında olduğu göstərilir. Qalanın tikintisində istifadə olunan məhsuldan götürülən “analizin 4000 il bundan əvvələ aid olduğu” bildirilir. Əvvəla, həmin analiz tikintidə istifadə olunan əhəngin yaşını müəyyənləşdirir, qalanın yox. O ki qaldı Zurnabad qalasının tikilmə tarixinə, Zurnabad qalasında 1938-ci ildə A.E.Paxomov, 1989-cu ildə A.M.Məmmədov arxeoloji qazıntılar aparmışlar və onun tikilmə dövrü 700-800 il bundan əvvələ, XII-XIII əsrlərə aid edilmişdir. 4000 il bundan əvvəl o cür qalaların tikintisi yox idi. Bundan əlavə, Zurnabad qalası orta əsr Gəncə şəhərinin feodal qalalarından biridir.

Lakin bunlar hələ son deyil. Bizim fikrimizcə, Gəncə şəhərinin daha qədim tarixini müəyyənləşdirmək üçün onun izlərini ABŞ-da, dağlarda (Zurnabad kəndi) deyil, Azərbaycan SSR Nazirlər SovetininQədim Gəncə ərazisinin tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında” 1988-ci il 18 aprel tarixli 136 nömrəli qərarına əsasən elmi-tədqiqat müəssisəsi kimi təşkil olunmuş 1482 hektar sahəni əhatə edən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində axtarılması yaxşı olardı. Hazırda isə qoruğun bir qismi şəxsi mülkiyyətə verilmiş, həyətyanı evlərin böyük bir hissəsi Gəncə şərab zavodunun üzüm bağlarının, bir hissəsi şəxsi təsərrüfata aid olan yonca, taxıl qarğıdalı sahələrinin, bir hissəsi İmamzadə qəbiristanlığının, bir hissəsi dəmiryolçular üçün tikilmiş evlərin altında qalmış, əksər hissələr dağıdılmışdır. Yerdə qalan kiçik bir ərazidən isə Gəncə şəhərinin vərəm dispanserinin suları axıdılır ki, bu da qızmar yay günlərində arxeoloji obyektin seçilməsini çətinləşdirir.

Digər tərəfdən, AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutuna məxsus zəbt olunmuş elmi bazanın boşaldılmasına dair məhkəmə qərarı olsa da bu bilərəkdən yubadılır nəticədə arxeoloqların fəaliyyətinə böyük çətinliklər yaranır.

Gəncə şəhərində stasionar arxeoloji ekspedisiyasının fəaliyyətə başlaması üçün qədim Gəncənin tarixini qoynunda gizlədən Gəncə Dövlət Mədəniyyət Qoruğunun 1482 hektar sahəsi artıq yüklərdən azad edilməli AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutuna məxsus baza institutun mülkiyyətinə qaytarılaraq Gəncə arxeoloji ekspedisiyasının istifadəsinə verilməlidir. Belə olduğu halda ekspedisiyanın normal fəaliyyətini təmin etmək Gəncənin daha zəngin tarixini üzə çıxarmaq olar.

O ki qaldı Gəncədə, eləcə Azərbaycanın digər istənilən bölgəsində arxeoloji tədqiqatlara, hesab edirəm ki, bu proses qanunvericiliyə uyğun olaraq AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun nəzarəti altında, ayrı-ayrı regionlar üzrə arxeoloji ekspedisiyaların rəhbərlərinin başçılığı ilə aparılmalıdır. Çünki kənardan gələnlərin avazı yaxşı gəlsə , oxuyacaqlarının olacağı, bu tədqiqatların dövlət maraqlarımıza dərəcədə fayda verəcəyi məlum deyil. Elə ona görə Azərbaycanın ayrı-ayrı bölgələrində Naxçıvan Muxtar Respublikasında, Tovuzda, Ağcabədidə, Bakı-Tbilisi-Ceyhan boru kəməri xətti ilə aparılan arxeoloji qazıntılarda olduğu kimi, Gəncədə aparılan qazıntılar da AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun vəkalətnaməsi əsasında həyata keçirilməlidir.

Sonda bir daha bildirmək istərdim ki, Gəncənin doğrudan da təkcə gəncəlilərin deyil, bütün Azərbaycanın fəxr edə biləcəyi zəngin bir tarixi vardır. Bu tarixi reallıqları olduğu kimi təqdim etsək, onda “professor” Pol Teylor kimiləri bundan biznes məqsədilə, torpaqlarımızın 20 faizini işğal etmiş bədnam ermənilər bu cür yalançı məlumatlardan Cənubi Qafqazın ən qədim əhalisi olan xalqımızın qədim tarixinə, zəngin mədəniyyətinə dəyərli alimlərinə iftiralar yağdırmaq üçün istifadə edə bilməzlər.

 

 

Arif MƏMMƏDOV,

Gəncə arxeoloji ekspedisiyasının rəhbəri,

tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 6.