Azərbaycanın
qaz ehtiyatlarına maraq
artır
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən zəngin neft-qaz yataqları ölkəmizin regionda və dünyada strateji tərəfdaş kimi
əhəmiyyətini getdikcə artırır. Son illər karbohidrogen ehtiyatlarının dünya
bazarlarına çıxarılması üçün
alternariv ixrac
marşrutlarının yaradılması Azərbaycanın dünya və Avropa
ölkələrinin enerji təhlükəsizliyinin
təminatında daha yaxından iştirak etməyə imkan
yaratmışdır.
Dövlətimizin
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan
enerji təhlükəsizliyi məsələlərinə nail
olmuş və bu gün başqa ölkələrin enerji təhlükəsizliyi
üçün fəaliyyət göstərir. Bu, olkəmizə
həm siyasi, həm də iqtisadi dividentlər gətirir, bizim
üçün yeni imkanlar açır. Təsadüfi deyil
ki, Xəzərin enerji resurslarına, Azərbaycanın
karbohidrogen ehtiyatlarına beynəlxalq maraq getdikcə güclənir.
İndi ölkəmiz bir çox enerji layihələrinin mərkəzinə
çevrilməklə yanaşı,
regional əməkdaşlığın daha da dərinləşməsinə
mühüm töhfələr verir.
Ölkəmizin regional mövqeyinin getdikcə
artmasının bir mühüm səbəbi də malik olduğu zəngin qaz
potensialıdır. Dünyada təbii
qaza olan tələbatın xüsusilə yüksəldiyi son
illərdə Azərbaycan özünü beynəlxalq birliyə
etibarlı qaz istehsalçısı və
ixracatçısı kimi təqdim edə bilmişdir. 2004-2012
cu illərdə ölkə üzrə qaz hasilatı 5 dəfədən
çox artırılaraq 5 milyard kubmetrdən 27 milyard kubmetrə
çatdırılmışdır. Ölkəmizdə
böyük qaz hasilatının əsası isə Xəzərin Azərbaycan sektorunda yerləşən
“Şahdəniz” qaz-kondensat yatağının işlənməyə
daxil edilməsi ilə qoyulmuşdur. 2006-cı ilin dekabr
ayında “Şahdəniz”yatağının birinci işlənmə
mərhələsi çərçivəsində hasilata
başlanıldığı vaxtdan 2012-ci ilin sonlarınadək
yataqdan 37,6 milyard kubmetrə
yaxın təbii qaz və 10,1 milyon tondan çox kondensat
çıxarılmışdır. Artıq yeddi ilə
yaxındır ki, Azərbaycan Gürcüstan, Türkiyə,
Yunanıstan və digər Şərqi Avropa ölkələrinə
qaz ixrac edir. Yeri gəlmişkən, indi Azərbaycan
çoxşaxəli enerji və nəqliyyat infrastrukturuna
malikdir. Artıq ölkəmizin karbohidrogen ehtiyatları yeddi
neft və qaz kəməri ilə müxtəlif istiqamətlər
üzrə Avropa və dünya bazarlarına
çatdırılır.
Azərbaycanın
zəngin qaz ehtiyatlarına malik olması isə ölkəmizlə əməkdaşlıq
əlaqələrinin genişlənməsinə təkan
verir. Elə hazırda işlənmənin ikinci mərhələsinə
qədəm qoymuş “Şahdəniz” layihəsi çərçivəsində
çıxarılacaq təbii qazın
alıcılarının sayının getdikcə artması da bunun bariz
nümunəsidir. Yeri gəlmişkən, hazırda Azərbaycanın
təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir.
Bu isə hazırda dünya miqyasında olduqca yüksək rəqəmdir və
ölkəmizin zəngin potensialını əks etdirir.
“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi
çərçivəsində, eləcə də “Ümid”
və “Abşeron” yataqlarından hasil olunacaq qaz ehtiyatları
isə öz növbəsində Azərbaycanın gələcək
iqtisadi inkişafının təminatına, ölkəmizin
ixrac imkanlarının daha da artmasına səbəb
olacaqdır. Təsadüfi deyil ki, aprelin 8-də Bakıda
keçirilən “Cənubi Qafqazın və Mərkəzi
Asiyanın gələcəyi ilə bağlı strateji dialoq”
mövzusunda Dünya İqtisadi Forumunda (Davos Forumu) bu vacib məqama toxunan Prezident
İlham Əliyev demişdir: “... Biz neft və
qazımızı nəql etmək üçün boru kəmərlərini
çəkməli idik. Bu, 1990-cı illərin sonunda və bu
əsrin əvvəlində qarşımızda duran ən
böyük vəzifələrdən biri idi. Bu vəzifə
uğurla icra edildi. Hazırda bizim şaxələndirilmiş
boru kəmərləri şəbəkəmiz vardır. Azərbaycanın
neft və qazını beynəlxalq bazarlara və Avropa
bazarlarına çıxaran 7 neft-qaz boru kəməri
mövcuddur. Eyni zamanda, Azərbaycan karbohidrogenlərin nəqlində
Xəzər dənizinin digər sahilində yerləşən
tərəfdaşlarımız üçün tranzit rolunu
oynamağa başlamışdır”. Göründüyü
kimi, ölkəmizin qaz bazarına beynəlxalq marağın
getdikcə artması tranzit məsələsini də getdikcə
aktuallaşdırır. Bu məsələnin
həlli isə öz növbəsində Azərbaycan
qazının satışı üçün yeni
bazarların aşkara çıxarılmasını təmin
edəcəkdir.
Ölkəmizin
enerji sektorunda beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə daha bir nümunə aprelin 8-də Norveçin “Statoil”
şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti
arasında “Zəfər” və “Məşəl” perspektiv
strukturlarının daxil olduğu blokun kəşfiyyatı və
işlənməsi layihəsi ilə əlaqədar
qarşılıqlı anlaşma haqqında memorandumun
imzalanmasıdır. Xatırladaq ki, ARDNŞ-in prezidenti
Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş
idarəedici direktoru Helge Lund tərəfindən imzalanmış memorandumda
qarşıdakı bir il üçün nəzərdə
tutulmuş məsələlər öz əksini
tapmışdır. Belə ki, tərəflər sənədin
imzalandığı və qüvvəyə mindiyi gündən etibarən 12 ay ərzində
danışıqlar aparmaq və işlənmə sazişinin
əsas kommersiya prinsiplərini və şərtlərini
razılaşdırmaq niyyətini bəyan etmişlər. Yeri
gəlmişkən, “Statoil”
şirkəti Norveç ilə Azərbaycan arasında neft və
qaz sahəsində geniş əməkdaşlıq əlaqələrinin
qurulmasında mühüm rol oynamışdır. Şirkət
“Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”,
Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri layihələrində
ARDNŞ ilə səmərəli tərəfdaşlıq
edir. Bir məqamı da qeyd etmək lazımdır ki, “Zəfər”
və “Məşəl” perspektiv strukturlarının daxil
olduğu blokun kəşfiyyatı
və işlənməsi layihəsi ilə əlaqədar
qarşılıqlı anlaşma haqqında memorandumun imzalanmasının bir səbəbi
Azərbaycanın ötən müddətdə
özünü zəngin qaz ehtiyatlarına malik ölkə
kimi təqdim etməsi ilə bağlıdırsa, digər əsas
səbəbi burada hökm sürən sabitlik və əlverişli
biznes mühitidir. Təsadüfi deyil ki, aprelin 8-də Prezident
İlham Əliyev qəbulunda olmuş
Norveçin"Statoil" şirkətinin baş direktoru
Helge Lund Azərbaycanın neft və qaz sənayesinin
inkişafında ölkəmizdə mövcud olan sabitliyin
rolunu xüsusi qetd etmişdir.
Məlumat
üçün bildiririk ki, “Zəfər”
və “Məşəl” strukturları 1961-ci ildə ərazidə
aparılmış seysmik kəşfiyyat işləri nəticəsində aşkar
olunmuşdur. 1985-87-ci illərdə bu sahələrin
quruluşu dəqiqləşdirilmişdir. 643 kvadratkilometr sahəni
əhatə edən kəşfiyyat bloku Abşeron
yarımadasından 120 kilometr məsafədə, cənub
istiqamətində Xəzər dənizinin 600-750 metr dərinliyində
yerləşir. Xatırladaq ki, 2004-cü ilin oktyabrında
ARDNŞ (50 faiz), ExxonMobil (30 faiz) və ConocoPhillips (20 faiz)
şirkətlərinin iştirakı ilə imzalanmış
saziş çərçivəsində ilk kəşfiyyat
quyusunun qazılması zamanı 7087 metr dərinlikdə 50
milyard kubmetrə yaxın qaz ehtiyatları olan kiçik məhsuldar
lay açılmışdır. O zaman layihənin xarici
iştirakçıları risk etməmək və ikinci kəşfiyyat
quyusunu qazmaqdan imtina etmişlər. Buna görə də
Dövlət Neft Şirkətinə lazımi cərimə
ödənildikdən sonra sazişə xitam verilmişdir. Onu
da deyək ki, ilk kəşfiyyat
quyusunun qazılması üçün ümumi xərclər
150 milyon dollar təşkil etmişdi.
Yeri
gəlmişkən, azərbaycanlı geoloqların rəyincə,
Xəzər dənizinin dərin sulu hissəsində yerləşən"Zəfər"
və “Məşəl” strukturlarında 300 milyard kubmetrə
yaxın qaz ehtiyatları mövcuddur. Həmin ehtiyatların
işlənməyə cəlb edilməsi isə ölkəmizin
ixrac imkanlarının bir qədər də artmasına səbəb
olacaq.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 7.