Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar dərin elmi əsaslara malikdir

 

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası istiqamətlərinin müəyyənləşdirilməsində, elmi əsaslara söykənən konsepsiya və proqramların hazırlanmasında İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu mühüm rol oynayır. İnstitut milli iqtisadiyyatın müxtəlif sahələrinin və ayrı-ayrı regionların davamlı inkişafına dair elmi tədqiqatların aparılması, həyata keçirilən araşdırmaların koordinasiya edilməsi, kadr hazırlığı və s. istiqamətlərdə səmərəli fəaliyyət göstərir.

Ötən il bu elmi-tədqiqat müəssisəsində qeyri-neft sektorunun inkişafı, regionların və sahibkarlığın inkişafı, ixrac potensialının artırılması, qısa, orta və uzunmüddətli proqnoz və planların tərtib olunması, eləcə də bunun üçün model və üsulların işlənilməsinə yönəldilmiş tədqiqatlar reallaşdırılmışdır. Bunların bir qisminə diqqət yetirək.

İnstitutda ölkə iqtisadiyyatının səmərəli idarəedilməsində mühüm əhəmiyyətə malik  elmi-tədqiqat işlərinin tərkib hissəsi kimi “Azərbaycan Respublikası üçün Ümumi Tarazlıq Modeli”nin hazırlanması istiqamətində işlər davam etdirilmişdir. Əməkdaşlarımız tərəfindən “EcoMod” şirkəti ilə birgə Azərbaycan Respublıkasının Ümumi Tarazlıq Modeli (AZMOD) hazırlanmışdır. Xatırladım ki, AZMOD əksər qabaqcıl ölkələrdə hazırda istifadə olunan müasir modelləşdirmə üsulları və proqram təminatına əsaslanır, müvafiq ssenarilərə uyğun orta və uzunmüddətli proqnoz və planların tərtib olunmasına geniş imkanlar yaradır.

İnstitut tərəfindən AZMOD-un əsas məlumat bazası olan Sosial Hesablar Matrisi 15 iqtisadi sahə əhatə edilməklə hazırlanmışdır. Bu ilin ikinci yarısında Sosial Hesablar Matrisi 19 iqtisadi sahə əhatə olunmaqla yenidən tərtib olunacaq və AZMOD bu baza əsasında yenilənəcəkdir ki, bu da orta və uzunmüddətli proqnozlarla yanaşı, qısamüddətli proqnozların verilməsinə də şərait yaradacaqdır.

Ölkə iqtisadiyyatının spesifik xüsusiyyətləri nəzərə alınmaqla, sektorlar arasındakı qarşılıqlı əlaqələri sadə və dolğun şəkildə əks etdirən, eləcə də gələcəkdə genişlənmə imkanı olan qısamüddətli makroekonometrik modelin qurulmasına başlanılmış, modelin  informasiya bazası formalaşdırılmış və nəzəri baza işlənilmişdir. Türkiyənin makroekonometrik modellərin qurulması sahəsində 50 ilə yaxın təcrübəsini nəzərə alaraq, bu proses Türkiyə Respublikasının İnkişaf Nazirliyinin İqtisadi Modeller və Strateji Araşdırmalar Baş İdarəsi ilə birgə işlər davam etdirilir. Ölkənin qısamüddətli makroekonometrik modelinin hazırlanmasının bu ilin sonuna qədər başa çatması nəzərdə tutulur.

Ötən il institut tərəfindən  “Minimum istehlak səbətinin tərkibi”nin müəyyənləşdirilməsi üzrə elmi əsaslandırılmış təkliflər də verilmişdir. Eyni zamanda, hazırda ölkədə gəlir bərabərsizliyini və yaşayış minimumunu qiymətləndirmək məqsədilə “Cini” əmsalı və minimum istehlak səbətinin dəyərinin mütəmadi olaraq hesablanması üçün analitik təhlillər aparılır.

“2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə ali təhsil müəssisələrinə tələbə qəbulunun proqnozlaşdırılmasına dair müvafiq metodologiya işlənilmiş və aidiyyəti təşkilatlara təqdim olunmuşdur. Bununla da iqtisadi fəaliyyət sahələrində sahələrarası əmək balansı əsasında iş yerlərinin yaradılmasının simulyasiya modeli işlənilmişdir. Həmin model isə vergilərin və subsidiyaların iqtisadiyyatın ayrı-ayrı sahələrində (ümumi buraxılış həcmində, əlavə dəyərdə, əmək haqqında, mənfəətdə) mövcud təsirlərin qiymətləndirilməsinə, habelə idxal və ixracın, dövlət, istehlak, investisiya xərclərinin son məhsula və son məhsulun isə məhsul istehsalı üçün zəruri ehtiyatların həcminə təsirinin qiymətləndirilməsinə imkan verir.

İnstitutda yuxarıda qeyd edilənlərlə yanaşı, kommunal xidmətlər üzrə normativ bazanın təkmil olması məqsədi ilə “İstilik təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu”nun və “Kommunal xidmətlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun layihələri hazırlanmışdır.

Regionların sosial-iqtisadi inkişafının elmi təminatının təkmilləşdirilməsi, regional tarazlığın təmin olunması və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi məsələlərinin araşdırılmasının vacibliyi nəzərə alınaraq institutda bir sıra mühüm işlər görülmüşdür. Məsələn sahibkarlığın inkişafı istiqamətində elmi tədqiqat işlərinin aparılması ilə əlaqədar regional iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi məqsədilə klaster yanaşma tətbiq olunmaqla, iqtisadi rayonların mövcud sosial-iqtisadi vəziyyəti təhlil edilmiş, hər bir iqtisadi rayon üzrə diversifikasiya əmsalları hesablanmış, regionların inkişaf reytinqləri hazırlanmış və iqtisadi potensialın səmərəli istifadəsi üçün  müvafiq təklif və tövsiyələr verilmişdir. Eyni zamanda, iqtisadi rayonlar üzrə məhsul buraxılışının kapitala (istifadəyə verilmiş əsas fondlar) və əməyə görə elastiklik əmsalları hesablanmış, həmin regionda əməyin məhsul buraxılışında rolunun əhəmiyyətli olduğu müəyyənləşdirilmişdir.

Ötən il iqtisadi rayonların sosial-iqtisadi vəziyyətinin mövcud mənzərəsini, təbii və əmək resurslarını özündə əks etdirən informasiya bazasının formalaşdırması məqsədilə ölkənin iqtisadi rayonları üzrə sosial-iqtisadi pasportları hazırlanmışdır. Bu zaman xarici ölkələrin mövcud sahədə təcrübəsi öyrənilmiş, müvafiq dövlət proqramlarında nəzərdə tutulan tədbirlər, iqtisadi rayonların, eləcə də işgüzar fəallığından asılı olaraq inzibati rayonlar üzrə investisiya istiqamətləri, mövcud müəssisə və təşkilatların siyahısı təsnifatlaşdırılaraq verilmişdir.

Elmi tədqiqat müəssisəsində Sumqayıt Kimya Sənaye Parkında və Balaxanı Sənaye Parkında vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi barədə müvafiq araşdırma aparılmış və təkliflər layihəsi hazırlanaraq müvafiq qaydada təqdim olunmuşdur.

Dünya təcrübəsində sahibkarlığın inkişaf etdirilməsində klaster yanaşması ən aparıcı istiqamətlərdən biridir və regionda sahibkarların, elmi-tədqiqat və təhsil müəssisələrinin qarşılıqlı səmərəli şəkildə əlaqələndirilməsini şərtləndirir. Bununla yanaşı, institutda xarici təcrübənin və ölkəmizdə regional sahibkarlığın və potensialın araşdırılması nəticəsində elmi-tədqiqat işlərinin istehsalata tətbiqini sürətləndirmək üçün texnoparkların yaradılmasına dair təklif və tövsiyələr hazırlanmışdır.

İnstitutda aparılan tədqiqatın nəticələrinə və beynəlxalq təcrübəyə əsaslanmaqla həm rəqabətqabiliyyətli nəqliyyat-tranzit sektorunun formalaşdırılması və innovasiyaların tətbiqini və klasterlərin yaranmasının, investisiyaların cəlb edilməsinin stimullaşdırılması, sektorda kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, infrastrukturun yenilənməsi, liman ərazisində xüsusi iqtisadi zonaların və sənaye şəhərciklərinin yaradılması, bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi üzrə təkliflər verilmişdir. Bununla yanaşı, Azərbaycan Milli Aviasiya Akademiyası ilə elmi-tətbiqi əməkdaşlıq çərçivəsində ilk olaraq “Logistika terminlərinin izahlı lüğəti” hazırlanmışdır. Yaxın vaxtlarda isə sahibkarlar üçün stolüstü məlumat vəsaitinin hazırlanması işi başa çatdırılacaqdır.

Ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında məhsul istehsalının və ixracın stimullaşdırılması, rəqabətqabiliyyətliliyinin artırılması və əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə kompleks dövlət dəstəyinin səmərəliliyinin artırılması məqsədilə uzunmüddətli retrospektıv yanaşma əsasında bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanmışdır.Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti qiymətləndirilməklə müvafiq təklif və tövsiyələr verilmiş, həmçinin, kənd təsərrüfatı sektorunun əlavə dəyərdə payının dinamikası araşdırılmış, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılmışdır.

İnstitutda həmçinin Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının qeyri-neft sektorunda əlavə dəyər yaratması, ixrac üstünlükləri baxımından potensialı və inkişaf perspektivləri, regionlarda fermerlərin gəlirlərinin artması istiqamətində təhlillər aparılmışdır. Eyni zamanda, əməkdaşlarımız tərəfindən  Türk Əməkdaşlıq və İnkişaf Agentliyilə birgə  “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi” layihəsi reallaşdırılır. Bundan başqa,  ekoloji təmiz kənd təsərrüfatı sahəsində maarifləndirmə işinin təşkilinə kömək məqsədilə orta ümumtəhsil müəssisələrində yardımçı dərs vəsaiti kimi şagirdlər üçün nəzərdə tutulan “Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı kitab hazırlanmışdır.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda üzümçülüyün inkişafı ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə verilmiş tapşırığa uyğun olaraq 2011-ci ildə institut tərəfindən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanmış və ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmişdir.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu bir sıra beynəlxalq təşkilat və maliyyə qurumları ilə səmərəli əməkdaşlıq əlaqələri yaratmışdır. Son illərdə institutun  Türkiyə, Macarıstan, Koreya, Polşa, Almaniya, Çin və əksər MDB ölkələrinin iqtisadi sahədə fəaliyyət göstərən müvafiq elmi-tədqiqat mərkəzləri ilə münasibətləri genişlənmişdir.

Ötən il institutda yerli və beynəlxalq əhəmiyyətli seminar, dəyirmi masa, simpozium, konfrans və digər tədbirlər keçirilmişdir. İslam Əməkdaşlığı Təşkilatının (İƏT) iqtisadi tədqiqatlar üzrə Daimi İşçi Komitəsinin 2-ci və İƏT-in “İqtisadiyyat” jurnalının 1-ci iclasları bunun bariz ifadəsidir.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu bundan sonra da ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının, struktur və innovasiya sahəsində dövlət siyasətinin, milli iqtisadiyyatın müxtəlif sahələrinin və regionların davamlı inkişafının elmi əsaslarının işlənib hazırlanması istiqamətində fəaliyyətini uğurla davam etdirəcəkdir.

 

 

Vilayət VƏLİYEV,

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi

İslahatlar Elmi-Tədqiqat İnstitutunun

direktoru, iqtisad elmləri doktoru

 

Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 7.