Kiprin ən böyük
universitetinin azərbaycanlı
vitse-prezidenti
Müsahibim informasiya texnologiyaları
və rabitə sistemləri üzrə tanınmış alim, Şimali Kiprin Yaxın Şərq Universitetinin prorektoru və Azərbaycan diasporunun Kipr təmsilçisi, professor Fəxrəddin
Məmmədovdur.
– Fəxrəddin müəllim,
Azərbaycanda hansı
universitetdə təhsil
almısınız?
– 1970-ci ildə ADNA-da informasiya ölçmə
və hesablama texnikası ixtisasını
fərqlənmə diplomu
ilə bitirmişəm.
1982-ci ildə texnika elmləri namizədi (indiki texnologiya üzrə fəlsəfə doktoru),
1986-cı ildə isə
dosentlik diplomu aldım. Elmi rəhbərim SSRİ və Azərbaycan SSR Dövlət mükafatları
laureatı, akademik Tofiq Əliyev olmuşdur. Daha sonra 1987-ci ildə Şevçenko adına
Kiyev Dövlət Universitetində 10 aylıq
intensiv fransız dili kursunu əla
qiymətlə, 1988-ci ildə
Fransanın Paul-Valeri Universitetində 3 aylıq
təkmilləşdirmə kursunu bitirdim. 1988-1994-cü illər arasında Əlcəzairin
Sidi-Bel-Abbas və Bumerdes universitetlərində
informatika və elektronika sahəsində müəllim olaraq fransızca dərs verməyə başladım.
Eyni zamanda siqnal və sistem elmi-tədqiqat labarotoriyasının
müdiri oldum. 1993-cü ildə professor adı aldım. 1990-1995-ci illərdə Əlcəzairin qərb bölgəsində işləməyə
göndərilən Sovet
mütəxəssislərinin rəhbəri vəzifəsində
çalışdım.
Kiprə necə gəlmisiniz?
– 1995-ci ildə
Şimali Kipr Türk Cümhuriyyətinin
Yaxın Şərq Universitetinə dəvət
aldım. Universitetin tədris dili
ingiliscədi. 1995-1997-ci illərdə universitetin
elektrik və elektronik bölümündə professor, 1997-2000-ci illərdə
kafedra müdiri və 2000-ci ildən bu günə
kimi mühəndislik fakültəsinin
dekanı və universitetin vitse-prezidentiyəm
Universitetdə magistratura və
doktorantura təhsili verən Fənn və Sosial Bilimlər İnstitutunu qurdum. Elektrik - elektronik, telekommunikasiya,
peyk-rabitə sistemləri,
fiber-optik sistemləri,
rəqəmli rabitə
sistemləri dərslərini
verdim. İngiliscə çap olunmuş “Telekommunikasiya”,
“Rabitə sistemlərinin
əsasları”, “Kontrol
sistemlər”, “Rəqəmli
siqnal işləmə
sistemləri”, “Kriptokrafiya
və kodlama nəzəriyəsi”
kitabları bir çox universitetlərdə
tədris olunmaqdadır.
– Müəllimliklə yanaşı
universitetdə həm
də yüksək vəzifə tutmusunuz.
– Dediyim kimi, 10 ildən çoxdur ki, 10-dan çox ixtisası özündə
cəmləşdirən fakültənin
dekanıyam. Mən bura gələndə fakültədə sadəcə
3 ixtisas, universitetimizdə
isə 7000 tələbə
var idi. Bu
gün fakültəmizdə
ixtisasların sayı
10-a yüksəlib, tələbələrin
sayı isə 20 mindən çoxdur.
Tibb fakültəsindən tutmuş
hüquq, jurnalistika, biznes, dünyada mövcud olan 18 fakültə, 90-dan çox
ixtisas üzrə tələbələr təhsil
alır. Yaxın coğrafiyanın
ən böyük kitabxanası və super kompyuteri bizim universitetdədir. Universitetimiz
Dünya Universitetlər
Birliyinin, Avropa Universitetlər Birliyinin və İslam Dünyası Universitetlər
Konfederasiyasının tamhüquqlu
üzvüdür. Sevinirəm ki,
bütün bunlar mənim vitse-prezident olduğum dövrlərdə
baş vermişdir.
–
Professor, siz eyni zamanda, Azərbaycan Diaspor Təşkilatının
Şimali Kiprdə sədrisiniz. Kiprdəki Azərbaycan diasporunun fəaliyyəti haqqında
məlumat verməyinizi xahiş
edirəm.
– 2005-ci ildə Şimali Kiprdə
Azərbaycan mədəniyyət
mərkəzini qurduq və dövlət qeydiyyatından keçirdik.
Azərbaycan həqiqətlərinin tanıdılması sahəsində
böyük işlər
gördük. Həmin
illər Azərbaycandan
Şimali Kiprə və əksinə uçan aviareyslərin, Azərbaycan və Şimali Kipr iş adamlarının iqtisadi Forumunun təşkil edilməsinə
başçılıq etdim.
2007-2011-ci illər arasında
“Türk Dünyası
Ekonomi Bilişim ve Kültür Forum”unu, daha sonra “Füzuli və onun Türk
sənət kültür
dünyasında yeri”,
“Dədə Qorqud və keçmişdən
bu günə türk dastanları” kimi Azərbaycan mədəniyyətinin
incilərinə həsr
olumuş beynəlxalq
konfrans və simpoziumlar təşkil etdik. Sevindirici haldır ki,
bu gün Lefkoşanın mərkəzi
prospektlərindən birinə
ulu öndər Heydər Əliyevin adının verilməsinə
nail olduq. Azərbaycandan
Şimali Kiprə gələn bütün ziyalılarımızı, millət
vəkillərimizi və
iş adamlarımızı
hər zaman burada görməkdən məmnun oluram.
– Şimali Kiprdə
nə qədər azərbaycanlı var?
– Bu gün Şimali Kiprin 5 universitetində 1000-ə yaxın
azərbaycanlı tələbə
ingilis dilində təhsil almaqdadır. Universitetimizdə 30-dan çox azərbaycanlı
müəllim və
professor çalışmaqdadır. Onlarla iş adamı isə Şimali Kipr iqtisadiyyatına investisiya qoyub.
Afət
SADIQOĞLU
Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 9.