O,
səhnədə mərmər abidə kimi
donub qala bilirdi
Hökümə
Qurbanova-100
Hökümə xanım çox qəribə taleyi olan sənətçilərdəndir. O, milli səhnəmizin əvəzsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, temperamentli, coşğun emosiyalı bu aktrisa milli aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb. Onun tamaşalarına baxanlar, yəqin ki, bu aktrisanın necə böyük istedad sahibi olduğunun şahidi olmuşlar. Hökümə xanım uzun illər Azərbaycan səhnəsində qadın rollarının əvəzsiz ifaçısı olmuşdur.
Hökümə Abbasəli
qızı Qurbanova 1913-cü il iyun ayının 11-də
Bakıda ziyalı ailəsində doğulmuşdu. 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirmiş, həmin
il Azərbaycan Dövlət
Konservatoriyasına daxil olaraq
iki il fortepiano
sinifində təhsil almışdı. Onun istedadı
böyük dramaturq
və teatr xadimi Cəfər
Cabbarlının diqqətini
çəkmiş, gənc
Höküməni “Almaz” filmində
Yaxşı roluna dəvət etmişdi.
Aktrisanın
yaradıcılıq karyerası Milli Dram Teatrı ilə
bağlı olub. Əvvəllər bu
teatrın tamaşalarında
ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün
sonunadək bu kollektivin
əvəzolunmaz aktrisası kimi
şöhrətlənib. Hökümə xanımın
xırda-para epizodik rollarını nəzərə
almasaq, o, ötən əsrin
40-cı illərindən əsas rolların
ifaçısına çevrilib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və
məlahətli səs variasiyaları ilə oynaya
bilən ikinci qadın sənətkar
olmayıb. Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər
də onun məşəl kimi
yanan, alovlu və
ağıllı gözlərindəki mənaları
aydınca görür, duyur
və dərk edirdilər. Aktrisa lazım
gələndə səhnədə dəqiqələrlə mərmər
abidə kimi “donub” qala bilirdi (məsələn,
Şekspirin “Qış
nağılı”nda Hermiona rolunda olduğu kimi). Pauzaları baxış və hərəkətləri
ilə ustalıqla “doldururdu”.
Teatrşünas alim İlham Rəhimli bu aktrisa haqqında yazır: “Ehtirası, fikirləri, məhəbbəti,
həyat kredosu müxtəlif
müstəvi kəsiklərində çarpazlaşan Kleopatra
səpkili mürəkkəb faciə obrazlarının ən
dramatik səhnələrində də aktrisa səslə
daxili ehtirasını paralel işlətməkdə, onları
obrazın mürəkkəb, psixoloji, ziddiyyətli mənəvi
aləminin açılmasına istiqamətləndirməkdə
mahir ustad idi.” Hökümə
xanım müxtəlif janrlı
səhnə əsərlərində məharətlə rollar
oynayırdı. O, faciəni də, komediyanı da, dramatik janrlı
əsərlərdə də eyni həvəslə çıxış edirdi. Psixoloji
rolların da mahir
ifaçısı idi. Hökümə xanım. Komediya rollarında (Bənovşə, Xanuma...) səhnəyə çıxan
Hökümə Qurbanovanın məlahətli yumoru,
sərrast və dürüst istiqamətli
satirası sanki səhnəyə
sığmırdı, vəziyyətin ovqatı bütün salona sirayət
edirdi. Onun yumorlu ifası əsərin məhvərinə
çevrilir, tamaşadakı bütün personajları öz
gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə
salırdı. Cazibəli
plastikası var idi, Hökümə xanımın. Bütün səhnəni
ələ almaq
bacarığı aktrisanı başqalarından fərqləndirirdi.
Hərəkətlərini personacın ictimai-sosial
mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə,
hadisələrin psixoloji dramatizmınə
ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi. Dramatik
rollarında qəhrəmanların
həyat amallarını insanpərvərliklə, xeyirxah əməllərlə birləşdirə bilirdi.
Hökümə xanımın Hüseyn
Cavidin “Şeyx Sənan”
(Xumar), “Səyavuş” (Südabə), Vilyam Şekspirin “Antoni və Kleopatra” (Kleopatra), “Qış nağılı” (Hermiona), Fridrix Şillerin “Orlean
qızı” (Canna d’Are),
Səməd Vurğunun “Fərhad və Şirin” (Şirin və Məryəm),
Cəfər Cabbarlının “Od gəlini”
(Solmaz) faciələrində
oynadığı mürəkkəb obrazlar bu gün də teatrsevərlərin
yaddaşından silinmir.
Süleyman Sani Axundovun “Eşq və
intiqam”ında Zöhrə, Səməd Vurğunun
“İnsan”ında Səhər, Qeybulla Rəsulovun “Qarabağ əfsanəsi”ndə
Günəş, Anatoli Boryanovun “O tayda”sında Valentina
Nikolayevna rollarının ifası realist faciə janrında
köklənib. Gülbahar (“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy
Vəzirov), Xuraman (“Vaqif”,
Səməd Vurğun), Afaq
(“Nizami”, Mehdi Hüseyn), Oliviya (“On ikinci gecə”, Vilyam Şekspir), Cenevrə
(“Dərin köklər”, Ceyms Qou və Arno D’Nyusso), Nataşa (“Şərqin səhəri”, Ənvər
Məmmədxanlı), Reyhan (“Cavanşir”, Mehdi Hüseyn) və başqa romantik-dramatik
rolları ona əsl mənada şöhrət gətirmişdir. Hökuümə xanım realist- dramatik polların da mahir ifaçısı
idi. Sona,
Yaxşı (“1905-ci ildə” və “Almaz”,
Cəfər Cabbarlı), Həyat, Maral (“Həyat”
və “Közərən ocaqlar”, Mirzə İbrahimov), Məhmənə banu
(“Məhəbbət əfsanəsi”,
Nazim Hikmət), Nataşa
(“Mühəndis Sergeyev”, Vsevolod
Rokk)
obrazları
tamaşaçılar tərəfindən böyük hörmət və məhəbbətlə
qarşılanmışdı.
Aktrisa “Azərbaycanfilm”in istehsal
etdiyi “Bir ailə” filmində Leyla, “Onu bağışlamaq
olarını?” Laçın,
“Mən rəqs edəcəyəm” kinolentlərində Mahmudun anası, “İnsan
məskən salır”da ana rollarına
çəkilib. “Onu bağışlamaq
olarmı?” filmindəki Laçın
rolunu sənətşünaslar
yüksək dəyərləndirmişlər.
Hökümə xanımın qızı
Vəfa Fətullayeva Akademik Teatrın tanınmış
aktrisalarından olub və 42 yaşında dünyasını
dəyişib.
Hökümə Qurbanova iki
çağırış Azərbaycan SSR Ali Sovetinin
deputatı olub. 17 iyun 1943-cü ildə Azərbaycan
Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə Azərbaycan SSR-in xalq artisti, 2 mart 1965-ci ildə SSRİ
xalq artisti fəxri adlarına layiq görülüb.
O,1988-ci il noyabr ayının 2-də
Bakıda vəfat edib və Fəxri
Xiyabanda dəfn olunub.Onun əziz
xatirəsini
xalqımız heç vaxt unutmayajaqdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq
qəzeti.- 2013.- 14 aprel.- S. 9.