SUMQAYIT 25 İL ƏVVƏL
— fevralın 28-dən 29-na kecən gecə
(əvvəli qəzetin
ötən nömrəsində)
Moskvada tammetrajlı film çəkmək
üçün kifayət qədər materil topladıq.
Sumqayıta qayıdıb onun üzərində işlədik,
bir sözlə, filmi tam hazır vəziyyətə gətirdik.
“Sumqayıtın əks-sədası” sənədli filmi
hazır idi. Lakin onu efirə buraxmaq istəmirdilər. Səbəb
bu idi ki, guya, biz sifarişli film çəkərək Heydər
Əliyevi təbliğ etmişik. Buna baxmayaraq sənədli
film bir dəfə AzTV kanalı vasitəsilə göstərildi.
Sonra onun Moskvada premyerası oldu. Xarici jurnalistlər
qarşısında brifinq keçirildi. Ermənilərin məkirli
və çirkin siyasətini dəqiq faktla, dəlil və
sübutlarla ifşa etməyə çalışdıq.
Bu film Ermənistanda geniş əks-səda doğurdu. Ermənistanın kütləvi
informasiya vasitələrində ,
telekanallarında filmin əsas qayəsini və onun müəlliflərini
kəskin tənqid atəşinə tutdular. Guya,
Sumqayıtda ermənilərə qarşı “genosid”
olmuşdur. Sözsüz ki, bütün bunlar ağ yalan idi.
Erməni millətçiləri Rusiyanın hərbi-sənaye
kompleksinin və Müdafiə Nazirliyinin yaxından
iştirakı ilə Laçın və Şuşanı
işğal etdilər. Ermənilər BMT-nin qəbul etdiyi qətnamələrə
məhəl qoymadılar. Davudla belə qərara gəldik ki, birinci filmdə
çatışmayan faktları əldə etmək
üçün filmin ikinci hissəsini çəkək.
Yenə də dövlət və
hüqüq-mühafizə orqanları işimizə mane olmaq
istədilər. “Ocaq” studiyası da maddi
imkansızlıq üzündən, demək olar ki, fəaliyyət
göstərmirdi. Davudla təcili olaraq
“Sumqayıt Dİ EM” kino-kompaniyasını yaratdıq. Bu işdə Sumqayıt superfosfat və kompressorlar zavodlarının
sabiq direktorları Rövşən Sərdarlı və Elman
Qazıyev maddi cəhətdən bizə kömək etdilər.
Çəkilişləri
Moskvada, Sankt-Peterburqda aparası olduq. Sovet İttifaqı
Kommunist Partiyasının Baş katibi M.Qorbaçovdan, Mərkəzi
Komitənin katibi, Siyasi Büronun üzvü Yeqor
Liqaçovdan, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri,
Siyasi Büronun üzvü Anatoli Lukyanovdan, Mərkəzi Komitənin
katibi, Siyasi Büronun üzvü Aleksandr Yakovlevdən,
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri,
Siyasi Büronun üzvü Vladimir Kryuçkovdan, SSRİ
Müdafiə naziri, Siyasi Büronun üzvü Dmitri Yazovdan,
Akademik Saxarovun köməkçisi Zubovdan, “ORT”
telekanalının əməkdaşı Anfiserovdan, LDP-nin sədri
Vladimir Jirinovskidən və
başqalarından müsahibələr almağa nail
olduq. Sumqayıtda baş verən hadisələr,
20 Yanvar, Xocalı ilə bağlı bir çox mətləblərə
aydınlıq gətirildi.
Onu da qeyd
etmək istəyirəm ki, çəkilişlərimizə hər
vəchlə
maneçilik törətmək istəyirdilər. Moskvada Azərbaycan nümayəndəliyində yerləşən
mehmanxanada qaldığımız otaqda Rusiyanın əks-kəşfiyyat
orqanı tərəfindən axtarış aparıldı,
kasetləri müsadirə etmək istəyirdilər. Biz işimizi əvvəlcədən ehtiyatlı
tutmuşduq. Kasetlərin nüsxələrini
çoxaltdıq. Orijinalları isə mən
özümlə götürüb Moskvada yaşayan
bacımgildə gizlətdim. Moskvada maşın
kirayə etmişdik. Onun
sürücüsünü tutdular, guya, sərxoş halda
maşını idarə edirmiş. Videokameramızı
alıb sındırdılar. Hər yana
xəbər etdik, xeyri olmadı. Nə
yaxşı ki, gözəl insanlar varmış. Moskvada
yaşayan bir azərbaycanlı iş adamının (adının çəkilməsini
özü istəmir — E.M.) çəkilişlərimiz
haqqında xəbəri var idi, bu hadisəni eşidəndə öz
kamerasını gətirib bizə verdi.
Bununla belə, yenə işləməyə bizə
imkan vermirdilər. Rusiyanın federal təhlükəsizlik xidməti bizə
təzyiqlər göstərməyə başladı, guya, Moskvada antirusiya
haqqında sənədli materiallar toplayırıq və
tezliklə Moskvanı tərk etməliyik. Bizə
24 saat vaxt verildi. Moskvanın tərk etməyə
məcbur olduq. Lakin iyirmi gündən sonra
yenidən Moskvaya qayıtdıq. Həmin vaxtlar Moskvada,
demək olar ki, hərcmərclik baş alıb gedirdi, təhlükəsizlik
orqanlarından rütbəli zabitlər istefa verir, sonra isə
xarici jurnalistlərə qarşısında
çıxış edərək “KQB”-nin
sirlərini açırdılar. Bu işdə
Bakatin daha çox canfəşanlıq göstərdi.
O, Amerika səfirliyinə sovet kəşfiyyatçıları
tərəfindən telefon danışıqlarına necə
qulaq asdıqları haqqında sxemi təqdim etdi. Bu, xəyanət kimi qarşılandı. Bütün hüquq-mühafizə, təhlükəsizlik
orqanları, ictimai birliklər və partiyalar Bakatinin bu hərəkətini
satqınlıq kimi qiymətləndirməyə başladılar.
Kütləvi informasiya vasitələrində
geniş materiallar dərc olundu. Moskvadakı xaos və
anarxiya bizim üçün xeyirli ili. Baş qarışdığından istədiyimiz
işlə məşğul olmağa başladıq. Kifayət qədər material topladıq, lazım
olan adamlarla görüşdük. Suallarımıza
aydın və konkret cavablar aldıq. Bu,
bizim uğurumuz idi. Aldığımız müsahibələrdən
bir neçəsini oxuculara təqdim etmək istəyirik:
SSRİ
Baş Prokurorunun sabiq müavini, Dövlət Dumasının
üzvü, komitə sədri İlyuxin söhbət
zamanı qeyd etdi ki, Dağlıq Qarabağ və Sumqayıtda
baş verən hadisələrdə Qorbaçovun
böyük təqsiri vardır. Çünki
o, dolayısı yolla erməniləri dəstəkləyirdi.
İlyuxin Qorbaçovun zəif və cəsarətsiz
bir ölkə rəhbəri olduğunu qeyd etdi. Bildirdi ki, onun
Kommunist Partiyasına rəhbər seçilməsində iri
dövlətlərin köməyi olmuşdur və SSRİ-nin
dağıdılmasında ona lazımi təlimatlar
vermişdilər. Qorbaçov da “yenidənqurma”
siyasəti adı altında böyük bir imperiyanın
bünövrəsini laxlatmağa başladı. Hansı respublikaya səfər edirdisə, xalq ondan
ölkədə baş verən
özbaşınalığa, korrupsiyaya, cinayətkarlığa
qarşı ciddi mübarizə aparmağı tələb
edirdi. O isə bunun müqabilində cavab verirdi ki,
“proses” artıq başlanıb, demokratik institutlar fəaliyyətdədir,
ölkədə aşkarlıq elan edilib və bütün
problemlər tədricən aradan qaldırılacaqdır.
Bununla Qorbaçov
hamını aldadır, yalan vədlər verir,
özü isə İngiltərənin, ABŞ-ın göstərişlərini
yerinə yetirirdi.
SSRİ-nin dağılması iri dövlətlərin əl-qolunu
açırdı, onlar dünyaya ağalıq etmək
iddiasında idilər. Bu işdə Qorbaçovdan məharətlə
istifadə etdilər. İngiltərənin
sabiq Baş naziri Marqaret Tetçer SSRİ dağılandan
sonra Nyu-Yorkda konqresmenlər qarşısında
çıxışında demişdi ki, “SSRİ-nin
iqtisadiyyatı sürətlə inkişaf edir, dünya
bazarlarını ələ keçirirdi. Soyuq
müharibə heç bir səmərə vermədiyindən
Sovetlər ölkəsinin iqtisadiyyatını dağıtmaq
lazım idi. Bu işdə bizə
Qorbaçov kömək etdi”.
Beləliklə, ölkədə tədricən
iqtisadiyyatda tənəzzül başlandı. SSRİ Xalq Deputatları
Sovetinin qurultayında xarici kəşfiyyat orqanları tərəfindən
satın alınmış Sobçak, Afanasyev, Papov,
Stankeviç, Burlatski, Korotiç, Şatalin və
başqaları yüksək tribunadan çıxış edərək
ölkə iqtisadiyyatında aparılan siyasəti kəskin tənqid
etməyə başladılar. Onların bu
çıxışları yerlərdə antisovet mövqe
tutan ziyalılar tərəfindən rəğbətlə
qarşılanırdı. Onlar da bunun
müqabilində zavod və fabriklərdə
çalışan fəhlələr qarşısında
geniş təbliğat aparmağa başladılar, onları tətilə,
mitinqlərə səslədilər. Beləliklə
ölkədə böyük hərcmərclik, xaos yarandı.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
katibi, Siyasi Büronun üzvü Yeqor Liqaçov “Zaqadka
Qorbaçova” kitabında yazırdı: Biz, Siyasi Büronun
üzvləri bu haqda Qorbaçova dəfələrlə
demişdik ki, bu proseslərin qarşısı alınsın.
O isə, cavabında deyirdi ki, bu, fəhlələrin
Konstitusiya hüquqlarıdır, ölkədə demokratiya
elan etmişik, onu boğa bilmərik".
İlyuxin
Qorbaçov haqqında danışanda daha sonra dedi ki, o,
Stavropol Vilayətində çalışanda onun ləqəbi
vardı — “Mişka
v konverte”. Ona rüşvəti konvertdə gətirib
verirdilər. Belə bir insan böyük
bir dövlətə rəhbərlik edə bilməzdi.
O, təkamül yolunu seçmək əvəzinə, tənəzzül
yolunu seçdi və böyük Sovetlər ölkəsini
dağıtdı, Kommunist Partiyasını ləğv etdi.
Bütün hadisələr isə Dağlıq
Qarabağdan başlandı. Ermənilər “yenidənqurma”
siyasətindən tarixi şans kimi istifadə etmək niyyətində
idilər. Həm də onların
soydaşları Şaxnazarov, Aqanbekyan, Sitaryan Qorbaçovun
siyasi, iqtisadi və planlaşdırma məsələləri
üzrə köməkçiləri idilər və ona təsir
edə bilirdilər. Dağlıq
Qarabağın alınmasının
mümkünsüzlüyünü görən erməni millətçiləri
və onların xaricdə yaşayan havadarları Sumqayıtda
qan tökdülər. Ssenari dövlət
təhlükəsizlik orqanları və hərbi-sənaye
kompleksi tərəfindən hazırlanmışdı.
Əlbəttə,
bu işdə təkcə DTK-nı günahlandırmaq olmaz. Bu qanlı aksiyanın yaranmasında Qorbaçovu
satın almış Qərb dövlətlərinin kəşfiyyat
orqanlarının əməyini də qeyd etmək
lazımdır. Axı, onları təkcə
Sumqayıt yox, böyük imperiyanın necə
dağılması prosesi daha çox
maraqlandırırdı.
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin
sabiq sədri V.Kryuçkovdan müsahibə almaq olduqca çətin
oldu. Bizi bir neçə dəfə onun ofisindən
qovdular. Telefonlarımıza cavab vermədilər.
Lakin
inadımızdan dönmürdük. Bir gün Kryuçkov kommunistlərin hansısa
toplantısına gedəndə onun dalınca
düşdük. Zalda ondan müsahibə
istədik. Bizi tərs-tərs süzüb dedi: “Sizin
ölkə xəritədə nöqtə boydadır, mən
isə belə ölkələrə müsahibə vermirəm”.
Onun bu təhqiramiz sözləri bizə bərk
toxundu. Rəhmətlik Davud İmanovun
inadkarlığı olmasaydı, yəqin ki, müsahibəni
ala bilməyəcəkdik. Kryuçkov zala daxil olanda
Davud İmanov onun arxasınca qışqırdı:
-Yoldaş
Kryuçkov, sizi provakator adlandırırlar, bu doğrudurmu?
O, ayaq
saxladı, tərs-tərs bizi süzüb soruşdu: -Kim?
-Aleksandr
Yakovlev. Sizin “Sovetskaya Rossiya” qəzetində
“Posol bedı” məqalənizi oxumuş və bəyənmişik.
Biz SSRİ tərəfdarıyıq. (Davud bunu yalan söylədi. İşimizin xətri
üçün ). Yakovlevdən
müsahibə almışıq. O, SSRİ -nin dağılmasında sizi
günahlandırır və sizi provakator adlandırır. Amma
biz bilirik ki, bu, ağ yalandır. O, sizə
böhtan atır.
Kryuçkov
hirsli-hirsli dedi:
-Qoşun
kameralarınızı.
Çəkiliş qrupumuz hazır vəziyyətə gəldi. O, dedi: “SSRİ-nin
dağılmasında üç şəxsin böyük
rolu olmuşdur: M.Qorbaçov, A.Yakovlev və E.Şevardnadze.
Onlar amerikalıların ssenarisi əsasında böyük bir
imperiyanı dağıtmağa nail oldular. Biz
bunun qarşısını ala bilərdik. Ölkədə fövqalədə vəziyyətin
yaranması ideyası ortaya çıxanda biz Krıma, Forosa
Qorbaçovun yanına getdik, ölkədə olan ağır
və vəziyyəti ona çatdırdıq. O, bizi dinlədikdən
sonra dedi ki, gedin edin. Bir həftədən sonra
isə SSRİ Ali Sovetinin sessiyasını
çağırın, məsələni deputatların
iştirakı ilə müzakirə edək. Moskvaya qayıtdıq. Hər
şeyi götür-qoy etdikdən sonra fövqıladə vəziyyət
elan etdik. SSRİ Ali Sovetinin sədri A.Lukyanov televiziya
vasitəsilə çıxış edlərək elan etdi
ki, sessiya avqust ayının 26-na çağrılır, Həmin
vaxta kimi SSRİ Nazirlər Sovetinin sədri Popov ölkədə
olan vəziyyət haqqında məruzə hazırlayar. Sessiyada Qorbaçovun özü iştirak edəcək
və məsələni birlikdə müzakirə edəcəyik.
(ardı var)
Eyruz MƏMMƏDOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 8.